Məhkəmə qərarları › İş №2-1(112)-291/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-291/2022

21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-291/2022 21.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi X5, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «qərarın ləğv edilməsi, iddiaçının yenidən şəhadətləndirilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «qərarın ləğv edilməsi, iddiaçının yenidən şəhadətləndirilməsi, sığorta haqqı və əməliyyata görə lazım olan pul vəsaitinin ödənilməsi və iddiaçının dövlət hesabına əməliyyat olunması» tələblərini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı orta məktəbi bitirdikdən sonra 28 sentyabr 2017-ci il tarixdə müddətli hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 2001 saylı X6 Diviziyasının 5-ci zastavasında keçmişdir. 2 ay hərbi müdavim olduqdan sonra atıcı peşəsinə yiyələnmişdir. 19 fevral 2018-ci il tarixdən hərbi hissə komandirinin N saylı əmri ilə baş atıcı, 30 oktyabr 2018-ci il tarixdən isə 0256 saylı əmirlə baş rabitəçi təyin olunmuş və 6 aprel 2019-cu il tarixədək heç bir qüsura yol vermədən və komandirlər tərəfindən heç bir intizam tənbehi almadan hərbi xidməti başa vurmuşdur. Hərbi xidmətdə olduğu müddətdə başında güclü ağrılar, bədənində isə allergiyalar olurdu. Ona görə də hərbi xidmətdə olduğu müddətdə N dəfə hərbi hissənin tibb məntəqəsində müalicə almışdır. Birinci dəfə 24 mart 2018-ci il tarixdən 3 aprel 2018-ci il tarixədək, ikinci dəfə isə 9 fevral 2019-cu il tarixdən 13 fevral 2019-cu il tarixədək müalicə almışdır. İddiaçı hərbi xidmət başa çatdıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə müddətdən artıq xidmət etmək üçün sənədlərini təqdim etmişdir. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavininə – Mərkəzi Hərbi Həkim Komissyasının rəisinə göndəriş almışdır. Tibbi müayinə zamanı “Xroniki Qlomerulonefrit. Xroniki böyrək xəstəliyi İV mərhələ“ diaqnozu qoyulmuşdur. Həkim ondan bu vəziyyətdə necə hərbi xidmət keçdiyi barədə məlumat aldıqdan sonra təcili uroloqa deyil, həkim-nefroloqa müraciət etməli olduğunu bildirdi. O, yenidən müayinə olunmaq üçün 8 avqust 2019-cu il tarixdə “Leyla Şıxlinskaya” Klinikasına müraciət etmişdir. Daha sonra 16 avqust 2019-cu il tarixdə Azərbaycan Tibb Universitetinin X1 müayinə olunmuş və yuxarıda qeyd olunan diaqnoz orada təsdiq olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə onun xidmət zamanı xəstəliyinin səbəb-əlaqəsinin təyin etməsi üçün göndəriş verməsini bildirmişdir. Nəhayət, 17 fevral 2020-ci il tarixdə Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası göndəriş vermişdir. 28 fevral 2020-ci il tarixdə o, Hərbi Həkim Komissiyasında müayinə olunmuşdur. 10 iyun 2020-ci il tarixli 162 saylı qərarda müayinə olunmağı göstərilməmişdir, həmin qərar həqiqəti əks etdirmir və iddiaçı bu qərarla razı deyil. Azərbaycan Tibb Universitetinin X2 26 noyabr 2019-cu il tarixli 2010 saylı arayışını əsas tutaraq iddiaçıda “Xroniki Qlomerulonefrit. Xroniki böyrək xəstəliyi” olduğu təsdiq olunduğu üçün bu arayış sübut kimi iddia ərizəsinə əlavə edilir. Qeyd olunanlara əsasən iddiaçı xroniki böyrək xəstəliyini hərbi xidmət dövründə qazandığı üçün ona cavabdehlər tərəfindən həm sığorta haqqı, həm də böyrək köçürülməsi zamanı lazım olan maddi vəsait ödənilməlidir. Cavabdehlər vaxtında və düzgün qaydada iddiaçını hərbi xidmətə apararkən və bundan sonra onu müayinə və müalicə etmiş olsaydılar, bu gün iddiaçının səhhəti xroniki böyrək çatışmazlığının 4-cü mərhələsinə qədər pisləşməzdi. Belə olduğu halda, artıq son hədd kimi onun böyrək köçürmə əməliyyatı cavabadehlərin üzərinə bir öhdəlik qoyulmalıdır və ona aidiyyatı sığorta məbləği ödənilməklə əməliyyata tələb olunan 25.000 manatla sığorta məbləği arasındakı fərq pulu ödənilməlidir. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10 iyun 2020-ci il tarixli 162 saylı qərarı ləğv olunmalıdır. Çünki, bu qərara görə iddiaçının xəstəliyi ümumi xəstəlik kimi yazılmışdır. Həmin qərarda qeyd olunduğu kimi, 6 avqust 2019-cu il tarixdə Silahı Qüvvələrin Baş Klinik Hospitalında hərbi xidmətini başa vurduqdan 3 ay sonra müayinədən keçərkən bu xəstəlik aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 7.2 bəndinin “e” yarımbəndi 7.2 bəndinin “ç” yarımbəndi ilə əvəz olunmalıdır. Çünki, həmin bənddə deyilir ki, hərbi xidmət başa çatdıqdan sonra 1 il keçənədək təyin olunmuş xroniki, tədricən proqressivləşən xəstəlik olduqda həmin xəstəliyin başlanğıcı hərbi xidmət dövrünə aid edilir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə, İPM-in 2.2, 14.2, 34.1, 45, 46, 70, 73-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 216 – 220-ci maddələrinə əsaslanaraq, Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 10 iyun 2020-ci il tarixi 162 nömrəli qərarının ləğv edilməsi və «Hərbihəkim ekspertizası haqqında» Əsasnamənin 7.2 bəndinin “e” yarımbəndi 7.2 bəndinin “ç” yarımbəndi ilə əvəz olunmaqla qərar qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, sığorta haqqı və əməliyyata görə lazım olan 25.000 manat pul vəsaitinin ödənilməsi və dövlət hesabına əməliyyatın edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinin 1 oktyabr 2021-ci il tarixədək qüvvədə olan tələblərinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra məhkəmənin 6 oktyabr 2020-ci il tarixli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə (iddiaçının yaşayış yeri üzrə) Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 9 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2020ci il tarixli qərardadı ləğv edilmiş və inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəmə ünvanlanmış 17 avqust 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı xidmət etdiyi dövrdə böyrəyi ilə əlaqədar şikayət bildirməmiş, 2018-ci ildə “allergik dermatit” və 2019-cu ildə “hər iki əl barmaqlarının səthi mikozu” diaqnozları ilə hərbi hissənin məntəqəsində müalicə almışdır. Odur ki, onun hal-hazrkı diaqnozunu xidmətlə əlaqələndirmək qeyri-mümkündür. Buna görə də Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 10 iyun 2021-ci il tarixli 162 nömrəli qərarı dəyişdirilmədən qüvvəsində qalır. Dövlət Sərhəd Xidmətyinin məhkəməyə ünvanlanmış 5 oktyabr 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, Dövlət Sərhəd Xidmətinin (2017 – 2019-cu illər) sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı “Naxçıvan” X3 hərbi xidmətdə olduğu müddətdə 24 mart 2018-ci il tarixdən 3 aprel 2018-ci il tarixədək “allergik dermatit”, 9 fevral 2019-cu il tarixdən 13 fevral 2019-cu il tarixədək “hər iki əlin barmaqlarının səthi mikozu” diaqnozu ilə sərhəd diviziyasının tibb məntəqəsində müalicədə olmuş, yaxşılaşma ilə xidmət yerinə göndərilmişdir. İddiaçı hərbi xidmət dövründə Sərhəd Diviziyasından kənarda heç tibb müəssisəsində müalicədə olmamışdır. Hərbi xidmət etdiyi müddətdə böyrəklə əlaqədar şikayəti olmamışdır. İddiaçının müraciətləri əsasında Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasında Beyləqan rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 17 fevral 2020-ci il tarixli 158 nömrəli göndərişinə əsasən onun “Xroniki qlomerulonefrit. Xroniki böyrək xəstəliyi İV mərhələ” diaqnozlu xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamə”nin 7.2-ci bəndinin “e” yarımbəndinə əsasən “Ümumi xəstəlik” hesab edilmişdir. Həmin Əsasnamənin 7.2-ci bəndinin “e” yarımbəndində əsasən “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədilə özünə yetirmişsə; əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Göründüyü kimi, İddiaçı hazırkı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi DSX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən düzgün tovsif edilmişdir. İddia ərizəsində qeyd edildiyi kimi, iddiaçının hazırkı xəstəliyinin həmin Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndində dəyişilməsi mümkünsüzdür. Belə ki, həmin yarımbənddə “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaralanmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə. Beləliklə İddiaçı hazırkı “xroniki qlomerulonefrit, xroniki böyrək xəstəliyi İV mərhələ” xəstəliyi onun xidmətkeçmə dövrünə aid edilmir. Göstərilənlərə əaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini nəzərə alaraq İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alaraq iddianın təmin edilməməsi məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili gəlmişlər, cavabdehlərin nümayəndələri gəlməmişlər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia “sığorta haqqı və əməliyyata görə lazım olan pul vəsaitinin ödənilməsi və iddiaçının dövlət hesabına əməliyyat olunması” hissəsində və cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Əsasnamənin 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Əsasnamənin 1.8-ci bəndinə görə hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Əsasnamənin 1.9-cu bəndinə görə vətəndaş hərbi-həkim komissiyasının (həkimuçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Əsasnamənin 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Əsasnamənin 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Əsasnamənin 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: - əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; - əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; - əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; - əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. e) “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: - əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; - əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; - əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Əsasnamənin 7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Əsasnamənin 7.4-cü bəndinə görə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim kimissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şahədətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Hazırkı iş üzrə məhkəmənin 3 sentyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir: - (1-ci sual) xx xxxxxxx 1999-cu il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda olan xəstəlik və qüsurların müəyyən edilməsi; - (2-ci sual) xx xxxxxxx 1999-cu il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı aşkar olunmuş xəstəlik və qüsurların yaranma vaxtının və səbəbinin, o cümlədən onun başqa xəstəliyi və ya vaxtilə aparılmış müalicəsi ilə bağlılığının müəyyən edilməsi, - (3-cü sual) xx xxxxxxx 1999-cu il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda “xroniki qlomerulonefrit” xroniki böyrək xəstəliyi (İV mərhələ) aşkar olunurmu? əgər aşkar olunursa, həmin xəstəlik 3 ay müddətində (təxminən 2019-cu ilin İV – Vİİİ ayları ərzində) yarana bilərmi, yaxud hansı müddətdə yaranmışdır? - (4-cü sual) xx xxxxxxx 1999-cu il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda “xroniki qlomerulonefrit” xroniki böyrək xəstəliyi (İV mərhələ) aşkar olunarsa, həmin xəstəliyinin “allergik dermatit” və “hər iki əl barmaqlarının səthi mikozu” xəstəlikləri ilə əlaqəsi mövcuddurmu? - (5-ci sual) xx xxxxxxx 1999-cu il tarixdə doğulmuş İddiaçı mövcud olan “allergik dermatit” və “hər iki əl barmaqlarının səthi mikozu” xəstəlikləri üzrə diaqnoz qoyulması ondan hansı növ analiz nümunələrinin (qan, sidik və s.) götürülməsi ilə şərtləndirilir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 məhkəməyə daxil olmuş 8 dekabr 2021-ci il tarixli məktubu ilə qurumun T299/2021 saylı 16 noyabr 2021-ci il tarixli ekspert rəyi təqdim olunmuşdur. Rəyin nəticə hissəsində qeyd olunur ki, 1999-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və 3 sentyabr 2021-ci il tarixli məhkəmə qərardadında göstərilən sullara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: - 1. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bel nahiyəsində sağda aparılmış cərrahi əməliyyat yarasının sağalmış izi olan çapıq toxuma aşkar olundu. ATUnun X1 26 noyabr 2019-cu il tarixdə nefroloq tərəfindən müayinə olunarkən ona “xroniki qlomerulonefrit, xroniki böyrək xəstəliyi İV mərhələ” diaqnozu qoyulmuş və 8 dekabr 2020ci il tarixdə Respublika Diaqnostika Mərkəzinin Böyrək Xəstəlikləri və Transplantasiya şöbəsində böyrək transplantasiyası əməliyyatı icra edilmiş, 15 yanvar 2021-ci il tarixdə TSEK-də müayinə edilərkən isə “Z94.O-transplantasiya olunmuş böyrəyin olması” diaqnozu ilə ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir; - 2 – 4. Vətəndaş İddiaçı 2017-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyasında heç bir xəstəliyin aşkar edilmədiyini, düçar olduğu “xroniki qlomerulonefrit” xəstəliyinin törədicilərinin virus, bakteriya, göbələk və sair infeksiyaların olmasını, xəstəliyin patogenez və klinik gedişini, xroniki prosesin yaranmasının 12 aya qədər davam etməsini, böyrək patologiyasının onda 2019-cu ilin avqust ayında laboratorinstrumental müayinə üsulları (qanın, sidiyin analizi, böyrəklərin KT və ultrasonoqrafık müayinələri) ilə aşkar edilməsini nəzərə alaraq qeyd etmək lazımdır ki, o, həmin xəstəliyə hərbi xidmətdə olarkən düçar olmuşdur. Xəstəliyin törədicisi barədə hazırda konkret fikir söyləmək mümkün olmadı. Lakin onun 2019-cu ilin fevral ayında “hər iki əl barmaqlarının səthi mikozu (göbələyi)” xəstəliyindən sonra yaranmasını da inkar etmək olmaz; - 5. Vətəndaş İddiaçı 2018-ci və 2019-cu illərdə tibb məntəqəsində müalicədə olduğu “allergik dermatit və hər iki əl barmaqlarının səthi mikozu (göbələyi)” xəstəlikləri laborator müayinələrin (qan, sidik, nəcis və s.) əsasında deyil, xəstənin şikayətləri və kliniki müayinələri əsasında müəyyən edilmişdir. İPM-in 14.1-ci maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunan Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İlk növbədə məhkəmə vurğulayır ki, hazırkı inzibati mübahisə üzrə sübutetmə yükü daşıyan cavabdeh Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası mübahisə predmeti olan 10 iyun 2020-ci il tarixli 162 nömrəli qərarının qəbulunu İddiaçı hərbi xidmət dövründə (2018-ci ildə) müvafiq müayinə və müalicədə olsa da, böyrəyi ilə əlaqədar şikayət etməməsi və onun diaqnozunun hərbi xidmətlə əlaqələndirilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, həmin qərarla İddiaçı «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin “e” yarımbəndi (Ümumi xəstəlikdir) üzrə şəhadətləndirilmişdir. Nəzərə alınmalıdır ki, Əsasnamə sözügedən qərarın qəbulu aşağıdakı hallardan birinin olması ilə şərtləndirir: 1) şəxsdə xəsarət və xəstəliyin onun hərbi xidmətə çağırılmasına qədər yaranması, xidmətkeçmə dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmaması, 2) xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirməsi, 3) xəstəliyin hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranması və xəstəliyin başlanğıcının hərbi xidmət xidmət dövrünə aid etməyə əsas olmaması. Lakin məhkəmə icraatında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 T299/2021 saylı 16 noyabr 2021-ci il tarixli ekspert rəyi cavabdeh inzibati orqanın dəlillərini nəinki təkzib etmiş, hətta iddiaçıda mövcud olan müvafiq xəstəliyə onun hərbi xidmət dövründə düçar olduğunu təsdiqləmişdir. Rəy iddiaçının 2017-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyasında heç bir xəstəliyinin aşkar edilməməsi, düçar olduğu “xroniki qlomerulonefrit” xəstəliyinin törədicilərinin virus, bakteriya, göbələk və sair infeksiyaların olması, xroniki prosesin yaranmasının 12 aya qədər davam etməsi, böyrək patologiyasının onda 2019-cu ilin avqust ayında aşkar olunmasını və s. xüsusatlarla əsaslandırılmışdır. Bu isə, məhkəmənin qənaətinə görə iddiaçının «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarı ilə şəhadətləndirilməsinə əsas verir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bundan başqa, hazırkı inzibati məhkəmə icraatında iş üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 T299/2021 saylı 16 noyabr 2021-ci il tarixli ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı əsas müəyyən edilmir, rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hazırda mübahisələndirilən qərarın, yəni Əsasnamənin 7.2-ci bəndinin “e” yarımbəndi üzrə qərarın qəbulunu şərtləndirən hallara dair yetərli sübutlar təqdim etməməsi onu deməyə əsas verir ki, inzibati orqanda aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamış və 10 iyun 2020-ci il tarixli 162 saylı qərar formal mülahizələr əsasında qəbul olunmuşdur. Bununla da «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 24, 58.1-ci maddələrinin tələbləri pozulmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə mübahisələndirilən 10 iyun 2020-ci il tarixli 162 nömrəli qərar qanuna ziddir və İddiaçı «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin “ç” yarımbəndi üzrə şəhadətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10 iyun 2020-ci il tarixli 162 nömrəli qərarı ləğv edilməli və İddiaçı «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin “ç” yarımbəndi üzrə şəhadətləndirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 62, 68 – 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10 iyun 2020-ci il tarixli 162 nömrəli qərarı ləğv edilməli və İddiaçı «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin “ç” yarımbəndi üzrə şəhadətləndirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar