Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2931/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1991-1997-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı X2 ali təhsil aldığı müddəti sosial sığorta stajına daxil edərək, ona hüququnun yarandığı 2016-cı ildən əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Ağstafa rayonunda anadan olmuşdur. 1991-1997-ci illər arasında Azərbaycan Kənd Təsərrüfatı X2 Baytar Həkim-Zoomühəndis ixtisası üzrə təhsil alımışdır. AB-İ № 045642 nömrəli, 07.03.1997-ci il tarixli diplomla həmin Akademiyanı bitirmişdir. 31.07.1997-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 31.07.1997-15.01.1998-ci illər arasında Ə.Nəvai adına üzümçülük sovxozunda fəhlə kimi, 04.02.1998-27.09.1999-ci illər arasında Tovuz gömrükxanası “Candargöl” gömrük postunun baş inspektoru, 02.10.1999-02.10.2000-ci illərdə hərbi xidmətdə, 13.01.2001-28.06.2016-cı illərdə Tovuz gömrükxanasının “Poylu” gömrük postunun baş inspektoru, həmin idarənin Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbəsinin operativ nəzarət bölməsinin baş inspektoru, həmin idarənin “Sınıq körpü" gömrük postunun inspektoru, həmin idarənin yoxlama baxış sistemlərinin tətbiqi şöbəsinin inspektoru vəzifələrində çalışmışdır. 28.06.2016-cı il tarixdə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Bundan sonra xidməti illərini nəzərə alaraq əmək pensiyasının təyin edilməsi ilə əlaqədar dəfələrlə şifahi formada cavabdehə müraciət etsə də cavabdehdən imtina cavabı almışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, onun gömrük orqanlarında xidmət illəri həqiqi hərbi xidmət daxil olmaqla 18 il, 1 ay, 8 gün təşkil edir. Lakin xidmət illərindən öncə, yəni 1991- 1997-ci illərdə Kənd təsərrüfatı Akademiyasında ali təhsil almışdır ki, bu da stajı kimi nəzər alınmalı idi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçının iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməməsini mübahisələndirmişdir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsil alma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 35 nömrəli qərarının 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbə şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.5.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının 11.12.2017-ci il tarixli qərarının 4.1.10-cu bəndində qeyd edilmişdir ki, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Qeyd edilməlidir ki, mövcud qanunvericiliyə əsasən təhsil müddəti sığorta stajının hesablanması zamanı nəzərə alınmışdır. Yalnız əvvəl qüvvədə olan və 01.01.2006-cı il tarixdə hüquqi qüvvəsini itirmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən təhsil müddəti sığorta stajının hesablanması zamanı nəzərə alınırdı. Lakin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu iddiaçının tələbinin təmin edilməsindən ötrü tətbiq edilə bilməz. Çünki iddiaçı barəsində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının tətbiq edilərək, təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsindən ötrü tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olmalı idi. Lakin iddiaçı sığorta stajını 01.01.2006-cı il tarixdən sonra qazanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Qazax rayonu, Dağkəsəmən kəndində doğulmuşdur. - İddiaçı məxsus AO ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 02.10.1999-cu ildən 02.10.2000-ci ilə qədər hərbi xidmətdə olmuşdur. - İddiaçı məxsus AB-İ 045642 №-li diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1991-ci ildən 1997-ci ilə qədər Azərbaycan Kənd Təsərrüfatı X2 Baytar Həkim-Zoomühəndis ixtisası üzrə təhsil almışdır. - İddiaçı məxsus ИТ-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 31.07.1997-15.01.1998-ci illər arasında Ə.Nəvai adına üzümçülük sovxozunda fəhlə, 04.02.1998-27.09.1999-ci illər arasında Tovuz gömrükxanası “Candargöl” gömrük postunun baş inspektoru; 13.01.2001-28.06.2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Tovuz gömrükxanasının “Poylu” gömrük postunun baş inspektoru, həmin idarənin Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbəsinin operativ nəzarət bölməsinin baş inspektoru, həmin idarənin “Sınıq körpü" gömrük postunun inspektoru, həmin idarənin yoxlama baxış sistemlərinin tətbiqi şöbəsinin inspektoru vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin iddiaçıya ünvanlandığı 25.12.2019-cu il tarixli, 1000-180/180-26/027975 saylı məktubdan görünür ki, iddiaçının gömrük orqanlarında xidmət illəri (həqiqi hərbi xidmət daxil olmaqla) 18 il, 01 ay, 08 gün təşkil etdiyindən İddiaçı xahişini yerinə yetirmək imkan xaricində olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında siravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsil alma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçının 1991-1997-ci illərdə təhsil aldığı müddət xidmət ilinə daxil edilməklə onun gömrük orqanlarında iş stajı 21 il 1 ay 8 gündür. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 1991-1997-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı X2 ali təhsil aldığı müddəti sosial sığorta stajına daxil edərək ona hüququnun yarandığı 28.06.2016-cı ildən əmək pensiyanın təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2931/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2931/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver