Məhkəmə qərarları › İş №2-1(112)-2905/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2905/2021

25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2905/2021 25.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Universitetinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “təhsil haqqı xərcinin qaytarılması və tələbənin dərslərə əlavə xərc ödəmədən buraxılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Universitetinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərindən ödənilmiş təhsil haqqı xərcinin onlara qaytarılması və övladı İbrahim Cahid oglu Həmzəyevin yaranmış kəsrləri verməkdən ötrü əlavə xərc vermədən dərslərə buraxılmasına şərait yaradılmasının Azərbaycan Universitetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, övladı X6 oglu 2017-ci ildə Azərbaycan Universitetinin “Humanitar fənlər” fakültəsinə daxil olmuşdur, tələbədir. Həyat yoldaşı X7 oglu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, İİ qrup Qarabağ müharibəsi əlili olmuş və xx xxxxxx 2002-ci il tarixdə vəfat etmişdir. Təhsil Nazirliyi və Azərbaycan Universititeti rəhbərliyinə müraciətində bildimişdir ki, o, orta təhsillidir, hüquq sahəsini bilmir, övladı X1 daxil olanda eşitmişdir ki, müharibə əlillərinin övladlarının təhsil xərci haqqı dövlət büdcəsi hesabına ödənilməlidir. Övladı Universitetə daxil olduqdan sonra bu barədə Universitet rəsmilərinə bildirsə də, “təhsil xərcindən yalnız sag olan müharibə əlillərinin övladları azaddır”, “özəl universitet olduğu üçün bu qanunun onlara aidiyyəti yoxdur” və s. müxtəlif bəhanələr gətirərək Prezident sərəncamının onun ailəsinə şamil olunmadığını bildirmişlər. O da məcbur olub, birinci və ikinci kurslar üzrə təhsil xərci ödənişləri etmişdir. Onun övladı 3-cü kursda oxuyarkən, təhsil xərcinin ödənilməsi məsələsi gündəmə gələndə, təhsil xərcini ödəyə bilmədiyi üçün məcbur olub həyat yoldaşının döyüşçü yoldaşlarına müraciət etdi ki, təhsil xərcinin ödənilməsinə yardımçı olsunlar. Birinci və ikinci kurslar üzrə ümumilikdə 4700 manat (900+1800+2000) miqdarında pul ödənişləri etmişdir. O, həmin məbləği qohum-qardaşdan, dost-tanışdan borc götürərək ödəmişdir. İndi borc götürdüyü insanlar həmin pulu geri istəyir. Həyat yoldaşının döyüşçü yoldaşlarının işə müdaxiləsindən sonra zəruri sənədləri toplamış, xx xxxxxx 2019-cu il tarixdə məktub vasitəsilə yenidən Universitet rəsmilərinə təqdim etmiş və Universitet rəsmiləri övladının təhsil xərcinin dövlət hesabına ödənilməsi üçün əlaqədar qurumlara rəsmi şəkildə müraciət etmişlər. Onun bildiyinə görə, dövlət oğlunun təhsil xərcinin ödənilməsi üçün lazımi addımlar atmış və qanunvericiliyə uygun olaraq, oğlunun təhsil xərcini univerisitetin hesabına köçürmüşdür. Prezident Sərəncamında "... Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş vətəndaşlarının ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində ... Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək”- kimi təsbit olunmuşur. Dövlət qurumları da sərəncamdan irəli gələn müddaları yerinə yetirərək, təhsil haqqı ödəmiş, amma onlara məlum deyil ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş təhsil xərci miqdarı nə qədərdir və əlaqədar qurumlar hansı kurslar üzrə təhsil xərcini Universitetin hesabına ödəmişlər. Onun övladı ikinci kursda təhsil alarkən, bir müddət dərsə gedə bilməmiş, bu səbəbdən də imtahanlara buraxılmamışdır. Bu gün də həmin imtahanlar verilməmiş qalmışdır. O, ailə başçısını itirmiş qadın statusludur. Bu statusuna görə Universitetə təhsil xərci ödəyərkən, Universitet onlara 300 manat güzəşt etmişdir. O, heç yerdə işləmir, qazancı yoxdur. Həmçinin tələbə övladı İbrahim Həmzəyevdən savayı, daha bir övladı Elvin Həmzəyev vardır. Övladı Elvin Həmzəyev psixoloji (nevroloji) xəstədir. Daimi müalicəyə ehtiyacı var. Həmçinin övladlarına yaxın olmaq üçün Bakıda kirayədə yaşamaq məcburiyyətindədir. Hər iki quruma müraciətində övladı Azərbaycan Universititetinin tələbəsi X2 təhsil haqqı xərci ilə bağlı yaranmış mübahisələrin qanunamüvafiq şəkildə həll olunması üçün lazımi göstəriş verilməsini xahiş etmişdir. Hər iki qurum hərəkətsizlik edərək müraciətlərinə cavab verməmişlər. Həmçinin, o, hesab edir ki, təhsil xərcinin ödənildiyi, lakin dərslərdə iştirak edə bilmədiyi və bu səbəbdən də imtahanlara buraxılmadığına görə yaranan kəsrlərin verilməsindən ötrü övladının dərslərdə iştirakına Azərbaycan Universiteti şərait yaratmalıdır ki, imtahanlara əlavə xərc vermədən buraxılsın. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, iddia tələbi tələbə ilə universitet arasında olan mübahisədir. İddia tələbinin onlara aidiyyəti yoxdur. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Universiteti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən və iddiaçının izahatından görünür ki, iddia tələbi X2 təhsili ilə əlaqədardır. X4 xx.xx.1999-cu il təvəllüdlüdür. Lakin məhkəməyə iddia ərizəsi ilə İddiaçı müraciət etmişdir. X4 prosessual fəaliyyət qabiliyyətli şəxsdir, o özü iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Hazırki halda da X4 iddia ərizəsi ilə məhkəmə müraciət etməli idi, lakin iddianı İddiaçı qaldırdırmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Bundan başqa, iddia ərizəsində cavabdehlərdən biri kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi göstərilsə də, ona qarşı tələb qeyd olunmamışdır, iddia tələbi yalnız cavabdeh Azərbaycan Universitetinə qarşı yönəldilmişdir. İrəli sürülmüş iddia tələbi ödənilmiş təhsil haqqı xərcinin qaytarılması və dərslərə buraxılma tələbləri də məhz cavabdeh Azərbaycan Universitetinə aid olan tələblərdir. Göründüyü kimi, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində təsbit edilmiş formal tələblərə cavab vermir. Həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi cavabdeh kimi qeyd olunsa da, iddia tələbləri cavabdeh Azərbaycan Universitetinə aid olan tələblərdir, Azərbaycan Respublikası Təhsil Nazirliyi hazırki halda iddiaya cavab verməli olmayan inzibati orqandır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi təhsil haqqının ödənilməsi və dərslərdə iştirak etmə ilə əlaqədar olmaqla tələbə ilə universitet arasında təhsil alma ilə bağlı yaranmış münasibətləri əhatə edir. Qeyd olunanlar tələbə ilə universitet arasında müqavilə münasibətlərini təşkil edir və bu münasibətlərdə tərəflər bərabər hüquqlu subyekti kimi çıxış edir. Həmçinin cavabdeh Azərbaycan Universiteti inzibati orqan deyildir və həmin məsələlər inzibati səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı deyildir. Bu səbəbdən qeyd edilməlidir ki, hazırkı işlə bağlı iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Belə olan halda hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1-ci bənd); İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2-ci bənd). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Universitetinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “təhsil haqqı xərcinin qaytarılması və tələbənin dərslərə əlavə xərc ödəmədən buraxılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar