Məhkəmə qərarları › İş №2-1(112)-2928/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2928/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2928/2021 02.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı və onun vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi) “ata adının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinin 23 noyabr 2018-ci il tarixli “İddiaçı ata adının Azad qızına dəyişdirilməsindən imtina edilməsi barədə” qərarının ləğv edilməsi, onun 18 sentyabr 2018-ci il tarixli ərizəsinin təmin edilməsi və onun ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsi barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1213/2019 saylı 24 aprel 2019cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1772/2019 saylı 16 avqust 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-1772/2019 saylı 24.04.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3241/2019 saylı 17 dekabr 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1007/2020 saylı 16 sentyabr 2020-ci il tarixli, qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1213/2019 saylı 24 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx xxxxxx 1983-cü ildə Bakı şəhərinin Xətai rayonunda anadan olmuşdur. O, doğulandan sonra atası və anası ilə birlikdə Xətai rayonunda yaşamışdır. Anası Naziyeva (Sokolova) Natalya Yuryevna Azərbaycan Respublikası vətəndaşıdır, o, milliyyətcə rusdur, 11 dekabr 1964-cü il tarixdə Azərbayacan Respublikasının Bakı şəhərində anadan olmuşdur. İddiaçının atası X5 29 sentyabr 1960-cı il tarixdə Azərbayacan Respublikasının Bakı şəhərində anadan olmuş, o, milliyətcə ermənidir. 1988-ci ildə münaqişələr başladığında iddiaçının atası onları tərk edərək Rusiyaya getmiş və bir daha geri qayıtmamış, ondan sonra onun barəsində heç bir məlumat yoxdur. 2018-ci ilin aprel ayına qədər iddiaçı “Arzumanyan" soyadını daşımışdır. Münaqişələr başlayanda iddiaçının 5 yaşı var idi, soyad sonluğunun “yan” olması səbəbindən məktəbə gedə bilməmişdir. Anası onun üçün evə müəllim dəvət edirdi və o, 1989-cu ildən 1995-ci ilədək evdə təhsil almışdır. İddiaçı 1995-ci ildə Xətai rayonundan Sabunçu rayonuna köçmüşdür. 1995-2000-ci illərdə Bakı şəhəri Sabunçu rayon 67 saylı orta məktəbdə təhsil almışdır. Orada anasının soyadına uyğun olaraq "Sokolova" soyadı ilə oxuyurdu. İddiaçı 9 və 10-cu sinifi oxumaq üçün şəxsiyyət vəsiqəsi tələb olunmuşdur. 2001-ci ildə şəxsiyyəti təsdiq edən sənədlə (9 nömrəli formada arayış) təmin olunmuşdur. İddiaçının şəxsiyyətini təsdiq edən sənəddə soyadı "Arzumanyan” olduğu üçün 10 və 11-ci sinfi oxuya bilməmişdir. İddiaçının müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi 15 aprel 2018-ci il tarixdə soyadını “Arzumanyan"dan “Sokolova“ya dəyişdirmişdir. İddiaçı hal-hazırda, ünvan 1 ünvanında yaşayır. 18 sentyabr 2018-cı il tarixdə iddiaçı ata adının "Robertovna"dan "Azad qızı”na dəyişdirilməsi barədə ərizə ilə Bakı Şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin ərizə barəsində cavabdeh 23.11.2018-ci il tarixdə ata adının dəyişdirilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərar iddiaçıya 25 dekabr 2018-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 23.11.2018-ci il tarilxi 1024 saylı məktubunda qeyd edilir: Ata adınız dəyişdirilməsi barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında Qaydalar”ın 6.15 və 6.16-cı bəndinə əsasən ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idərəsinə (şöbəsinə) göndərir. Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslaşdırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Həmin Qaydaların 6.18-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi imtina edilməsi barədə qərar çıxarır, bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarılır. Yuxarıda göstərilənlərə əsasən bildiririk ki, təqdim etdiyiniz sənədlər yoxlama aparılması üçün Bakı şəhəri Nəsimi rayon polis idarəsinə göndərilmişdir. Lakin aparılan müvafiq yoxlama nəticəsində 01.11.2018-ci il tarixdə müvafiq orqan tərəfindən ata adınızın dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməməsi barədə rəy verilmişdir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq 23.11.2018-cı il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən ata adınız “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsindən imtina edilməsi barədə qərar çıxarılmışdır. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsinin «İddiaçı ata adının Azad qızına dəyişdirilməsindən imtina edilməsi barədə» 23.11.2018-ci il tarixli qərarında qeyd olunur: İddiaçı ata adının «Robertovna»dan «Azad qızı»na dəyişdirilməsi barədə Nəsimi rayon qeydiyyat şöbəsinə 18.09.2018-ci il tarixdə müraciət etmişdir. İddiaçı təqdim etdiyi sənədlər yoxlama aparılması üçün Bakı şəhər Nəsimi rayon polis idarəsinə göndərilmişdir. Lakin aparılan müvafiq yoxlama nəticəsində 01.11.2018-ci il tarixdə müvafiq orqan tərəfindən ata adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməməsi barədə rəy verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında Qaydalar”ın 6.15-ci, 6.16-cı və 6.18-ci bəndlərini rəhbər tutaraq İddiaçı Robertonanın ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsi mümkün hesab edilmədiyindən imtina edilməsi barədə qərar çıxarılır. İş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 11.05.2018-ci ildə verilmiş AZ-İV seriyalı 117676 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası X4, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.02.1984-cü ildə 354 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 15.04.2018-ci il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, 15.04.2018-ci il tarixdə X1 soyadı «Arzumanyan»dan «Sokolova»ya dəyişdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 22.02.2021-ci il tarixli Tələbnamədən görünür ki, Sokolova (Arzumanyan) Kristina Robertovnanın əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 07.12.1999-cu ildə verilmiş Vİİ-JQ seriyalı 370801 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 və X7 07.12.1999-cu il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Naziyev, arvada Naziyeva soyadı verilmişdir, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07.12.1999-cu ildə 783 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 05.05.2021-ci il tarixli məktubu ilə məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmiş «Ata adının dəyişdirilməsi ilə əlaqədar vətəndaş İddiaçı barədə Nəsimi rayon qeydiyyat şöbəsindən daxil olmuş sorğunun icra edilməsinə dair» Nəsim rayon Polis İdarəsinin 01.11.2018-ci il tarixli rəyində qeyd olunur: "Azərbaycan Respublikası vətəndaşlarının adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları haqqında vəsatətin baxılması" barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarının 6-cı bəndinə uyğun olaraq vətəndaş İddiaçı ata adını “Azad"a dəyişdirilməsi haqqında AR ƏN Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsindən daxil olmuş sənədlərə RPİ-də baxılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı ata adının dəyişdirilməsi məqsədə müvafiq deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın: 6.15-ci bəndinə əsasən ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir; 6.16-ci bəndinə əsasən rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır; 6.17-ci bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir; 6.18-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə tərəfindən müəyyən edildi ki, X2 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası X4. 15.04.2018-ci il tarixdə X1 soyadı «Arzumanyan»dan «Sokolova»ya dəyişdirilmişdir. X8 ilə iddiaçının anası X7 07.12.1999-cu il tarixdə nikaha daxil olmuşlar. Hazırda iddiaçı ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsini tələb edir. Bununla əlaqədar olaraq iddiaçı Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, Nəsimi rayon qeydiyyat şöbəsi təqdim edilən sənədləri yoxlama aparılması üçün Bakı şəhəri Nəsimi rayon polis idarəsinə göndərmişdir. «Ata adının dəyişdirilməsi ilə əlaqədar vətəndaş İddiaçı barədə Nəsimi rayon qeydiyyat şöbəsindən daxil olmuş sorğunun icra edilməsinə dair» Nəsim rayon Polis İdarəsinin 01.11.2018-ci il tarixli rəyinə əsasən İddiaçı ata adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçının ata adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyi üçün Nəsimi rayon qeydiyyat şöbəsi iddiaçının ata adının dəyişdirilməsindən imtina etmişdir. Eyni zamanda məhkəmə aşadırması zamanı iddiaçı ata adının dəyişdirilməsinin zəruriliyi və əsasları ilə əlaqədar yetərli sübutları məhkəməyə təqdim edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar