Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2928/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Xətai bələdiyyəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 30.04./8-1545 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Əfqanıstan Müharibəsinin 1-ci qrup əlili və xx.xx.1991-ci il tarixdə vəfat etmiş X1 həyat yoldaşıdır. Xətai rayon bələdiyyəsi ona verilən imtiyazlara məhəl qoymadan ondan əmlak vergisi tələb edir və o, bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2- 1(112)-3145/2024 saylı qərarına əsasən Xətai rayon Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 05.09/10-882 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Lakin cavabdeh məhkəmənin qərarına məhəl qoymadan onu Xətai rayon İcra şöbəsinə yönləndirmişdir. Cavabdeh Xətai bələdiyyəsi məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, İddiaçı məhkəmədən xahişi, qaynatası X1 Əfqanıstan Müharibəsinin 1-ci qrup əlili olması, sonradan vəfat etməsini Xətai bələdiyyəsi tərəfindən nəzərə alınmadığı və ona əmlak vergisi hesablandığı üçün 05.09/10-882 nömrəli, xx.xx.2023-ü il tarixli qərarın ləğv edilməsi olmuşdur. Hazırki halda güzəşt hüququnun tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyində, həmçinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 102-ci Maddəsində və İqtisadiyyat Nazirliyi yanında X4 tərəfindən təstiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərinin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait” halda Güzəşt hüququnun tətbiq edilməsi ilə bağlı bu hala dair güzəştin nəzərdə tutulmadığı məhkəməyə təqdim edilmişdir. Hakim güzəştlə bağlı müraciətə qiymət verməmiş, Bələdiyyə tərəfindən 05.09/10-882 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarın düzgün tərtib edilmədiyi üçün ləğvinə dair qərar vermişdir. Məhkəmə qərarından sonra Xətai bələdiyyəsi apellyasiya şikayətinin verilməsinin zərurəti olmadığı qənaətinə gəlmiş, əmlak vergisi ödəyicisinə yenidən hesablanmış vergini əks etdirən tədiyyə bildirişi göndərmişdir. Məhkəmənin Qərarını əsas gətirərək vergini ödəmədiyi üçün iddiaçıya barəsində xx.xx.2024-cü il tarixində, 000343 nömrəli yeni akt tərtib edilərək poçt vasitəsilə ünvanına göndərilmişdir. Vergi öhdəliyini yerinə yetirmədiyindən xx.xx.2024-cü il tarixində 30.04/8-1545 nömrəli Qərar qəbul edilərək Xətai İcra şöbəsinə göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 50.2.2, 50.2.3 və 83.2.4-cü maddələrinin tələblərinə uyğun olaraq mənbəyi məlum olan mənbədən məlumatları əldə edilmiş, həmin Məcəllənin 32-ci, 32.4-cü, 85.4-cü, 59.1-ci və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təstiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərinin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait”-ə əsasən uçota almış və vergi ödəyicisinə borc məbləğini və faizləri əks etdirən tədiyyə bildirişlərini son olaraq 2020-ci ildən etibarən dəfələrlə Xətai bələdiyyəsinin vergi xidməti tərəfindən iddiaçının mülkiyyətində olan Xudu Məmmədov küçəsi 29, mənzil 47 ünvanına qoyulmuşdur. Lakin o, vergini ödəməklə bağlı hər hansı bir addım atmamışdır. İddiaçı illər öncə əmlakına dair mülkiyyət haqqında şəhadətnaməni əldə etsə də. yerli vergi xidməti orqanında uçota alınmaq bərədə bilərəkdən müraciət etməmişdir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq Xətai rayonu Xətai bələdiyyəsi şikayətçinin tələblərini əsassız sayır. Belə ki, İddiaçi İddiaçı Azərbaycan Respublikasinin verqi qanunvericiliyinin əmlak vergisi ilə bağlı öhdəliyini, Azərbaycan Respublikasının Konstitusiyasınm 73.1-ci maddəsinin, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 11-ci, 77.1, 77.3-cü, 77-1.1 və 15.1.2-1.-ci maddələrinin tələblərini bəhanələr gətirərək bilərəkdən pozmuş və yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı inzibati orqan tərəfindən onun barəsində qəbul olunmuş əlverişsiz inzibati aktı mübahisələndirir, deməli, İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddia müddətinə gəldikdə, iş materiallarından mübahisəli qərarın hansı tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilməsi müəyyən edilmir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü madəsinə əsasən həmin Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İddiaçı mübahisəli inzibati aktı həmin akt icraya yönəldildikdən sonra, Xətai rayon İcra Şöbəsinə dəvət edildikdə aldığını bildirmiş, cavabdeh isə bu halını əksini sübut edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Xətai Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 30.04/8-1545 saylı qərarının mübahisələndirilməsi üçün iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan xx.xx.1999-cu il tarixli müqavilədən görünür ki, X2 Bakı şəhəri, X.Məmmədov küçəsi, ev 29, mənzil 47-də yerləşən 3 otaqdan ibarət mənzili İddiaçı satmışdır. Xətai bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 30.04/8-1545 nömrəli qərarından görünür ki, vergi ödəyicisi olan fizik şəxs İddiaçı mülkiyyətlərində olan əmlak sahəsinə görə, əmlak vergisinin ödənilməsi üçün ən son 2024-cü il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində ünvan 1 ünvanında yerləşən 67.41 kv,m əmlak sahəsinə görə cari il üçün 13.47 manat əmlak, o cümlədən 2021-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 40.41 manat, faiz üzrə 13.20 manat, maliyyə sanksiyası üzrə 20 manat, ümumilikdə isə 87.08 manat ümumi borcunu ödəməmişdir. Həmin qərarla vergi ödəyicisi olan fiziki şəxs İddiaçı barəsində vergi borcunun tutulması haqqında qəbul edilmiş qərarın Xətai rayon İcra şöbəsinə göndərilməsi, ümumilikdə hesablanmış 87.08 manat borc məbləğinin vergi ödəyicisindən tutulub, Xətai rayonunun Xətai Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi, qəbul edilmiş qərar barədə vergi ödəyicisinə məlumat verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, **********4711 nömrəli tədiyə bildirişindən görünür ki, 87.08 manat məbləğində vergi borcunun ödənilməsi barədə İddiaçı bildiriş göndərilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirir. Məhkəmə bununla bağlı qeyd edir ki, işdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3145/2024 nömrəli qərarından görünür ki, Xətai rayonu Xətai Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 05.09./10-882 saylı qərarın ləğv edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, “cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından müəyyən olunur ki, cavabdeh tədiyə bildirişi göndərmədiyi (bu barədə hər hansı sübut təqdim etməmişdir) 2020, 2021, 2022-ci illər vergi 47,14 manat və faiz borcu üzrə 14,63 manat, maliyyə sanksiyası 40 manat hesablamışdır. 2023-cü il üzrə tədiyə bildirişi əsasında hesablanmış 6,74 manatın isə ödəniş müddəti (xx.xx.2023) başa çatmamış, iddiaçıya xəbərdarlıq edilməsi barədə akt tərtib edilmiş və daha sonra qərar qəbul edilmişdir. Cavabdehin yalnız 2023-cü ildə tədiyə bildirişi göndərməklə əvvəlki illər üzrə vergi məbləği hesablaması, o cümlədən 2023-cü il üzrə də yuxarıda qeyd edilən əsaslardan vergi məbləği barədə qərar qəbul etməsi qanunsuz olmuşdur.” Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cavabdehin tədiyə bildirişi göndərmədiyi 2020, 2021, 2022-ci illər üzrə 47,14 manat vergi, faiz borcu üzrə 14,63 manat, maliyyə sanksiyası 40 manat hesablamasını qanunsuz hesab etməsinə baxmayaraq, cavabdeh xx.xx.2024-cü il tarixli qərarla yenidən 2021-ci il tarixdən başlayaraq həmin dövrlər üzrə 40.41 manat, faiz üzrə 13.20 manat, maliyyə sanksiyası üzrə 20 manat borc hesablamışdır. Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, nə qədər ki, iddiaçının 2021-ci il tarixdən başlayaraq keçmiş dövrlər üzrə yaranmış vergi borcunun hesablanmasına münasibətdə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə münasibət bildirilmiş və məhkəmə həmin dövrlərdə tədiyə bildirişi göndərilmədiyi halda sonradan əvvəlki illər üzrə vergi məbləği hesablamasını qanunsuz hesab etmişdir, cavabdeh yenidən həmin dövrlərə görə vergi hesablanması barədə qərar qəbul edə bilməz. Bundan başqa, cavabdeh xx.xx.2024-cü il tarixli qərarla iddiaçının xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixədək ödəməyə vaxtı olduğu vergi borcunun məcburi tutulması barədə qərar qəbul etməklə də iddiaçının hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, işin yuxarıda istinad olunan hallarından müəyyən olunur ki, cavabdeh mübahisəli qərarı qəbul edərkən işin hallarını tam və hərtərəfli araşdırmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmasına baxmayaraq, eyni qərarı yenidən qəbul etmiş, nəticədə qanunsuz əlverişsiz inzibati akt qəbul etməklə iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin ediməli və cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Xətai bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 30.04/8-1545 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2928/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2928/2025
10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver