Məhkəmə qərarları › İş №2-1(112)-2901/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2901/2025

10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2901/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “bina ayrılması və s” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “bina ayrılması və s” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh əsl cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1996-2021-ci il tarixə kimi represiya qurbanları olan ailələrə pensiya əlavə 11 manat pul ayrılmışdır. Həmin pullar ödənilməlidir. Ulu babası məşhur şəxsdir, Milli Qəhrəmandır. Varisi kimi ona pensiya ayrılmalıdır. Buna dair ona imtiyazlar verilməlidir. Ona bundan əlavə həyət evi ayrılmalıdır. Bundan əlavə, Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir ki, binalar və ya binaların dəyərində pul ona ödənilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 04 avqust 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, aktiv əlillik dərəcəsi və zəruri sənədlər olmadığı üçün Azərbaycan Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikasının Prezidenti təqaüdünün verilməsi mümkün olmamışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 28 iyul 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qanunun xx.xx.2021-ci il tarixədək qüvvədə olan 19.1.5-ci maddəsinə əsasən siyasi represiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərin əmək pensiyasının sığorta hissəsinə 11 manat əlavə hesablanırdı. R.Tağıyevanın siyasi represiya qurbanı kimi tanınması barədə qeyd olmamışdır. Baş Prokurorluğun 04 may 2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X1 siyasi represiya qurbanı kimi tanınır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında iddianın mümkünlük şərtlərinin ödənilməsinə münasibətdə aparılmalı olan yoxlama çərçivəsində iddianın mümkünlüyünü istisna edən hallar öz əksini tapmışdır ki, məhkəmə hesab edir ki, bir yox, bir neçə mümkünlük şərtlərinin ödənilməməsi hazırkı iddia üzrə müəyyən edildiyindən məhkəməyə təqdim edilən hazırkı iddia mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olmayan iddiadır. İlk növbədə qeyd edilməlidir ki, tələb qeyri-müəyyən, hüquqi marağı aydın olmayan, subyektiv hüquq, cavabdehin düzgün olmaması hallarını özündə ehtiva etməklə təqdim edilən iddiadır. İddiaçı 1996-2021-ci il tarixləri üzrə 11 manat siyasi represiya qurbanları üçün nəzərdə tutulmuş pulun ödənilməsini tələb edir ki, siyasi represiya qurbanının özünün pensiyasına aid olan həmin məbləğ siyasi represiya qurbanının həyat yoldaşı R.Tağıyevanın adından onun qızı kimi iddiaçı tərəfindən tələb edilir ki, subyektiv hüququn mövcudluğundan söhbət gedə bilməz. Daha sonra 1800 manat Milli Qəhrəman kimi pul ödənişindən söhbət gedir ki, Milli Qəhrəman statusunun təyinatı aparılmadan, buna dair Təqaüdün ödənişindən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 258 nömrəli 14 iyul 2005-ci il tarixli Fərmanının tələblərindən görünür ki, həmin Təqaüdün Milli Qəhrəmanın vəfat etdiyi təqdirdə hansı ailə üzvlərinə ödənilməsi öz əksini tapmışdır. Lakin, iddiaçı nəzərə almamışdır ki, ailə üzvlərinə ödənilibödənilməməsi məsələsi iddianın mahiyyəti üzrə qiymətləndirilməsinə aid olsa da, Milli Qəhrəman statusunun tanınmadan həmin iddianın verilməsi iddianın mümkünlüyünə aid məsələdir. Adıçəkilən ailə üzvlərinə ödəniş edilməsi üçün həmin status tanınmalıdır ki, həmin status, yəni Milli Qəhrəman adı alınmadan verilən iddianın subyektiv hüququn mövcudluğu baxımından mümkünlüyündən söhbət gedə bilməz. Digər tərəfdən imtiyazların verilməsi, binaların və ya binanın pulunun verilməsi, ulu babanın torpağında həyət evi verilməsi kimi iddialar müəyyənlikdən uzaq olmaqla, aydın deyildir. Qeyd olunnmalıdır ki, məhkəmə tərəfindən həyata keçirilməli olan hüquqi yardım müstəsna xarakter daşımamaqla ağlabatanlılıq meyarı çərçivəsində qiymətləndirilməlidir. Burada məhkəmə iddianı dəqiqləşdirmək üçün istənilən binanın yerini, ölçüsünü, qiymətini, həyət evinin yerini və s müəyyən etməməli, iddiaçının hüquqi marağı, istəyi müəyyən meyara cavab verdiyi təqdirdə işə mahiyyəti üzrə baxmalıdır. Hazırkı formada qeyri-dəqiq iddianın mahiyyəti üzrə qiymətləndirilməsi məhkəmə göstərilən səbəbdən mümkün hesab etmir. Bundan əlavə, torpaq sahəsi, bina ayıran qurum hazırkı cavabdeh deyildir. İddia ərizəsində iddiaçı özü də yerli icra hakimiyyəti və əmlak orqanlarına bu barədə müraciət etdiyini qeyd etsə də, burada bir cavabdehə qarşı iddianın baxılması, nə də həmin qurumların cavabdehlər qismində tanınmasından söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar