Məhkəmə qərarları › İş №2-1(112)-2915/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2915/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2915/2020 16.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, iddiaçı İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Rüstəmov Abbas Tofiq oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “təqaüdün hərbi qulluqçu statusuna uyğun təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rüstəmov Abbas Tofiq oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “təqaüdün hərbi qulluqçu statusuna uyğun təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı Füzuli rayon hərbi komissarlığı tərəfindən səfərbərliyə cəlb olunaraq 30.12.1992-ci ildən 03.03.1995-ci ilədək 2 ildən çox müddət ərzində 702 saylı hərbi xidmət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı X4 Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE -01N:068598, 575 nömrəli 24 fevral 2006-ci il tarixli müayinə aktına əsasən ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirilməsi lə bağlı xidmət dövründə aldığı xəsarət əlilliyin səbəbi olması qeyd edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, müstəqilliyinin və konstitusiyası quruluşunun qorunmasını Müdafiə Nazirliyinin müvafiq əmrlərinə əsasən 1992-1995-ci illərdə hərbi xidmətdə olduğu zamanı döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin təqaüdü hərbi qulluqçu statusuna uyğun təyin olunmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, İddiaçı 15 iyun 1994-cü il tarixdə döyüş əməliyyatlarında aldığı yaralanma səbəbindən Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin 11.01.1995-ci il tarixli sərəncamına əsasən 02 mart 1995-ci il tarixdən xəstəliyinə görə ordu sıralarından vaxtından əvvəl (səfərbərlik dövrü bitmədən) çıxarılmışdır. Bu səbəblərdən də, İddiaçı 01 iyul 1994-cü il tarixdən 02 mart 1995-ci il tarixədək (yəni 1 il 6 ay xidmət etdikdən sonrakı) xidmətdə olduğu (xüsusən də müalicədə olduğu) müddət səfərbərlik vaxtı müddətdən artıq həqiqi hərbi xidmət hesab edilmir. Nəticə etibarı ilə, iddiaçının müddətdən artıq həqiqi hərbi xidmət keçmiş şəxs hesab edilmir.O, 31 dekabr 1992-ci ildən 02 mart 1995 –ci il tarixədək məhz (“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında) Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq məcburi müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının təyin olunması hüquqi olmadığına görə onun barəsində “Məlumat vərəqinin ” tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi qanuna müvafiq deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə inzibati-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçıya məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbinin dəqiqləşdirilməsi zərurəti barədə 01 iyul 2020-ci il tarixli məktubla bildirmiş, iddianın dəqiqləşdirilməsi üçün müddət təyin etmiş, məsələ ilə əlaqədar yazılı izahatların təqdim edilməsini təklif etmişdir. Məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə 06 oktyabr 2020-ci il, 16 noyabr 2020-ci il tarixində məhkəmə iclaslarını keçirmişdir. İddiaçı 16.11.2020-ci il tarixli iddia tələbinin dəqiqləçdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun müddətdən artıq hərbi xidmət etmiş hərbi qulluqçusu kimi müddətdən artıq həqiqi xidmətdə olmasını rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. X1 54.1.-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə tərəfləri dinlədikdən, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki iddia tələblərii mümkün sayılmasın. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddiaçının ilikin tələbi “təqaüdün hərbi qulluqçu statusuna uyğun təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması”ndan, iddia tələbini dəyişdirdikdən sonrakı tələbi isə “onun müddətdən artıq hərbi xidmət etmiş hərbi qulluqçusu kimi müddətdən artıq həqiqi xidmətdə olmasını rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. Qeyd etmək lazımdır ki, iddiaçının cavabdehə qarşı irəli sürülmüş həm ilkin iddia tələbi, həm tələbinin dəyişdirilməsi barədə ərizə üzrə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Lakin hazırda iddiaçı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu olduğu üçün, müddətdən artıq həqiqi hərbi xidmətdə olan şəxs olmadığından onun ilkin -“təqaüdün hərbi qulluqçu statusuna uyğun təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. İddaiçının digər iddia tələbi üzrə isə müəyyən olundu ki bu tələblə bağlı iddiaçı müvafiq ərizə ilə əvvəlcə inzibati orqana- AR Müdafiə nazirliyinə - müraciət etməli olduğu halda məhkəməyə qədər cavabdehə müraciət etməmiş, ondan imtinanı almamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Rüstəmov Abbas Tofiq oğlunun iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı Rüstəmov Abbas Tofiq oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar