Məhkəmə qərarları › İş №2-1(112)-2907/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2907/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2907/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, iddiaçılar İddiaçı və X1 iştirakları ilə, İddiaçı və qeyrilərinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə və qeyrisinə qarşı “mənzilə hüququn bərpası və torpaq sahəsinə çıxarışın verilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın məzmunundan görünür ki, Bakı ş, Xətai r, Sergey Senyuşkin 27 ünvanda iddiaçıya məxsus yaşayış sahəsi sökülmüşdür. Həmin yaşayış sahəsi order əsasında ayrılmışdır, evin sahəsi ümumi 85,36 kv.m, torpaq sahəsi 106,96 kv.m-dir. 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək çıxarış verilməsi tələb edilmişdir. Hər hansı icazə və məhkəmə qərarı olmadan yaşayış sahəsi sökülmüşdür. Bərpası da həyata keçirilməmişdir. Məhkəmə tərəfindən hüquqi yardım edilərək hüquqi marağa uyğun düzgün iddia tələbi olaraq iki inzibati orqanın hazırkı iddia üzrə cavabdehliyinin istisna edilməsi, iddia tələbinin kompensasiyanın ödənilməsinin söküntünü aparan əsl cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı qaldırılmalı olması barədə iddia tələbinə dəqiqləşmə təklif edilmişdir. Həmin təklifə uyğun olaraq iddiaçı iddia tələbinə dəqiqləşmə verərək İddiaçı əlavə orderdə adıçəkilən X3 və X2 da iddiaçı qismində cəlb edilməsini, Bakı ş, Xətai r, Sergey Senyuşkin küçəsində yerləşən caabdeh tərəfindən sökülmüş yaşayış sahəsinə və torpaq sahəsinə kompensasiyanın ödənilməsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək Bakı ş, Xətai r, S.Senyuşkin küçəsində yerləşən cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş yaşayış sahəsinə və torpaq sahəsinə görə 4 milyon 300 min 500 manat kompensasiyanın ödənilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan verilmiş dəqiqləşməyə uyğun olaraq məhkəmənin 19 dekabr 2025-ci il tarixli qərardadı ilə dəqiqləşmə ərizəsi icraata qəbul edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehliyinə xitam verilmiş, Bakı ş, Xətai r, S.Senyuşkin küçəsində yerləşən cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş yaşayış sahəsinə və torpaq sahəsinə görə 4 milyon 300 min 500 manat kompensasiyanın ödənilməsinin cavabdehə həvalə edilməsi formasında iddia icraata qəbul edilmişdir. Sonradan iddiaçı tərəfindən verilmiş 07 yanvar-09 yanvar 2026-cı il tarixli kompensasiya məbləğinin məzmununa uyğun ərizələr verilmişdir. Məhkəmə tərəfindən həmin ərizələrdə nəzərdə tutulmuş əsaslandırma nəzərə alınmaqla iddia tələbinin dəqiqləşdirilməsinin zəruriliyi qeyd edilmişdir. İddia tələbinə də dəqiqləşmə verilərək Bakı ş, Xətai r, S.Senyuşkin küçəsində yerləşən cavabdeh tərəfindən sökülmüş yaşayış sahəsi və torpaq sahəsinə görə 8 milyon 694 min 120 manat və 500 manat ekspert xərcinin iddiaçılara ödənilməsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 23 avqust 2024-cü tarixli məktubda qeyd edilir ki, torpaq sahəsinin söküntü işləri planlaşdırılan ərazidə yerləşdiyi və mənzillərin söküldüyü müəyyən edilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hər hansı sənəd təqdim edilməmişdir. Cavabdehin 23 iyul 2024-cü il tarixli və 12 iyun 2024-cü il tarixli məktublarında qeyd edilir ki, S.Səfərov və S.Senykuşkin küçələrinin əhatəsində yerləşən obyektlərin köçürülməsi məqsədi ilə sərəncam əsasında komissiya yaradılmışdır. Sənədlərlə birlikdə komissiyaya müraciət edilməsi hüququ izah edilmişdir. Bazar qiymətinə uyğun razılaşdırma aparılaraq ödəniş edildikdən sonra yerində park salınması nəzərdə tutulmuşdur. 18 iyul 2001-ci il tarixli orderdən görünür ki, Gülməmmədov Gülağa və ailə üzvlərinə 3 otaqlı, yaşayış sahəsi 46,2 kv.m olan mənzil ayrılması qərara alınmışdır. Cavabdehin 22 aprel 2025-ci il tarixli və 15 dekabr 2025-ci il tarixli məktublarında qeyd edilir ki, yaşayış və qeyri-yaşayış sahələrinin sakinləri fərdi qaydada komissiyaya dəvət edilmiş və ödəniləcək vəsait hər bir ailə başçısı və sahibkarla razılaşdırılaraq komissiyanın aktı tərtib edilmişdir. İddiaçı dəvət edilməsinə baxmayaraq, kompensasiya ilə razılaşmayaraq gəlməkdən imtina etmişdir. “Caspian Valuation” qiymətləndirici təşkilat tərəfindən verilmiş rəydə qeyd edilir ki, Serge Senyuşkin küçəsi, ev 27, mənzil 24 ünvanda yerləşən faktiki yaşayış evi və yaxın ətraf ərazidə yerləşən mənzillərin 2024-cü ilin iyun ayı tarixinə 1 kv.m görə orte real bazar dəyəri 3000 manat təşkil edir. Torpaq sahəsi xüsusi mülkiyyətdədirsə bazar dəyəri 1 kv.m görə 2850 manat, istifadədə olan torpaq sahəsinə görə 570 manat təşkil edir. Mənzil faktiki olaraq fərdi yaşayış evi xüsusiyyətində olmuşdur, tikinti altı sahə təxminən 100 kv.m, yaşayış sahənin ümumi sahəsi (15 faiz divar sahələri çıxılmaqla) təxminən 85 kv.m təşkil etmişdir. "xxxx" MMC tərəfindən söküntü həyata keçirilən eyni ərazidə yerləşən çoxsaylı mənzillərlə bağlı qiymətləndirmə barədə rəylərdən 1 kv.m görə mənzilə dəyərləndirmə 2700 manatdan müəyyən edilmiş və sakinlərə ödənilmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından hazırkı növ iddialar üzrə ödənişin ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan ödənişin edilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-nin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun: 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər;[1] 1.1.3. tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 24.1. Qiymətləndirici hər bir torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və nəzarət orqanına təqdim edir 24.4. Qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. 29.1. Alan orqanın və ya torpağın alınması qrupunun hərəkətləri nəticəsində zərər çəkmiş alınmanın təsirinə məruz qalan şəxs və ya həmin torpaqda hüququnun olması iddiası ilə çıxış edən şəxs, yaxud həmin torpaqda belə hüququ olan şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 90 gün müddətində alan orqanın və ya torpağın alınması qrupunun müvafiq aktlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Mənzil Məcəlləsinin: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə ünvan 2 ünvanda yerləşən iddiaçıların order əsasında faktiki istifadəsində olmuş mənzilin abadlıq işlərinin aparılması çərçivəsində cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən söküntüsü ilə əlaqədar ödənilməli olan kompensasiyanın məbləği ilə əlaqədardır. İş materiallarından, eləcə də iddiaçılar tərəfindən təqdim edilən sənədlərdən də göründüyü kimi yaşayış sahəsi, altındakı torpaq sahəsi, təmir, bərpa xərcləri, əldən çıxmış fayda, dağıdılmış əşyalar, mənəvi zərər və s hallar nəzərə alınmaqla kompensasiya məbləği 8 milyon 694 min 120 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə isə hesab edir ki, 3 otaqlı ölçüsü 85 kv.m mənzilə münasibətdə adıçəkilən məbləğdə kompensasiyanın tələb edilməsinə dair iddia qismən təmin üçün əsas yaradır. İddianın təmin edilən hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, orderdə 3 otaqlı mənzilə münasibətdə 46,3 kv.m yaşayış sahəsinin ölçüsü göstərilsə də, məhkəmə hesab edir ki, yaşayış sahəsinə münasibətdə ümumi sahə əsas götürülməklə ödəniş həyata keçirilməlidir. “Caspuan Valuation” şirkətinin təqdim etdiyi rəydən görünür ki, yaşayış sahəsinin ölçüsü 85 kv.m təşkil edir. Doğrudur, həmin rəydə tikiliyə münasibətdə 1 kv.m görə məbləğ 3000 manatdan müəyyən edilsə də, məhkəmə həmin hissədə rəyin mötəbərliyi ilə razılaşmayaraq "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə əsas götürülməklə hesablamanın aparılması qənaətindədir. Belə ki, eyni ərazidə söküntü ilə əlaqədar digər mənzil sakinlərinin mənzillərinə münasibətdə aparılmış iş materiallarının 1 cildini təşkil edən sənədlərdən görünür ki, söküntü həyata keçirilən eyni ərazidə yerləşən çoxsaylı mənzillərlə bağlı qiymətləndirmə barədə rəylərdən 1 kv.m görə mənzilə dəyərləndirmə 2700 manatdan müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, müvafiq ərazi üzrə qiymətləndirməni aparan həmin qurumun qiymətləndirmə məlumatları hazırkı iş üzrə də tətbiq edilməlidir. Nəzərə alınmalıdır ki, hətta mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınmış şəxslərin mülkiyyətində olan həmin mənzillərlə bağlı 1 kv.m görə həyata keçirilmiş 2700 manat ödənişdən əlavə ödənişin iddiaçıya münasibətdə fərqli dəyərləndirmə aparılmaqla 3000 manat müəyyən edilməsi üçün əsas mövcud deyildir. Həmin ərazi üzrə MMC tərəfindən dəfələrlə qiymətləndirmə həyata keçirilmişdir ki, həmin məlumatlar əsas götürülməklə də, digər mənzil sahiblərinə edilən ödənişə uyğun olaraq iddiaçıya da həmin ödəniş həyata keçirilməlidir. Beləliklə də, mənzilin ümumi sahəsi 85 kv.m ölçüdə dəyərləndirilməklə hər kv.m görə 2700 manat məbləğ müəyyən edilməklə iddiaçıya ödənilməli olan məbləğ 229 min 500 manat dəyərində müəyyən edilir. Lakin, məhkəmə hesab edir ki, torpaq sahəsinə münasibətdə hər hansı ödənişin həyata keçirilməsi istisna edilməlidir. Belə ki, iş materiallarında məhkəmə sorğularına verilən cavablardan, eləcə də orderdən görünür ki, yaşayış sahəsi mənzildir, torpaq sahəsinə dair hər hansı hüququ təsdiq edən sənəd mövcud olmamış, torpaq sahəsinə hüququn qeydiyyatı üçün əsas olmamışdır. Bu zaman, məhkəmə hesab edir ki, rəydə qeyd edildiyi kimi həmin mənzilin fərdi yaşayış evi xüsusiyyətində olması da tikilinin mənzil kimi hüquqmüəyyənedici sənədinin olması reallığını dəyişməmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinə ödənişin həyata keçirilməsi üçün həmin sahəyə hər hansı hüququn mövcudluğu mütləqdir. Lakin, iddiaçıların hər hansı hüququ torpaq sahəsinə münasibətdə mövcud olmamış, söküntü aparılan müddətə dək də tikili mənzil sahəsinə verilən order əsasında istifadə edilmişdir. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, göstərilən növ orderlər mənzil sahələrinə aid order olmaqla, məhz mənzil üzərində gözlənilən mülkiyyət hüququnun realizəsi üçün əsasdır və torpaq sahəsinə hər hansı hüquq yaradan sənəd deyildir. Bu zaman torpaq sahəsi mənzil istifadəçilərinin ümumi istifadəsində olmaqla hər hansı mənzil sahibinə həmin torpaq sahəsinə müstəsna hüquq verməməkdədir. Göstərilən səbəbdən də həmin torpaq sahəsinə görə hər hansı ödənişin edilməsi istisna edilir. Məhkəmə həmçinin, qeyd edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən 229500 manat istisna edilməklə digər növ ödənişlərin, eləcə də, əldən çıxmış fayda, mənəvi zərər və s səbəblərdən həyata keçirilməsinə münasibətdə də iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, dağıdılmış əşya, əldən çıxmış fayda tikinti,bərpa və təmir kimi xərclərin ödənişinin həyata keçirilməli olması zəruri sübutlar təqdim edilməmişdir. Bundan əlavə, mənəvi zərərin vurulması ilə bağlı da cavabdehin hərəkətləri ilə hər hansı əsas yaranmamış, abadlıq işləri çərçivəsində əmlakın söküntüsü həyata keçirilmişdir ki, məhkəmə hesab edir ki, mənəvi zərər və digər növ əlavə ödənişlərin həyata keçirilməsi üçün əsas mövcud deyildir. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. İnzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin olunduğundan, rəylə əlaqədar xərcinin dəyəri müvafiq nisbətdə bölünməlidir. İş materiallarından görünür ki. “Caspian Valuation” qiymətləndirici təşkilat tərəfindən verilmiş rəy üzrə xidmət haqqı 500 manat məbləğindədir. İddiaçı iddia tələbində 8 milyon 694 min 120 manat tələb etmişdir. Məhkəmə isə hesab edir ki, ödəniş 229500 manat məbləğində olmalıdır. Tələb edilən məbləğ və ödənilən məbləğə münasibətdə 500 manat xərcin olması nəzərə alınmaqla da məhkəmə hesab edir ki, 500 manat məbləğində prosessual xərcdən 13,20 manat cavabdehdən tutulmalı, 486,80 manat məbləğ isə iddiaçıya aid edilməlidir. Belə ki, iddia tələbi məbləğə münasibətdə 2,64 faiz həcmində təmin edilmişdir. Göründüyü kimi iddia qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçılara 229500 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Rəy üzrə tədqiqatının dəyəri 500 (yüz manat) manat məbləğində prosessual xərcin 486,80 manat manat hissəsi iddiaçıya aid edilsin və 13,20 manat hissəsi isə cavabdeh tərəfindən “Caspuan Valuation” qiymətləndirici təşkilatın hesabına (VÖEN **********, Bank "xxxx" ASC Nərimanov Filialı, Bank VÖEN **********, M.h AZ03NABZ********************, H.h AZ471BAZ********************, Kod 805711, SWİFT: İBAZAZ2X) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar