Məhkəmə qərarları › İş №2-1(112)-2919/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2919/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2919/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əvvəlki dövr üzrə ödəilməyən məbləğin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı «əvvəlki dövr üzrə ödəilməyən məbləğin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 2002-ci ildən 2019-cu ilin noyabr ayınadək AR Ekologiya Nazirliyi Xəzər X1 İdarəsində baş mexanik vəzifəsində işləmişdir. İşə başlayandan onun əmək haqqı 190 manatdan başlayaraq 360 manatadək artmışdır. İmtiyazlı işçi kimi 1957-ci il təvəllüdlü olması nəzərə alınaraq, 2014-cü ildə ona əmək pensiyası təyin edilmişdir. 2006-cı ildən 2014-cü ilədək əmək haqqının sığorta hissəsi hesablanıb pensiya məbləğinin üzərinə köçürülərkən 25 manat hesablanmalı idi. Lakin cavabdeh həmin pulu 19 manat hesablamışdır, yəni pensiyanın üzərinə 6 manat az məbləğ hesablanmışdır. Bu o demək idi ki, 8 il ərzində pensiyanın üzərinə əlavə olunmalı 6 manat hesablanmamışdır. Həmçinin 2014-cü ildən 2019-cu ilədək sığorta hissəsi hesablanıb pensiyanın üzərinə köçürülərkən 10 manat az hesablanmışdır. Yəni, 5 ildə pensiyanın üzərinə hesablanmayan 10 manat hazırki dövr üçün hesablanıb alınan məbləğ ona verilməklə bərabər həmçinin pensiyanın üzərinə də əlavə edilməlidir. Bu hal 2006-cı ildən 2014-cü ilədək olan dövr üçün az hesablanan 6 manat üzrə məbləğə də şamil edilməlidir. Cavabdeh təşkilatın rəhbərliyi dəfələrlə qeyd etmişdir ki, ölkədə pensiyanın məbləği bu illər ərzində 75% qalxmışdır. Belə olan halda, 10 manat əlavə edilməyən pul məbləği 5 il dövr üçün 75%-dən hesabladıqda 16,60 manat təşkil edir. Əgər 2014 – 2019cu illərdə pensiya məbləğinin üzərinə köçürülməyən 10 manat məbləğində pulun 75% artım sürətilə faizi hesablandıqda, 5 il ərzində bu məbləğ 996 manat təşkil edir. Həmçinin, 2006-cı ildən 2014-cü ilədək sığorta hissəsi hesablanıb pensiya üzərinə köçürülməyən 6 manat məbləğində pulun 8 il ərzində 75%-lə hesablanan məbləği müəyyənləşdirilsə, bu 3.360 manat təşkil edir. Göstərilənlərə və İPM-in 33, 73-cü maddələrinə əsaslanaraq, 2006 – 2014-cü illər üzrə əmək haqqının sığorta hissəsinin pensiya üzərinə köçürülməyən 6 manat məbləğin, yəni 3.360 manat pulun və 2014 – 2019-cu illərdə əmək haqqının sığorta hissəsinə köçürülməyən 10 manat məbləğin, yəni 996 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş materiallarında olan DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin İddiaçı ünvanlanmış 28 fevral 2014-cü il tarixli məktubunda aşağıdakılar bildirilir: - DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinə təqdim edilmiş sənədlərə əsasən ona (ərizəçi İddiaçı) pensiya hüququ yarandığı 9 fevral 2014-cü il tarixdən 164,62 manat məbləğindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının ödənilməsi üçün Azərbaycan Beynəlxalq Bankının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Suraxanı rayon filialına plastik kart sifariş verilmişdir. Plastik kartın alınması üçün Azərbaycan Beynəlxalq Bankının Suraxanı rayon filialına müraciət edilməsi xahiş olunur. İş materiallarında olan DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin İddiaçı ünvanlanmış 14 yanvar 2010-ci il tarixli cavab məktubunda bildirilir: - 2019-cu ilin oktyabr ayında işdən azad olunma ilə bağlı onun (ərizəçinin) əmək pensiyası yenidən hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxcslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 + 22) pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla yenidən hesablanır. Ərizəçinin pensiya təyin olunduqdan sonra sosial sığorta ödənilmiş sayı 63 aydır və 3.892,37 manat təşkil edir. Bölünmə isəə 103 olacaqdır (144 + 22 – 63 = 103). Pensiya 3.892,37/103= 37,79 manat artırılmışdır. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış 30 dekabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Sizə (ərizəçiyə) 9 fevral 2014-cü il tarixdən DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi, yenidən hesablanma zamanı gözlənilən pensiya ödənişinin aylarının sayı müəyyənləşdirilir. Bununla əlaqədar olaraq, DSMF xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 19 iyun 2020-ci il tarixli ərizəyə əsasən əmək pensiyası 4 oktyabr 2019-cu il tarixdən vaxtilə pensiya təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçənədək qazanılmış 4.811,43 manat sığorta kapitalına görə «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1-ci maddəsinin, həmçinin yuxarıda qeyd olunan Qaydaların tələblərinə uyğun qaydada (4.811,43/101ay (64 yaş 6 ay – 62 yaş 7 ay = 23 ay + 144 ay – 66 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçənədək işlədiyi ayların sayı)) = 47,64 manat) yenidən hesablanaraq 222,72 manatdan 263,58 manata artırılmışdır. Bundan başqa, «Əmək pensiyaları haqqında» AR Qanununun 29-cu maddəsinə əsasən əmək pensiyasının hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar Sizin əmək pensiyası 1 yanvar 2020-ci il tarixdən etibarən 307,33 manat müəyyən edilmişdir. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq 307,33 manat məbləğində müəyyən edilməklə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Bakı şəhəri Suraxanı rayon şöbəsi) DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 4.2-ci bəndinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: sığorta hissəsindən, yığım hissəsindən. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan DSMF tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə vurğulayır ki, mövcud qanunvericilik normaları yaşa görə əmək pensiyası təyin olunmuş işləyən şəxslərin əmək pensiyasının pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmasının davam etdirilməsini və müvafiq qaydada hesablanmasını nəzərdə tutur. Hazırkı işin hallarından görünür ki, iddiaçıya 2014-cü ildə yaşa görə əmək pensiyası təyin edilsə də, o, 2019-cu ilin noyabr ayınadək işləmiş və işləməyən əmək pensiyaçısı kateqoriyasına qeyd olunan tarixdə, yəni 5 il 9 ay işlədikdən sonra aid edilmişdir. Belə olan halda, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 38.3.1-ci maaddəsinin tələblərinə əsasən onun işlədiyi həmin dövrə aid sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilməli və həmin maddədə nəzərdə tutulan müvafiq qaydada (gözlənilən pensiya ödənişi aylarının sayı 101 olmaqla) hesablanmalıdır. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddiaçı iddiasında mahiyyəti üzrə həmin hesablanmanın aparılmasını tələb etsə də, tələbində göstərdiyi məbləğlərin hesablanma qaydasını və əsasının qanunauyğunluğunu isbat edə bilməmişdir. Eləcə də, cavabdeh tərəfin iddiaya qarşı yazılı etirazının məhkəməyə təqdim edilməməsi, həmin orqanın məsələ üzrə mövqeyinin konkret ifadə olunmasına şərait şərait yaratmamışdır. Belə olan halda, məhkəmə İddiaçı iddiasını qismən əsaslı sayır və hesab edir ki, cavabdeh tərəfin imtinası qismən qanuna zidd qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı əmək pensiyasının 2014 – 2019-cu illər üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı onun pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılaraq (101 ay olmaqla) yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı əmək pensiyasının 2014 – 2019-cu illər üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı onun pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılaraq (101 ay olmaqla) yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar