Məhkəmə qərarları › İş №2-1(112)-293/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-293/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-293/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixdə aparılmış qiymətləndirmə əsasında 2-ci dərəcəli əlilliyinin ləğv edilməsi barədə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarının ləğv edilməsi, cavabdehin üzərinə əlillik statusunun və pensiya ödənişlərinin bərpa edilməsi barədə qərar qəbul olunması öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. 26 oktyabr 2017-ci ildə xəstəliyi ilə əlaqədar olaraq ona 5 il müddətinə ikinci dərəcə əlillik verilmişdir. 01 iyun 2022-ci ildən isə ikinci dərəcəli əlillik iddiaçıya müddətsiz təyin edilmişdir. Buna əsasən iddiaçıya pensiya təyin edilmişdir (vəfat etmiş hərbi qulluqçunun həyat yoldaşı kimi). Eyni zamanda iddiaçı “Azəriqaz İB”də mühəndis vəzifəsində işləyir, işi otaq şəraitindədir və fiziki cəhətdən yüngüldür. İddiaçı işəgötürənin tapşırığı əsasında xx.xx.2023-cü il tarixdə TSEK rəsmi ərizə ilə müraciət edərək, yüngül işlə məşğul olması üçün icazə verməsini xahiş etmişldir. Lakin əvəzində xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə əsasında müddətsiz əlilliyinin xx.xx.2023-cü ildə ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etiraza əsasən iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 11 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış “Tam reabilitasiya olunması” barədə imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Etirazda qeyd edilənlər nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul olunması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1502/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə əsasında iddiaçının 2-ci dərəcəli əlilliyinin ləğv edilməsi barədə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İş materiallarında olan sənədlərə əsasən: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Elektron müayinə çıxarışlarından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə müayinədən keçmiş və ona ilkin olaraq “Aortokoronar şuntlu transplantatın olması, AKŞ x 3 əməl. sonra vəziyyət (xx.xx.2012 İİ), Ürək çatmamazlığı, ÜÇ 3 f.s. Qeyri-stabil stenokardiya. Şiddətlənən stenokardiya, qeyri-stabil stenok., progressivləşən. Əvvəllər keçirilən miokard infarktı, infarktan sonrakı kardioskleroz. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet 2 tip, ağır forma. Sinir köklərinin və kələflərinin zədələnmələri, diskogen bel-oma radikuliti. Essensial [birincili] hipertenziya, essensial hipertenziya 3 dər.” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Elektron müayinə çıxarışlarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayınədən keçmiş və ona “Beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı, Sağ beyin yarımkürəsində beyin-qan dövranının işemik tipli pozğunluğu (xx.xx.2021). Hemiplegiya, Sol tərəfli dərin hemiparez. Hipertenziv ensefalopatiya, Xroniki dissirkulyator ensefalopatiya. İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloji ağırlaşmalarla., Şəkərli diabet tip 2. Diabetik polineyropatiya. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mərhələ. Stenokardiyanın digər formaları, ÜİX infarktdan sonrakı kardiosklerioz. AKŞ əməliyyatından (2012) sonrakı vəziyyət. Radikulopatiya, Diskogen bel-oma radikuliti. Kökcük ağrı sindromu ilə” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Elektron müayinə çıxarışlarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinədən keçmiş və onun “Tam reabilitasiya olması” səbəbi ilə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. 11 nömrəli şəhər poliklinikasının forma 088 arayışından görünür ki, iddiaçının diaqnozu aşağıdakı kimidir: Əsas diaqnozu: Beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı. Sağ beyin yarımkürəsində beyin-qan dövranının işemik tipli pozğunluğu (xx.xx.2021) (İ63.0) Ağırlaşma: Hemiplegiya, sol tərəfli dərin hemiparez (G81); Hipertenziv ensefalopatiya, xroniki dissirkulyator ensefalopatiya (İ67.4); Yanaşi xəstəliklər: İnsulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, şəkərli diabet tip 2, diabetic polineyropatiya (E11.4); Essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİİ mərhələ (İ10); Stenokardiyanın digər formaları, ÜİX infarktdan sonrakı kardiosklerioz, AKŞ əməliyyatından (2012) sonrakı vəziyyət (İ20.8); Radikulopatiya, diskogen bel-oma radikuliti, kökcük ağrı sindromu ilə (M54.1). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert komissiyasının qərarından (iddiaçıya aid hissədə) görünür ki, “Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əmək zəmanətinin yenidən qiymətləndirilməsi ilə əlaqədar etdiyi müraciət əsasında əyani komissiyaya dəvət edilmiş, və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, vətəndaş barəsində tibb müəssisəsinin 2749003AAF04 nömrəli göndərişi Tibbi-sosial ekspert komissiyası tərəfindən vətəndaşın iştirakı olmadan sistem üzərindən xx.xx.2022-tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, əmək zəmanəti “əmək qabliyyətsizdir” deyə göstərilmişdir. Vətəndaş hazırda heç bir şikayətinin olmamasını bildirmiş, X6 xx.xx.2022xx.xx.2022-ci il tarixli epikrizini təqdim etmişdir ki, orada əsas diaqnoz “Sağ beyin yarımkürəsində beyin qan dövranının işemik tipli pozğunluğu. Sol tərəfli hemiparez.” olmuş, təqdim etdiyi X8 klinikasının xx.xx.2023- cü il tarixli Beyin MRT müayinə nəticəsinin surətində “Hər iki beyin yarımkürəsində beyin toxumasının ağ maddəsində subkortikal və dərin qatlarında müxtəlif ölçülərdə. Çoxsaylı, dağınıq şəkildə işemik xarakterli qliotik ocaqlar və sağda periventrikulyar sahədə xroniki lakunar infarkt sahəsi. İşemik tipli xroniki beyin qan dövranı pozğunluğu. Burun çəpərində sağa doğru deviasiya.” qeyd edilmişdir. Obyektiv müayinə zamanı 12-cüt kranial sinirlər tərəfindən patologiya aşkarlanmamış, Reflekslər D=S canlı çağrılmış, Serebellar testləri düzgün icra etmiş, “Romberq" vəziyyətində dayanıqlı olmuş, əzələ gücü və tonusu dəyişiksiz izlənilmiş, parez, iflic aşkarlanmamışır. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda vətəndaşın vəziyyətində əlillik təyinatına əsas verən hər hansı patofunksional pozuntu aşkar edilmədiyi üçün Tibbi-sosial ekspert komissiyası tərəfindən "Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.” Əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının ikinci dərəcəli əlilliyi ləğv edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-217942023 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı əmək zəmanətinin yenidən qiymətləndirilməsi ilə əlaqədar müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda vətəndaş hazırda heç bir şikayətinin olmamasını bildirmiş, X6 xx.xx.2022-xx.xx.2022-ci il tarixli epikrizini təqdim etmişdir ki, orada əsas diaqnoz “Sağ beyin yarımkürəsində beyin qan dövranının işemik tipli pozğunluğu. Sol tərəfli hemiparez” olmuş, təqdim etdiyi X9 klinikasının xx.xx.2023-cü il tarixli Beyin MRT müayinə sənədində “Hər iki beyin yarımkürəsində beyin toxumasının ağ maddəsində subkortikal və dərin qatlarında müxtəlif ölçülərdə, çoxsaylı, dağınıq şəkildə işemik xarakterli qliotik ocaqlar və sağda periventrikulyar sahədə xroniki lakunar infarkt sahəsi. İşemik tipli xroniki beyin qan dövranı pozğunluğu. Burun çəpərində sağa doğru deviasiya” qeyd edilmişdir. Obyektiv müayinə zamanı 12 cüt kranial sinirlər tərəfindən patologiya aşkarlanmamış, reflekslər D=S canlı çağırılmış, serebral testləri düzgün icra etmiş, “Romberq” vəziyyətində dayanıqlı olmuş, əzələ gücü və tonusu dəyişiksiz izlənilmiş, parez, iflic aşkarlanmamışır. Nəticədə şəxsin sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-11354/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1299 nömrəli məktubu ilə göndərilmiş məhkəmə-tibbi ekspertizasının rəyi təqdim olunmuşdur. Rəydən görünür ki, həmin rəy cavabdehin ekspertinin iştirakı ilə tərtib olunmuşdur. Bu səbəbdən məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1502/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir Məhkəmə qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 5061 nömrəli məktubu ilə göndərilmiş məhkəmə-tibbi ekspertizasının rəyində qeyd edilmişdir ki, … Vətəndaş İddiaçı adına Bakı 11 nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 2749003AAF04 saylı Forma 088 göndərişində “Beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı. Sağ beyin yarımkürəsində beyin-qan dövranının işemik tipli pozğunluğu; Hemiplegiya. Sol tərəfli dərin hemiparez.; Hipertenziv ensefalopatiya. Xroniki dissirkulyator ensefalopatiya; Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİİ mərhələ; İnsulindən asılı olmayan şəkərli diabet. Nevroloji ağırlaşmalarla. Şəkərli diabet tip 2, Diabetik polineyropatiya. Stenokardiyanın digər formaları. ÜİX. İnfarktdan sonrakı kardioskleroz. AKŞ əməliyyatından sonrakı (2012) vəziyyət” olan xəstəliklərdən əziyyət çəkməsi qeyd edilsə də, onun xx.xx.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyində obyektiv müayinəsi zamanı anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən onda əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmiş, Tibbi-sosial ekspert komissiyası tərəfindən “Tam reablitasiya olunması” barədə qəbul edilmişdir. M.Z.X3 tərəfindən Akad.C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutuna göndərilərkən ona “İ20.8 ÜİX: Stabil gərginlik stenokardiyası İ Fs. Z95.1 Aortakoronar şuntlama. İ44.7 Sol ayaqcığın tam blokadası. İl 1.0 Arterial hipertoniya İİİ dərəcə. İ50.0 Xroniki ürək çatışmazlığı İ Fs. ET (atım fraksiyası)-55%” diaqnozu qoyulmuşdur. O, 08xx.xx.2024-cü il tarixlərdə “Əsas xəstəlik: İ69.3 Beyin infarktının nəticələri. Ağırlaşmalar: G81.1 Spastik hemiplegiya, R47.1 Dizartriya və anartriya. Yanaşı xəstəliklər: İ67.4 Hipertenziv ensefalopatiya, Z95.1 Aortokoronar şuntlu transplantatın olması” diaqnozu ilə X2 stasionar müalicə almışdır. Beləliklə ekspert rəyində qeyd edilən diaqnozların iddiaçıda mövcudluğu öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarına qanunvericiliyinin aşağıda göstərilən normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra– Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra– Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun əlilliyinin təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Cavabdeh də iddiaçının əlilliyin təyin ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə müddətsiz əlilliyini təyini barədə qərar qəbul etmişdir. Bu isə o deməkdir ki, iddiaçının əlilliyinin təyini həyata keçirmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmiş və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa iddiaçının heç bir əsas olmadan əlilliyin ləğv edilməsinə dair inzibati icraatı başlaması və həmin inzibati icraat nəticəsində əlilliyi ləğv etməsi əsası yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Hazırkı iş üzrə materiallardan isə müəyyən edilir ki, əlilik təyinatının əsaslılığının iddiaçının əmək vəziyyətinin araşdırılması kimi əsasa istinad edilərək inzibati icraat başlanılmışdır ki, ümumiyyətlə ümumi xarakterli həmin ifadə altında inzibati icraatın öz təşəbbüsü ilə başlanılmasının zərurəti aydın deyil. Məhkəmə hesab edir ki, əlilliyin təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda təyin edilmiş əlilliyin müddətsiz olması açıq-aşkar müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun cavabdehin istinad etdiyi, inzibati icraatın predmetindən kənar çıxmaqla aparmış inzibati icraat əlilliyin ləğvinə əsas yaratmır. Məhkəmə xüsusi ilə vurğulayır ki, cavabdeh tərəfindən iddiaçının tam reabilitasiya olunması barədə qərar qəbul edilməsinə baxmayaraq, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş ekspertizanın aparılmasını nəticəsində müəyyən edilmişdir ki, İddiaçı “İ20.8 ÜİX: Stabil gərginlik stenokardiyası İ Fs. Z95.1 Aortakoronar şuntlama. İ44.7 Sol ayaqcığın tam blokadası. İl 1.0 Arterial hipertoniya İİİ dərəcə. İ50.0 Xroniki ürək çatışmazlığı İ Fs. ET (atım fraksiyası)-55%” diaqnozu nun mövcudluğu təsdiq edilmişdir. O, 08-xx.xx.2024-cü il tarixlərdə “Əsas xəstəlik: İ69.3 Beyin infarktının nəticələri. Ağırlaşmalar: G81.1 Spastik hemiplegiya, R47.1 Dizartriya və anartriya. Yanaşı xəstəliklər: İ67.4 Hipertenziv ensefalopatiya, Z95.1 Aortokoronar şuntlu transplantatın olması” diaqnozu ilə X2 stasionar müalicə almışdır. Qeyd edilən diaqnozların iddiaçıda mövcud olması öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya münasibətdə qəbul etmiş olduğu tam reabilitasiya olunma barədə qərarı əsassızdır. İddiaçıda aşkarlanan xəstəliklər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2. Qan dövranı sisteminin xəstəliklərində nəzərdə tutulan Ürəyin işemik xəstəliyi bölməsində nəzərdə tutulmuşdur. Beləliklə Məhkəmə araşdırması ilə müəyyən edilir ki, iddiaçıda əlilliyin təyin edilməsinə əsas olmuş xəstəliklər diaqnoz olaraq hələ də müşahidə edilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya münasibətdə əsassız olaraq tam reabilitasiya olunması barədə qərar qəbul olunmuşdur. Cavabdeh tam reabilitasiya olunma ilə bağlı inzibati icraatın aparılması məqsədlərinə tam riayət etmədən və bu məqsədlərə uyğun olmayaraq iddiaçının vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərara etimadın qorunmasına istinadı istisna edən halların olmamasını, o cümlədən iddiaçının faktiki olaraq həmin xəstəliklərdən əziyyət çəkməsini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1080/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından da göründüyü kimi məhkəmə analoji mövqedən çıxış etmişdir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilməlidir. Əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi ilə bağlı isə Məhkəmə bildirir ki, iddiaçıya təyin olunmuş əlillik xx.xx.2023-cü il tarixli qərar ilə ləğv edildiyindən, ikinci dərəcəli əllik məhz həmin tarixdən, yəni xx.xx.2023-cü il tarixdən bərpa olunmalıdır. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə- vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə əsasında İddiaçı münasibətdə 2-ci dərəcəli əlilliyinin ləğv edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin. İddiaçı əlillik dərəcəsinin dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar