Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2932/2023 09.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 31 mart 2000-ci il tarixli 349 saylı sərəncamının ləğv edilməsi iddia tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X1 1999-cu ildə ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi almışdır. Bu torpağa görə o, 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Həmin torpaq sahəsini xalasının həyat yoldaşı Əhmədov Zəfərin adına sənədləşdirmişdir. O torpağa 25000 dollar, qaz xəttinin həyətdən çıxarılmasına 5000 manat, əlavə olaraq yenidən torpağı aldığı adamlara 7000 manat, torpağın və evin çıxarışının alınması üçün 55000 manat pul xərcləmişdir. Bundan əlavə ünvanın alınması üçün 5000 manat pul xərcləmişdir. Həmin torpaq sahəsində 1999-cu ildən 2001-ci ilə qədər tikinti və təmir işləri aparılmışdır. 2001-ci ilin sentyabr ayından həmin evə köçmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixli məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000ci il tarixli 349 nömrəli Sərəncamın ləğv edilməsini xahiş etmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 24 avqust 2022-ci il tarixli məktubu ilə onun məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı hesab edir ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 349 nömrəli Sərəncamı qanunsuz və əsassızdır.
3. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 24 avqust 2022-ci il tarixli 02/09-11-11/M- 168-091 nömrəli məktubunda bildirilmişdir ki, mülki xarakterli mübahisələrin araşdırılması və həll olunması Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət olunması ona tövsiyyə edilmişdir.
4. Məhkəmə tərəfindən İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsi rəhbər tutularaq, İddiaçı mübahisələndirilən sərəncamı təqdim etməklə hazırkı iddianı qaldırmaqda hüququ marağının nədə ifadə olunduğuna dair ətraflı məlumatı təqdim etməsi barədə hüquqi yardım göstərilmişdir.
5. Məhkəmənin 19 oktyabr 2022-ci il tarixli qərardadı ilə X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
6. İş materiallarında olan vəkil sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialı tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 349 nömrəli sərəncamı təqdim edilmişdir. Həmin Sərəncama əsasən qərara alınmışdır: 1.Vət.X3 fərdi yaşayış evinin tikintisi M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən 600.kv.m topraq sahəsi ayrılsın 2.Tikinti işlərinin layihə əsasında aparılması vət.Z.S.Əhmədova tapşırılsın. 3.Tikinti işləri aparılan sahənin və ətraf ərazinin texniki-sanitar normaların tələblərinə uyğun təmiz saxlanılması vət. Z.S.Əhmədova tapşırılsın. 4.Sərəncamın surətləri Rayon İcra Hakimiyyətinin Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinə Rayon Polis İdarəsi və 4-cü Polis Bölməsinə və vət. Z.S.Əhmədova göndərilsin.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili izahat verərək bildirdi ki, sözügedən sərəncam üçüncü şəxsə münasibətdə verilmişdir. İddiaçının həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ yoxdur.
8. İddiaçı və cavabdeh tərəf məhkəmə iclasında iştirak etmirlər.
II. İddianın mümkünlüyü
9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
11. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X5rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X6rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
12. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
14. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
15. İş materiallarına əsasən müəyyən edilir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 31 mart 2000-ci il tarixli 349 saylı sərəncamına əsasən M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində 600 kv.m torpaq sahəsi X3 ayrılmışdır.
16. Belə ki, iddiaçı həmin sərəncamın mübahisələndirilməsində hüquqi marağının nədən ibarət olmasını əsaslandırmamışdır. Odur ki, iddiaçının həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ yoxdur.
17. Digər tərəfdən belə hüquqi imkan mövcud olmuş olsa belə, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər ötürülmüşdür.
18. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
19. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
20. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
21. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.
22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva