Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2901/2021 10.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bələdiyyəsinə qarşı “qərarın qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanununun 16-cı maddəsini əsas alaraq 30.11.2019-cu il tarixdə qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli çıxarışa əsasən mənim mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,1 hektar torpaq sahəsinə bitişik 0,08 hektar əlavə torpaq sahəsinin ona satılmasına dair qərarın qəbun edilməsi öhdəliyinin Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını tələbini irəli sürmüşdür. İddia tələbi Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 16-cı maddəsinə əsasən 31.11.2019-cu il tarixdə qeydiyata alınmış və ********* qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə bitişik 0,08 ha əlavə torpaq sahəsinin onun mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılması kimi dəqiqləşdirilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 19.09.2019-cu il tarixli çıxarışa əsasən Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 76 saylı sahə, Ə.Qarayev küçəsi 9/K ünvanında yerləşən sahə və fərdi yaşayış evinə mülkiyyət sənədi verilmişdir. 30.11.2019-cu il tarixdə qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli çıxarışa əsasən torpağın ümumi sahəsi 0,1 hektardır. Həmin sahə 13.07.1990-cı il tarixli 12 saylı qərara əsasən ayrılmışdır. Həmin vaxtdan ona ayrılmış 0,1 hektar torpaq sahəsinə bitişik olan 0,08 hektar torpaq sahəsindəndə istifadə edib orada təsərrüfat aparır, həmin sahədə onlarla ağac və qulluq olunmuş bağ var. Əlavə 0,08 hektar torpaq sahəsi dörd tərəfdən orada yaşayan qonşular əhatə olunub, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxış yoxdur, küçəyə çıxmaq üçün mütləq şəkildə ona aid 0,1 hektar torpaq sahəsindən istifadə edilməlidir. Ərizə ilə Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinə müraciət edilərək Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanununun 16-cı maddəsi əsas götürülərək həmin sahənin mənə satılmasını xahiş edib. Azərbaycan Respublikası, Bakı şəhəri. Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin 20 oktyabr 2020-ci il tarixli cavab məktubunda göslərilmişdur ki, bələdiyyələr tərəfindən torpaq sahələrinin özəlləşdirilməsi 01 dekabr 2007-ci il atrixdən etibarən dayandırıldığından ərizədə qaldırdığı məsələ bələdiyyə imkamları xaricindədir. Torpaq sahəsi ona ayrılan zamanda və ailəsi ilə birlikdə orada yaşadığı müddət ərzində həmin sahəyə heç kimin torpaq iddiası olmamış və həmin torpaq sahəsinin onların istifadəmizdə olması hamıya bəllidir və orada yaşayan qonşular da bunu təsdiq edə bilər. Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanununun 16.3-cü bəndində göstərilir ki, bu qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin qanunun 16.4-cü bəndində isə göstərilir ki, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
3. İddiaçı və X3 0,08 ha torpaq sahəsinin satılmasına dair qərar qəbul edilməsi barədə birgə müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 20.10.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, bələdiyyələr tərəfindən 01.12.2007-ci il tarixindən torpaqların özəlləşdirilməsi dayandırılıb, ərizədə qaldırılan məsələ bələdiyyənin imkanları xaricindədir.
4. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış yazılı müraciətdə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilək iddianın təmin olunması xahiş olunur.
5. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, həqiqətən İddiaçı uzun illərdir ki, ünvan 2 ünvanında yaşayır. Həmin torpaq torpaq sahəsinə bitişik mülkiyyətə verilməsi tələb olunan 0,08 ha torpaq sahəsi bələdiyyyənin ərazisindədir və elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Lakin sxematik xəritəyə uyğun olaraq faktiki olaraq bələdiyyəyə təhvil verilməmiş və bələdiyyələrin torpaqayırma səlahiyyəti dayandırıldığından iddiaçının müraciətini təmin etmək mümkün olmamışdır. Mübahisənin məhkəmənin mülahizəsinə uyğun olaraq həll edilməsini xahiş edir.
II. İddianın növü və mümkünlüyü
6. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
7. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati aktın qəbulundan imtinaya qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın (onun qəbulundan imtinanın) ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. İddia mümkündür.
8. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. Odur ki, torpağın mülkiyyətə ayrılması haqqında qəbul edilən qərar qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
10. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
11. İddiaçı məhkəməyə 25.11.2020-ci il tarixdə müraciət etmişdir.
12. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin imtinası 20.10.2020-ci il tarixli olsa da, onun iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 59.1.5. yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
14. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının ünvan 2 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə bitişik 0,08 ha əlavə torpaq sahəsinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı);
17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
18. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Əliheydər Qarayev küçəsi üzrə yaşayış yeri üzrə qeydiyyatdadır.
19. Əzizbəyov rayon XDS icraiyyə komitəsinin (hazırda Xəzər rayonu) 13.07.1990-cı il tarixli 12 nömrəli qərarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 76 saylı sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1000 kv.m. torpaq sahəsi X1 ayrılmışdır.
20. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 76 saylı sahədə yerləşən 0,1 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla İddiaçı və X3 ümumi birgə mülkiyyətindədir, buna dair xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30.11.2011-ci il tarixdə qeydə alınmışdır və 12.11.2011-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.
21. ünvan 4 ünvanında yerləşən həmin 0,1 ha torpaq sahəsində 315,2 kv.m. fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, buna dair hüquq daşınmaz əmlakın dövlət reyestrində 19.09.2019-cu il tarixdə qeydə alınmışdır.
22. Beləliklə, ünvan 4 ünvanında yerləşən 0,1 ha torpaq sahəsi və ona bitişik 0,08 ha torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunu qəbul edildiyi 29.06.2001-ci il tarixdən xeyli əvvəl - 1990-cı ildən ailənin sahibliyindədir.
23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanunundan: 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
24. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamədən (bundan sonra - Əsasnamə):
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
25. “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il 1184 nömrəli Fərmanının 1-ci bəndinə əsasən (bundan sonra 1184 nömrəli Fərman), yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın.
26. Beləliklə, məhkəmə qeyd edir ki, 1184 nömrəli Fərman Əsasnamənin 7-ci bəndinə uyğun olaraq (yəni fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi məqsədilə) bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarının qəbul edilməsi halına aiddir. Hazırda isə mübahisə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" 16-cı maddəsinə və Əsasnamənin 10-cu bəndinə uyğun olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (29.06.2001-ci il) fərdi yaşayış və bağ evinin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpağının fiziki şəxsdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlıdır.
27. Məhkəmənin hazırki iş üzrə 18.05.2021-ci il tarixli qərardadı ilə ünvan 5 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin hansı növ mülkiyyətdə olmasının (dövlət, bələdiyyə və ya xüsusi), eləcə də bələdiyyə mülkiyyətində olduğu təqdirdə hansı bələdiyyəyə aid olduğunun müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi üçün iş materiallarında olan sənədlərin surəti Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir.
28. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 08.06.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən qeyd edilmişdir ki, mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəfin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilib torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma elektorn baza materiallarına əsasən aparılmışdır. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən təqdim edilən sxemdən müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 31.08.2000-ci il tarixli 835 nömrəli sərəncamı ilə Cavabdehnə ayrılması nəzərdə tutulan dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə görə sxemi (peyk çəkilişi) rəyə əlavə olunmuşdur. Qeyd edilən iş üzrə mübahisəli torpaq sahəsinin inventarlaşması ilə bağlı 311 manat xərc dəyərində smeta təqdim edilmişdir.
29. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il 534 nömrəli Fərmanının (bundan sonra 534 nömrəli fərman) 2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, bələdiyyə mülkiyyətinə veriləcək torpaqlar bələdiyyələr yaradılanadək müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında saxlanılsın.
30. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının 07.12.1999-cu il tarixli Qanununa əsasən: - Bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. - Müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. - Sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi müddəti icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. - Bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin habelə "Şəhərsalmanın əsasları haqqında" və "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir.
31. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının qanununa əlavə üzrə Azərbaycan Respublikasının bələdiyyələrinin siyahsında Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisi üzrə Şüvəlan bələdiyyəsi nəzərdə tutulmuşdur.
32. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 237 nömrəli Fərmanının 3-cü bəndinə əsasən müəyyən edilir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara aid müvafiq sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi iki ay müddətində başa çatdırılsın.
33. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 07.07.2021-ci il tarixli məktuba əsasən, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 31.08.2000-ci il tarixli 835 nömrəli sərəncamı təqdim edilməklə həmin sərəncama əsas olmuş heç bir sənəd əlavə edilmədiyi bildirilmişdir.
34. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında 31.08.2000-ci il tarixli 835 nömrəli sərəncamına əsasən: - Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azırbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Əzizbəyov rayonu üzrə Şüvəlan qəsəbəsinin 1008,678 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Şüvəlan qəsəbə Bələdiyyəsinə təhvil verilsin. - Azərbaycan Respublikasının, Şəhərsalmanın əsasları haqqında və Memarlıq fəaliyyəti haqqında Qanunlarını əsas tutaraq, Bələdiyyə orqanlarına təhvil verilmiş torpaq sahələri üzərində yeni tikintilər üçün torpaq sahələri ayrılarkən onların seçilməsi, inşaat pasportunun hazırlanması və gələcək tikilinin layihəsinin müvafiq qaydada sənədləşdirilməsi Bakı şəhərinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılsın. - Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən xahiş edilsin ki, müvafiq qanunvericiliyə uyğun olaraq Şüvəlan qəsəbə bələdiyyəsinin mülkiyyətinə verilən ərazilər və torpaqlar üzərində hüquqları təsdiq edən rəsmi sənədlər hazırlanıb Şüvəlan qəsəbə Bələdiyyəsinə təhvil verilsin. - Şüvəlan qəsəbə Bələdiyyəsinə təhvil verilmiş ərazilər və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunarsa, bələdiyyə torpaqlarının sərhədləri yenidən dəqiqləşdirilsin.
35. Beləliklə, məhkəmə qeyd edir ki, bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara münasibətdə müvafiq yerli icra hakimiyyətlərinin sərəncam vermək səlahiyyəti 534 nömrəli Fərmana əsasən yalnız bələdiyyələr yaradılanadək saxlanmışdır və 237 nömrəli Fərmana əsasən torpaqların bələdiyyələrə təhvil verilməsi iki ay müddətində başa çatdırılmalı idi. Odur ki, həmin torpaqlar üzərində sərəncam vermək səlahiyyəti qanuna əsasən bələdiyyələrə məxsusdur.
36. Bakı şəhəri Cavabdeh tərəfindən verilən 20.08.2021-ci il tarixli arayışa əsasən, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi su, elektrik, qaz, boru kəmərlərinin mühafizə zonasında yerləşmir.
37. İddia ərizəsində göstərilən hal, yəni ona məxsis 0,1 ha torpaq sahəsinə bitişik əlavə 0,08 hektar torpaq sahəsinin dörd tərəfdən orada yaşayan qonşularla əhatə olunması, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxışın olmaması, küçəyə çıxmaq üçün iddiaçıya aid 0,1 hektar torpaq sahəsindən istifadə edilməli olması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 08.06.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə görə sxemə (peyk çəkilişinə) əsasən təsdiqini tapır.
38. Odur ki, məhkəmə qeyd edir ki, ünvan 6 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə bitişik 0,08 ha torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış evinin tikintisi üçün qeyri-qanuni istifadə edilən və geri qaytarılması mümkün olmayan Cavabdeh torpağıdır. İddiaçı həmin ünvanda 5 ildən çox yaşayır və mülkiyyətə verilməsi tələb olunan torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Odur ki, məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinə münasibətdə (mülkiyyətə verilməsi ilə bağlı) yerli icra hakimiyyəti orqanının rəyi tələb olunmadığından iddiaçının ünvan 2 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə bitişik 0,08 ha əlavə torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair qərar qəbul edilməsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" 16-cı maddəsinə və Əsasnamənin 10-cu və 23-cü bəndinə uyğun olaraq “qanuni gözləntisi” var.
39. X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi (Mülkiyyət müdafiəsi) üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
40. Qeyd edilənlərə əsasən həmin torpaq sahəsinə iddiaçının “qanuni gözləntisi” olduğundan cavabdeh tərəfindən həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qərarın qəbulundan imtina mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verir. Qeyd edilən mövqe X8 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).
41. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Qeyd edilənlərə əsasən iddia təmin edilməli, iş üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mübahisəli torpaq sahəsinin inventarlaşması ilə bağlı 311 manat prosesual xərc hesab edilməklə cavabdehə aid edilməlidir.
43. İPM-in 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
44. İPM-in 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.
45. İPM-in 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə bitişik 0,08 ha əlavə torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyi Bakı şəhəri, Cavabdeh üzərinə qoyulsun. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mübahisəli torpaq sahəsinin inventarlaşması ilə bağlı 311 manat prosessual xərc cavabdeh Bakı şəhəri, Cavabdehnə aid edilməklə ondan tutulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva