Məhkəmə qərarları › İş №2-1(112)-2903/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2903/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2903/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı 17.09.2008-ci il tarixdən, yəni, 50 yaşdan, 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəməyə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi hazırki iddia növünə uyğun olaraq prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaldırılmışdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə anadan olmuşdur. O, uzun müddət ağır və zərərli iş şəraitində elektrik qaynaqçısı peşəsində işlədiyinə görə 2015-ci ildən, 57 yaşından güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Lakin, onun pensiyasının vaxtı düzgün hesablanmamışdır. Belə ki, o, 09.07.1979-cu il tarixdən, 01.06.1997-ci il tarixə kimi müddətdə “Bakı fəhləsi” maşınqayırma zavodunda qapalı şəraitdə əl ilə elektrik qaynaqçısı peşəsində zərərli iş sahəsində işləmişdir. Ona görə də, 1 nömrəli siyahı üzrə 50 yaşından güzəştli şərtlərlə pensiya hüququ vardır. 1973-1976-cı illərdə Bakı şəhəri 19 saylı orta texniki-peşə məktəbində elektrik-qaz qaynaqçısı ixtisası üzrə təhsil almışdır. 09.08.1976-18.04.1977-ci illərdə elektrik-qaz qaynaqçısı işləmişdir. 03.05.1977- 04.06.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 09.07.1979-01.06.1997-ci illərdə “Bakı fəhləsi” maşınqayırma zavodunda əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. Onun 1979-1997-ci il tarixləri arasında 23 il 7 ay 6 gün ümumi əmək stajı vardır. 09.07.1979-cu il tarixdən 01.06.1997-ci il tarixədək əl ilə elektrik qaynaqçısı peşəsində işləməklə zərərli iş sahəsində işlədiyinə görə 17 il 10 ay 23 gün xüsusi stajı vardır. Onun işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalşan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda Xİ.Metal emalı bölməsinin (11 00000), 5. Metal emalı üzrə aid peşələr hissəsinin (1********), a)fəhlələr bəndinə aiddir (1110400a-199606). Ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün 01 avqust 1997-ci il tarixədək 20 il ümumi və 10 il xüsusi stajı mövcud olmuşdur. Onun xx.xx.1958-ci ildə anadan olduğunu nəzərə alaraq, 01 avqust 1997-ci il tarixədək 10 ildən çox əmək şəraiti xüsusilə zərərli olan işlərdə iş stajı və 20 ildən artıq ümumi iş stajı olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 67-ci maddələrinə müvafiq olaraq 50 yaşdan, yəni 17 sentyabr 2008-ci il tarixdən yaranmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2010-cu ilin 1 yanvar tarixindən əvvəl yarandığından, müvafiq pensiya təyin olunarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin 17 sentyabr 2008-ci il tarixdə qüvvədə olan tələbləri əsas götürülməlidir. O, 20.02.2020-ci və 22.05.2020-ci il tarixlərdə 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarinə müraciət etmişdir. Həmin İdarədən ona ünvanlanmış 03 iyun 2020-ci il tarixli cavab məktubunda ərizəsindən imtina edilmişdir. O, inzibati orqanın imtinasını əsassız və qanunsuz hesab edir. Ona görə də, o, 50 yaşı tamam olan vaxtdan pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, cavabdeh inzibati orqan onun ərizəsini təmin etməməklə əmək pensiyasının təyin edilməsindən qanunsuz olaraq imtina etmiş, bununla da, onun konstitusion hüquqları pozulmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və bu səbəbdən də, qismən təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İşdə olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 828649 nömrəli, 27 iyul 1976-cı il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1973-1976-cı illərdə elektrik-qaz qaynaqçısı peşəsi üzrə Bakı şəhəri 19 nömrəli orta texniki peşə məktəbində ümumi orta təhsil almışdır. İşdə olan iddiaçıya məxsus ВЧ seriyalı, 054869 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1973-1976-cı illərdə təhsil almış, 09.08.1976-cı il tarixdən 18.04.1977-ci il tarixədək işləmiş, 03.05.1977-04.06.1979-cu illərdə hərbi xidmətdə olmuş, 09.07.1979-cu ildən 01.06.1997-ci ilədək “xxxx” TASC-də “Metalkonstruksiya” sexində yarımavtomat avadanlığında elektrik qaynaqçısı peşəsində işləmiş, 20.10.1997-ci ildə “xxxx”-da əhaliyə sosial məişət xidməti sahəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 03.02.2003-cü il tarixdən Metalkonstruksiya və mexaniki yığma sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı keçirilmiş, 18.08.2003-cü il tarixdə işdən azad edilmiş, 28.07.2003-cü il tarixdə “xxxx” ASC-yə 6-cı dərəcəli qaynaqçı peşəsinə işə qəbul edilmiş, 25.10.2010-cu il tarixdə işdən azad edilmiş, 25.10.2010-cu il tarixdə SDL Denholm LTD şirkətinin filialında TİQ qaynaqçısı peşəsi üzrə işə qəbul olunmuş, 31.03.2017-ci il tarixdə öz xahişinə əsasən işdən azad olunmuşdur. 01.04.2017ci il tarixdə “xxxx” MMC-yə TİQ qaynaqçısı (karbon-metol) vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” TASC tərəfindən verilmiş 01/201 nömrəli, 28.11.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı əmək kitabçasında “xxxx” TASC-də 09.07.1979-cu ildən 01.06.1997-ci ilədək “Metalkonstruksiya” sexində yarımavtomat avadanlığında elektrik qaynaqçısı peşəsində işləməsi göstərildiyinə baxmayaraq, həqiqətdə əsasən 80-90 % əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. Yarımavtomat avadanlığında işin həcminin az olması onun digər qaynaq işlərinin əl ilə yerinə yetirilməsinə vadar etmiş, tələb olunmuş, həmçinin gündəlik 0.5-1.0 saat olmaqla yarımavtomat dəzgahında işi icra etmişdir. Bundan sonra 20.10.1997-ci il tarixdən yenidən “xxxx”nuun Əhaliyə sosial məişət xidməti sahəsinə elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, həmçinin Metalkonstruksiya və mexaniki yığma sexində elektrik qaynaqçısı işləmişdir. 18.08.2003-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı 1979-1997ci illər, istərsə də, ondan sonra 2003-cü ilə qədər zavodun istehsal etdiyi məhsulların elektrik qaynaq işlərini tam iş qrafikində icra etmiş, əl ilə qaynaq işlərini əvvəl 80-90 %, sonra 100% icra etmişdir. Həmin sex və iş yeri, peşəsi zərərli sahə və iş qrupuna daxildir. İddiaçı işin xarakter və xüsusiyyətinə görə iş stajı illərindəki əmək fəaliyyətini ağır və zərərli peşə üzrə davam etdirmişdir. Göstərilən peşə üzrə işləyən işçilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifə və göstəricilərin siyahısı”nın 11-ci bölmə “Metal emalı”, 11.5. “metal emalı üzrə sair peşələr” a) qrupu, “elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq edənlər elektrik qaynaqçıları” zərərli sahələrdə, işlərdə məşğul olan, fəaliyyət göstərən işçilərin güzəştli təqaüdə çıxamları təsdiq edilmişdir. İşdə olan “xxxx” TASC tərəfindən təsdiq edilmiş Aktdan görünür ki, elektrik qaynaqçısı İddiaçı 15.09.017-ci il tarixli ərizə ilə müraciətinə əsasən, zavodun işçiləri, elektrik qaynaqçısı X3, yığıcı çilingər X4, çilingər X5, qaynaqçı X6 həmin aktı tərtib etmişlər ona görə ki, keçmiş zavod işçisi İddiaçı “xxxxnda” 1979-cu ildən işləməyə başlamışdır. Keçmiş dövrdə zavodda cəmi bir ədəd yarımavtomat qaynaq avadanlığı olmuş heç kim bacarmadığına görə İddiaçı əmək kitabçasında qeyd edilməklə elektrik qaynaqçısı kimi qəbul etmişlər ki, həmin dəzgahda olan işlər də yerinə yetirilsin. Həqiqətdə həmin yarımavtomat qaynaq dəzgajında işin həcmi az olmuş iş qrafikində işin əsas çox hissəsini İddiaçı əl ilə qaynaq etmişdir. Həmin dəzgahda olan işin həcmi 1 (bir) saata qədər olardı və ya olmazdır. Onlar öz imzaları ilə təsdiq etmişlər ki, İddiaçı 1979-cu ildən 1997-ci ilədək həmin dəzgahda işləmyə təyin edilməsinə baxmayaraq işin həcminin 80-90 faizini əl ilə qaynaq etmişdr. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 03 iyun 2020-ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın ümumi peşələr bölməsində (XXİİİ) rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları və rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyi sənədlərdə 09.07.1979- 18.08.2003-cü il tarixləri arasındakı dövr ərzində “Bakı fəhləsi” maşınqayırma zavodunda yarımavtomat elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə Siyahıda qeyd olunan vəziyətə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan müəyyən edilməklə yenidən hesabanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş 01/005 nömrəli, 12.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən “xxxx” MMC-də 09.07.1979-cu ildən Metalkonstruksiya sexində yarımavtomat avadanlığında elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 12.10.1988-ci ildən blok sexdə 3-cü dərəcəli əl qaynaqçısı, 02.09.1992-ci ildən blok sexdə 4-cü dərəcəli əl qaynaqçısı işləmiş, 01.06.1997-ci il tarixdə işdən azad edilmişdir. 20.10.1997-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, 14.08.2003-cü il tarixdən işdən azad olunmuşdur. İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsi qapalı iş şəraitində olmaqla həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 1 nömrəli siyahısına uyğundur. Məhkəmə aşağıdakı qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır: Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə 13.06.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (13.06.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - 01 avqust 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - 01 avqust 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - 01 avqust 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - 01 avqust 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Azərbaycan Respublikası Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublika Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Belə ki, iddiaçının 01.08.1997-ci il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə (peşə kodu 1110400a- 19906) işlədiyindən, həmçinin 17.09.2008-ci il tarixdə 50 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Eləcə də, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın təsdiq edilməsi barədə qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.7-ci bəndinə əsasən «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərijilərin Siyahısı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərijilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsi 01.01.2010-cu tarixdən qüvvədən düşsə də, həmin qanuna dəyişiklikdən əvvəl, yəni 19.02.2009-cu il tarixdən əmək pensiyası hüququ yaranmışdır. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu pensiya hesablanarkən orta aylıq əmək haqqına məhdudiyyətin tətbiq edilməsini aradan qaldırmışdır. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 17.09.2008-ci il tarixdə yarandığından, ona əmək pensiyası hesablanarkən həmin dövrdə qüvvədə olan qanunvericiliyə istinad edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 19.02.2009-cu il tarixdə qüvvədə olmuş 26.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.01.2010-cu il tarixədək qüvvədə olmuş 27.1 və 27.2-ci maddələrinə əsasən: 27.1. Bu Qanun qüvvəyə mindiyi günənədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu qanun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 27.2. Bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilmir. İddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən təyin olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 20 il sığorta stajı, eləcə də, 10 ildən çox xüsusi iş stajı olduğundan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq hər il 6 ay olmaqla 01 avqust 1999-cu ilədək 1 il artırılmasını nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiaysı 50 yaşdan, yəni 17.09.2008-ci il tarixdən, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin həmin, yəni 17.09.2008-ci il tarixdə qüvvədə olan tələbləri əsasında təyin edilməlidir. Məhkəmə eləcə də, iddia tələbinin yaranmış fərqin birdəfəyə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1- 1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, 08.10.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan, yəni 17.09.2008-ci il tarixdən, 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla təyin edilməsi, eləcə də, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar