Məhkəmə qərarları › İş №2-1(112)-2923/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2923/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2923/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2020-ci il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********6 saylı məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 50397,89 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18622,02 manat təşkil edir. Bundan sonra iddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, güzəştli əmək stajını nəzərə alaraq 52 yaşdan ona güzəştli əmək pensiyası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul olunmuşdur. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçının əmək stajı, fəaliyyəti və yaşı “Əmək pensiyaları haqqında” Qanuna əsasən güzəştli şərtlərlə pensiya təminatına imkan verməkdədir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********6 nömrəli iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçının 2006-cı ilədək olan 15 il 11 ay 11 gün əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12151,56 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabının sığorta hissəsində qeydə alınan 2759,11 manat olmaqla, cəmi pensiya kapitalı 14910,67 manat təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd ediyi kimi 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 49185,78 manat məbləğində hesablanmışdır. Cavabdeh iddiaçının tələbinin qanunsuz və əsassız olduğunu bildirərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada iddiaçıya məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra –ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 55 yaşın tamam olmasını şərt kimi müəyyən etmişdir. İddiaçı hazırda ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində maddəsində nəzərdə tutulurdu. Belə ki, qüvvədə olan ƏPQ-nin 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ƏPQ-nin qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq 2 nömrəli siyahı üzrə qadınlara 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi staj 20 ildən az olmamalıdır. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının 20 il ümumi və 10 il güzəştli iş stajı mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, iş materiallarında olan, iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. İddiaçıya aid ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci ilə qədər “Xüsusi Zaqafqaziya idarəsi”ndə elektromühərriklərin təmiri üzrə sexdə 2-ci dərəcəli sarıyıcı, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “Bakı Alüminium Prokatı Zavodu”nda metaləridici sexində nəzarətçi, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixə qədər ”Xırdalan meşə melorasiya stansiyası”nda kiçik laborant, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi “Bakı Alüminium Prokatı Zavodu”nda emulsiya bişiricisi, xx.xx.1991-ci ildən xx.xx.1991-ci il tarixədək “Əlvan Metal” Dövlət əlvan metal tullantıları və qırıntılarının çeşidlənməsi sahəsində fəhlə, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Bakı Alüminium yayama zavodunda metaləritmə sexində hazır məhlulun nəzarətçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi məftilçəkmə sexində hazır məhlulun nəzarətçisi vəzifələrində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər "xxxx" MMC-də laborant vəzifəsində işləmişdir. "xxxx" ASC tərəfindən verilən xx.xx.2020-ci il tarixli 28 nömrəli güzəşti arayışdan görünür ki, “İddiaçı:

1. xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi metaləridici sexində nəzarətçi vəzifəsində (vəzifə adı – nəzərətçi, siyahı -2, kod 2092300a-13041);

2. xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi məftilçəkmə sexində emulsiya bişirən vəzifəsində (vəzifə adı – emulsiya bişirən, siyahı - İİ, bölmə- Vİİİ, kod 2092300a- 19951);

3. xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi metaləridici sexində nəzarətçi vəzifəsində (vəzifə adı – nəzərətçi, siyahı - İİ, bölmə- Vİİİ, kod 2092300a-13041);

4. xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi məftilçəkmə sexində nəzarətçi vəzifəsində (vəzifə adı – nəzərətçi, siyahı - İİ, bölmə- Vİİİ, kod 2092300a-13041) işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur”. "xxxx" ASC tərəfindən verilən xx.xx.2020-ci il tarixli 29 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə vermişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. Xəzər RPİ-nin 1-ci PB-nin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, xx.xx.2013cü il tarixdə 4-cü ərazi DYNİ-nin rəhbərliyindən Şimal Dres yaşayış sahəsi ünvanında yerləşən "xxxx" ASC-də baş vermiş yanğın hadisəsi ilə bağlı toplanmış 004 saylı material daxil olmuşdur. Materialda göstərilmişdir ki, "xxxx" ASC-nin sədri X2 4-cü ərazi DYNİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus "xxxx" ASC-nin arxiv otağında yanğın hadisəsi baş vermişdir. Ərizədə S.Musayev onu da qeyd etmişdir ki, həmin müəssisə 2000-ci il tarixdən fəaliyyətini dayandırmış, həmin müəssisəyə qaz və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Baş vermiş yanğın hadisəsində cinayət tərkibi yaradacaq hər hansı bir fakt yoxdur. Ona görə də qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin yanğınla əlaqədar olaraq iddiaçının 1990-2004-cü illərdə Bakı Alümunium- Yayma Zavodunda işləməsini təsdiq edən işə qəbul, işdən çıxma barədə əmrlərin və əmək haqqı cədvəllərinin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. "xxxx" ASC xx.xx.2013-cü ildə zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədlərinin yandığını və bu səbəbdən iddiaçıya heç bir sənəd verilə bilmədiyini, güzəştli arayışın isə əmək kitabçası qeydlərinə əsasən verdiyini qeyd etmişdir. Beləliklə, sadalananlardan müəyyən olunur ki, iddiaçının xx.xx.2019-cu il tarixdə 52 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.2006cı il tarixə 20 il 10 ay 1 gün ümumi, 10 ildən çox xüsusi stajı olmuşdur. Lakin məhkəmə iddiaçının Bakı Alümunium-Yayma Zavodunda işləməsi ilə bağlı əmək kitabçasındakı qeydləri mötəbər hesab etmir. Çünki iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli yanğın haqqında aktdan görünür ki, komissiya üzvləri FHN BYNX-nin 4-cü ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru Fərhad Ələkbərov, inspektor d/x kapitanı Arif Quliyev və "xxxx" ASC-nin sədri Ş.Musayev xx.xx.2003-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış sahəsində yerləşən "xxxx" ASC-də baş vermiş yanğın haqqında akt tərtib edilmişdir. Yanğın baş vermə ərəfəsində vəziyyət - yanğın baş verən sahədə heç bir təmir-tikinti işləri aparılmayıb. Obyektin fəaliyyəti 2000-ci ildən dayandırılıb. Göründüyü kimi, məhkəməyə təqdim olunan yanğın aktında müəssisənin 2000-ci ildən fəaliyyətinin dayandırıldığı qeyd edilsə də, iddiaçıya məxsus əmək kitabçası qeydində iddiaçının xx.xx.2004-cü il tarixədək müəssisədə işlədiyi göstərilmişdir. Həmçinin işdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin 21 aprel 2022-ci il tarixli **********7 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə 2-ci Dövlət Proqramı“na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmış və həmin səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2020-ci il tarixdə tam başa çatdırılmışdır. Səhmdar Cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək kollektivi — işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halında müdafiə etmək səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən özəlləşdirilmiş dövlət müəssisəsinin (obyektinin) yeni mülkiyyətçisi və yaxud onun müvəkkil etdiyi orqan ilə əmək kollektivi arasında kollektiv müqavilələrin bağlanması və əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə 2-ci Dövlət Proqramı“nın 1.7-ci bəndinə əsasən müəssisənin özəlləşdirmə planı təsdiq edildiyi andan əmək kollektivinə güzəştli satış başlayana qədər onun strukturunun və ştat cədvəlinin dəyişdirilməsi və işçilərin ixtisarı qadağandır. Həmin Proqramın 4.2.1-ci maddəsinə əsasən əsas iş yeri həmin müəssisə hesab edilən işçilər özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə aid edilir: Məhkəmə qeyd edir ki, əmək kitabçasındakı qeydlər qəbul edildiyi halda iddiaçının müəssisənin özəlləşdirilməsinə başlandığı xx.xx.2000-ci il tarixə həmin müəssisədə 15 ildən çox iş stajı olur ki, belə olan halda onun adı səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında olmalı idi. Lakin həmin siyahıda iddiaçının adının olmaması onun həmin tarixdə müəssisənin əmək kollektivinə daxil olmadığını, yəni həmin tarixdə müəssisədə işləmədiyini təsdiq edir. Bundan əlavə, iddiaçı məhkəmə iclasında Bakı Alümunium-Yayma Zavodunda işlədiyi peşənin zərərliliyi ilə bağlı xüsusiyyətlərini izah edə bilməmiş, ümumiyyətlə işlədiyi vəzifələrin əmək funksiyalarının nədən ibarət olmasını təsvir edə bilməmişdir. Bu hal həmçinin, iddiaçının əmək kitabçasında qeydi aparılan "xxxx" MMC-də laborant vəzifəsində işləməsi faktına da aid olmuşdur. Belə ki, iddiaçı həmin iş dövrünü də xatırlamamış, müəssisənin hansı fəaliyyətlə məşğul olması, laborant vəzifəsində hansı əmək funksiyalarını icra etməsini təsvir edə bilməmiş, məhkəmə tərəfindən verilmiş suala cavab olaraq həmin adda müəssisədə işləmədiyini bildirmişdir. İddiaçı həmçinin əmək kitabçasının mövcud olmasına baxmayaraq, daha sonra, yəni 2008-2014-cü illərdə "xxxx" MMC-də işlədiyi dövrlər barədə əmək kitabçasında niyə qeyd aparılmamasını da izah edə bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh etirazında iddiaçının ümumi və güzəştli stajını mübahisələndirməsə də, məhkəmə yalnız cavabdehin dəlillərinin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidir. Çünki cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, asılı olmayaraq, hər bir halda, iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasında qeyd edilən Bakı Almüminum-Yayma Zavodunda xx.xx.1985-cı ildən xx.xx.2004-cü ilədək olan dövrün müvafiq əmrlər, əmək haqqı cədvəlləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərlə öz təsdiqini tapmadığından həmin dövrü iddiaçının ümumi iş stajına, eyni zamanda güzəştli iş stajına daxil etmir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajı və güzəştli iş stajı yetərli deyildir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar