Məhkəmə qərarları › İş №2-1(112)-2906/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2906/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2906/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, İmanov Sənan Xalıq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun silinməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz və əsassız olduğundan cavabdehin fiziki şəxs kimi ona 47730 manat məbləğində vergi borcunun yazılmasına dair qərarının ləğv edilməsinə və həmin vergi borcunun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qanunla müəyyən edilmiş qaydada fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatlarını təqdim etmişdir. Lakin 2021-ci ilin sentyabr ayında ona məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı ilə qanunsuz və əsassız olaraq ona 47730 manat məbləğində vergi borcu yazılmışdır. Bununla əlaqədar bildirir ki, o, vergi ödəyicisi qismində müntəzəm surətdə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanlarına vergi hesabatlarını vermişdir. Lakin cavabdehin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq fiziki şəxs kimi ona 47730 manat məbləğində süni surətdə yaradılmış vergi borcu yazılmışdır. O bununla əlaqədar dəfələrlə cavabdehə müraciət etmiş, lakin buna baxmayaraq cavabdehin qərarı ilə qanunsuz və əsassız olaraq fiziki şəxs kimi ona 47730 manat məbləğində vergi borcu yazılmışdır. Ona görə də hesab edir ki, cavabdehin qərarı ilə fiziki şəxs kimi ona 47730 manat məbləğində vergi borcunun yazılması qanunsuz və əsassızdır, həmin məbləğ sadələşdirilmiş vergi ödəməsi sistemi ilə deyil, qanunsuz olaraq həddən artıq şişirdilmiş rəqəmlərlə yazıldığına görə cavabdehin qərarı məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilməli və ona qanunsuz yazılmış vergi borcu silinməlidir. Cavabdeh iddianın mümkünsüz sayılması barədə vəsatətlə müraciət edərək vəsatətini onunla əsaslandırmışdır ki, cavabdehə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 35.1, 46.2.1 və 46.2.4cü maddələrinin tələblərinə düzgün əməl olunmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən iddia növünə münasibətdə də İnzibati Prosessual Məcəllənin tələblərinə düzgün əməl olunmamışdır. İddia ərizəsinin əvvəlində iddianın Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia olduğu qeyd olunmuşdur. Müvafiq maddənin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Lakin iddiaçının İddiaçı mübahisələndirdiyi borc məbləği vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktın icra olunması nəticəsində yaranmamışdır. İddiaçı şəxsi hesab vərəqəsinə işlənmiş 47730 manat vergi borcunun əsassız olmasını iddia etməsinə baxmayaraq, mübahisələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarları qeyd etməmişdir. İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənləri nəzərə alaraq İddiaçı iddiasının mümkün sayılmamas barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 tərəflərindən verilmiş vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən hesablanmış 47730 manat məbləğində vergi borcunun ləğv edilməsini tələb etsə də həmin borc məbləğinin cavabdeh inzibati orqanın hansı qərarları, hərəkət və ya hərəkətsizliyi üzrə yaranmasını iddia tələbində əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 72.5-ci maddəsinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 46.2-ci maddəsinə əsasən məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri; iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri; əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı; ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilə bilər. - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməklə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsi təklif edilsə də iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı tərəfindən dəqiqləşdirmədiyindən, bununla da iş üzrə qərar qəbul edilməsi üçün müvafiq prosessual hərəkətlərin edilməsi mümkün olmadığından iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar