Məhkəmə qərarları › İş №2-1(112)-2932/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2932/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2932/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Rifah Piaza" MMC-yə qarşı “sənədlərin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətinin :1) Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); 2) Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 3) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); 4) Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); 5) Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); 6) Mal-materialların daşıma xərcləri; 7) Yük gömrük bəyanamələrinin surəti (PDF faylda); 8) Qarşılıqlı əməliyyatlar aparılmış müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; 9) Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda); 10) Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda); 11) Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri- maddi aktivlərin reyestri (excel faylda);12) Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; 13) Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; 14) Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; 15) Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; 16) Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); 17) Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); 18) Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin, yoxlamanın predmetinə aid olan xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətinin: 1) Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; 2) Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; 3) Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; 4) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti; 5) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti; 6) Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 7) Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; 8) İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; 9) İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 10) Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 11) Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; 12) Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; 13) Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); 14) Dəyəri 10,0 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; 15) Dəyəri 2,0 min manatdan yuxarı olan bütün sığorta polisləri; 16) Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları; 17) Torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr,beton sınaq nəticələri, podrat müqavilələri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları; 18) Müəssisə tərəfindən götülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma № 2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; 19) Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış; 20) iddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar; 21) Ümidsiz borclar barədə məlumatlar olan sənədlərin və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin götürülməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********146804 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018xx.xx.2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021-ci il tarixli **********146809 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı “Rifah Plaza" MMC-nin direktoru X1 tam təqdim etməmişdir və yoxlama ilə əhatə edilən dövrə aid (xx.xx.2018-xx.xx.2021) sənədlərin yoxlamaya qismən təqdim edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Tələbnamədə göstərilən sənədlər tam təqdim edilmədiyi üçün, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin qismən təqdim edilməsi barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2021-ci il tarixli **********147320 nömrəli Qərar çıxarılmışdır. Lakin vergi ödəyicisi xx.xx.2021-ci il tarixli **********147320 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri tam təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-ci il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət sənədlərin qismən təqdim olunması barədə Akt tərtib olunmuşdur. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh MMC-nin aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti:“C” bloku üzrə mənzillər barədə cədvəl, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, “B” və “C” blokunun beton sınaq nəticələrinin sənədləri, müəssisə tərəfindən inşa edilmiş binaya baxış zamanı müəyyən edilmiş layihə ilə faktiki tikinti arasında fərqlərlə bağlı sənədlər və sonuncu layihə və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin götürülməsinə dair qətnamə çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh MMC-nin aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixə olan məlumatlar göstərilməklə) dövrə avans qalığı, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri) “C” bloku üzrə bütün mənzillər barədə cədvəl, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, pilot layihələr üzrə binaların tikintisi ilə əlaqədar şəxslərə məxsus sökülmüş mənzillərin təqdim edilməmiş mülkiyyət sənədlərinin, mal-materiallarının silgi sənədləri, dövlətə ayrılan sahələr (şəxslər göstərilməklə) barədə sənədlərin təsdiq edilmiş surətləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaısnda iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146804 nömrəli qərarı ilə Cavabdeh (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama ilə əhatə olunan vergi dövrü: Aprel 2018 - Mart 2021-ci il müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 08 may 2021-ci il tarixli KY211578113 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilmişdir: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Rifah Piaza" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində yoxlama müddəti: xx.xx.2021-xx.xx.2021-ci il; yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021-ci il; yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması. MMC-nin direktoru Babayev. İ.R qeyd edilən reyestrdən çıxarışla xx.xx.2021ci il tarixdə tanış olmuş və imzası və müsəssisənin möhürü ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********146809 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə ilə Cavabdehndən (VÖEN **********) səyyar (kameral) vergi yoxlamasının aparılması üçün zəruri sənədləri təqdim edilməsi tələb edilmişdir. Tələbnamə ilə Babayev.İ.R xx.xx.2021-ci il tarixdə tanış olmuş və imzası və müsəssisənin möhürü ilə təsdiq etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********147320 nömrəli qərarı ilə Cavabdeh üzrə keçirilən səyyar vergi yoxlaması zamanı yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin götürülməsi qərara alınmış, xx.xx.2021-ci il tarixdə **********1486644 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə vergilərin hesablanması üçün zəruri olan sənədlər tam təqdim olunmadığından “Sənədlərin qismən təqdim olunması” barədə akt qəbul olunmuşdur. Akt Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri, Cavabdeh MMC-nin direktoru İ.R.Babayev tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. xx.xx.2022-ci il tarixli “Sənədlərin qismən təqdim olunması” barədə akt qəbul olunmuşdur. Akta əsasən xx.xx.2021-ci il tarixli **********146809 nömrəli Tələbnamə ilə vergilərin hesablanması üçün zəruri olan sənədlərin bir qismi təqdim olunmuş, “C” bloku üzrə mənzillər barədə cədvəl, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, “B” və “C” blokunun beton sınaq nəticələrinin sənədləri, müəssisə tərəfindən inşa edilmiş binaya baxış zamanı müəyyən edilmiş layihə ilə faktiki tikinti arasında fərqlərlə bağlı sənədlər və sonuncu layihə təqdim olunmamışdır. Akt Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi, Cavabdeh MMC-nin direktoru İ.R.Babayev tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. xx.xx.2022-ci il tarixli “Sənədlərin qismən təqdim olunması” barədə akt qəbul olunmuşdur. Akta əsasən xx.xx.2021-ci il tarixli **********146809 nömrəli Tələbnamə ilə vergilərin hesablanması üçün zəruri olan sənədlərin bir qismi təqdim olunmuş, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixə olan məlumatlar göstərilməklə) dövrə avans qalığı, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri) “C” bloku üzrə bütün mənzillər barədə cədvəl, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, pilot layihələr üzrə binaların tikintisi ilə əlaqədar şəxslərə məxsus sökülmüş mənzillərin təqdim edilməmiş mülkiyyət sənədlərinin, mal-materiallarının silgi sənədləri, dövlətə ayrılan sahələr (şəxslər göstərilməklə) barədə sənədlərin təsdiq edilmiş surətləri təqdim olunmamışdır. Akt Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi, Cavabdeh MMC-nin direktoru İ.R.Babayev tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. -42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. -43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, vergi orqanının Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146804 nömrəli qərarı ilə Cavabdehndə (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) təyin edilmiş, vergi orqanı Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021-ci il tarixli **********146809 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim etmiş, lakin tələbnamə üzrə tələb olunan sənədlər vergi orqanına tam təqdim edilməmişdir. Yoxlama ilə əhatə edilən dövrə aid sənədlər tam təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2021-ci il tarixli **********147320 nömrəli qərar qəbul edilmiş, vergi ödəyicisi adıçəkilən qərarda yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməmiş, bu barədə sonuncu dəfə xx.xx.2022-ci il tarixli “Sənədlərin qismən təqdim olunması barədə” Akt tərtib olunmuşdur. Hazırkı iddiaçı vergi orqanı Cavabdeh MMC-dən sənədlərin götürülməsi tələbi ilə hazırkı iddianı qaldırmışdır. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, növbəti səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada cavabdehdən tələb edilsə də cavabdeh tərəfindən vergi orqanına tələb olunan sənədlər tam təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə işin hallarını, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərini, eləcə də vergi orqanı tərəfindən həyata keçirilən növbəti səyyar vergi yoxlamasının tam, hərtərəfli və obyektiv aparılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin olunmalı, Cavabdeh MMC-də səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlər həmin qurumdan götürülməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixə olan məlumatlar göstərilməklə) dövrə avans qalığı, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri) “C” bloku üzrə bütün mənzillər barədə cədvəl, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, pilot layihələr üzrə binaların tikintisi ilə əlaqədar şəxslərə məxsus sökülmüş mənzillərin təqdim edilməmiş mülkiyyət sənədlərinin, mal-materiallarının silgi sənədləri, dövlətə ayrılan sahələr (şəxslər göstərilməklə) barədə sənədlərin təsdiq edilmiş surətləri götürülsün. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar