Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2916/2020 10.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X7 Ağa qızının katibliyi, Cavabdeh böyük icra məmuru Ayaz Nuqaylının iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı “icra ödənişinin alınması haqqında qərarın ləğv edilməsi, hərəkətlərin qanunsuz hesab edilməsi və pul vəsatinin geri qaytarılmasına dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdehnə qarşı Cavabdeh icra məmuru tərəfindən 1400 (min dörd yüz) manat məbləğində icra ödənişinin alınması haqqında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarın ləğv edilərək icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və 1400 (min dörd yüz) manat məbləğində pul vəsaitinin İddiaçı İKF-yə geri qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələblərinə uyğun olaraqişin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmışdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə hazırlıq iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 3(011)- 1519/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı İKF Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh böyük icra məmuru Ayaz Nuqaylı tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası barədə bildiriş rəsmi olaraq xx.xx.2019-cu il tarixdə İKF-nin baş mühasibinə təqdim edilmişdir. İnzibati xəta haqqında çıxarılmış məhkəmə aktı onlara təqdim olunmamış, icra məmuru tərəfindən xəbərdar edildikdən sonra belə bir məhkəmə aktının mövcudluğundan xəbərləri olmuşdur. Bununla bağlı tərəfindən ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət olunmuş, qeyd olunan qərar 22 noyabr 2019-cu il tarixdə onlara verilmişdir. Qərarla tanış olandan sonra hesab etmişlər ki, məhkəmə düzgün olmayaraq İKF-yə 20000 manat cərimə hesablamışdır. Bu səbəbdən də qanunla nəzərdə tutulan hüqularından istifadə edərək sözügedən qərardan apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-3041/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra yenidən icra ilə bağlı Cavabdeh tərəfindən hər hansı bildiriş göndərilməməsinə baxmayaraq 20000 manat məbləğində cərimə xx.xx.2019-cu il tarixdə dövlət büdcəsinə ödənilmişdir. Tələb könüllü olaraq həyata keçirilsə də, icra məmuru tərəfindən 1400 manat məbləğində icra ödənişinin Cavabdeh hesabına tutulması barədə xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş, inkasso sərəncamları tərtib edilərək İKF-nin "xxxx" ASC-də olan hesabından həmin məbləğin tutulması ilə bağlı icra edilməsi üçün banka göndərilmişdir. Tələb könüllü olaraq həyata keçirildiyindən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı olan xərclərin İKF-dən tutulması yolverilməzdir. Hesab edir ki, icra məmurunun bu qərarı əsassız olduğu üçün ləğv edilməli və İKF-dən tutulmuş 1400 manat məbləğində pul vəsaiti geri qaytarılmalıdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz (münasibət) təqdim edərək bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin 3(011)-1519/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı İKF Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətani törətməkdə təqsirli bilinərək, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növü tətbiq edilmişdir. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borclu İddiaçı X3 göndərilmişdir. xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildirişin surəti İddiaçı X2 baş mühasibi Qurbanlı Mirhüseyn tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Lakin, borclu İddiaçı İKF tərəfindən icra sənədi könüllü icra müddəti ərzində edilməmişdir. Bu səbəbdən də, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdə borclu İddiaçı İKF-nin "xxxx" ASCnin Bakı filialındakı və “Bank VTB (Azərbaycan)” ASC-dəki hesablarına inkasso sərəncamları göndərilmişdir. İcra sənədi üzrə cərimə məbləği xx.xx.2019-cu il tarixdə borclunun “Bank VTB (Azərbaycan)” ASCdəki hesabından tam şəkildə tutularaq dövlət nəfinə ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. İcra sənədi üzrə icra ödənişinin alınması haqqında icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı icra olunması üçün “Bank VTB (Azərbaycan)” ASC-yə göndərilmiş və bank tərəfindən qərar icra olunaraq borclunun hesabından 1400 manat məbləğində 7 faiz icra ödənişi tutulmuşdur. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin 3(011)-1519/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Borclu tərəf tələbin könüllü icrası ilə bağlı bildirişi xx.xx.2019-cu il tarixdə qəbul etmiş, lakin cərimə məbləği 2 ay müddət keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə məcburi qaydada tutulmuşdur. Firmanın hazırki iddiasında qanunamüvafiq qaydada dövlət nəfinə və icra xidmətinin hesabına köçürülməli olan vəsaitin geri qaytarılması tələb edilir ki, bu da yolverilməzdir. Həmçinin, üzrsüz səbəbdən icra edilməyən icra sənədi üzrə pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edilməsi “İcra haqqında” Qanunun 78.1-ci maddəsinin tələbidir və bu baxımdan mübahisələndirilən qərar qanunidir və ləğv edilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbayvan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın İİ hissəsinin 2.1.1ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalıdır. Sözügedən fəaliyyət zahirən inzibati hüquq ahəsinə aid fəaliyyət kimi görünsə də, icra səndinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır (Ali Məhkəmənin iş № 2-1(102)-816/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı). Qeyd edilənlərə əsasən iddia ərizəsinə qarşı etiraz edərək iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehin səlahiyyətli nümayəndəsi isə məhkəmə iclasına gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, etirazı və iş materiallarını nəzərdən keçirib, cavabdehin səlahiyyətli nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli “İcra ödənişinin alınması haqqında” qərarından görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh böyük icra məmuru X5 icraatına daxil olmuş Xətai Rayon Məhkəməsinin 3(011)-1519/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata borclu İddiaçı X1 icra ödənişinin alınması məsələsinə baxaraq, müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu İddiaçı X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İcra sənədi üzrə tələb olunan pul vəsaiti könüllü icra müddəti ərzində borclu İddiaçı X4 tərəfindən ödənilməmişdir. Göstərilənlərə əsasən, Xətai Rayon Məhkəməsinin 3(011)-1519/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı X4 tərəfindən ödənilməli olan 20000 manat məbləğində 7 % həcmində yəni, 1400 manat məbləğində icra ödənişinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra və Probasiya Şöbəsinin (kodu 21005, VÖEN: **********, M/h: AZE41NABZ********************: S.W.İ.F.T BİK CTREAZ22: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh kitabı 142330: VÖEN: **********, Hesab nömrəsi: AZ80CTRE********************) hesabına tutulması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarından müəyyən olunur ki, ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.” İş materiallarından görünür ki, hazırkı mübahisənin predmetini Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 3(011)-1519/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Cavabdeh şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli “İcra ödənişinin alınması haqqında” qərarın ləğvi və həmin icra sənədi üzrə aparılmış icra hərəkətləri təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmadığından, mümkünsüz sayılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərtərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrinirəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı İKF-nin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2916/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2916/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver