Məhkəmə qərarları › İş №2-1(112)-2905/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2905/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2905/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir.

2. Cavabdeh 05/Q-1239/15 nömrəli, 08.09.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, "Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı Qaydası” nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 31.10.2003- cü il tarixli 145 №-li qərarın 9.8-ci bəndinə müvafiq olaraq şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. İddiaçının şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən onun ərizəsinin təmin edilməsi mümkün deyil. Doğum haqqında şəhadətnamənin verilməsinin qeydiyyat orqanına həvalə edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək tövsiyyə edilmişdir.

3. Bundan sonra İddiaçı 04.10.2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 1972-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş İddiaçı adına Bakı şəhəri Çildağ qəsəbə İcra nümayəndəliyində 06.04.1973-cü ildə tərtib edilmiş 1 saylı doğum akt qeydi üzrə təkrar doğum şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 28 fevral 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. İddiaçının doğumu Bakı şəhəri Qaradağ rayonu Çildağ qəsəbə icra nümayəndəliyində 06 aprel 1973-cü ildə 11 saylı aktla qeydə alınmış və ona İİ JQ 274124 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Doğum şəhadətnaməsi əsasında “SSRİ vətandaşı”nın pasportunu almış və bu pasportdan istifadə etmişdir. Həmin pasport qüvvədən düşmüş və əhəmiyyətini itirmişdir. Buna baxmayaraq, bu günə kimi Azərbaycan Respublikasının vətətəndaşının şəxsiyyət vəsiqəsini almamışdır. "SSRİ vətəndaşı” pasportunu da itirmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün cavabdehə müraciət edərək ona təkrar doğum haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. İddiaçının atası X7 vəfat etmişdir. X1 hazırda ünvan 1 ünvanında yaşayır. X2 27.04.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının Vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 28.07.2021-ci il tarixli ******* saylı qərarı vardır. İddiaçının Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən vəsiqəsi olmadığından Konsitusiyada təsbit olunmuş hüquqlarından istifadə edə bilmir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) İİİ. Məhkəmənin mövqeyi

7. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

8. Belə ki, işdə olan İİ-ЖГ 274124 nömrəli, 06.04.1973-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 28.02.1972-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı şəhəri zəhmətkeş deputatların Çildağ qəsəbə soveti tərəfindən doğum haqqında akt qeydləri kitabında 1973-cü ilin aprel ayının 6-da 11 nömrə ilə qeyd edilmişdir.

9. İşdə olan 23 sentyabr 1975-ci il tarixdə tərtib edilmiş 35 nömrəli doğum qeydlərinin bərpa aktından görünür ki, İddiaçı 28.02.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X7, X1dır. Bu akt qeydi əsasında 461522 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir.

10. Nikahın bağlanması haqqında 28.12.1991-ci il tarixli, 621 nömrəli akt qeydinin surətindən görünür ki, 28.02.1972-ci il təvəllüdlü İddiaçı 26.06.1971-ci il tarixli X10 ilə nikaha daxil olmuşdur. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi XXİİİ- ЖГ 605490 saylı sənəd təqdim edilmişdir.

11. 30.11.1992-ci il tarixli, 44 nömrəli və 05.05.1995-ci il tarixli, 36 nömrəli doğum haqqında akt qeydindən görünür ki, iddiaçının X12 və X11 adlı uşaqları anadan olmuşdur.

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 31.01.2022-ci il tarixli, 018-1829- 1222 saylı məktubdan görünür ki, 28.02.1972-ci il təvəllüdlü İddiaçı XXİİİ-JQ seriyalı 605490 nömrəli köhnə SSRİ nümunəli pasporta əsasən 30.04.1991-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 3 ünvanına qeydiyyata alınmışdır. İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir.

13. İş materiallarından müəyyən olunur ki, iddiaçı 22.07.2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə-anketlə müraciət etmişdir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 28.07.2021-ci il tarixli, ******* nömrəli qərar ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 28 fevral 1972-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır.

14. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 863 nömrəli, 10.07.2021-ci il tarixli Arayışında qeyd edilmişdir ki, İddiaçı Qaradağ rayon, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, 12 a, mənzil 10-da qeydiyyatsız yaşayır.

15. İddiaçı hazırda doğum haqqında şəhadətnaməsini itirdiyini, şəxsiyyət vəsiqəsinin isə olmadığını bildirməklə ona doğum haqqında təkrar şəhadətnamə verilməsi barədə hazırkı iddianı qaldırmışdır.

16. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd).

17. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.

18. Belə ki, iddia mümkün iddiadır. Hazırkı işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

20. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

21. Hazırkı iddia cavabdehdən ona şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

22. İddia mahiyyəti üzrə də əsaslıdır. Belə ki, «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktı tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Qaydaların 9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır.

24. İşin hallarından müəyyən olur ki, iddiaçı 28.02.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, 23 sentyabr 1975-ci il tarixdə onun doğum qeydinin bərpa aktı tərtib edilmiş, 461522 nömrəli doğum haqqında şəhadətnamə verilmiş, habelə 28 iyul 2021-ci il tarixdə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.

25. Beləliklə, iş materialları iddia ərizəsi ilə məhkəməyə müraciət edən şəxsin İddiaçı olduğunu təsdiq edir, həmçinin ona məxsus akt qeydi cavabdeh tərəfindən mübahisələndirilmir və iddiaçının doğumunun qeydiyyatının artıq bir dəfə aparıldığı təkzib edilmir. İddiaçıya imtina cavabının verilməsinin əsasını isə yuxarıda qeyd olunduğu kimi, şəxsiyyət vəsiqəsinin olmaması təşkil edir.

26. Məhkəmə qeyd edir ki, doğrudur, iddiaçının şəxsiyyət vəsiqəsi yoxdur, lakin doğum haqqında şəhadətnamə olmadan ona şəxsiyyət vəsiqəsinin verilməsi də mümkün deyil. Göründüyü kimi, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim edilməli, digər tərəfdən isə doğum haqqında şəhadətnamənin alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.

27. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Vətəndaşlıq hüququ, habelə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ insan hüquq və azadlıqlarının sırasında əhəmiyyətli yer tutur. Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşlıq insan və dövlət arasında olan qarşılıqlı münasibətlər üçün əsasdır. Vətəndaşlıq dövlət daxilində insanın hüquqi vəziyyətinin başlıca əsası kimi bu vəziyyətə aydınlıq və müəyyənlik gətirir. Vətəndaşlıq mənsubiyyəti insan üçün müxtəlif hüquq və azadlıqlarından istifadə etmək imkanı verir. Dövlət öz vətəndaşlarını müdafiə və onlara hamilik edir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilərdoğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır. Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, doğum haqqında şəhadətnamə şəxsiyyət vəsiqəsi kimi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənədlərdən biridir.

28. Hazırda iddiaçı nə şəhadətnamə, nə də şəxsiyət vəsiqəsi ala bilmir ki, bu da onun konstitusion hüquqlarını, eyni zamanda vəzifələrini həyata keçirməyə mane olur.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. 28.02.1972-ci il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar