Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2925/2020 05.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu ehtiyatda olan zabit kimi 5 nəfər ailə üzvləri ilə birgə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ali təhsilli hərbiçi, ehtiyyatda olan polkovnik-leytnant rütbəli zabitdir. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olmuş və 1999-cu ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirmişdir. Həmin məktəbi bitirdikdən sonra ona leytnant hərbi rütbəsi verilmişdir. 23.08.1999-cu il tarixdən 07.10.2017-ci il tarixədək Müdafiə Nazirliyinin hərbi hissələrində və idarələrində müxtəlif vəzifələrdə xidmət etmişdir. Xidmət dövründə çoxsaylı medallar ilə təltif olunmuşdur. O hərbi xidmətdə olarkən beyin travması almış, sonrakı illərdə də dəfələrlə həmin travma ilə bağlı hərbi hospitalda müailicə almışdır. Amma buna baxmayaraq onu xidmətdən Müdafiə Nazirin 07.10.2017-ci il tarixli, 07-30 nömrəli əmri ilə "HXKH" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə və 164-cü maddəsinə əsasən ehtiyyata buraxılmışdır. Hal-hazırda o təqaüddədir, ailəlidir, 3 övladı var və özü ailəsi ilə birgə kirayədə qalır. Həyat yoldaşı evdar qadındır, evin yeganə dolanacaq yeri odur, ailəsini aldığı təqaüdlə dolandırır. Kirayə pulunu ödəməkdə çətinik çəkir və uşaqlar böyüdükcə ailənin maddi təlabatı daha da ağırlaşır. O ehtiyyatda olan hərbi vəzifəli kimi 19.07.2019-cu il tarixdə lazımı sənədləri toplayaraq Bakı şəhəri, Cavabdehndə müraciət edərək mənzil növbəsinə götürülməyi barədə yazılı qaydada xahiş etmişdir. Onun ərizəsi Cavabdehndə araşdırılaraq 07.10.2017-ci il tarixdən ehtiyata buraxıldığı vaxtdan 3 il sonra keçməsini əsas göstərməklə ona imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. - - Əli Bayramlı şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş 08.01.2008-ci il tarixli, AZ-İ № 347750 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında 08.01.2008-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin yanvar ayının 08 günündə 06№ ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qafarova soyadı verilmişdir. - - Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 iyun 2009-cu il tarixli, AZ-İİ, 280304 №-li, 05 dekabr 2013-cü il tarixli, AZ-İİİ, 230626 №-li, 3 saylı Bakı “ASAN” Xidmət Mərkəzi tərəfindən verilmiş 11 iyun 2016-cı il tarixli, AZ-İİİ, 787404 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı 15.05.2009-cu il təvəllüdlü Türkan, 17.11.2013-cü il təvəllüdlü Dərya və 12.05.2016-cı il təvəllüdlü Eldar adlı üç uşağı vardır. - - Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02 aprel 2020-ci il tarixli, **********67 nömrəli məktubundan görünür ki, hazırki tarixə daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına və Xidmət ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin 18 may 2020-ci il tarixli, 215 nömrəli arayışından görünür ki, İddiaçı 29.07.1995-ci il tarixdən 07.10.2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin J bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən hərbi geyim forması daşımaq hüquqi verilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07.10.2017-ci il tarixli müvafiq əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - - Cavabdeh Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19.08.2019-cu il tarixli, 6- Q-75-06P nömrəli məktubdan görünür ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 147 saylı Qərarına, həmçinin 3 ildən sonra müraciət etməsinə istinad etməklə iddiaçının mənzil növbəsinə götürülməsi barədə ərizəsi təmin edilməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 22 il 2 ay 8 gün Silahlı Qüvvələrdə xidmət etmiş və öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı həqiqi hərbi xidmət dövründə mənzillə təmin edilməmişdir. Hazırda iddiaçı ehtiyatda olan zabit kimi 5 nəfər ailə üzvləri ilə birgə mənzil növbəsinə götürülməsini istəyir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. - 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. - 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. - 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikası Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Cavabdehin imtina məktubunda istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 147 saylı Qərarı “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədədir. İddiaçı cavabdehə mənzil kirayəsi xərcinin ödənilməsi barədə deyil, mənzil növbəsinə götürülməsi ilə bağlı müraciət etmişdir. Məhkəmənin mövqeyinə görə İddiaçı 15 təqvim ilindən artıq xidmət etmiş, xidməti mənzildə yaşamayan və başqa yaşayış yeri olmayan (hazırda onun yaşayış sahəsinə məxsus olması barədə cavabdeh tərəf dəlil təqdim etməmişdir) həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsini qeydiyyatda olduğu yer üzrə müvafiq orqan qismində Cavabdehndən tələb etməkdə haqlıdır. Onun öz arzusu ilə ehtiyata buraxılması və 3 ildən sonra müraciət etmədi hərbi qulluqçu kimi müvafiq imtiyazlarından istifadə etmək hüququnu məhdudlaşdıra bilməz. Odur ki, Cavabdeh imtinası qanunvericiliyin tələblərinə uyğun gəlməyən və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı ehtiyatda olan zabit kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması) öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ehtiyatda olan zabit kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması) öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2925/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2925/2020
05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver