Məhkəmə qərarları › İş №2-1(112)-2903/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2903/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2903/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Hacı-zadə Vahid Şahid oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 07.09.2021ci il tarixli **********363500 saylı qərarın ləğv edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 17.01.2022-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 07.09.2021-ci il tarixli **********363500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərar qəbul edildikdən sonra vergi ödəyicisi tərəfindən 19.10.2021-ci il tarixdə 2020-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilərək 340457,93 manat cəmi gəlir, 164680,01 manat cəmi xərc göstərilmiş və 175777,92 manat mənfəətə əsasən Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyətlər üzrə pandemiyadan zərər çəkən vergi ödəyiciləri üzrə 75 faiz güzəşt tətbiq edilməklə, nəticədə 8788,90 manat vergi məbləği bəyan edilmişdir. Təqdim edilmiş bəyannamənin kameral qaydada yoxlanılması zamanı iddiaçının fəaliyyətinin turizm sahəsində turoperator və turagent fəaliyyəti olduğunu nəzərə alaraq, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlər üzrə pandemiyadan zərər çəkən vergi ödəyicilərinin qrupuna aid olduğu müəyyən edilmişdir. Bununla əlaqədar vergi ödəyicisi tərəfindən 19.10.2021-ci il tarixdə 2020-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi nəzərə alınaraq vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Qeyd edilənlərə əsasən mübahisə predmetini təşkil edən qərar ləğv edildiyindən, iş üzrə mübahisə predmeti artıq mövcud deyildir. Bu əsasdan iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Hacı-zadə Vahid Şahid oğlu məhkəmə iclasında təqdim etdiyi 18.02.2022-ci il tarixli ərizəsində 2020-ci il mənfəət vergisi üzrə hesablanmış məbləğin vergi orqanı tərəfindən ləğv olunduğuna görə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfin izahatını dinləyib, hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı 19.10.2021-ci il tarixdə 2020-ci il üçün dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmiş, cavabdeh orqan mübahisələndirilən 07.09.2021-ci il tarixli **********363500 saylı qərarını ləğv etmiş, iddiaçının təqdim etdiyi bəyannaməni nəzərə alınaraq vergi ödəyicisinin şəxsi hesab vərəqində düzəlişlər etmişdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə hazırkı halda inzibati iş üzrə iddiaçının hüquqi marağı təmin edildiyindən, yəni iddiaçının mübahisələndirdiyi qərar cavabdeh orqan tərəfindən ləğv edilərək cavabdeh inzibati orqanla iddiaçı arasında artıq inzibati mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 07.09.2021-ci il tarixli **********363500 saylı qərarın ləğv edilməsi tələbinə dair 2-1(112)-2903/2022 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar