Məhkəmə qərarları › İş №2-1(112)-2900/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2900/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2900/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "öz arzusuna əsasən silahlı qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun silahlı qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Qubadlı rayonunda doğulmuş, 2007-ci il tarixdə Azərbaycan Tibb Universitetinə Hərbi tibb fakültəsinə daxil olmuş, 2011-ci il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2013-cü ildən Zabit kimi Silahlı Qüvvələrdə, xx.xx.2017-ci il tarixdən bu günə qədər Silahlı Qüvvələrin Baş X1 və Reanimasiya bölməsinin ordinatoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunun 156 "j" maddəsinə müvafiq olaraq onun Azərbaycan ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə xx.xx.2023cü il qeydiyyat tarixli, 10360 qeydiyyat nömrəli rapotla müraciət etməsinə baxmayaraq, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsindən, kadr yetməzliyi ilə əlaqədar “məqsədə uyğun deyil” cavabı verilmişdir. Tibb Baş İdarəsinin cavab məktubunun özü və ya surəti onun tərəfindən təkidlə tələb olunsa da, lakin iddiaçıya təqdim olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və "Hərbi xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanunun 156"j" maddəsini rəhbər tutaraq iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının da qeyd etdiyi kimi İddiaçı Azərbaycan Ordusu sıralarında zabit olaraq xidmət etməklə 10 ildən artıq müddətdir xidmətdədir. İddiaçı, Müdafiə Nazirliyinin Baş X2 və Reanimasiya bölməsinin ordinatoru vəzifəsində xidmət edir və o, xx.xx.2023-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciət etmişdir. İddiaçı rəhbərlik və cavabdeh şəxslər tərəfindən qəbul edilmiş, son dövr ərzində keçirilmiş lokal antiterror əməliyyatları zamanı yaralanaraq Baş Klinik Hospitalına təxliyyə edilmiş hərbi qulluqçuların hospitalda müayinə və müalicələrində mütəxəssis-həkimlərin çatışmazlığı, həmçinin vəzifələrin həkimlərlə komplektləşdirilməsinin ilin başlanğıcında planlaşdırılması səbəbindən ilin digər vaxtlarında ehtiyata buraxılmanın dərhal həyata keçirilməsinin mümkün olmaması izah olunaraq ehtiyata buraxılması təxirə salınmışdır. Belə ki, Səhiyyə Nazirliyi ilə birgə aparılmış analizlərdən görünür ki, qəbul imtahanlarında “hərbi həkim" ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olunanların sayında azalmaların olması, Azərbaycan Ordusunda hərbi həkimlərin çatışmazlığı və buna uyğun olaraq müvafiq vəzifələrin komplektləşdirilməsində çətinliklərin yaranmasına səbəb olmuşdur. Aparılan təhlillərdən görünür ki, hərbi həkimlərin Müdafiə Nazirliyinin hesabına xarici ölkələrdə (əsasən Türkiyədə uzmanlıq) və ölkə daxilində fəaliyyət göstərən ixtisas və biliklərin təkmilləşdirilməsi kurslarını (təhsil müəssisələrini) başa vurduqdan sonra orduda xidmətlərini davam etdirməyə maraqlı olmamaları, öz arzuları ilə ehtiyata buraxılmaları üçün müraciət etmələri müəyyənləşdirilmişdir. Əlavə olaraq, Azərbaycan Ordusunda həkim vəzifələrinin komplektləşdirilməsi və ixtisaslı kadrların zəruri tələbata uyğun planlaşdırılması hər ilin əvvəlində həyata keçirildiyindən, digər aylarda plana uyğun və ya şəxsi təşəbbüs ilə ehtiyata buraxılmaların icra olunması çətinliklər yaradır. Ona görə də planlaşdırılmamış aylarda ehtiyata buraxılmaq üçün müraciət edən hərbi qulluqçuların buraxılmaları qanunvericiliyə uyğun olmasına baxmayaraq, onlarla fərdi söhbətlər aparılır, qarşıya çıxan çətinliklər izah edilməklə cari ilin sonuna (növbəti planlamaya) qədər gözləmələri bildirilir. O cümlədən İddiaçı ilə fərdi söhbət aparılmış və qeyd edilənlər diqqətinə çatdırılaraq, növbəti 1 il ərzində ehtiyata buraxılacağı bildirildiyindən raportu baxılmamış saxlanılmışdır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşdür. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AZE№******** saylı şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı xx.xx.1990-cı il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanda qeydiyyatdadır. - A-015272 şəxsi nömrə verilmiş MN №0043646 saylı 25 iyun 1993-cü il tarixdə verilmiş şəxsi vəsiqənin məlumatlarından görünür ki, xx xxxx 1990-cı il tarixdə Qubadlı rayonunda doğulmuş İddiaçı Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2013-cü il tarixli, 0N №li Əmri ilə N №li hərbi hissənin tibb məntəqəsinin həkimi təyin edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərərgah rəisinin 23 iyun 2016-cı il tarixli Əmrinə əsasən baş leytenant, 23 iyun 2020-ci il tarixli 045r saylı Əmrinə əsasən tibb xidməti kapitanı hərbi rütbəsi verilmişdir, hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Beləliklə, işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərərgah rəisinin 23 iyun 2020-ci il tarixli 045r saylı Əmri ilə tibb xidməti kapitanı, N №li hərbi hissənin tibb məntəqəsinin həkimi İddiaçı müvafiq raportla “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 156”j” bəndinə, öz arzusu ilə hərbi xidmətdən ehtiyyata buraxılmasını xahiş etsə də, sonuncu tərəfindən kadr çatışmazlığı əsası ilə müraciəti baxılmamış saxlanıldığından hazırkı mübahisə yaranmışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.0-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; ... “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 18-ci maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər; 22-ci maddəsinin ikinci bəndinə əsasən, müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin: 6-cı maddəsinə əsasən, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da, malik olur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu xx.xx.2023-cü il tarixdə 17/3957 qeydiyyat nömrəli müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) iş üzrə təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya münasibət (etiraz) məktubunda müraciət edən hərbi qulluqçuların buraxılmalarının qanunvericiliyə uyğun olduğu qeyd olunsa da, kadr çatışmazlığı səbəbindən onlarla fərdi söhbətlərin aparıldığı, qarşıya çıxan çətinliklər izah edilməklə cari ilin sonuna (növbəti planlamaya) qədər gözləmələrinin bildirildiyi qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunvericilikdə cavabdeh tərəfindən əsas olaraq istinad edilən hal iddiaçının hazırkı müraiətinin baxılmamımış saxlanılması üçün əsas hesab edilə bilməz. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia təmin edilməli, iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı öz arzusu ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar