Məhkəmə qərarları › İş №2-1(112)-2902/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2902/2025

01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2902/2025 01.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun əlilliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı 2011-ci ildən ümumi xəstəlik nəticəsində İİ qrup əlil olmuşdur. Ambulator kartadan çıxarışdan, xəstəliyinə dair sənədlərdən və epikrizdən görünür ki, xəstəyə medikamentoz yuxuda BERA testi aparılmışdır. Hər iki qulaqda 80 db HL intensivlikdə V dalğa forması əldə edilmişdir. Nəticə: iki tərəfli ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı. Lakin 2021-cü ilin yanvar ayına qədər əlilliyin verilməsi davam etmiş, sonradan əlilliyin verilməsi dayandırılmışdır. TSEK-da müayinəyə dair məlumatın verilməsi barədə arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli l ı nömrəli Qərarı ilə təsdiq edilmiş “əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra- Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Növbəti müayinəyə göndərilmiş lakin, cavabdeh idarə iddiaçının əlilliyinin müvafiq qaydada müəyyənləşdirməmişdir. Belə ki, cavabdeh idarə müayinələr aparılması üçün lazımi mərkəzlərə və tibbi müəssisələrə iddiaçıya göndəriş verilməmişdir. Nəticədə düzgün aparılmayan müayinələr nəticəsində ona əlillik verilməsindən imtina edilməsi cavabı qeydə alınmışdır. Tibbi Sosial Ekspert Komissiyasının cavabında qeyd edilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: eşitmənin, nitqin, səsin patologiyası üzrə Respublika mərkəzində müayinəsi və tibbi rəyi qeyd olunmamışdır. Hansı ki, iddiaçının xəstəliyi daha da kəskinləşmiş və iş qabiliyyəti azalmış, tam olaraq İİ qrup əllik meyyarları qalmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində DTSERA-da aparılmış Audiometriya müayinəsinin nəticəsi "Sağ qulaq 40 (qırx) db, sol qulaq 40 (qırx) db.” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən ağıreşitmə aşkar edilməmişdir. Dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli İ00188671ZEB nömrəli göndərişində "Epilepsiya xəstəliyi” yanaşı xəstəlik kimi göstərildiyindən, həkim-ekspertlər tərəfindən EEQ müayinəsinə göndəriş təqdim edilmiş, lakin vətəndaş müayinə olunmaqdan imtina edərək hal hazırda xəstəliyə dair heç bir şikayətinin olmadığını və heç bir dərman qəbul etmədiyini, sonuncu dəfə "Epilepsiya” xəstəliyi səbəbilə 2021-ci il tarixində müalicə aldığını bildirmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-c il tarixli İ00188671ZEB nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından "Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişindən görünür ki, iddiaçının əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmiş, əsas diaqnoz– H93.3- eşitmə sinirinin xəstəlikləri, iki tərəfli xroniki koxlear nevrit, ağırlaşma-H90.3 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, hər iki tərəfli İV (dördüncü) dərəcəli neyrosensor ağıreşitmə azlığı, yanaşı xəstəliklər- G40.3 generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, kəllədaxili hipertenziya tez-tez təkrarlanan qıcolma turmaları ilə (ayda 8.10 dəfə), vegetativ damar krizləri ilə kəskin ifadə olunmuş astenonevrotik sindrom, yanaşı xəstəliklər- T90.5kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin tramvası nəticəsində sağ ənsə sümüyünün basılmış sınığı, yanaşı xəstəliklər - G03.9 - dəqiqləşdirilməmiş meningit, keçirilmiş neyroindeksiya-serebral araxnoditin davamlı qalıq əlamətləri diaqnozu qoyulmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-18193/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı əlillik vəziyyəti Ağdam Rayon Mərkəzi Xəstəxanasının İ00188671ZEB nömrəli göndərişi əsasında sonuncu dəfə xx.xx.2024-cü il tarixində elektron qiymətləndirilmiş və diaqnozu təsdiqləyən instrumental müayinələrin dəqiqləşdirilməsi tələb edildiyindən, həmçinin adsızlaşma prinsipləri pozulduğundan natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul nəticəsinə əsasən əlillik səviyyəsində ağırlaşmalar aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 sosial ekspert komissiyasının 3-17-4/3-1- 2175/2025 saylı 16 yanvar 2025-ci il tarixli qərarında göstərilmişdir ki: “...xx.xx.2025-ci il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrılarından, baş gicəllənməsindən, ağıreşitmədən, ümumi halsızlıq və zəiflikdən olmuş, anamnestik olaraq hal-hazırda dərman qəbul etmədiyini, dəfələrlə ambulator və stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, Ə.D.Məlikov adına 6 saylı X5 xx.xx.2022xx.xx.2022-ci il tarixli epikrizinə əsasən diaqnoz “İkitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə (İV). Postravmatik ensefalopatiya. Qıcolma sindromu. Astenonevrotik sindrom.” kimi qeyd edilmiş, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli ambulator xəstənin 12550 tibbi vərəqinə əsasən diaqnoz “İkitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə.” şəklində göstərilmiş, xx.xx.2023-cü il tarixində X6 xəstəyə medikamentoz yuxu altında aparılmış BERA-test müayinəsinin nəticəsi “İkitərəfli ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı.” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, orta-yüksək tonlu səs qıcıqlarına rahatlıqla reaksiya vermiş, müayinə edən həkim-mütəxəssisin suallarını aydın və açıq şəkildə cavablandırmış, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən kəllə-beyin sinirləri patologiyasız, sümüküstü və vətər refleksləri D=S canlı olmuş, patoloji reflekslər, ətraflarda parez qeyd edilməmiş, əzələ tonusu normal izlənilmiş, “Burun-barmaq” sınağını düzgün icra etmiş, “Romberq” vəziyyətində dayanıqlı, yerişi sərbəst, hərəkətləri tam həcmdə izlənilmiş, əlillik təyinatına əsas verən nevroloji defisit müşahidə edilməmişdir. xx.xx.2025-ci il tarixində DTSERA-da aparılmış Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 40 (qırx) db, sol qulaq 40 (qırx) db.” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən ağıreşitmə aşkar edilməmişdir. Dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli İ00188671ZEB nömrəli göndərişində “Epilepsiya xəstəliyi” yanaşı xəstəlik kimi göstərildiyindən, həkim-ekspertlər tərəfindən EEQ müayinəsinə göndəriş təqdim edilmiş, lakin vətəndaş müayinə olunmaqdan imtina edərək hal hazırda xəstəliyə dair heç bir şikayətinin olmadığını və heç bir dərman qəbul etmədiyini, sonuncu dəfə “Epilepsiya” xəstəliyi səbəbilə 2021-ci il tarixində müalicə aldığını bildirmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli İ00188671ZEB nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.” İşdən görünür ki, iddiaçı hazırda bu qərarla razılaşmayaraq, əlilliyinin müəyyən edilməsini xahiş edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdən görünür ki, Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi ilə iddiaçıya “əsas diaqnoz – H93.3- eşitmə sinirinin xəstəlikləri, iki tərəfli xroniki koxlear nevrit, ağırlaşma-H90.3 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, hər iki tərəfli İV (dördüncü) dərəcəli neyrosensor ağıreşitmə azlığı, yanaşı xəstəliklər- G40.3 generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, kəllədaxili hipertenziya tez-tez təkrarlanan qıcolma turmaları ilə (ayda 8.10 dəfə), vegetativ damar krizləri ilə kəskin ifadə olunmuş astenonevrotik sindrom, yanaşı xəstəliklər- T90.5- kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin tramvası nəticəsində sağ ənsə sümüyünün basılmış sınığı, yanaşı xəstəliklər - G03.9 - dəqiqləşdirilməmiş meningit, keçirilmiş neyroindeksiya-serebral araxnoditin davamlı qalıq əlamətləri” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Meyarların 9.1.3-cü bəndinə əsasən “eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə”, 9.1.4-cü bəndinə əsasən “eşitmə zəifliyi İV dərəcə, ikitərəfli”, 9.1.5ci bəndinə görə isə “eşitmənin ikitərəfli tam itirilməsi” diaqnozu şəxsin əlilliyinin müəyyən edilməsi üçün əsasdır. İşin materiallarını araşdıran məhkəmə hesab edir ki, göstərilən qiymətləndirmə Meyarının iddiaçıda olması müəyyən edilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 390/2025 ekspert rəyindən görünür ki, İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən xx.xx.2025-ci il tarixində BERA müayinəsi üçün “ATU-nun X3”na göndərilmiş və müayinədən sonra LOR həkimi tərəfindən ona “Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozu müəyyən edilmişdir. Onun hazırkı sağlamlıq vəziyyəti göstərilən hallardan 3.2. bəndinə “eşitmə zəifliyi İV dərəcə, ikitərəfli” uyğun gəlir. Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Ağdam rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 10018867İZEB nömrəli Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş Əsas diaqnoz: H93.3-eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki koxlear nevrit. Ağırlaşma:H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, hər iki tərəfli İV (dördüncü) dərəcəli neyrosensor ağıreşitmə azlığı. Yanaşı xəstəliklər: G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, kəllədaxili hipertenziya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) vegetativ damar krizləri ilə kəskin ifadə olunmuş asteno-nevrotik sindrom, T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travması nəticəsində sağ ənsə sümüyünün basılmış sınığı, G03.9-dəqiqləşdirilməmiş meningit, keçirilmiş neyroinfeksiya- serebral araxnoidit, davamlı qalıq əlamətləri” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələr əsasında qoyulmuş və xəstəlik xroniki hala keçərək ağırlaşdığından onların varlığını hazırda da inkar etmək mümkün deyildir. Rəydə göstərilmişdir ki, “Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. “X7”ndə xx.xx.2025-ci il tarixdə keçirilmiş audiometriya müayinəsində pasiyentin verdiyi cavaba əsasən ikitərəfli çox ağır dərəcədə olan sensonevral tip ağıreşitmə. Bera müayinəsi məsləhət görülür. İddiaçı “ATU-nun X3”nda xx.xx.2025-ci il tarixində medikamentoz yuxu şəraitində BERA testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 80 dBnH intensivlikdə V dalğa əldə edildi. Nəticə: Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Beləliklə, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixində “ATU-nun X3”nda aparılan BERA testi zamanı sağ qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 80 dBnH intensivlikdə V dalğa əldə edildi. Nəticə: Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının qulağında hər iki tərəfdə İV dərəcə eşitmə zəifliyi aşkar edilmişdir. Belə ki, ağıreşitmənin ümumdünya təsnifatına əsasən:

1. İ dərəcə - 26-40 db – danışıq məsafəsi – 4-6 m;

2. İİ dərəcə -41-55 db - danışıq məsafəsi – 1-4 m;

3. İİİ dərəcə - 56-70 db - danışıq məsafəsi – 0,25-1 m;

4. İV dərəcə 71-90 db- 0 metr;

5. eşitmənin ikitərəfli tam itirilməsi (karlıq) - > 91 db – 0 m. İddiaçının hazırda sağ və sol qulağında 80 dBnHL intensivlikdə V dalğa əldə edilməsi, onun hər iki qulağında İV dərəcə eşitmə zəifliyinin olduğunu göstərir. İşdən görünür ki, cavabdeh iddiaçının əlilliyini qiymətləndirərkən bu halları nəzərə almamış, nəticədə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, cavabdeh audiometriya müayinəsinin nəticəsini "Sağ qulaq 40 (qırx) db, sol qulaq 40 (qırx) db.” kimi qiymətləndirmişdir. Qeyd edilməlidir ki, audiometriya subyektiv testdir – yəni xəstənin cavablarına əsaslanır (səs eşidəndə düyməyə basmaq və ya reaksiya vermək), subyektiv olduğuna görə xəstənin diqqətindən və əməkdaşlığından asılıdır. Lakin BERA test obyektiv testdir – eşitmə siniri və beyin kötüyü səviyyəsində səs stimullarına neyrofizioloji cavabı qeydə alır. Yalan və ya subyektiv cavabların qarşısını alır. Sinir keçiriciliyi barədə əlavə məlumat verir (məsələn, retrokochlear patologiyalarda). Məhz buna görə də, məhkəmə hesab edir ki, hazırkı halda audiometriya müayinəsinin deyil, BERA testinin nəticələri əsas götürülməlidir. Çünki iddiaçı eşitmə cihazında istifadə edir və bu hal audiometriya müayinəsinin nəticəsinə təsir etmək imkanına malikdir. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə iddiaçının hər iki qulağında 80 dBnHL intensivlikdə V dalğa əldə edilməsini nəzərə alaraq hesab edir ki, onun hər iki qulağında İV dərəcə eşitmə zəifliyi olduğundan, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar