Məhkəmə qərarları › İş №2-1(112)-2913/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2913/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2913/2021 13.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 108; ixtisası: ali təhsil; iş yeri: işləmir), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 27, mənzil 18; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi pensiya təyin edilərək dövlət qulluğuna xitam verildiyi 01.05.2020-ci il tarixdən ödənilməsi və yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 05.01.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası 13.07.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçıya İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi 01.05.2020-ci il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 20.1.7-ci və 20.11-ci maddələrində (2008-ci il dövrünə olan tələbi) nəzərdə tutulmuş əlavələrin və yaranmış pensiya məbləği fərqinin birdəfəyə ödənilməsi tələbini cavabdeh ƏƏSMN-nin tabeliyində DSMF- nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. 1982-ci ildə Ali məktəbin əyani şöbəsinə daxil olmuşdur. 1983-1985-ci illərdə həqiqi hərbi xidməti başa vurduqdan sonra yenidən təhsilini əyani olaraq davam etmişdir. 1988-ci ilin iyul ayında təhsilini başa vurub, həmin ildən Saatlı rayon Aqrar-Sənaye Birliyində dövlət qulluqçusu kimi işə qəbul olunmuşdur. Fevral 1993-cü ildə işdən azad olunmuşdur. May 2001-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon Sosial Müdafiə Mərkəzinə pensiya təyinatı sektorunda məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul olunmuşdur. Aprel 2004-cü ildə həmin Nazirliyin Xətai rayon şöbəsinə analoji vəzifəyə köçürülmüşdür. Fevral 2007-ci ildən həmin Nazirliyin Xəzər rayon şöbəsinə köçürülmə yolu ilə məsləhətçi vəzifəsinə keçirilmişdir. Xəstəliyi ilə əlaqədar ona 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 03.12.2007-ci il tarixdə İİİ qrup əlillik təyin edildi (05 dekabr 2013-cıi ildən TSEK-in SER TSE-01 № 210277 saylı arayışı ilə İİİ qrup ümumi xəstəlik müddətsiz olaraq təyin edildi) və 05.12.2007-ci ildə işdən azad edildi, yanvar 2008-ci ildə DSMF Xətai rayon şöbəsi tərəfindən ona müvafiq sənədləri təqdim etdiyi üçün İİİ qrup əlilliyə görə pensiya hüququ yarandığı üçün ona dövlət qulluqçusu kimi pensiya təyin edildi. Pensiya təyinatı aparılan zaman dövlət qulluqçusunun pensiyası pensiyanın baza hissəsi, sığorta hissəsi və qulluq stajına görə əlavələr olmaqla 3 hissəyə ayrılaraq müvafiq qralalarda göstərilir ki, əlil işlədikdə yalnız pensiyanın baza hissəsini, işdən azad olunduqdan sonra isə pensiya əlavələrlə birlikdə tam olaraq ödənilir. 02.02.2011-ci ildə Ali Məhkəmənin qərarı ilə işə bərpa olunduğu tarixədək dövlət qulluqçusu kimi ona tam olaraq pensiya ödənildi. İşə bərpa olunduğu üçün 02.02.2011-ci il tarixdən işləyən əlil pensiyaçılara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyanın ancaq baza hissəsi ödənildiyi üçün pensiyanın ona ancaq baza hissəsi ödənildi. 05.05.2014-cü ildə işdən azad olunduğu üçün DSMF-nin Xətai rayon şöbəsi müraciəti əsasında DSMF Xəzər rayon şöbəsinə sorğu verərək əmək haqqı və dövlət qulluğuna görə iş stajı barədə müvafiq sənədləri tələb edərək yenidən ona dövlət qulluqçusu kimi pensiya təyin edərək ödədilər. Ali Məhkəmənin 03 may 2017-ci il tarixli 2- 1(102)-1043/2017 nömrəli Qərarına əsasən 20 sentyabr 2017-ci ildə yenidən işinə bərpa olunduğu üçün pensiyası da dövlət qulluğu əlavəsi dayandırılaraq ödənildi. 01 may 2020ci ildə işdən azad olunduğu üçün ƏƏSMN-nin yanında DSMF-nin Xətai rayon şöbəsinə məlumat verərək pensiyanın tam ödənilməsini bildirdi. Ona məlumat verildi ki, bu barədə ƏƏSMN-nin yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməlidir. 16.06.2020-ci il tarixdə həmin idarəyə müraciət etdi 01.07.2020-ci il tarixdən bugünə kimi ona heç bir pensiya ödənişi aparılmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinin 1 iyul 2017- ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyası yaşına çatmış (iddiaçının işdən azad olunduğu 1 may 2020-ci il tarixində kişilər-64,5 yaş) və ya bu yaşa çatanadək İ qrup əlil olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) şəxslərin əmək pensiyalarına qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilir. İddiaçıya 3 dekabr 2007-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 12- ci maddəsinə əsasən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Hazırda pensiyanın məbləği 233,20 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq bildirir ki, iddiaçının işdən azad olunmasıyla bağlı işəgötürənin qərarından verdiyi şikayətlər üzrə iddiaların müvafiq məhkəmə qərarlarına əsasən təmin edilməklə yenidən həmin vəzifələrə bərpa olunduğuna görə həmin dövrlər üzrə dövlət qulluqçusu kimi əmək pensiyası hüququ yaranmamışdır. Bu səbəbdən də sonuncu dəfə işdən azad olunduğu 1 may 2020-ci il tarixində “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələb etdiyi pensiya yaş həddində (64,5), həmçinin İ qrup əlil olmadığına görə həmin Qanunun 20.1.7-ci və 20.11-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən olan redaksiyalarına əsasən ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının, yəni hazırki pensiya məbləğinin üzərinə qulluq stajına görə əlavənin hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı 04.11.2020-ci il tarixli **********2 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqularını pozmur. İş materiallarından görünür ki, 04.06.2021-ci il tarixli məhkəmə iclasında məhkəmənin arxivində olan 2-1(81)-2081/2016 saylı işə baxış keçirilərək müvafiq sənədlərin surətləri hazırkı işə əlavə edilmişdir. İşin məhkəmə araşdırılması ilə aşağıdakılar müəyyən edilir: -iddiaçı xx.xx.1965-ci ildə Saatlı rayonu Telmankənd kəndində doğulmuş və ünvan 2 ünvanda qeydiyyatdadır, 05.12.2013-cü ilin müayinə aktına əsasən ona İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir; -Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun 103/K, 02 fevral 2011ci il tarixli əmrinə görə, Azərbaycan Respublikası DSMF-in Bakı şəhəri Xəzər rayonu şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləmiş iddiaçı 03 fevral 2011-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə, həmin şöbənin pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə bərpa edilmişdir; -Fondun 789 saylı, 10 iyun 2013-cü il tarixli əmri ilə Azərbaycan Respublikası DSMF-nun Bakı şəhəri Xəzər rayonu şöbəsinin Gəlirlər sektorunda 1 ştat vahid aparıcı məsləhətçi, 1 ştat vahid məsləhətçi, pensiya təyinatı sektorunda 2 ştat vahid məsləhətçi, maliyyə uçot şöbəsinə 1 ştat vahid aparıcı məsləhətçi-mühasib və 1 ştat vahid məsləhətçimühasib ştatının ixtisar edilməsi qərara alınmışdır; -642/K saylı, 05 may 2014-cü il tarixli əmrlə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası DSMFnun Bakı şəhəri Xəzər rayonu şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi iddiaçı 05 may 2014-cü il tarixdən tutduğu vəzifədən azad edilməklə və onunla bağlanmış 02 fevral 2011-ci il tarixli Əmək müqaviləsinə (kontraktına) xitam verilmişdir; - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli qərarı (hakim M.Bayramov; iş № 2-1(81)-2081/2016) iddia tələbinin təmin edilməsi; Azərbaycan Respublikası DSFM-nin Bakı şəhəri Xəzər rayonu şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi, İddiaçı 05 may 2014-cü il tarixdən tutduğu vəzifədən azad edilməklə və onunla bağlanmış 02 fevral 2011-ci il tarixli Əmək müqaviləsinə (kontraktına) xitam verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 642/k saylı, 05 may 2014-cü il tarixli əmrinin ləğv edilməsi; İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSFM-nin Bakı şəhəri Xəzər rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə görə əmək haqqının tam hesablanaraq birdəfəyə iddiaçının hesabına köçürülməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır; -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.02.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1043/2017 saylı 03.05.2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.02.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - iddiaçı 01.05.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış Əmək müqaviləsinə (kontraktına) xitam verilmişdir. Hazırkı iddia tələbindən göründüyü kimi iddiaçı İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi 01.05.2020-ci il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 20.1.7-ci və 20.11-ci maddələrində (2008-ci il dövrünə olan tələbi) nəzərdə tutulmuş əlavələrin və yaranmış pensiya məbləği fərqinin birdəfəyə ödənilməsini tələb edir. İddia ərizəsindən və iddia tələbindən görünür ki, iddiaçı öz tələbini "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan normaları ilə (20.1.7-ci və 20.11-ci maddələri), həmçinin 01.05.2020-ci il tarixədək onun 23 il 4 ay 8 gün dövlət qulluğu stajının olması, qanun dəyişdikdən yəni 01.07.2017-ci il tarixdən sonra işə bərpa olunduğu 20.09.2017-ci il tarixədək ona dövlət qulluqçusu kimi pensiyanın ödənilməsi, ümumilikdə 7 ilə qədər dövlət qulluqçusu kimi pensiya alması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: İddiaçı 05.05.2014-cü il tarixdən işdən azad olunduğuna görə dövlət qulluqçusu kimi pensiya təyin edilsə də, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə 05 may 2014cü il tarixli əmri ləğv edilmiş və iddiaçı öz vəzifəsinə bərpa edilmişdir, həmçinin iddiaçının məcburi iş buraxmaya görə görə əmək haqqı tam hesablanaraq onun hesabına köçürülmüşdür. Həmçinin, iddia ərizəsindən və iddiaçının izahatından da göründüyü kimi, iddiaçı 05.05.2014-cü il tarixdən işə bərpa olunduğu 20.09.2017-ci il tarixədək olan dövr ərzində həm dövlət qulluqçusu kimi əmək pensiyası, həm də məcburi iş buraxmaya görə görə əmək haqqı almışdır. Məhkəmənin qərarı ilə iddiaçının işdən azad olunmasına dair 05 may 2014-cü il tarixli əmrin ləğv edilməsi və onun öz vəzifəsinə bərpa olunması, həmçinin məcburi iş buraxmaya görə əmək haqqının ona tam ödənilməsi, onun dövlət qulluqçusu kimi əldə etdiyi pensiyaçı statusunun itirilməsi, yəni onun 05 may 2014-cü il tarixdən işdən azad olunmaması kimi qiymətləndirilməlidir. Beləliklə də, iddiaçının əvvəlki statusu (dövlət qulluqçusu) məhkəmə qərarı ilə bərpa olunduğu üçün pensiyaçı statusunu əldə etmədiyindən və 05 may 2014-cü il tarixdən işdən azad olunmamış hesab olunduğundan, ona həmin vaxt qüvvədə olan müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırkı dövr üzrə pensiyanın ödənilməsi (təyin edilməsi) həyata keçirilə bilməz. Odur ki, iddiaçının dövlət qulluğuna 01.05.2020-ci il tarixdən xitam verildiyindən, ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi məsələsi həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Belə ki, müvafiq qanunvericiliyə uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi gün daxil olmaqla, azı 15 il dövlət qulluğu stajı olan Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları istisna olmaqla) öz xahişləri ilə işdən çıxdıqları vaxt əmək pensiyası yaşına çatmışlarsa və ya həmin vaxt İ dərəcə əlilliyi olan şəxs olmuşlarsa, müvafiq qanunvericiliyə uyğun olaraq aldıqları əmək pensiyaları onların öz arzuları ilə dövlət qulluqçusu kimi əmək pensiyası təminatı üçün yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi məsələsi hazırda qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir, həmin qanunvericiliklə isə iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi mümkün deyildir. Məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallara yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının işdən azad olunmasına dair 05 may 2014-cü il tarixli əmrinin ləğv edilməsi və onun öz vəzifəsinə bərpa olunması, həmçinin məcburi iş buraxmaya görə görə əmək haqqının ona tam ödənilməsi iş materialları ilə öz təsdiqini tapdığından, məhkəmənin qərarı ilə iddiaçının işə bərpa olunması onun dövlət qulluqçusu kimi əldə etdiyi pensiyaçı statusunun itirilməsi və 05 may 2014-cü il tarixdən işdən azad olunmaması kimi qiymətləndirildiyindən, iddiaçının dövlət qulluğuna 01.05.2020-ci il tarixdə xitam verildiyindən, ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi məsələsi həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimləndiyindən və həmin qanunvericiliklə, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi mümkün olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı İddiaçıya İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi 01.05.2020-ci il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 20.1.7-ci və 20.11-ci maddələrində (2008-ci il dövrünə olan tələbi) nəzərdə tutulmuş əlavələrin və yaranmış pensiya məbləği fərqinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar