Məhkəmə qərarları › İş №2-1(112)-2911/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2911/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2911/2023 03.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Əziz qızının, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Əziz qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin mərhum X10 məxsusluğuna dair arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Əziz qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 15 ünvanında yerləşən 14 saylı mənzilin X10 məxsusluğuna dair arayışın İddiaçı Əzizağa oğluna verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Əzizağa qızı ilə X9 arasında nikah bağlanılmışdır. Azərbaycan Dəmiryol İdarəsi tərəfindən C.Mehdiyevə hazırda iddiaçının yaşadığı mənzil verilmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin 143 saylı, xx.xx.2014-cü il tarixli Sərəncamı ilə X13 ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilin icarədarı hesab edilmişdir. xx.xx.2017-ci il tarixdə X13 vəfat etmişdir. Vəfat etmiş X9 adına vərəsəlik işi açılmış və onun vərəsələrinin dairəsi müəyyən edilmişdir. İddiaçı Əzizağa qızı X9 vərəsəsi kimi tanınmışdır. ünvan 2 ünvanda yerləşən 14 saylı mənzilə dair müvafiq hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 çaylı Bakı Ərazi İdarəsi müraciətimi təmin etməkdən imtina etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirmişdir ki, qeyd olunan mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı "'Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ıl oktyabrın 1 -dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Cavabdeh orqan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə istinad edərək imtina etsə də. mövcud qanunvericiliyi və həmin mənzilin 2005-ci ildən iddiaçıya ayrılması və iddiaçının həmin vaxtdan ailəsi ilə birgə qeyd edilən mənzildə yaşamağını nəzərə almamışdır. X14, X24 və X18 tərəfindən notarial qaydada verilmişi ərizələrdən görünür ki, iddiaçının övladları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 15 ünvanda yerləşən 14 saylı mənzilin iddiaçının adına keçirilməsinə etiraz etmirlər. Həmçinin, iddiaçı bildirir ki, ona məxsus olan və yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 15 ünvanda yerləşən 14 saylı mənzilin çıxarışı olmadığı üçün ünvan üzrə öz mənzilinə qeydiyyata alınmağı mümkün olmadığından qonşuluqda yaşayan X9 qardaşına məxsus olan ünvan 3 ünvanda yerləşən 15 saylı mənzilə ünvan üzrə qeydiyyata alınmaq məcburiyyətində qalmışdır. Odur ki, Azərbaycan Dəmiryol İdarəsi tərəfindən C.Mehdiyevə 1992-ci ildən ayrılan və halhazıradək yaşadığı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi əsassız olmuşdur.

3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı Mehdiyeva X21 rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 15, 14 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 15 ünvanında yerləşən 14 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilən qeyd olunan mənzilə dair Azərbaycan Respublikası Xəzər Rayon İcra Hakimiyyəti başçısının 143 saylı sərəncamı xx.xx.2014-cü il tarixində verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********49 saylı, xx.xx.2022-ci tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir və yaşayış sahəsinin faktiki ölçüsü 24,6 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11- ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilən Əzizbəyov rayon Mənzil İdarəsinin 18001 №-li Orderində qeyd olunur ki, Rayon İcra Hakimiyyətinin 28 iyul 1961-ci il tarixli qərarı (protokol № 9) əsasında Cahangir Mehdi oğluna 3 nəfər ailəsi ilə 31,0 kv. metr sahəsi olan Şüvəlan qəsəbəsi, 26 Komissar küçəsi, 15 saylı mənzil tutmaq üçün verilmişdir.

6. Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Xəzər rayon İcra Hakimiyyətinin Başçısına ünvanlanan məktubda qeyd olunur ki, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, bina 15, mənzil 15-də qeydiyyatda olan lakin uzun müddət ailəsi ilə A.İldırım küçəsi, 14 və 15 saylı mənzillərdə yaşayan vətəndaş X13 yaşadığı 14 saylı mənzilin adına sənədləşdirilməsini xahiş etmişdir. Vətəndaş C.Mehdiyevin ailə vəziyyətini nəzərə alaraq Mənzil-Kommunal Təsərrüfatı Birliyi 14 saylı mənzilin X9 adına sənədləşdirilməsinə etiraz etmir.

7. Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli xx.xx.2014-cü il tarixli, 143 saylı Sərəncamında qeyd olunur ki, vət. X3 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək bildirir ki, yaşadığı A.İldırım küçəsi, 15 saylı evin, 14 saylı mənzili 1992-ci ildə Azərbaycan Dəmiryol İdarəsi tərəfindən ona verilmiş və o vaxtdan ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Vət. X13 uzun müddət yaşadığı mənzilini onun adına daimi yaşayış yeri kimi sənədləşdirilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanları, Vət. C.C.Mehdiyevin 1992-ci ildən həmin mənzildə yaşadığını və ərizəsini nəzərə alaraq: Şüvəlan qəsəbəsi, A.İldırım küç., 15 saylı evin, yaşayış sahəsi 18 kv.metr əlan 1 otaqlı, 14 saylı mənzili vət. X9 adına asağıdakı ailə tərkibi ilə daimi yaşayış yeri kimi sənədləşdirilmiş və o, mənzilin icarədarı hesab edilmişdir:

1. X13 – özü, xx.xx.1965-ci il

2. İddiaçı – h/yoldaşı, xx.xx.1967-ci il

3. X14 – oğlu, 1994-cü il

4. X19 – qızı, xx.xx.1995-ci il

5. X24 – qızı, xx.xx.1999-cu il Sərəncamdan çıxarışın C.C.Mehdiyevə çatdırılması Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilmişdir. Sərəncamın 1-ci bəndinə uyğun olaraq C.C.Mehdiyevin adına mövcud vəziyyətdə texniki pasportun tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyyə olunmuşdur.

8. V-JQ 419401 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnamədə qeyd olunur ki, X13 və X17 arasında xx.xx.1990-cı il tarixində nikah bağlanmışdır. Nikah bağlanandan sonra X1 Mehdiyeva olaraq qeyd olunmuşdur.

9. İş materiallarına əlavə olunmuş 06 dekabr 2016-cı il tarixli, 977 saylı Arayışda qeyd olunur ki, X2 qəsəbəsinin A.İldırım küçəsindəki 2 mərtəbəli 15 №-li evin 2 mərtəbəsində, yaşayış sahəsi 18,0 kv.m. olan 1 otaqlı 14 №-li mənzilində yaşayır. Ev Xəzər rayon MKTİS-nə məxsusdur, vətəndaş X9 ailəsi 5 nəfərdən ibarətdir.

1. X13 – özü, 1965, qeydiyyatsız

2. İddiaçı – h/yoldaşı, 1967, qeydiyyatsız

3. X14 – oğlu, 1994, qeydiyyatsız

4. X24 – qızı,1999, qeydiyyatsız 5.X19 – qızı, 1995, qeydiyyatsız yaşayırlar.

10. AZ-İ 891670 nömrəli Ölüm haqqında Şəhadətnamədə qeyd olunur ki, X13 xx.xx.2017-ci il tarixində ölmüşdür.

11. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının İ müavini tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli məktubda qeyd olunnmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras ooyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanına verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək, daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq Xidmətin fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının yaşadığı mənzilin adına sənədləşdirilməsi ilə bağlı AR Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdikdən sonra Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edə biləcəyi bildirilmişdir.

12. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan xx.xx.2019-cu il tarixli, 474 nömrəli məktubunda qeyd olunur ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi olan ünvan 7 ünvanında qeydiyyatda olan arvadı İddiaçı ərizəsi əsasında 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunda ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini təmin etməkləri xahiş edilmişdir.

13. İş materiallarına əlavə olunan **********481 saylı Ərizədə qeyd olunur ki, X4 rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 143 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 15 ünvanında yerləşən 14 saylı mənzilin İddiaçı adına keçirilməsinə etiraz etmir.

14. İş materiallarına əlavə olunan **********134 saylı Ərizədə qeyd olunur ki, X6 rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 143 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 15 ünvanında yerləşən 14 saylı mənzilin İddiaçı adına keçirilməsinə etiraz etmir.

15. İş materiallarına əlavə olunan **********801 saylı Ərizədə qeyd olunur ki, X8 rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 143 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 15 ünvanında yerləşən 14 saylı mənzilin İddiaçı adına keçirilməsinə etiraz etmir.

16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

17. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi. II. İddianın növü və mümkünlüyü

18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

20. X29 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

23. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

24. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X7 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

25. X38 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

27. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

29. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

30. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı Şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının “vət. C.C.Mehdiyevin yaşadığı mənzilin onun adına daimi yaşayış yeri kimi rəsmiləşdirilməsi haqqında” Sərəncamı xx.xx.2014-cü il tarixdə qəbul edilmiş olsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dək yaranmış, iddiaçı ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşamışdır. Belə ki, Əzizbəyov rayon Mənzil İdarəsinin 18001 №-li Orderində qeyd olunur ki, Rayon İcraiyyə Komitəsinin 28 iyul 1961ci il tarixli qərarı əsasında (protokol № 9) Cahangir Mehdi oğluna 3 nəfər ailəsi ilə 31,0 kv. metr sahəsi olan Şüvəlan qəsəbəsi, 26 Komissar küçəsi, 15 saylı mənzil tutmaq üçün verilmişdir.

31. Məhkəməyə təqdim edilmiş qeydiyyatda olan ailə üzvlərinin razılıq ərizələrinə (X14, X18, X24) əsasən mənzilin özəlləşdirilməsinə razılıq ifadə olunmuşdur.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

34. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının “vət. C.C.Mehdiyevin yaşadığı mənzilin onun adına daimi yaşayış yeri kimi rəsmiləşdirilməsi haqqında” xx.xx.2014-cü il tarixli Sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər iddiaçının və onun ailəsinin qanuni əsaslarla istifadəsində olduğundan dövlət tərəfindən əvəzsiz olaraq həmin mənzilin kirayəçisinə verilmişdir.

35. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

36. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 15 ünvanında yerləşən 14 saylı mənzilin mərhum X10 məxsusluğu barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar