Məhkəmə qərarları › İş №2-1(112)-2908/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2908/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2908/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, C.Xəndan küçəsi, ev 18, mənzil 18; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ikinci yaşayış massivində inşa edilmiş 89.1 kv metrdən ibarət 2 otaqlı 9 saylı mənzilinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və mənzilə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 25.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 21.09.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ailə üzvlərilə birlikdə uzun müddətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ikinci yaşayış massivində inşa edilmiş 89.1 kv metrdən ibarət 2 otaqlı 9 saylı mənzildə yaşayır. Həmin mənzil 25.09.2013-cü il tarixli müqaviləyə əsasən ona məxsusdur. 25.09.2013-cü il tarixdə mənzilin pay haqqının tam olaraq ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Maliyyə arayışına əsasən həmin mənzilə görə 80000 manat məbləğində pul ödəmiş və mənzilə görə borcu yoxdur. Binaya qaz, su və elektrik enerjisi verilmişdir. Bina sakinləri tam məskunlaşaraq yaşayır. İddiaçı mənzili aldığı vaxtdan orada ailəsilə birlikdə yaşayır. Mənzilin sənədlərini toplayıb sözügedən evə dair çıxarış və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh 30.10.2020-cı ıl tarixli imtina məktubu ilə binanın istismara qəbul edilmədiyini bildirərək imtina etmişdir. Hesab edir ki, imtina qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus mənzilin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. İddiaçı 20.09.2021-ci il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, vətəndaş müvafiq tələblə 31.08.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********48 saylı, 30.10.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9.2- ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli, 302 saylı qərərı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04.03.2019-cu il tarixli, 74 saylı qərarı ilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil omaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə forması təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ikinci yaşayış massivində inşa edilmiş 89.1 kv metrdən ibarət 2 otaqlı 9 saylı mənzilini alıcıya verilməsinə dair "xxxx" MTK ilə İddiaçı arasında 25.09.2013-cü il tarixli Müqavilə bağlanılmışdır. İşin materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş 25.09.2013-cü il tarixli Maliyyə arayışına əsasən Yeni Yasamal ikinci yaşayış massivində olan 9 saylı mənzilin tam dəyəri 80000 (səksən min) manat ödənilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmənin sorğusuna cavab olaraq 01.09.2021-ci il tarixli XO-01- 09-2021-05424 nömrəli məktubla bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ikinci yaşayış massivi ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasına dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 13.1-ci maddəsinə dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli 302 saylı qərarı ilə “Tikinti obyektinin istismarına icazənin forması” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentininn 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.21-ci bəndinə əsasən obyektdə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq istismara hazırlıq aktı tərtib olunur. Həmin akt sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və tikinti obyektinin istismarına icazənin verilməsi barədə sifarişçinin müraciətinə əlavə olunaraq, istismara icazə verən orqana (quruma) təqdim edilir. “İstismara hazırlıq aktı”nın forması Nazirlik tərəfindən təsdiq edilir. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X2 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 75.15-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və barəsində icazə tələb olunan, lakin Məcəllənin 89.1-ci (89.1.5-ci maddəsi istisna olmaqla) maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) layihələndirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) və yerli icra hakimiyyətləri orqanları (birlikdə bundan sonra – icazə verən orqan) tərəfindən tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir. Həmin Qaydanın 5.5-ci maddəsinə əsasən tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir. Həmin Qaydanın 6.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi binanın istismarına icazə verilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ikinci yaşayış massivində inşa edilmiş 89.1 kv metrdən ibarət 2 otaqlı 9 saylı mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtina edilməsi əsaslı olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ikinci yaşayış massivində inşa edilmiş 89.1 kv metrdən ibarət 2 otaqlı 9 saylı mənzilinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və mənzilə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar