Məhkəmə qərarları › İş №2-1(112)-2904/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2904/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2904/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının şəxsi hesab vərəqəsinə düzəliş edilərək artıq ödəmənin bərpa olunması və artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMM cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının şəxsi hesab vərəqəsinə düzəliş edilərək artıq ödəmənin bərpa olunması və artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 30 sentyabr 2020-ci il tarixli **********11870 nömrəli bildirişə əsasən İddiaçı MMM-in şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində 254.996,0 manat məbləğində artıq ödəmə müəyyən edilmiş və həmin məbləğ şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir. Qurum Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qanunsuz və əsassız hərəkətləri ilə aşağıda qeyd edilən xüsusatlara əsasən razılaşmır və hesab edir ki, qeyd olunan artıq ödəmə məbləği şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməklə, vergilər üzrə vərəqə hissəsində bərpa olunmalıdır. Belə ki, cavabdeh AR Vergi Məcəlləsinin 85.4-cü və 85.5-ci maddələrini tətbiq edərək, şəxsi hesab vərəqəsində müəyyən edilmiş artıq ödəmə məbləğini qanunsuz və əsassız olaraq, “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirmişdir. Halbuki vergi qanunvericiliyində belə bir müddəa nəzərdə tutulmamışdır. Vergi ödəyicisinin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququna malik olması, həmin müddət bitdikdən sonra artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi ilə nəticələnməməlidir. Məcəllədə konkret olaraq vergi ödəyicisinin artıq ödəməni tələb etmək hüququ üçün müddət müəyyən edilsə də, qanunvericilik həmin artıq ödəmənin silinməsini müəyyən etməmişdir. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının vergiləri yalnız bu Vergi Məcəlləsi ilə müəyyən edilir, obnların dəyişdirilməsi və ya ləğv edilməsi həmin Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bunula əlaqədar iddiaçı cavabdeh vergi orqanına müraciət edərək, artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilməsinin səbəblərinin və əsaslarının izah edilməsini xahiş etmişdir. Lakin cavabdeh **********621700 nömrəli məktubu ilə müraciətə cavab verərək bildirmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Araşdırma zamanı, şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində 254.996 manat məbləğində tələb etmə müddəti bitmiş artıq ödəmə müəyyən edilmiş və həmin məbləğ şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir”. Göründüyü kimi, iddiaçı müraciətində vergi orqanından konkret olaraq, artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilməsinin səbəblərinin və əsaslarının izah edilməsini xahiş etmişdir, vergi orqanı isə həmin səbəbləri və əsasları ona təqdim etmək əvəzinə, bildirişdə göstərdiyi kimi Vergi Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasını məktuba köçürərək, guya ki, quruma cavab vermişdir. Dövlət büdcəsinə qabaqcadan ödənilmiş vergilərin sonradan hesablanmış vergilərdən artıq olması həmin məbləğin artıqödəmə kimi müəyyən edilməsi üçün əsasdır. Həmin artıq ödəmə məbləğləri isə yalnız Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən qaytarıla və ya əvəzləşdirilə bilər. Artıq ödəmə məbləğinin silinməsi ilə bağlı hər hansı qanunvericilik normasının mövcud olmadığı halda, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsaslanaraq, artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi qanunsuz və əsassızdır. Halbuki, iddiaçı «İnzibati icraat haqqında» AR Qanununun 20-ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək, hüquq və qanuni maraqlarımıza bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququnun olduğunu bildirmişdir. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətimizə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borclu idi. Yəni, vergi orqanı tərəfindən qeyd olunan hüquqlarımız kobud şəkildə pozulmuşdur. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 14, 20, 24, 25, 71, 72, 89.1-ci maddələrinə, İPM-in 2.2.3, 8, 34.1, 35.1, 45, 46, 74-cü maddələrinə, AR Vergi Məcəlləsinin 15, 59.3, 62, 64, 85.5, 87.1-ci maddələrinə, AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın 2.1, 3.2, 4, 5.1, 6.1, 6.2-cı bəndlərinə əsaslanaraq, Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsinə düzəliş edilərək 254.996 manat məbləğində artıq ödəmənin şəxsi hesab vərəqəsində bərpa olunması və şəxsi hesab vərəqəsində yaranmış 254.996 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəməyə iddianın mümkün sayılmaması barədə vəsatət təqdim etmişdir. Vəsatətdə aşağıdakılar bildirilir: - İddiaçı MMM-in qaldırdığı məsələ ilə bağlı araşdırma zamanı məlum olmuşdur ki, vergi ödəyicisinin artıq ödəməsinin yaranmasına, təqdim edilmiş bəyannamələrin göstəriciləri ilə ödədiyi məbləğlər arasındakı uyğunsuzluqlar səbəb olmuşdur. Bununla yanaşı, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”ndəki 254.996,03 manat məbləğ “Vergilər üzrə vərəqə” hissəsinə bərpa olunması həyata keçiriləcəkdir. AR Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə» AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət edilməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri dəqiq göstərilməlidir. Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında, qaytarılacaq bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməklə) və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. AR Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Göstərilənlərə və AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müddəalarına, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nünayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqları sırasına daxildir. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: (4.1.1) vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, (4.1.2) vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər, (4.1.3) Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.2.4-cü bəndinə əsasən vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 5.2-ci bəndinə görə mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Həmin Qaydaların 5.3-cü bəndinə görə maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən, o cümlədən cavabdeh tərəfin məhkəməyə təqdim olunmuş yazılı etirazı və iddiaçının şəxsi hesab vərəqəsinin surətindən məlum olur ki, vergi ödəyicisi olan hazırkı İddiaçı MMM-in 254.996 manat məbləğində artıq ödədiyi vergi məbləği mövcud olmuş, lakin formal əsaslarla həmin artıq ödəmələr cavabdeh orqan tərəfindən silinmişdir. Bu halı cavabdehin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında iddia ərizəsində göstərilənlərin təkzibi ilə bağlı bildirdikləri də təsdiqləyir. Cavabdeh inzibati orqanın hərəkətləri (məbləğin silinməsi və qaytarılması barədə rəy verilməsindən imtina) ilə bağlı məhkəmədə bildirdiyi “iddianın mümkünsüzlüyü” mövqeyi də əsassızdır. Belə ki, cavabdehin həm faktiki hərəkətləri, yəni vəsaitin silinməsi, həm də vəsaitin qaytarılması barədə rəy verilməsindən imtina olunması vergi ödəyicisi kimi iddiaçının maraqlarına toxunan haldır, iddiaçının iddia qaldırmaqda subyektiv hüququ var, cavabdeh orqan düzgün seçilmişdir, İPM-lə bu qəbildən olan iddialara iddia müddəti müəyyən edilməmişdir, verhi qanunvericiliyin müddəaları ilə nəzərdə tutulan müddətlərə isə, iddiaçı tərəfindən riayət olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçının artıq ödəməsinin silinməsinin və onun qaldırdığı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması” məsələnin müsbət həllindən imtinasının formal mülahizələrlə əsaslandırıldığı qənaətinə gəlir. Belə ki, iddiaçının müvafiq məbləğdə artıq ödəməsinin olması cavabdeh inzibati orqan tərəfindən heç bir tutarlı sübutla təkzib olunmur. Bundan başqa, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın iş üzrə icraatın səyyar vergi yoxlaması başa matanadək dayandırılması barədə vəsatətlə çıxış etməsi (vəsatət təmin edilməmişdir) də öz növbəsində dolayısı ilə müvafiq artıq ödəmənin möcudluğunun inkar olunmasına dəlalət edir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh bu hərəkətlərlə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 15, 17, 24-cü maddələrinin tələblərini pozmuşdur. Odur ki, iddia tələbi əsaslıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz hesab edilməli və İddiaçı MMM-in şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsinə düzəliş edilərək 254.996 manat məbləğində artıq ödəmənin şəxsi hesab vərəqəsində bərpa olunması və şəxsi hesab vərəqəsində yaranmış 254.996 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı MMM-in şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsinə düzəliş edilərək 254.996 manat məbləğində artıq ödəmənin şəxsi hesab vərəqəsində bərpa olunması və şəxsi hesab vərəqəsində yaranmış 254.996 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar