Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2911/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 3-cü şəxs “xxxx” QBKT MMC işə cəlb edilməklə kompensasiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən Mərkəzi Bank vasitəsi ilə “xxxx” QBKT MMC-dən dollarla götürdüyü kreditin düzgün araşdırılaraq ona kompensasiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2911/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərarı ilə “xxxx” QBKT MMC 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14.09.2015-ci il tarixində “xxxx” QBKT MMC-dən 2000 ABŞ dolları kredit götürmüşdür. Götürdüyü krediti vaxtlı-vaxtında ödəyirdi, sonradan dünyada baş verən devalivasiyalar zamanı bir neçə ay kredit ödənişində gecikmələr olsa da, o, əlavə faizlə birgə kredit müqaviləsində göstərilən son tarixə kimi bütünlüklə krediti ödəyərək tam ödəniş etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq, həmin müddətdə, yəni 2019-cu ilin əvvəllərində Fərmana uyğun olaraq Azərbaycan Respublikaısnın Mərkəzi Bankı bütün banklardan götürülmüş dollarla kreditlərin araşdırmalarını apararaq hər bir əlavə ödəniş etmiş kreditora kompensasiya verirdi. O zamanlar Ləğv prosesində olan “xxxx” QBKT MMC-də dollarla krediti yoxlanıldıqda heç bir məlumat tapılmamışdır. İnternet vasitəsi ilə apelyasiya şikayəti verməyə geciksə də, sonradan dəfələrlə qaynar xətt ilə əlaqə saxladıqda, ona bildirilmişdir ki, kompensasiya ilə təmin olunacaqlar, təəssüflər olsun ki, bugünə kimi o, həmin Fərmandan yararlana bilməmişdir. Burdan belə qənaətə gəlmək olar ki, Mərkəzi Bank onun kreditinin nə tarixi, nə də etdiyi ödənişləri düzgün araşdırmamışdır və ya Ləğv Prosesində olan “xxxx” QBKT MMC Mərkəzi Banka düzgün məlumat verməmişdir. Bütün hallarda Mərkəzi Bank məsuliyyət daşıyan orqandır, çünki bütün dövlət və özəl bankların hamısı Mərkəzi Banka tabedir. Sözügedən Fərmandan bir çox vətəndaşlar yararlansa da, o, kompensasiya ilə təmin olunmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “xxxx” QBKT MMC tərəfindən natamam məlumatlar daxil edildiyindən vətəndaşın adı Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Hazırda “xxxx” QBKT MMC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında həqiqətən də, 14.09.2015-ci il tarixində kredit müqaviləsi bağlanılmış və 07.03.2016-cı il tarixdə borc məbləği restrukturizasiya edilmişdir. Qeyd edilən müqavilə üzrə iddiaçının 21.12.2015-ci il tarixinə əsas kredit borcu 1718.00 ABŞ dolları təşkil etmişdir. Beləliklə, İddiaçı ilə “xxxx” QBKT MMC arasında bağlanmış 14.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 21.12.20115-ci il tarixdə baş vermiş devalvasiya gününə 1718.00 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməmiş olduğu nəzərə alınarsa, Fərmanın 1.2-ci bəndinə əsasən iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona həmin müqavilə üzrə cəmi 1030.80 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə “xxxx” QBKT MMC arasında bağlanmış 14.09.2015-ci il tarixli, **********1780 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə “xxxx” QBKT MMC arasında bağlanmış sözügedən kredit müqaviləsinə əsasən illik 23.52 % dərəcəsi ilə 18 (on səkkiz) ay müddətinə İddiaçı 2000 (iki min ABŞ dolları) USD məbləğində kredit verilmişdir. İşdə olan “xxxx” QBKT MMC 2020/999/3868 nömrəli, 30.09.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 14.09.2015-ci il tarixli və 07.03.2016-cı il tarixli kredit müqavilələri üzrə öhdəliyi yoxdur. Borcun xitam forması: tam ödəniş göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, 11.09.2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının müraciəti ilə əlaqədar bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli keditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və kreditin valyutasının məhəkmə qərarı ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, məsələnin baxılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan məhkəmənin sorğusuna əsasən “xxxx” QBKT MMC tərəfindən məhkəməyə təqdim edilmiş 2021/999/1890 nömrəli, 06 aprel 2021-ci il tarixli məktubun surətindən görünür ki, təşkilatla İddiaçı arasında 14 sentyabr 2015-ci il tarixində 23.52 % illik faizlə 18 ay müddətinə 2000 (iki min dollar) ABŞ dolları məbləğində kreditin verilməsi ilə bağlı müqavilə (bundan sonra, “müqavilə”) bağlanmışdır. 07 mart 2016-cı il tarixində İddiaçı ilə Təşkilat arasında 14 sentyabr 2015-ci il tarixli həmin kredit müqaviləsinin restrukturizasiyasına dair saziş imzalanmışdır. İddiaçı 14 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixinə olan qalıq borcunun əsas məbləği 1718 (min yeddi yüz on səkkiz dollar) ABŞ dolları təşkil etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə iş materiallarını, cavabdehin imtina məktubunu nəzərə alaraq bildirir ki, iddiaçının “xxxx” QBKT MMC-dən götürdüyü kredit məbləği işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarında kredit müqaviləsi mövcuddur. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının 14.09.2015-ci il tarixli, **********1780 saylı kredit müqaviləsinə əsasən “xxxx” QBKT MMC-dən dollar krediti götürməsi iş materialları ilə öz təsdiqini tapdığından və həmçinin İddiaçı götürdüyü kredit məbləği Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində İddiaçı adının kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına əlavə edilməsi və ona “xxxx” QBKT MMC ilə aralarında bağlanmış 14.09.2015-ci il tarixli, **********1780 nömrəli kredit müqaviləsi üzrə 1030.80 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2911/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2911/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver