Məhkəmə qərarları › İş №2-1(112)-2914/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2914/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2914/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi 12 nömrəli şəhər poliklinikasına qarşı "əlilliyin təyin edilməsi üçün göndərişin tərtib edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi 12 nömrəli şəhər poliklinikasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində əlilliyin təyin edilməsi üçün göndərişin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983- cü il təvəllüdlüdür. O, səhhətində olan problemlərlə əlaqədar əmək qabiliyyətini itirmişdir. Eyni zamanda, müalicələri xərc tələb edir. Ona görə də əlillik dərəcəsi almaq və müvafiq pensiya ilə təmin olunmaq niyyətindədir. Hazırda bu məqsədlə cavabdehə müraciət etmişdir. Çoxsaylı yoxlamalardan keçmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli anamnezində əsas diaqnoz A - D45 həqiqi polistemiya, B - ağırlaşma Bİ6.1 başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya müəyyən edilmişdir. Müalicə olaraq kimyəvi terapiya - hydrea və digər prosedurlar tövsiyyə edilmişdir. Lakin cavabdeh qurumun Həkim məsləhət komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli əlilliyin təyin edilməsi üçün göndərişlərin verilməsindən imtina aktı tərtib edilmişdir. İmtina aktında qeyd edilmişdir ki, Həkim məsləhət komissiyasının iclası zamanı onun D45.R16.LR52.2, M42, M40, M41, G54.1 ağırlaşma olmaması səbəbi ilə diaqnozunun NK-nin xx.xx.2022-ci il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə müvafiq olaraq əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozlara uyğun gəlmədiyi müəyyən edilmişdir. Nəticədə tibbi sənədlərin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Müraciət etdiyi bütün qurumlar ona əlillik dərəcəsinin veriləcəyini bildirir. Lakin, cavabdehin öz vəzifə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin yazılı münasibətində göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan, 1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixindən “Həqiqi Polisitemiya” diaqnozu ilə poliklinikada dispanser qeydiyyatındadır. xx.xx.2013-cü il tarixində X2 və Transfiziologiya İnstitutuna göndərilmişdir. Xəstəyə “Həqiqi Polisitemiya və Hepotosplenomeqaliya” diaqnozu qoyulmuşdur. Xəstə vaxtaşırı olaraq poliklinikada sahə həkiminin qəbulunda olmuşdur. xx.xx.2023-cü il tarixdə xəstə sahə həkiminin qəbulunda olmuş və “Həqiqi Polisitemiya” D45 diaqnozu ilə X2 və Transfiziologiya İnstitutuna stasionar müalicəyə göndərilmişdir. Xəstə həmin tarixdə stasionar müalicəyə göndərilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixində müraciət etmişdir. xx.xx.2023-cü il tarixində Hemotologiya və Transfiziologiya İnistitunda ambulator müayinə olunmuşdur. Əsas diaqnoz: D45 “Həqiqi Polisitemiya”. Ağırlaşma R16.1 “Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya.” Xəstəyə ambulator müalicə təyin edilmişdir. xx.xx.2023-cü il tarixində xəstə Respublika Diaqnostika Mərkəzində torakal MRT müayinəsində olmuşdur. Nəticə: -Torakal səviyyədə sağa meyilli skolioz. Fəqərəarası disklərdə spinal kanal tərəfə nəzərə çarpan yerdəyişmə aşkarlanmadı. MRT müayinəsinin nəticəsinə əsasən xx.xx.2023-cü il tarixində xəstə X1 və Ortopediya İnstitutuna göndərilmişdir. Müayinədən sonra xəstəyə M40, M41, M42, R52.0, G54.1 diaqnozları qoyulmuş və 45.1/2023 nömrəli rəy verilmişdir. Konservativ müalicə təyin edilmişdir. Xəstə xx.xx.2023-cü il tarixində nevropatoloqun qəbulunda olmuşdur. G57 işalgiya hipotonik tipli, VDD, G90.8 diaqnozu qoyulmuş və ambulator müalicə təyin olunmuşdur. Xəstə həmin tarixdə əlilliklə bağlı müraciətinə əsasən poliklinikanın HMK-na dəvət edilmişdir. İxtisaslı həkimlər tərəfindən sənədləri araşdırılmış, eyni zamanda xəstənin vəziyyəti qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozlara uyğun gəlmədiyi müəyyən edilmişdir. Komissiyanın qərarı 6 nömrəli aktla təsdiqlənmiş və vətəndaş İddiaçı təqdim edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. xx.xx.2023-cü il tarixli, 6 nömrəli Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin təyin edilməsi üçün göndərişlərin verilməsindən imtina aktına əsasən İddiaçı D45, R16 1, R 52.0, M 42, M 41, G54.1 ağırlaşma olunması səbəbi ilə diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə müvafiq olaraq əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozlara uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi “Qaydası”-nın təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”-nın təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarına əsasən şəxsin tibbi sənədlərinin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2914/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının əyani tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək rəy verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin hazırkı sağlamlıq vəziyyətinin və tibb müəssisələri tərəfindən xəstəyə müəyyən edilmiş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik təyinatına əsas vermədiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlilliyin təyin edilməsi üçün göndərişin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması (1.5.). İş materiallarında olan iddiaçının müayinələrinə dair sənədlərlə onun bir sıra xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilir. İddiaçının əyani müayinəsi zamanı da həmin hal öz təsdiqini tapmışdır. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozlara uyğun gəlmir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən şəxsə əlillik təyin edilməsi üçün göndərişin verilməsi, hələ ona əlillik təyin edilməsi demək deyildir. Göndəriş yalnız yuxarıda qeyd edilən hüquq normalarında nəzərdə tutulmuş hallar olduqda verilir. Şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin səlahiyyətinə aiddir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya qoyulan diaqnozların əlillik təyininə əsas verməməsi səbəbi ilə cavabdehin verdiyi imtina əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində əlilliyin təyin edilməsi üçün göndərişin tərtib edilməsi öhdəliyi cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 12 nömrəli şəhər poliklinikasına həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar