Məhkəmə qərarları › İş №2-1(112)-293/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-293/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-293/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) “xəstəlik şəhadətnaməsinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 05.07.2017-ci il tarixli qərarı ilə təsdiqlənən Dövlət Sərhəd Xidməti Hərbi Hospital HHK-nın 03.07.2017-ci il tarixli 1061 saylı Xəstəlik şəhadətnaməsində öz əksini tapmış “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 izahatında bildirdi ki, iddiaçı xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Universitetinə ali təhsil almaq məqsədilə yollanmışdır. Lakin 4-cü kursda oxuyarkən təhsil haqqını ödəyə bilmədiyindən Universitetin sonuncu kursundan Vətənə qayıdaraq ordu sıralarına getməyə, müddətli həqiqi hərbi xidmət keçməyə başlamışdır. Fiziki göstəricilərinin yüksəkliyi sayəsində öz istəyi ilə xidmətini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi X9 Qüvvələrinin tərkibində keçmişdir. Lakin 05.06.2017-ci il tarixində iddiaçı hərbi hissədə olarkən şəxsi heyətlə birlikdə səhər idmanı zamanı maneələr zolağından keçərkən yıxılmışdır, baş nahiyəsindən ağır travma almışdır. Bu fakt Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasının 05.07.2017-ci il tarixli qərarı ilə təsdiqlənən Dövlət Sərhəd Xidməti Hərbi Hospital HHK-nın 03.07.2017-ci il tarixli 1061 saylı Xəstəlik Şəhadətnaməsində öz əksini zərərçəkənin ifadəsi kimi tapsa da, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 23.04.2019-cu il tarixli və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 31.05.2019-cu ilə aid cavab məktubunda faktiki hal olaraq göstərilmişdir. Lakin burada da Prokurorluq tərəfindən faktlar təhrif edilərək yıxılmanın “qəflətən başgicəllənmə” nəticəsində baş verdiyi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin verdiyi cavab məktublarında isə “idman məşğələsi zamanı qəflətən yıxıldığı” qeyd olunmuşdur. 1061 saylı Xəstəlik Şəhadətnaməsindən fərqli olaraq bu məktublarda xəsarətalma və travma faktları da öz əksini tapmışdır. Hər iki cavab məktubunda Hərbi hissədə və DSX HH-da stasionar müalicəyə qəbul vaxtı yoxlama nəticəsində xəsarətin, travmanın olunmaması göstərilsə də, eyni ərizələrin mətnində dəfələrlə yaranmış xəstəliyin alınmış xəsarət və travma ilə bağlı olmaması da qeyd olunmuşdur. Bu fakt özülüyündə “xəsarət və ya travmanın" mövcudluğunun etiraf edilməsi kimi qəbul olunmalıdır. İddiaçı hərbi xidmət keçmə dövründə xidməti vəzifələrini yerinə yetirən zaman yıxılması və travma alması nəticəsində onda yaranmış “şizofreniyayabənzər psixoz" əvvəlcədən onda heç bir zaman mövcud olmamış, nə də öz ilkin əlamətlərini göstərməmişdir. İddiaçı hər zaman sağlam və fiziki cəhətdən güclü olması ilə yaşıdlarından fərqlənmişdir. Elə bu səbəbdəndir ki, iddiaçını Dövlət Sərhəd Xidmətinin Xüsusi X9 Qüvvələrinin bölməsində xidmət etmək üçün qəbul etmişlər. Mübahisəolunmaz faktdır ki, bu qüvvələrin heyətlərinə fiziki və sağlamlıq göstəricilərinə görə ortalamanın daha üstündə olan gəncləri cəlb edirlər. Bunların hər biri göstərir ki, iddiaçı əsgərliyə gedən zaman sağlamlığı möhkəm və fiziki-psixoloji bütövlüyü yerində olan vətəndaş idi. İddiaçının sağlamlığı ilə bağlı heç bir şikayətinin olmaması və fiziki və psixi heç bir xəstəlik izinin, yaxud ilkin əlamətlərinin aşkarlanmamasını dövlət xəstəxanalarında hərbi xidmət öncəsi keçdiyi müayinələrin nəticələri də təsdiq edir. Belə ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yardımlı Mərkəzi Rayon Xəstəxanasından aldığı 15.07.2019-cu il tarixli tibbi arayışda iddiaçının “xidmətə qədərki dövrdə hər hansı xəstəliklə əlaqədar Yardımlı MRX-na müraciət etmədiyi və xəstəliyinin hərbi xidmət dövründə yarandığı" qeyd olunmuşdur. Eyni məzmunlu 29.11.2017-ci ilə aid Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsinin 915 nömrəli məktubunda qeyd olunur ki, 2017-ci ilin aprel çağırışında aidiyyatı üzrə dövlət tibb müəssisələrinə edilmiş sorğulara alınmış cavablara əsasən 1993-cü il təvəllüdlü İddiaçı heç bir tibb müəssisəsində xəstə kimi qeydiyyatdan keçməmişdir. Müddətli həqiqi hərbi çağırışa cəlb olunan zaman Rayon Mərkəzi Xəstəxanasında təyin olunmuş bütün analizlərdən keçmiş və analizlərin nəticələrinə əsasən onda patologiya aşkarlanmamışdır, səhhətindən şikayət etməmiş, obyektiv müayinələrin nəticəsinə əsasən rayon çağırış komissiyasının qərarı ilə onun müddətli həqiqi hərbi xidmət keçməsi üçün heç bir məhdudiyyət müəyyən edilməmişdir. Göründüyü kimi müddətli həqiqi hərbi xidmətə iddiaçı sağlam şəkildə yola salınmışdır. Lakin 05.06.2017-ci il tarixində baş vermiş hadisədən sonra verilən 1061 saylı Xəstəlik Şəhadətnaməsində iddiaçıya “şizofreniyayabənzər psixoz. funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci dərəcəli skoliozu (bucaq 14) beyincikarxası nahiyənin araxnoidal sisti" diaqnozu qoyularaq 06.07.2017-ci il tarixinə qədər burada müalicə olunmuşdur. Bu Şəhadətnamə ilə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin 15, 66 “C" maddələrinin İİ qrafasına əsasən “həm dinc, həm də müharibə dövründə" hərbi xidmətə yararsıız hesab olunmuşdur. Burada aldığı müalicədən sonra iddiaçı atasına, yəni ona təhvil verilmişdir. Həmin gündən etibarən o, bütün gücünü oğlunun, yəni iddiaçının müalicəsinə sərf etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda iddiaçıya ikinci dərəcəli müddətsiz əlillik qrupu təyin olunmuşdur. Bütün bu xəstəliklər iddiaçının məhz hərbi xidmətlərini yerinə yetirərkən aldığı zədədən sonra yaranmışdır. Hərbi Komissarlıq və Dövlət Sərhəd Xidmətində çalışan məmurların obyektiv davranmaması və vəzifələrini vicdanla, dürüst şəkildə, Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə həyata keçirməmələri nəticəsində bu gün Azərbaycan əsgəri haqsızlığa, qanunsuzluğa və ədalətsizliyə məruz qalmışdır. Dövlət orqanlarına ünvanladıqları sonsuz sayda məktublara daim məsuliyyəti üzərindən atmaq üçün əsassız cavablar yazılmış və yaranan xəstəliklərin guya travma ilə bağlı olmadığı əsaslandırılmağa çalışılmışdır. Lakin həmin məmurlar nəzərə almamışlar ki, iddiaçı bu xəsarətə qədər tam sağlam olmasına dair dövlət xəstəxanalarında müayinə nəticələri var və buna görə də yaranmış xəstəliklərin öncədən mövcud olmasını və travma ilə əlaqəli olmamasım iddia etmək absurddur. Əgər bu xəstəliklər həqiqətən mövcud idisə, ən azından bu haqda xidmət öncəsi müayinələr zamanı qeydlər aparılmış olacaqdı. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 23.04.2019-cu il tarixli məktubunda həmçinin iddiaçının “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı olması" qeyd olunmuşdur ki, bu qənaət özlüyündə həm 1061 saylı Xəstəlik Əsasnaməsi ilə, həm də DSX-nin cavab məktubundakı nəticə ilə birbaşa ziddiyyət təşkil edir. Belə ki, bu faktın özü elə bu işə qarşı nə dərəcədə qərəzli olunduğunun göstəricisidir. İddiaçı 05.06.2017-ci il tarixində hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən səhər idmanı zamanı yıxılaraq travma almış və bundan sonra onda “şizofreniyayabənzər psixoz. Funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci dərəcəli skoliozu (bucaq 14), beyincikarxası nahiyənin araxnoidal sisli" aşkar olunmuşdur. İddiaçıda psixozun yaranmasının birbaşa səbəbi məhz aldığı zədədir. İddiaçı hal-hazırda ona təyin olunmuş 130 manat məbləğində sosial müavinət alır. Halbuki Azərbaycan Respublikası qanunvericiliyinə əsasən iddiaçı müharibə əlili hesab olunmaqla əmək pensiyası almalıdır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsinə ünvanlanmış məktuba cavab olaraq Xəstəlik Şəhadətnaməsində xəsarətin “hərbi xidmət dövrü" ilə əlaqədar olaraq yaranmasının qeyd olunduğu üçün iddiaçıya yalnız müavinət təyin oluna biləcəyi qeyd olunmuşdur. Lakin əlillik dəqiqləşdirmə ilə hərbi xidmət dövründə deyil, “Hərbi xidmət vəzifələrini yerinə yetirərkən" alınmışdır və 1061 saylı Xəstəlik Şəhadətnaməsində də məhz bu şəkildə qeyd olunmalı idi. Bu, iki anlayış bir-birindın tam fərqlənməklə iddiaçının hüququ olan əlillik pensiyasını almasına mane olmuşdur. 1061 saylı Xəstəlik Şəhadətnaməsindəki “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" ifadəsi “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 izahatında bildirdi ki, İddiaçı 05.06.2017-ci il tarixdə şəxsi heyətlə birlikdə idman məşğələsi zamanı qəfildən yıxılmışdır. Hərbi hissənin tibb məntəqəsində əsgərə baxış zamanı xəsarətalma halı qeydə alınmamış, ilkin yardım göstərildikdən sonra, ixtisaslı müayinə üçün 05.06.2017-ci il tarixdə DSX-nın Hərbi Hospitalına göndərilmişdir. Hospitalda olduğu müddətdə İddiaçı mütəmadi olaraq baş ağrılarından, başgicəllənmədən, başın içində gözün olmasından və gözün ona əmrlər verməsindən şikayət etdiyindən psixoloji vəziyyəti nəzərə alınaraq 13.06.2017-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasına göndərilmiş və orada müayinə edilərək "Şizofreniyayabənzər psixoz” diaqnozu qoyulmuşdur. Hospitalda aparılmış bütün müayinələrin nəticələri nəzərə alınaraq iddiaçı DSX-nın Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim olunmuş və 03.07.2017-ci il tarixdə şəhadətləndirilərək "Şizofreniyayabənzər psixoz. Funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu (bucaq 14°). Beyincikarxası nahiyyənin araxnoidal sisti” diaqnozu ilə həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. İddiaçının qeyd olunan xəstəliklərinin səbəb-əlaqəsi xəsarətalma ilə bağlı deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X7 izahatında bildirdi ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0266003AAF0K saylı göndərişi əsasında 31.01.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Yardımlı rayon şöbəsinin 15 iyul 2019-cu il tarixli arayışının surətindən görünür ki, Yardımlı rayonunun Kürəkçi kənd sakini İddiaçı şöbənizin qeydiyyatında Hərbi xidmət dövrü ilə əlaqədar 2 (ikinci) qrup əlil olmaqla hər ayda 130.00 (bir yüz otuz) manat sosial müavinət alır. Əlillik müddəti: ömürlükdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yardımlı Mərkəzi rayon Xəstəxanasının 15 iyul 2019-cu il tarixli, 925 saylı tibbi arayışının surətindən görünür ki, Yardımlı rayon Kürəkçi kənd sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xəstəliyi hərbi xidmət dövründə yaranmış və xidmətə qədərki dövrdə hər hansı bir xəstəliklə əlaqədar Yardımlı MRX-na müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Rəşid Əliyevə ünvanlanmış 31.05.2019-cu il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız müraciətə Dövlət Sərhəd Xidmətində aidiyyəti üzrə tərəfimizdən baxılmışdır. Bildiririk ki, N nömrəli hərbi hissədə xidmət etmiş övladınız İddiaçı 05.06.2017-ci il tarixdə şəxsi heyətlə birlikdə idman məşğələsi zamanı qəfildən yıxılmışdır. Hərbi hissənin tibb məntəqəsində əsgərə baxış zamanı xəsarətalma halı qeydə alınmamış, ilkin yardım göstərildikdən sonra, ixtisaslı müayinə üçün 05.06.2017-ci il tarixdə DSX Hərbi Hospitalına göndərilmişdir. Hospitalda olduğu müddətdə İddiaçı mütəmadi olaraq baş ağrılarından, başgicəllənmədən, başın içində gözün olmasından və gözün ona əmrlər verməsindən şikayət etdiyindən psixoloji vəziyyəti nəzərə alınaraq övladınız 13.06.2017-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasına göndərilmiş və professor Zəfər Əliyev tərəfindən müayinə edilərək "Şizofreniyayabənzər psixoz” diaqnozu qoyulmuşdur. Hospitalda aparılmış bütün müayinələrin nəticələri nəzərə alınaraq İddiaçı DSX MHHK-na təqdim olunmuş və 03.07.2017-ci il tarixdə şəhadətləndirilərək "Şizofreniyayabənzər psixoz. Funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu (bucaq 14°). Beyincikarxası nahiyyənin araxnoidal sisti” diaqnozu ilə həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Övladınızın qeyd olunan xəstəliklərinin səbəb-əlaqəsi xəsarətalma ilə bağlı deyildir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi tərəfindən X8 ünvanlanmış 29.11.2017-ci il tarixli məktubda qeyd olunur: 1993-cü il təvəllüdlü İddiaçı 2017-ci ilin aprel çağırışında aidiyyəti üzrə dövlət tibb müəssisələrinə edilmiş sorğulara alınmış cavablara əsasən heç bir tibb müəssisəsində xəstə kimi qeydiyyatdan keçməmişdir. Müddətli həqqı hərbi xidmətə çağırışa cəlb olunan zaman Rayon Mərkəzi Xəstəxanasında təyin olunmuş bütün analizlərdən keçmiş və analizlərin nəticələrinə əsasən onda patalogiya aşkarlanmamışdır, səhhətindən şikayət etməmiş, obyektiv müayinələrinin nəticəsinə əsasən rayon çağırış komissiyasının qərarı ilə onun müddətli həqiqi hərbi xidmət keçməsi üçün heç bir məhdudiyyət müəyyən edilməmişdir. 03.04.2017-ci il tarixdə sərəncamla təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən X8 ünvanlanmış 23.04.2019-cu il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Hərbi X3 Xidmətinin “N" nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş oğlunuz İddiaçı hərbi xidmətdən tərxis olunması barədə müraciətinizin araşdırılması nəticəsi barədə məlumatın, habelə ona aid xəstəlik tarixinin surətinin Sizə verilməsinə dair 19.04.2019-cu il tarixli müraciətinizə Respublika Hərbi Prokurorluğunda baxılmışdır. Müəyyən edilmişdir ki, 2017-ci ilin aprel çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsindən həqiqi hərbi xidmətə çağırılmış 1993-cü il təvəllüdlü oğlunuz İddiaçı hərbi hissədə 05.06.2017-ci il tarixdə şəxsi heyətlə birlikdə səhər idmanı zamanı maneələr zolağından keçərkən qəflətən başı gicəllənərək halı pisləşib yerə uzanmış, buna görə dərhal hərbi hissənin tibb məntəqəsinə aparılmış, sonra Yevlax rayon Mərkəzi Xəstəxanasına göndərilərək orada müayinə edilmiş, həmin axşam isə digər hərbi qulluqçunun müşayiəti ilə qatarla DSX-nin Hərbi Hospitalına göndərilmişdir. İddiaçı DSX-nin Hərbi Hospitalının Psixiatriya bölməsində 2017-ci ilin iyun ayının 06-dan iyul ayının 05-ə kimi müayinə və müalicə edilmiş və ona hərbi xidmət dövründə alınmış “Şizofreniyayabənzər psixoz. Funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu (bucaq 14 dərəcə). Beyincikarxası nahiyənin araxnoidal sisti" diaqnozu qoyularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 15, 66 “c" maddələrinin İİ qrafasına əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi xidmətdən tərxis olunmuşdur. Alınmış izahatlar və komisyon məhkəmə-tibb ekspertizası üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı bədən səthində 06 iyun 2017-ci il tarixdə, ondan sonrakı vaxtlarda Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müayinə və müalicəsi zamanı, eləcə də məhkəmə-tibb ekspertizası zamanı hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. “Şizofrenəbənzər psixoz” xəstəliyi hərbi xidmətdən əvvəl İddiaçı olmamış, o, psixi cəhətdən tam sağlam və hərbi xidmətə yararlı olmuş, bu xəstəliyin yaranması xarici amillərlə əlaqəli deyil, daxili amillərlə şərtləndirilir, İddiaçı aşkar olunmuş psixopatoloji simptomatikanın travma ilə heç bir əlaqəsi yoxdur, onda müəyyən edilmiş “şizofrenəbənzər psixoz” xəstəliyi irsi ruhi xəstəlik olduğu üçün, 05 iyun 2017-ci il tarixdə fiziki təsir nəticəsində deyil, bilavasitə düşdüyü şəraitdən asılı olaraq hərbi xidmət dövründə, kəskin şəkildə başlamış və xəstəliyin yaranması şəxsin özünə məxsus xasiyyətə və psixoloji duruma məxsus olması ilə əlaqədardır. O, “Şizofrenəbənzər psixoz" xəstəliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli"nin 15-ci maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı aşkar edilmiş “Onurğa sütununun döş nahiyəsinin (Th8) və bel nahiyəsinin (L3) təsbit olunmuş birinci mərhələ (7 dərəcə; 3 dərəcə) skoliozu" xəstəliyi onda hərbi xidmətdən əvvəl də olmuşdur. Bu xəstəliklə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66 “Ç” maddəsinin İİ qrafasına əsasən A-3 məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı sayılır və həmin xəstəliyin hərbi xidmətlə və hər hansı bir travma ilə səbəbli əlaqəsi yoxdur. İddiaçı həm Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında, həm də məhkəmə-tibbi ekspertiza zamanı aşkar edilmiş “Beyincikarxası nahiyənin araxnoidal sisti” xəstəliyi onda hərbi xidmətdən əvvəl də olmuşdur. Bu xəstəliklə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli"nə əsasən hərbi xidmətə yararlı hesab olunur və həmin xəstəliyin hər hansı bir travma ilə səbəbli əlaqəsi yoxdur, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında İddiaçı qoyulmuş diaqnozlara uyğun aparılmış müalicə tədbirləri düzgün və adekvat olmuşdur. Bildirirəm ki, eyni məzmunlu əvvəlki müraciətlərinizə Respublika Hərbi Prokurorluğunda baxılmış, 22.08.2017-ci il tarixli HP-4-6/751/817 №-li, 03.10.2017-ci il tarixli HP-4-6/751/950 №-li, 01.05.2018-ci il tarixli HP-4-6/751/461 №-li və 18.05.2018-ci il tarixli HP-4-6/751/561 №-li məktublarla Sizə ətraflı cavablar verilmişdir. Oğlunuz İddiaçı aid xəstəlik tarixi ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına müraciət edə bilərsiniz. İzah edirəm ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.5-ci maddəsinə əsasən müraciətinizlə əlaqədar toplanmış materiallarla tanış olmaq hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası DSX Mərkəzi hərbi həkim komissiyası tərəfindən 08.10.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş 03.07.2017-ci il tarixli 1061 saylı xəstəlik şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, 1993-cü il təvəllüdlü İddiaçı diaqnozu «Şizofreniyayabənzər psixoz. Funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu (bucaq 14°). Beyincikarxası nahiyənin araxnoidal sisti» qeyd edilmişdir. Dövlət Sərhəd Xidməti Hərbi Hospital Hərbi Həkim Komissiyası tərəfindən «a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Xəstəliklər cədvəlinin” 15, 66 “c” maddələrinin İİ qrafasına əsasən: Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. b) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» qərarı qəbul edilmişdir və Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 05.07.2017-ci il tarixli qərarı ilə Dövlət Sərhəd Xidməti Hərbi Hospital Hərbi Həkim Komissiyasının 03.07.2017-ci il tarixli 1061 nömrəli qərarı təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı 09.01.2018-ci il tarixdən müddətsiz İİ dərəcəli əllik təyin edilmişdir. Diaqnoz: «Şizofriniya, paranoid forma, epizodik artan əlamətlərlə, davamlı hallusinator-paranoid sindromla. Onurğanın ikinci dərəcəli skalyozu, ağrı sindromu ilə». Əlillik səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar əlillik. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 11.06.2020-ci il tarixli məktubda qeyd ounur: Sizin 02.06.2020-ci il tarixli 2-1(112)-357/2020 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, vətəndaş X6 Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş oğlu İddiaçı xidmət zamanı xəsarət alması nəticəsində hərbi xidmətdən tərxis olunması faktının araşdırılması ilə bağlı 27.07.2017-ci il tarixli müraciəti 28.07.2017-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və araşdırılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının Psixatiriya bölməsində 06.06.2017-ci il tarixdən 05.07.2017-ci il tarixə kimi müayinə və müalicə edilmiş və ona “Şizofrenəbənzər psixoz. Funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu (bucaq 14 dərəcə). Beyincikarxası nahiyənin araxnoidal sisti” diaqnozu qoyularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 15, 66 “c” maddələrinin İİ qrafasına əsasən həm dinc dövrdə, həm də müharibə dövründə xidmətə yararsız hesab edilərək hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçı “Şizofrenəbənzər psixoz” xəstəliyi onda hərbi xidmətdən əvvəl olmamış, o, psixi cəhətdən tam sağlam və hərbi xidmətə yararlı olmuş, bu xəstəliyin yaranması xarici amillərlə əlaqəli deyil, daxili amillərlə şərtləndirilir, İddiaçı aşkar olunmuş psixopatoloji simptomatikanın travma ilə heç bir əlaqəsi yoxdur. İddiaçı müəyyən edilmiş “şizofrenəbənzər psixoz" xəstəliyi irsi ruhi xəstəlik olduğu üçün fiziki təsir nəticəsində deyil, bilavasitə düşdüyü şəraitdən asılı olaraq hərbi xidmət dövründə, kəskin şəkildə başlamış və xəstəliyin yaranması şəxsin özünə məxsus xasiyyətə və psixoloji duruma məxsus olması ilə əlaqədardır. Habelə, müəyyən edilmişdir ki, İddiaçı aşkar olunmuş “Onurğa sütununun döş nahiyəsinin (Th8) və bel nahiyəsinin (L3) təsbit olunmuş birinci mərhələ (7 dərəcə; 3 dərəcə) skoliozu” xəstəliyi onda hərbi xidmətdən əvvəl də olmuşdur. Bu xəstəliklə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66 “Ç” maddəsinin İİ qrafasına əsasən A-3 məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı sayılır və həmin xəstəliyin hərbi xidmətlə və hər hansı travma ilə səbəbli əlaqəsi yoxdur. İddiaçı həm Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında, həm də məhkəmə-tibb ekspertizası zamanı aşkar edilmiş “Beyincikarxası nahiyənin araxnoidi sisti” xəstəliyi onda hərbi xidmətdən əvvəl də olmuşdur. Bu xəstəliklə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən hərbi xidmətə yararlı hesab olunur və həmin xəstəliyin hər hansı bir travma ilə səbəbli əlaqəsi yoxdur, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında İddiaçı qoyulmuş diaqnozlara uyğun aparılmış müalicə tədbirləri düzgün və adekvat olmuşdur. Qeyd olunan hallar barədə Rəşid Əliyevə 03.10.2017-ci il tarixli, HP-4-6/751/950 №-li məktubla ətraflı məlumat verilmişdir. R.Əliyevin 27.07.2017-ci il tarixli müraciəti əsasında toplanmış materiallar üzrə heç bir prosessual qərar qəbul edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 31.05.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0266003AAF0K saylı göndərişi əsasında 31.01.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 15.03.2021-ci il tarixli, T- 50/2021 saylı ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. İddiaçı adına Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının Hərbi həkim komissiyasının 03.07.2017-ci il tarixli 1061 nömrəli xəstəlik şəhadətnaməsində qəbul edilmiş qərar, yəni aparılmış müayinələr nəticəsində müəyyən olunmuş diaqnozlara uyğundur, hal-hazırda onun əziyyət çəkdiyi xəstəlikləri hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 15, 66 “c” maddələrinin İİ qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı düzgün və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: 1.1-ci maddəsinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir; 1.2-ci maddəsinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir; 1.4-ci maddəsinin «ç» bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi hərbi-həkim komissiyalarına həvalə olunur; 1.5-ci maddəsinə əsasən tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; 7.1-ci maddəsinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; 7.2-ci maddəsinin «ç» bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; 7.3-cü maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir; 7.4-cü maddəsinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır; 7.5-ci maddəsinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 05.06.2017-ci il tarixdə şəxsi heyətlə birlikdə idman məşğələsi zamanı qəfildən yıxılmış, hərbi hissənin tibb məntəqəsində iddiaçıya baxış zamanı xəsarətalma halı qeydə alınmamış, ilkin yardım göstərildikdən sonra 05.06.2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına göndərilmişdir. Hospitalda olduğu müddətdə iddiaçı 13.06.2017-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasına göndərilmiş və orada müayinə edilərək ona "Şizofreniyayabənzər psixoz. Funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu (bucaq 14 dərəcə). Beyincikarxası nahiyyənin araxnoidal sisti” diaqnozu qoyulmuşdur. 03.07.2017-ci il tarixli 1061 saylı xəstəlik şəhadətnaməsinə əsasən İddiaçı diaqnozu «Şizofreniyayabənzər psixoz. Funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu (bucaq 14°). Beyincikarxası nahiyənin araxnoidal sisti» qeyd edilmişdir, Dövlət Sərhəd Xidməti Hərbi Hospital Hərbi Həkim Komissiyası tərəfindən «a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Xəstəliklər cədvəlinin” 15, 66 “c” maddələrinin İİ qrafasına əsasən: Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. b) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» qərarı qəbul edilmişdir və Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 05.07.2017-ci il tarixli qərarı ilə Dövlət Sərhəd Xidməti Hərbi Hospital Hərbi Həkim Komissiyasının 03.07.2017-ci il tarixli 1061 nömrəli qərarı təsdiq edilmişdir. Qeyd olunan xəstəliklərin səbəb-əlaqəsi xəsarətalma ilə bağlı deyildir. İddiaçı qeyd olunan diaqnozun səbəbinin hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən səhər idmanı zamanı yıxılaraq aldığı xəsarətlə əlaqədar olduğunu bildirsə də, qeyd olunanlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə də müəyyən edildi ki, İddiaçı adına Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının Hərbi həkim komissiyasının 03.07.2017-ci il tarixli 1061 nömrəli xəstəlik şəhadətnaməsində qəbul edilmiş qərar, yəni aparılmış müayinələr nəticəsində müəyyən olunmuş diaqnozlara uyğundur, hal-hazırda onun əziyyət çəkdiyi xəstəlikləri hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 15, 66 “c” maddələrinin İİ qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı düzgün və əsaslıdır. Göründüyü kimi, 03.07.2017-ci il tarixli 1061 nömrəli xəstəlik şəhadətnaməsində qeyd olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının Hərbi həkim komissiyası tərəfindən qəbul edilmiş qərar iş üzrə keçirilmiş ekspert rəyi ilə də öz təsdiqini tapır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar