Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2913/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 33, mənzil 20), cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85, mənzil 109; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 21 saylı Vəkil Bürosu, vəkil; ixtisası: iqtisadçı; İş yeri və vəzifəsi: Azərbaycan Respublikası Müdafiə Nazirliyi, məsləhətçi-iqtisadçı) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “məlumat vərəqəsinin dolduraraq göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya təqaüdünün hərbi qulluqçu statusuna uyğun təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “Müddətdən artıq həqiqi hərbi qulluqçu kimi pensiyanın təyin edilməsi məqsədi ilə məlumat vərəqəsinin dolduraraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı Məmmədbağır oğlu Bakı şəhəri, Sabunçu rayon hərbi komissarlığı tərəfindən Səfərbərliyə cəlb olunaraq xx.xx.1992-ci ildən xx.xx.1995-cü ilədək 3 ildən çox müddət ərzində N saylı hərbi hissədə, xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşdə yaralanmışdır, 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı X5 Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE-0 SER AR N2280854, 2755 nömrəli 06 dekabr 2000ci il tarixli müayinə aktına əsasən ona müddətsiz 2-ci qrup əlillik təyin edilmiş və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı xidmət dövründə aldığı xəsarət əlilliyin səbəbi olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin tətbiq edilməsiylə əlaqədar 1992-ci ildə ölkədə yaranmşş müharibə vəziyyətiylə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidentinin Fərmanı əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, müstəqilliyinin və konstitusiyası quruluşunun qorunmasına Müdafiə Nazirliyinin müvafiq əmrlərinə əsasən 1992-1995-ci illərdə hərbi xidmətdə olduğum zaman döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin təqaüdünün hərbi qulluqçu statusuna uyğun təyin olunmamışdır. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli, 12/72 nömrəli cavab məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən müvafiq olaraq hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. İddiaçının isə yaralanması məhz müddətli həqiqi xidmət dövründə baş verilmişdir. Bu səbəbdən də müddətdən artıq həqiqi hərbi xidmət keçmiş şəxs hesab edilmir. Göründüyü kimi cavabdehin imtinası əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan 1 qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu rayon hərbi komissarlığı tərəfindən 01 oktyabr 1997-ci il tarixdə verilmiş AO ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.1974cü il təvəllüdlü İddiaçı Məmməd oğlu 15 iyun 1992-ci il tarixdən 10 iyul 1995-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, lakin müddətdən artıq həqiqi hərbi xidmət keçməmişdir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla, habelə 19 yaşından 40 yaşınadək qadınlar) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında könüllü daxil olurlar. Həmin Qanunun 38.1.1-ci maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: ali təhsili olanlar - 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar- 1 il 6 ay müddətləri təqvim hesabı ilə müəyyən edilmişdir. “Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci ilin aprel-iyun aylarında həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdırmış əsgərlərin, matrosların, serjantların, starşinaların ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1992-ci il tarixli 686 nömrəli Fərmanı ilə 1965-1974-cü illərdə anadan olmuş, çağırış gününədək 18 yaşı tamam olan Azərbaycan Respublikası vətəndaşlarının: Xəzər Donanması gəmilərinin matrosları və starşinaları üçün - iki il, qalan əsgərlər, serjantlar və starşinalar üçün - bir il altı ay müddətə həqiqi hərbi xidmətə çağırılması elan edilmişdir. Lakin, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 1992-ci il tarixli Fərmanı ilə qismən səfərbərlik elan edilməsi ilə əlaqədar olaraq, habelə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 1992ci il tarixli 77 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və çavuşların xidmət müddətləri respublika ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılmışdır. İddiaçı isə, artıq qismən səfərbərlik qüvvədə olduğu zaman, 15 iyun 1992-ci il tarixdən müddətli həqiqi hərbi xidmətdə olduğuna görə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 1992-ci il tarixli 77 nömrəli Fərmanının 2-ci bəndinin müddəaları ona da şamil olunur. Bundan başqa, “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun “səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında’’ 24-26-cı maddələrinə, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır, səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanədək saxlanılırlar. Beləliklə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 1992-ci il tarixli Fərmanı ilə qismən səfərbərlik elan edildikdən sonra müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular xidmət müddətininin başa çatması səbəbi ilə xidmətdən buraxıla bilməzdilər. Qismən səfərbərlik faktiki 25 dekabr 1999-cu il tarixədək davam etdiyindən, İddiaçı xidmətinin bir il altı ayının tamamında, yəni 15 dekabr 1993-cü il tarixdə, nə xidmət müddətinin başa çatması ilə xidmətdən buraxilmış, nə də ki, müddətdən artıq həqiqi hərbi xidmətə keçirilmişdir. İddiaçı 26 noyabr 1993-cü il tarixdə aldığı sol sağrı nahiyyəsinin dəlib keçən güllə yarası, qılça darağının sınığı və oturacaq sinirinin zədələnməsinə görə Müdafiə Nazirliyi Hərbi poliklinikasının hərbi həkim komissiyasının 7931 nömrəli 01 iyun 1994-cü il tarixli şəhadətnaməsilə şəhadətləndirilərək Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının Qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qeyri sıravi hərbi xidmətə yararlı hesab edilmişdir. Bu səbəbdən İddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 3/5-4523 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamına əsasən 10 iyul 1995-ci il tarixdən xəstəliyinə görə ordu sıralarından vaxtından əvvəl (səfərbərlik dövrü bitmədən) çıxarılmışdır. Belə ki, səfərbərlik üzrə çağırılmış vətəndaşların ehtiyata buraxılmasının ilk mərhələsi “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə (səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir) müvafiq olaraq “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1996-cı il tarixli 433 nömrəli Fərmanı ilə həyata keçirilmişdir. Bu səbəbdən də, İddiaçı 15 dekabr 1993-cü il tarixdən 10 iyul 1995-ci il tarixədək (yəni 1 il 6 ay xidmət etdikdən sonrakı) xidmətdə olduğu (xüsusən də müalicədə olduğu) müddət səfərbərlik vaxtı müddətdən artıq həqiqi hərbi xidmət hesab edilmir. Nəticə etibarı ilə, İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu statusunda olmamış və müddətdən artıq həqiqi hərbi xidmət keçmiş şəxs hesab edilmir. O, 15 iyun 1992-ci il tarixdən 10 iyul 1995-ci il tarixədək məhz (“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq məcburi) müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Yuxarıda göstərilənlərə istinad olaraq hesab edirik ki, İddiaçı Məmməd oğlunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının təyin olunması hüququ olmadığına görə onun barəsində “Məlumat vərəqi”nin tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi qanuna müvafiq deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikasının 10 iyun 1992-ci il tarixli Qanununun (Qanun hazırda qüvvədən düşmüşdür) 24-cü maddəsinin ikinci hissəsində göstərilmişduir ki, səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır, həm də qanunvericiliyə uyğun olaraq səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət istisna olmaqla bu Qanunun İV fəslində müəyyən edilmiş möhlətin və çağırışdan azadetmənin tətbiqi dayandırılır. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən səfərbərlik elan edildikdə həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1996-cı il tarixli 433 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatı nəzərə alınaraq, 1996-cı il martın 1-dək 25 yaşı tamam olmuş və daha çox yaşı olan, keçmiş Sovet Ordusunun və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular (çavuşlar və əsgərlər) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılmışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları» təsdiq edilmişdir. Qaydaların 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, hazırkı İddiaçı 1993 – 1995-ci illərdə xidmətdə olduğu 1 il 6 ay müddət səfərbərlik vaxtı müddətindən artıq hərbi xidmət hesab edilə bilməz. Belə olan halda o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu statusunda və müddətdən artıq həqiqi hərbi xidmət keçmiş şəxs sayılmır. Odur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müddətdən artıq həqiqi hərbi qulluqçu kimi pensiyanın təyin edilməsi məqsədi ilə məlumat vərəqəsinin dolduraraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2913/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2913/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver