Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2921/2025 19.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsin” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 490 saylı, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndə-vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia tələbinin həcmini azaltmış və Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 490 saylı, 0.13 ha torpaq sahəsi üzərində hüquqların X2 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 23 fevral 1993-cü il tarixli 13810 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 490 saylı, 0.25 ha torpaq sahəsi iddiaçının atası X2 verilmişdir. Atası uzun müddət torpaq sahəsindən istifadə etmişdir. X3 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Bununla əlaqədar vərəsələrin ərizəsi əsasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 7 saylı Xüsusi notariat kontorunda vərəsəlik işi açılmış və iddiaçı mərhumun vərəsəsinin oğlu olaraq müəyyən edilərək ünvan ünvanda yerləşən 0.25 ha torpaq sahəsinə aid adına çıxarış verilməsi xahiş edilmişdir. Lakin qeyd edilən torpaq sahəsinin sadəcə 0,12 ha hissəsi iddiaçının adına sənədləşdirilmiş, 0,13 ha torpaq sahəsinə isə çıxarış verilməmişdir. Hazırda o, hər zaman istifadəsində olan 0,13 ha torpaq sahəsinə çıxarış almaq istəyir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Səbəb kimi göstərilmişdir ki, əlavə torpaq sahəsinə dair sənədlər təqdim edilməmişdir. Halbuki 23 fevral 1993-cü il tarixli, 13810 nömrəli icarə müqaviləsi iddiaçıda mövcuddur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1137/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsasında 0.12 ha olmaqla “490” saylı torpaq sahəsinin X2 məxsus olması barədə arayış verilmiş, vərəsəlik qaydasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan X6 adına özgəninkiləşdirilmişdir. Bildirilir ki, əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin müraciətə əlavə edilən 10519 saylı, xx.xx.1982-ci il tarixli müqavilədə hüquq sahibinin adı “X8” kimi qeyd edilməklə, Zirə qəsəbəsində yerləşən 41 saylı torpaq sahəsinə aiddir. Qeyd olunanlarla yanaşı qeyd olunan torpaq sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdaifiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və imtinadakı dəlillərə uyğun cavab verilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə aşağıdakı sənədlər təqdim olunmuşdur: -Bağın icarəyə verilməsi haqqında xx.xx.1993-cü il tarixli, 13810 nömrəli müqavilənin surətindən görünür ki, X4 və İstismarı Birliyi tərəfindən X2 Xaşa-Xuna qəsəbəsində 0.25 ha sahəsi olan 490 nömrəli bağ sahəsi ayrılmışdır. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1137/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək, Bağın icarəyə verilməsi haqqında xx.xx.1993-cü il tarixli, 13810 nömrəli müqaviləyə əsasən X2 Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının Məsələləri üzrə Komissiyasının 1966-cı il tarixli, 18 saylı protokolu əsasında ayrılmış Xaşa-Xuna bağ massivində yerləşən 490 saylı bağ sahəsinin, 0,12 ha hissəsinə dair İddiaçı atası mərhum X1 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması, daşınmaz əmlakın dövlət reyestrindən arayışın (çıxarış) və planölçünün verilməsi cavabdehə həvalə edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-335/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1137/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli arayışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 490 saylı bağ sahəsi, yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı şossesi, 506 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüququn X2 məxsus olmasına dair arayış verilmişdir. -Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamədən görünür ki, X3 xx.xx.1997-ci ildə vəfat etdiyindən onun vərəsəsi İddiaçı miras əmlakdan (490 saylı bağ sahəsi) tam hissədə pay almalıdır. -xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 490 saylı bağ sahəsi, yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı şossesi, 506 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, Bağlar Təsərrüfatı İdarəsi ilə xx.xx.1993cü il tarixdə bağlanmış 13810 nömrəli müqavilə ilə iddiaçının mərhum atası X2 Xaşa-xuna qəsəbəsində 490 nömrəli saylı, 0,25 ha bağ sahəsi icarəyə verilmişdir. Sonradan iddiaçı sözügedən bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. İşə baxılan dövrdə iddiaçı iddia tələbinin həcmini azaldaraq 490 saylı bağ sahəsinin 0,12 ha sahəsi üzərində hüququn vəfat etmiş X2 məxsus olmasına dair arayış verilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1137/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, bağın icarəyə verilməsi haqqında xx.xx.1993-cü il tarixli, 13810 nömrəli müqaviləyə əsasən ayrılmış Xaşa-Xuna bağ massivində yerləşən 490 saylı bağ sahəsinin, 0,12 ha hissəsi üzərində hüquqların mərhum X2 məxsus olmasına dair arayış verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən icra edilmişdir. Yerdə qalan 0,13 ha torpaq sahəsi İddiaçı istifadəsində qalmışdır. Hazırda iddiaçı 490 saylı bağ sahəsinin istifadəsində olan 0,13 ha hissəsi üzərində hüquqlarının qeydiyyata alınmasına istəyir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin əsas dəlili odur ki, iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində (1 fevral 2008-ci il tarixli 537- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir) göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Həmin Əsasnamənin 3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının vərəsəsi olduğu X3 arasında bağlanmış Xaşa-xuna qəsəbəsində yerləşən sahəsi 0,25 ha olan 490 saylı bağ sahəsinin X2 icarəyə verilməsinə dair xx.xx.1993-cü il tarixli, 13810 nömrəli müqavilə yuxarıda göstərilən Qanunun 8.0.7-ci maddəsinə uyğun gəlir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1137/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının məzmunundan görünür ki, həmin işə baxılan dövrdə iddiaçı iddia tələbinin həcmini azaldaraq 490 saylı bağ sahəsinin 0,12 ha sahəsi üzərində hüququn vəfat etmiş X2 məxsus olmasına dair arayış verilməsini məhkəmədən xahiş etmiş və məhkəmə iddia tələbini təmin etmişdir. Qeyd olunan məhkəmə qərarı, qanunvericiliyə əsasən, preyudisial əhəmiyyətə malikdir və tərəflərin mübahisəli hüquq münasibətlərinin müəyyən edilməsində əsas hüquqi mənbə rolunu oynayır. Belə ki, məhz bağlar təsərrüfatı ilə bağlanmış 13810 nömrəli müqavilə üzrə 490 saylı bağ sahəsinin mərhum X1 qanuni istifadəsinə ayrıldığı təsdiqlənmiş və hüquqi qiymət verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1137/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının məzmunundan göründüyü kimi, hazırkı iddia tələbi ilə hüquqların qeydiyyata alınması istənilən 490 saylı bağın digər 0,13 ha hissəsi məhkəmə araşdırmasının predmeti olmamışdır. Hazırda iddia olunan 0,13 ha torpaq sahəsi üzərində hüquqlarının yaranmasına əsas verən hüquqi akt, bağın icarəyə verilməsi barədə bağlanmış həmin xx.xx.1993-cü il tarixli, 13810 nömrəli müqavilədir. Qeyd olunan müqavilənin arxiv əsasları mövcuddur, həmin müqavilə qüvvədədir, müqavilənin ləğv edilməsi, etibarsız hesab edilməsi ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. Həmçinin göstərilən sahənin hər hansı şəxsin adəna qeydiyyata alınmış, yaxud qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdehin iddiaçının “müraciətə əlavə edilən 10519 saylı, xx.xx.1982-ci il tarixli müqavilədə hüquq sahibinin adı “X8” kimi qeyd edilməklə, Zirə qəsəbəsində yerləşən 41 saylı torpaq sahəsinə aiddir” dəlili təsdiqini tapmamışdır. Belə ki, nə iddiaçı tərəfin təqdim etdiyi, nə də cavabdeh qeydiyyat idarəsinin arxivində saxlanılan Xaşa-xuna bağ massivində yerləşən 490 saylı torpaq sahəsinə dair sənədlərdə belə bir müqaviləyə rast gəlinməmişdir. Torpaq sahəsinə texniki baxış keçirilməsinə şərati yaradılmaması ilə bağlı dəlilə münasibətdə qeyd olunur ki, bu hal daşınmaz əmlak üzərində hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslar sırasında nəzərdə tutulmamışdır. Məhkəmə onu da nəzərə almışdır ki, əvvəlki məhkəmə icraatı üzrə (bağın 0,12 ha hissəsi üzərində hüquqların qeydiyyatı ilə bağlı) iddia olunan torpaq sahəsinə ümumilikdə texniki baxış keçirilmiş və müəyyən edilmiş xüsusatlar təsdiqini tapmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bağın icarəyə verilməsi haqqında xx.xx.1993-cü il tarixli, 13810 saylı müqaviləyə əsasən X2 ayrılmış Xaşa-Xuna bağ massivində yerləşən 490 saylı bağ sahəsinin 0,13 ha sahəsi üzərində hüquqların X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2921/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2921/2025
19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver