Məhkəmə qərarları › İş №2-1(112)-2924/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2924/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2924/2021 16.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” Açıq Sıhmdar Cəmiyyətinə qarşı «mənzilin elektrik enerjisi üzrə təchizatı barədə iddiaçı ilə müqavilə bağlanması və sayğacın abonent kodunun iddiaçının adına keçirilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 cavabdeh “xxxx” ASC-yə qarşı «borcun silinməsi və mənzilə yeni sayğac quraşdırılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 27 mart 2018-ci il tarixli 18 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 25 saylı evin 221 saylı mənzilinə dair kirayə müqaviləsi bağlanması və hazırkı iddiaçının həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Həmin ev yataqxana olmaqla, mənzil 1 otaqdan ibarətdir. Qanuni əsaslarla həmin ünvana çıq sayğacı quraşdırılmışdır. İstehlakçı kimi abonent nömrəsi **********50221 olmaqla elektrik enerjisi ilə təmin edilmişdir. Ünvana quraşdırılmış sayğac və elektrik enerjisinin verilməsi barədə müqavilə otağın keçmiş sakini X5 ilə bağlanmış və sayğac onun adına qeydiyyata alınmışdır. İddiaçının adına müvafiq sərəncam Bakı ŞİH MKT Departamenti tərəfindən 27 mart 2018-ci il tarixdə verilmişdir. İddiaçı mənzilin keçmiş sakinini ümumiyyətlə tanımamışdır. Lakin otağı qəbul etdikdən sonra, orada yaşamaq istədikdə, məlum olmuşdur ki, mənzilə elektrik enerjisi dayandırılmış və istehlak olunmuş elektrik enerjisinə görə 1.958,91 mant borc yaranmışdır. Həmin borc məbləğində elektrik enerjisi onun (iddiaçının) yox, mənzilin keçmiş sakininin sərfiyyatı üzrə yaranmışdır, odur ki, sözügedən borcun iddiaçıdan tələb olunması əsasızdır. İddiaçı maddi durumu yaxşı olmadığından (başqa yaşayış yeri yoxdur), yataqxanada yaşamağa məcburdur. Lakin elektrik enerjisi ilə təmin olunmadığından, həmin otaqda yaşaya bilmir. İddiaçı “xxxx” ASC-yə müraciət edərək, otağa elektrik enerjisinin verilməsini bərpasını xahiş etmişdir. Ona bildirilmişdir ki, borc ödənilmədiyi və ya silinmədiyi təqdirdə otağa elektrik enerjisinin verilməsi mümkün deyil. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 72-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2, 12, 15-ci maddələrinə, İPM-in 2.2.2, 33-cü müddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 6.1, 8.1-ci bəndlərinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 221 nömrəli mənzilinin keçmiş istehlakçı X1 adına abonent nömrəsi **********50221 olan sayğacda hesablanmış 1.958,91 manat borcun silinməsi və həmin mənzilə yeni sayğac quraşdırılması öhdəliyinin cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «mənzilin elektrik enerjisi üzrə təchizatı barədə iddiaçı ilə müqavilə bağlanması və sayğacın abonent kodunun iddiaçının adına keçirilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, iş üzrə əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə etmişlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya etiraz etdi və onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, “xxxx” ASC-nin 29 saylı Vəkil Bürosunun vəkilinə (iddaçının hüquqlarını müdafiə edən vəkilə) ünvanlanmış 10 noyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 25 nömrəli evin 221 nömrəli mənzilinin keçmiş istehlakçı X1 adına **********50221 saylı abonent kodu üzrə hesablanmış 1.958,91 manat məbləğində borcun silinməsi və həmin mənzilə elektrik enerjisinin bərpa edilmısi barədə məktuba ASC-də baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.13.2-ci bəndinə görə enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Həmin Qaydaların 8.21-ci bəndinə əsasən elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti və enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Həmin Qaydaların 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışının tələb etməlidir. Həmin Qaydaların 8.23-cü bəndinə görə məişət abonenti mənzildən köçdükdən sonra yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablanşa elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 25 nömrəli evin 221 nömrəli mənzilində **********50221 saylı abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə hesablanmış 1.958,91 manat məbləğində borc istehlakçı tərəfindən tam ödənildikdən sonra mənzilə elektrik enerjisinin verilməsi bərpa ediləcəkdir. İş materiallarından görünür ki, “xxxx” ASC-nin X4 vəkilinə ünvanlanmış 4 dekabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 25 nömrəli evin 221 nömrəli mənzilinin sabiq istehlakçı (mərhum) X2 aid **********50221 saylı abonent nömrəsi olan hesablama elektrik sayğacında hesablanmış 1.958,91 manat məbləğində borcun silinməsi və yeni sayğac quraşdırılması üçün “xxxx” ASC-yə ünvanlanmış müraciətə baxılmışdır. **********50221 saylı kod üzrə yaşayış sahəsinin elektrik enerjisi hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, “xxxx” ASC-nin fəaliyyəti dövründə (2015 – 2018-ci illərdə) elektrik enerji sərfiyyatına görə yaranmış 1.958,91 manat debitor borc abonent tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışının tələb etməlidir (yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisinin haqqını tam ödədikdən sonra arayışı yeni mülkiyyətçiyə, yaxud kirayəçiyə təqdim olunur və arayış əsasında abunə kodunun addan-ada keçirilməsi mümkün deyil). İş materiallarından görünür ki, Bakı ŞİH Mənzil Konmmunal Təsərrüfatı Departamentinin 27 mart 2018-ci il tarixli 18 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 25 saylı evin 221 saylı mənzilinə dair kirayə müqaviləsi bağlanması və hazırkı iddiaçının həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Məhkəmə mövcud qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə görə bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 136.4-cü maddəsinə görə kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. «İnzibati icraat haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanununb 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli 1045 nömrəli Sərəncamının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, “xxxx” ASC Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.20-ci maddəsinə görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yaz-maq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Qaydaların 8.21-ci maddəsinə görə elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). Qaydaların 8.22-ci bəndinə görə məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evİnin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Qaydaların 8.23-cü bəndinə görə məişət abonenti mənzildən köçdükdən sonra, yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır. Qaydaların 9.13.2-ci bəndinə görə enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan Qaydaların müddəaları məişət abonentinin mənzildən köçərkən yeni kirayəçinin ondan elektrik enerjisi sərfiyyatına görə borcunun olmaması barədə arayış tələb etməsini nəzərdə tutsa da, hazırkı işin hallarına görə iddiaçıya yaşayış sahəsi aidiyyəti səlahiyyətli orqan tərəfindən ayrılmış və əvvəlki kirayəçidən onun həmin arayışı tələb etməsinin imkansız olduğu görünür. Bundan başqa, qüvvədə olan Mənzil Məcəlləsində təsbit olunmuşdur ki, həmin Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Göründüyü kimi, daha üstün qüvvəyə malik qanunvericilik aktı mənzilin yeni məişət abonentinin kommunal xidmətlərdən istifadə hüququnun yalnız “qanunla” məhdudlaşdırılmasını müəyyən etmişdir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Belə olan halda, məhkəmənin qənaətinə görə istehlakçıları elektrik enerjisi ilə təchizatını həyata keçirən “xxxx” ASC-nin Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 221 nömrəli mənzilinin yeni kirayəçisi İddiaçı ilə həmin mənzilin əvvəlki kirayəçisinin elektrik enerjisi sərfiyyatı üzrə borcunun olmasını əsas gətirərək elektrik energisi üzrə təchizat barədə yeni müqavilə bağlanmasından (abonent kodu onun adına keçirilməklə) imtina etməsi və elektrik enerjisi təchizatını dayandırması hərəkətləri qanuna ziddir və istehlakçı kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3, 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 221 nömrəli mənzilinin elektrik enerjisi üzrə təchizatı barədə iddiaçı X6 ilə müqavilə bağlanması və sayğacın abonent kodunun iddiaçının adına keçirilməsi öhdəliyi cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 14.3, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 221 nömrəli mənzilinin elektrik enerjisi üzrə təchizatı barədə iddiaçı X6 ilə müqavilə bağlanması və sayğacın abonent kodunun iddiaçının adına keçirilməsi öhdəliyi cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar