Məhkəmə qərarları › İş №2-1(112)-2919/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2919/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2919/2024 31.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı3 və digərlərinin cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı idia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların şəxsiyyəti təsdiq edən sənədə malik olmalarını təmin edən qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanına qeydə alınmaları (bərpa edilmə) vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən idianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçılar yaşayış mülkiyyətinə sahib olmayıb, kirayədə yaşaya bilərlər, lakin bu o demək deyildir ki, onların şəxsiyətlərini təsdiq edən sənədləri olmamalıdır. Şəxsiyyət vəsiqəsinin kimliyindən asılı olmayaraq, bütün vətəndaşlarda olması qanunvericiliyə əsasən zəruri və məcburidir. Hər bir halda iddiaçılar şəxsiyyət vəsiqəsinə malik olmalıdırlar ki, yaşamaq üçün zəruri olan işləri təmin etsinlər. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir və bu zaman şəxsin həmin hüquq və azadlıqlarının qorunması başqa vasitə ilə mümkün deyildir. Məhkəməyə əlçatanlıq da məhz müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutur. Göstərilənlər nəzərə alınmaqla iddianın mümkünlüyünü qiymətləndirən məhkəmə hesab edir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz iddiadır. Belə ki, iddiaçıların hazırkı tələbi onların Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin inzibati binasına, yəni ünvan 2 ünvanına qeydə alınmaları ilə bağlıdır. Lakin işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki:

1. xx.xx.1984-cü il təvəllüdlü X1 xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri, Rüstəmov küçəsi, ev 51, mənzil 42-də, xx.xx.2014-cü il tarixdən;

2. xx.xx.2004-cü il təvəllüdlü X3 xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri, Rüstəmov küçəsi, ev 51, mənzil 42-də, xx.xx.2014-cü il tarixdən;

3. xx.xx.1976-cı il təvəllüdlü İddiaçı3 xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 16, mənzil 3-də, xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri, Rütəmov küçəsi, ev 51, mənzil 42-də, xx.xx.2014-cü il tarixdən;

4. xx.xx.2014-cü il təvəllüdlü İddiaçı4 xx.xx.2014-cü il tarixdən hazırki vaxtadək Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi, iddiaçılar 2014-cü ildən hazırkı vaxtadək idia ərizəsində qeydiyyata alınmalarını xahiş etdikləri ünvanda, yəni Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında qeydiyyatdadırlar. Belə olan halda, aydındır ki, iddiaçıların hüquqlarına hər hansı bir müdaxilə mövcud deyil və onların hazırkı məzmunda hüquqi müdafiəyə ehtiyacları yoxdur. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Həmin Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Beləliklə göstərilənlərə əsasən, iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar