Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2910/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qarabağ müharibəsi iştirakçısı vəsiqəsinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə bir vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Daxili Qoşunlarının N (sonradan həmin hərbi hissəyə N nömrə verilmişdir) nömrəli hərbi hissənin, daha sonra isə həmin hərbi hissənin tərkibində yaradılmış N nömrəli hərbi hissədə X3 anbarının rəisi vəzifəsində işləyərkən 12 mart 1992-ci ildə xidməti vəzifələrinin icrası zamanı Daxili Qoşunların Baş İdarəsində olan zaman həyacan siqnalı ilə toplanaraq Baş İdarənin tərkibində erməni silahlı birləşmələri ilə aparılan döyüş bölgəsinə getmişdir. 12 mart 1992-ci il tarixdən 29 mart 1992-ci il tarixə kimi Daxili Qoşunların tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonun Şelli və Paprəvənd kəndləri ərazisində aparılan döyüşlərdə iştirak etmişdir. 10.08.1997-ci il tarixdə ona 008342 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. 1998-ci ildə xidmətdə aparılan yoxlama zamanı onun döyüş bölgəsinə aparılan şəxslərin əmri siyahısında tapılmaması əsas gətirilərək 16.10.1998-ci il tarixdə vəsiqəsi Daxili Qoşunlar Baş İdarəsinin hüquq təminatı xidmətinin rəisi N.C.Hüseynov tərəfindən alınmışdır. Lakin o həqiqətən yuxarıda göstərdiyi şəraitdə və zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonun Şelli və Paprəvənd kəndləri ərazisində aparılan döyüşlərdə iştirak etmişdir. O, zaman Daxili Qoşunların komandanın əmri ilə döyüşə getmişdir və onun təqsiri olmadan həmin siyahıya salınmamışdır. DQ-nın zabitlərinin yuxarıda göstərdiyi döyüşlərdə iştirakını təsdiq edən tərtib olunmuş aktı təqdim etməyinə baxmayaraq ona vəsiqə verilməmişdir. Odur ki, o məcbur olaraq Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. Daxili İşlər Nazirliyinin X6 İdarəsinin 09.11.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, arxiv sənədlərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə konkret məlumat olmadığından müharibə veteranı adı və vəsiqənin verilməsi mümkün hesab edilməmişdir. Odur ki, o məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Erməni qəsbkarlara qarşı Ağdam rayonun Papravənd və Şelli kəndlərdə gedən döyüşlərdə iştirakını iş yoldaşları təsdiq edə bilər. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, sabiq hərbi qulluqçu İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini əsas gətirərək cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Bildirilir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsindən təqdim olunmuş 12.06.2020-ci il tarixli, 13-14/1284 nömrəli arxiv arayışında İddiaçı 14.10.1992-ci il tarixdən 13.06.2000-ci il tarixədək Daxili Qoşunlarda xidmət etməsi göstərilsə də onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakına dair qeydlər aşkar olunmamışdır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranl adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə əsasən "Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, sabiq hərbi qulluqçu İddiaçı iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. - Daxili Qoşunların N saylı hərbi hissənin komandirli tərəfindən təsdiq edilmiş 25.06.1997-ci il tarixli aktdan görünür ki, X1 Şöbəsinin baş zabiti polkovnik-leytnant A.Adıgözəlov, 67987 saylı bərbi hissənin rabitə rəisi kapitan İ.Abıyev, Milli qvardiyanın rabitə rəisi İ.İskayev, Milli qvardiyanın atəş məntəqəsinin rəisi gizir İ.Babayev bu aktı tərtib etmişdir ki, həqiqətən N saylı hərbi hissənin rabitə ambarının rəisi baş gizir İddiaçı 1992-ci ilin 12 mart tarixindən 29 mart tarixinə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdam rayonunun Şelli və Paprəvənd kəndlərində keçən döyüşlərdə iştirak etmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 13-14/1508 №-li, 21.06.2021-ci il tarixli məktuba əlavə edilmiş 202 №-li, 17.06.2021-ci il tarixli arxiv arayışından və əmrlərdən çıxarışlardan görünür ki, arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də baş gizir İddiaçı 328N () və N saylı hərbi hissələrin tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar bunlardır: 1) N saylı hərbi hissə komandirinin 14.10.1992-ci il tarixli, 4N №-li əmrilə N saylı hərbi hissədən gəlmiş hesab edilməklə 30 sentyabr 1992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, rabitə anbarının rəisi vəzifəsinə təyin edilmişdir (N saylı hərbi hissənin sənədləri ƏN-nin Penitensiar Xidmətində saxlanıldığı üçün sayı qeyd olunan hərbi hissənin tərkibində xidmət keçməsini təsdiq etmək mümkün deyil); 2) Daxili qoşunların komandanının 30.09.1994-cü il tarixli, N №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 19.11.1994-cü il tarixli, N №-li əmrilə hərbi hissənin yeni ştat strukturuna keçməsilə əlaqədar olaraq dayaq rabitə qovşağında uzaq və daxili rabitə mərkəzində rabitə anbarının rəisi vəzifəsindən azad edilib, DQBİ-nin dayaq rabitə qovşağında uzaq və daxili rabitə mərkəzində rabitə anbarının rəisi vəzifəsinə təyin edilmişdir; 3) Daxili qoşunların komandanının 28.04.1995-ci il tarixli, 41 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 27.05.1995-ci il tarixli, 123 №-li əmrilə dayaq rabitə qovşağında anbar rəisi vəzifəsindən azad edilib, 27 may 1995-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir; 4) Daxili qoşunların komandanının 23.11.1995-ci il tarixli, 15N №-li əmrilə növbəti “baş gizir” hərbi rütbəsi verilmişdir; 5) Daxili qoşunların komandanının 29.02.2000-ci il tarixli, 21 №-li əmrilə rabitə anbarının rəisi vəzifəsindən azad edilib, rabitə və AİS anbarının rəisi vəzifəsinə təyin edilmişdir; 6) Daxili qoşunların komandanının 13.06.2000-ci il tarixli, 47 №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq 156-cı maddənin “a” bəndi ilə (xidmət müddəti başa çatdığına görə) mərkəzləşmiş anbarlarda rabitə və AİS anbarının rəisi vəzifəsindən azad edilib, hərbi qeydiyyata durmaq üçün Əzizbəyov RHK-ya göndərilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 13-2/1568 №-li, 22.07.2021-ci il tarixli və 13-2/2131 №-li, 07.10.2021-ci il tarixli məktublardan görünür ki, 328N () hərbi hissənin daimi dislokasiya yeri Bakı şəhəri (hal-hazırda Hacıqabul rayonu) olmaqla şəxsi heyəti Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. N saylı hərbi hissənin daimi dislokasiya yeri Bakı şəhəri olmuşdur. Hərbi hissələrin döyüş əməliyyatlarına cəlb olunmuş şəxsi heyətinin adlı siyahısı mövcud deyil. Döyüş əməliyyatlarına cəlb olunmuş şəxsi heyətin adları hərbi hissə komandirlərinin sutkalıq nizami hissə üzrə əmrlərində təsdiq olunmuşdur. İddiaçı Daxili Qoşunların tərkibində xidməti barədə 216 nömrəli 15.07.2021-ci il tarixli arxiv arayışı məhkəməyə təqdim olunmuşdur. Təkrar yoxlama zamanı İddiaçı döyüş əməliyyatlarına cəlb olunması barədə əlavə məlumat aşkar olunmadı. Məlumat üçün bildirilir ki, Daxili Qoşunların hərbi qulluqçularına “Müharibə veteranı” adı və vəsiqəsi Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən verilir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 024-30963/2C-3220 №-li, 09.11.2020ci il tarixli məktubdan görünür ki, Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlandığı təkrar müraciətinə X6 İdarəsində baxılmışdır. Bir daha bildirilir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə heç bir məlumat olmadığından qaldırdığı məsələnin müsbət həlli qüvvədə olan qanunvericiliyə əsasən mümkün olmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd olunan Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı faktı müəyyən edilmədiyindən ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2910/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2910/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver