Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2934/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 (Cəlilabad rayonu, Adnalı kəndində qeydiyyatda olan), Üçüncü şəxs X2 (Kəlbəcər rayonu, Zivel kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına və üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı kompensasiyanın hesablanması tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kompensasiya hüququnun bərpa edilməsi,Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının hal-hazırda səlahiyyətlərini icra edən Mərkəzi Bankdan əlavə olaraq daha 5000 manat tələbin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-2934/2020 saylı, 26 fevral 2020-ci il tarixli qərardadına əsasən iş üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası cavabdehlər siyahısından çıxarılmış, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin hüquqi statusu cavabdehdən üçüncü şəxsə dəyişdirilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində ödənilməli olan 4967,10 (dörd min doqquz yüz altmış yeddi manat, on qəpik) manat məbləğinin İddiaçı hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ilin dekabr ayında “Kred-Agro” Bank Olmayan Kredit Təşkilatından 8000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 2015-ci ilin yanvar ayından 2019-cu ilin oktyabr ayınadək ödəniş cədvəlinə və müqaviləyə uyğun olaraq ödənişlərini vaxtında ödəyir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli 551 nömrəli Fərmanı daxilində kompensasiya, nə də restrukturuzasiya nədənsə ona şamil olunmamışdır. Səbəb kimi bank olmayan kredit təşkilatının səhv olaraq şəxsiyyət vəsiqəsinin nömrəsini 0******* əvəzinə 06970085 kimi yazılmasını göstərmişdir. Nəticədə kredit bürosundan çıxarışda onun kredit məbləği 0 kimi görünmüşdür. Buna görə də ona kompensasiya hesablanmamışdır. Hal-hazırda Bank Olmayan Kredit Təşkilatına 2800 (iki min səkkiz yüz) ABŞ dolları borcu hələ də qalmaqdadır. 2019-cu ilin aprel və 2019-cu ilin iyun ayında Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına 2 dəfə müraciət etmişdir. Hər iki halda guya onun kreditinin olmadığı ona bildirilmiş və o, səlahiyyətlərini icra edən Mərkəzi Banka müraciət etmişdir. Hər dəfə səhv olaraq kreditin olmadığı ona bildirilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" BOKT MMC ilə xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilə barəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Bununla belə məhkəmə sərəncamına əsasən Mərkəzi Bank tərəfindən sözügedən müqavilə ilə bağlı "xxxx" BOKT MMC-yə müvafiq sorğu edilmişdir. Sorğu ilə bağlı təqdim edilmiş arayışdan və hesabdan çıxarışlardan aydın olmuşdur ki, xx.xx.2014-cü il tarixli, 124374/14 saylı kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2015-ci il tarixinə əsas borcu 7679,85 ABŞ dolları, xx.xx.2015-ci il tarixinə isə 5.078,58 ABŞ dolları təşkil etmişdir. Həmin sənədlərə əsasən o da müəyyən edilir ki, xx.xx.2020-ci il tarixinə iddiaçının 2882,31 ABŞ dolları məbləğində ödəniş müddəti keçmiş əsas kredit borcu qalmaqdadır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona Fərmanın 1.1-ci və 1.2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla xx.xx.2014-cü il tarixli, 124374/14 saylı kredit müqaviləsi üzrə cəmi 4.967,10 manat məbləğində kompensasiya məbləğinin hesablanmasına (hesablanmış kompensasiya məbləğinin ilk növbədə həmin müqavilə üzrə ödəniş müddəti keçmiş kredit borcuna yönəldilməklə) etiraz edilmir. Üçüncü şəxs "xxxx" BOKT MMC iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq göstərmişdir ki, İddiaçı 2014-cü il 17 dekabr tarixində "xxxx" BOKT MMCdən 8000 ABŞ dolları məbləğində kedit götürmüşdür. Həmin kredit üzrə kredit müqaviləsində müştərinin şəxsiyyət vəsiqəsinin nömrəsi A7F-0******* əvəzinə səhv olaraq AZL-06970081 yazıldığına görə MKR-də əksini tapmamışdır. MKR məlumatlarında olmadığına görə müştəriyə məlum Fərmanla kompensasiya hesablanmamışdır. Vəsiqə nömrəsi 0******* əvəzinə 06970085 kimi qeyd edilmişdir. Kompensasiya ödənilməsi Azərbaycan Respublikasında həm hüquqi və həmdə fiziki şəxslərinin maddi vəziyyətinin stabilləşdirilməsi, əhalinin rifahının yaxşılaşdırılması və sosial vəziyyətin yaxşılaşdırılması üçün atılan mühüm addımlardan biridir. Bunun nəticəsində fərmanın güzəştlərindən istifadə edən hüquqi və fiziki şəxslər iqtisadi vəziyyətlərini tənzimləmişlər. Kompensasiyanın şamil olunması vətəndaş qədər onlara da vacibdir və lazımdır. Kompensasiya onların hesabına köçür və təşkilat həm müəyyən vəsait əldə edir, həm də ödənilməyən kredit müqaviləsini restrukturizasiya edir. Tərəflərindən dəfələrlə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunmuşdur. Səhvin düzəldilməsi və vətəndaşa kompensasiya ödənilməsi xahiş edilmişdir. Lakin naməlum səbəblərdən xahişi nəzərə alnmamış və icra edilməmişdir. Onların təşkilat “Kred Aqro" BOKİ MMC bank olmayan kredit təşkilatı olduğundan belə əməliyyatları yerinə yetirə bilmirlər. Bu səbəblə “TexnikaBank” ilə aralarıda olan müqavilə əsasında sözügedən əməliyyatları yerinə yetirmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsi iddiaya dair verilmiş yazılı münasibətə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya dair yazılı münasibətə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsinə etiraz etmədiyi bildirmişdir. Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, cavabdeh məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli CACal 124374/14 saylı kredit müqaviləsi üzrə 15 noyabr 2016-cı il tarixli 1 saylı Əlavə razılaşmadan görünür ki, “kreditor” "xxxx" Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə “borcalan” İddiaçı aralarında bağlanmış xx.xx.2014cü il tarixli CACal 124374/14 saylı kredit müqaviləsi üzrə kreditin məbləği restrukturizasiyası olunaraq 4609,53 ABŞ dolları, kreditin məbləği 30 ay, 28% müəyyən edilmiş, restrukturizasiya üzrə razılaşdırılmış müddət xx.xx.2016-cı il tarixdən xx.xx.2019cu il tarixədək uzadılmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli CACal 124374/14 saylı kredit müqaviləsi üzrə 22 noyabr 2017-ci il tarixli 1 saylı Əlavə razılaşmadan görünür ki, “kreditor” "xxxx" Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə “borcalan” İddiaçı aralarında bağlanmış xx.xx.2014-cü il tarixli CACal 124374/14 saylı kredit müqaviləsi üzrə kreditin məbləği restrukturizasiyası olunaraq 4032,89 ABŞ dolları, kreditin məbləği 30 ay, 28% müəyyən edilmiş, restrukturizasiya üzrə razılaşdırılmış müddət xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, İddiaçı barəsində olan kredit məlumatlarının icmalında iddiaçının aktiv öhdəliklərində və bağlanmış öhdəliklərinin siyahısında xx.xx.2014-cü il tarixli CACal 124374/14 saylı kredit müqaviləsi üzrə öhdəlikləri öz əskini tapmamışdır. İşdə olan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı müraciətinə Maliyyə Bazarlarının Nəzarət Palatasının Apelyasiya Komissiyasında baxılmış və cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə fiziki şəxslərə müvafiq kompensasiyalar devalivasiya baş verdiyi günə (xx.xx.2015-ci il və ya xx.xx.2015-ci il tarixlərə) banklar və ya kredit təşkilatlarında 10000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) əsas kredit borcları olduğu təqdirdə verilir. Onun xarici valyutada kreditləri üzrə həmin tarixlərə qalıq borcu olmadığı üçün Fərmanın əhatəsi dairəsinə düşməmişdir. İşdə olan "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış G № 2005/19 saylı, 28 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanı çərçivəsində bu fərmandan yararlana biləcək müştərilərin siyahısının Maliyyə Bazarların Nəzarət Palatası ilə dəqiqləşdirilməsi zamanı ərizədə qeyd edilən uyğunsuzluq (şəxsiyyət vəsiqəsinin nömrəsində olan uyğunsuzluq) müəyyən edilmiş və Maliyyə Bazarların Nəzarət Palatasına yaradılmış Apelyasiya Komissiyası tərəfindən məlumatın dəqiqləşdirilməsi məqsədi ilə edilən sorğu müvafiq sənədlər əlavə edilməklə cari ilin may ayında Apelyasiya Komissiyasına təqdim edilmişdir. Fərman daxilində həm kompensasiya, həm də restrukturizasiyadan yararlanmaq üçün yekun siyahının təsdiq edilməsi Maliyyə Bazarların Nəzarət Palatasının səlahiyyəti daxilindədir və Maliyyə Bazarların Nəzarət Palatası tərəfindən onun kreditin Fərmandan yararlanması barədə qərar verilən kimi tərəflərindən dərhal uyğun addımlar atılacaqdır. İşdə olan "xxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, G № 0253 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixə 124374/14 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə qalıq 7679,85 ABŞ dolları, xx.xx.2015-ci il tarixə 5078,58 ABŞ dolları və xx.xx.2020-ci il tarixə 2882,31 ABŞ dolları borcu vardır. Hal-hazırda 100 gündür gecikmədədir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı xx.xx.2014-cü il tarixli CACal 124374/14 saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT MMCdən 8000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsi 15 noyabr 2016-cı il tarixdə və 22 noyabr 2017-ci il tarixlərdə restrukturizasiya olunmuş və kreditin məbləği 4032,89 ABŞ dolları, illik faiz dərəcəsi 28 faiz, müddəti 30 ay olmaqla xx.xx.2020ci il tarixədək uzadılmışdır. İddiaçının həmin kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə əsas borc üzrə qalıq 7679,85 ABŞ dolları, xx.xx.2015-ci il tarixə 5078,58 ABŞ dolları və xx.xx.2020-ci il tarixə 2882,31 ABŞ dolları borcu mövcud olmuşdur. İddiaçı "xxxx" BOKT MMC ilə bağladığı kredit müqaviləsi üzrə kredit məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il, 551 saylı Fərmanının əhatə dairəsinə düşdüyü halda, həmin Fərmanın ona münasibətdə tətbiq edilmədiyini, buna görə də ödənilməli olan kompensasiya məbləğinin hesablanmasını cavabdehdən tələb edir. İddiaçı bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etsə də, lakin onun xarici valyutada kreditləri üzrə həmin tarixlərə qalıq borcu olmadığı əsası ilə Fərmanın əhatəsi dairəsinə düşmədiyi göstərilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaya dair verilmiş yazılı müraciətində X1 Kredit Reyestri və Fərman çərçivəsində yaradılmış məlumatı bazasına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" BOKT MMC ilə xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən müqavilə barəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına vaxtında hər hansı məlumatlar təqdim olunmadığından iddiaçının adı bu hissədə Fərmanın çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilmədiyini göstərmişdir. Məhkəmə araşdırması nəticəsində iş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışa baxış keçirilərkən, həqiqətən də xx.xx.2014-cü il tarixli CACal 124374/14 saylı kredit müqaviləsi üzrə qeydlər daxil edilmədiyi, buna əsas olaraq iddiaçının şəxsiyyət vəsiqəsinin nömrəsi AZE 0******* əvəzinə səhv olaraq AZE 06970081 göstərildiyi səbəbindən X1 Kredit Reyestrində məlumatlar olmadığı müəyyən edilmişdir. X1 Kredit Reyestrində və Problemli Kreditlərin məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" BOKT MMC ilə xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyi əsası ilə həmin hüququ mövcud olduğu, yəni iddiaçı sözügedən Fərmanın təsir dairəsinə düşən şəxslərin siyahısına aid olduğu halda, ona kompensasiya hesablanmaması əsassız olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 1-ci bəndinə əsasən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”ndan görünür ki, Bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2-ci bəndinə əsasən 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Fərmanının 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir. İddiaçı ilə "xxxx" BOKT MMC arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixində bağlandığından, ona verilmiş kredit məbləği 10000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmadığından onun həmin Fərmanın çərçivəsinə daxilində sözügedən kredit müqaviləsi üzrə kompensasiya almaq hüququ olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə kredit təşkilatı arasında Azərbaycan manatı valyutasında bağlanmış kredit müqaviləsi üzrə məlumatların Mərkəzi Kredit Reyestrinə düzgün daxil edilməməsinə istinad edərək onun adının kompensasiya alacaq şəxslər siyahısına daxil edilməməsi əsassız olmuşdur və iddiaçını kompensasiya almaq hüququndan məhrum etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibətdə sözügedən kredit müqaviləsi üzrə ödənilməli olan kompensasiya məbləğinin 4967,10 manat təşkil etdiyi göstərilmiş, bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona həmin məbləğdə kompensasiya məbləğinin ödənilməsini tələb etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində iddiaçıya ödənilməli olan 4967,10 manat kompensasiya məbləğinin hesablanması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 75-ci və 85-ci maddəsinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində ödənilməli olan 4967,10 (dörd min doqquz yüz altmış yeddi manat, on qəpik) manat kompensasiya məbləğinin İddiaçı hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2934/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2934/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver