Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2936/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (mütəxəssis vəzifəsində işləyən, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyası almaq hüququ yarandığı gündən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hüququnun yarandığı 64 yaş 6 ayının tamam olduğu gündən əmək pensiyasının hesablanması, yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. 28.01.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. 10.01.2003-cü il tarixinə qədər müxtəlif orqan və təşkilatlarda işləmişdir. Ümumilikdə 25 ildən çox sığorta stajı vardır. Əmək fəaliyyətinin 3 ilə yaxın müddətində Nəsimi rayon X3 işləmişdir. Belə ki, Agentliyin 02.03.2000-ci il tarixli 7 nömrəli əmri ilə sığorta agenti vəzifəsinə qəbul edilmiş, 10.01.2003-cü il tarixli əmri ilə öz ərizəsinə əsasən vəzifəsindən azad edilmişdir. İşə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. İddiaçı 19.08.2020-ci il tarixli ərizə ilə cavabdehə pensiya təyin edilməsi barədə müraciət etmişdir. Lakin İddiaçı müraciət etdiyi vaxt kifayət qədər əmək stajı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Cavabdeh 05.11.2020-ci il tarixli cavab məktubu ilə iddiaçının 25 ildən az sığorta stajı olması səbəbi ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Pensiya təyin edilməsinin mümkün olmaması haqqında məktubda iddiaçının 09.02.2000-10.01.2003-cü illərdə işləmiş olduğu Nəsimi rayon Dövlət Sığorta Agentliyinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunmasının mümkün hesab edilmədiyi qeyd edilmişdir. Həmçinin 01.01.2006-cı ildən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı və 01.01.2006-cı il tarixədək olan sığorta kapitalının tələb olunan sığorta kapitalından az olduğu və pensiya təminatına imkan vermədiyi qeyd edilmişdir. İddiaçı hesab edir ki, onun iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasında olan məlumatın həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Mübahisə olunan dövr iş yerindən verilən əmək kitabçasında qeyd edildiyindən, həmin qeydin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən bəhs edilən dövr iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh iddiaya dair verilmiş yazılı etirazı məhkəməyə təqdim edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin iddiaçının müraciətinə cavabdeh tərəfindən imtina verilmişdir. İnzibati aktdan narazı qalan iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Hesab olunur ki, iddiaçıya verilmiş imtina qanuni əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1 -ci bəndinə əsasən 01.01.2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 638 nömrəli qərarı ilə təsdiq olunmuş Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 3-cü maddəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1955-ci ildə Azərbaycan Respublikasının Salyan şəhərində anadan olmuşdur. Onun pensiya hüququ 24.04.2020-ci il tarixində yaranmışdır və 17.08.2020-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filalına yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə 05.11.2020-ci il tarixli **********5 nömrəli məktubla imtina verilmişdir. İddiaçının 28.01.1974-ci ildə tərtib olunmuş əmək kitabçasında 13.02.2000-ci ilədək 24 il 5 ay sığorta stajının olduğu mübahisəsizdir. Lakin 02.03.2000-ci ildən 10.01.2003-cü ilədək olan stajı mübahisəlidir. Belə ki, iddiaçının 02.03.2000-cü ildən 10.01.2003-cü ilədək işlədiyini iddia etdiyi Nəsimi rayon Dövlət Sığorta Agentliyində Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən qarşılıqlı yoxlama keçirilmiş və İddiaçı Əliqulu oğluna aid arxiv sənədlərinin saxlanılmadığı müəyyən olunmuşdur. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əməkdaşları Z.Bəxtiyarov, N.Kərimov və Nəsimi rayon Dövlət Sığorta Agentliyinin direktoru M.Mirzəyevanın iştirakı ilə 12 oktyabr 2020-ci il tarixdə akt tərtib olunmuşdur. Akt adı çəkilən şəxslərin imzasıyla təsdiq olunmuşdur. İddiaçının məhkəməyə müraciətindən sonra yenidən araşdırma aparılmış və 30 dekabr 2020-ci il tarixli **********0 nömrəli məktubla Milli Arxiv İdarəsinə, 30 dekabr 2020-ci il tarixli **********3 nömrəli məktubla Nəsimi rayon Dövlət Sığorta Agentliyinə sorğu verilmişdir. Milli Arxiv İdarəsinin 25 yanvar 2021-ci il tarixli 4/78 nömrəli məktubunda Nəsimi rayon Dövlət Sığorta Agentliyinin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilmədiyi bildirilmişdir. Nəsimi rayon Dövlət Sığorta Agentliyinin 18 fevral 2021-ci il tarixli məktubunda isə İddiaçı Əliqulu oğlunun həmin agentlikdə işlədiyi illərə dair əmək haqqı cədvəlləri və işə daxil olma və işdən azad olma əmrləri barədə məlumatlar göndərilmişdir. Göndərilən məlumatlarda qeyd edilən işə daxil olma əmrinin 5 nömrəli olması və əmək kitabçasındakı işə daxil olma əmrinin 7 nömrəli olması agentlik tərəfindən göndərilən məlumatların əsaslılığı barədə şübhələr oyatmışdır. Bununla əlaqədar 29 mart 2021-ci il tarixdə agentlikdə yenidən qarşılıqlı yoxlama keçirilmiş və İddiaçı Əliqulu oğluna məxsus olan arxiv sənədlərinin saxlanılmadığı müəyyən olunmuş və Nəsimi rayon Dövlət Sığorta Agentliyinin məktuba cavab kimi göndərilən arxiv sənədlərinin əslini təqdim edə bilməmişdir. Həmin tarixdə tərib olunmuş aktı agentliyin direktoru M.Mirzəyeva öz imzasıyla təsdiq etmişdir. İddiaçının təqdim etdiyi iş stajını təsdiq edən sənədlər (əmək kitabçası, arxiv arayışı, iş verindən arayış, məhkəmə aktı) mötəbər olmalıdır. Yuxarıda göstərilən səbəblərdən dolayı təqdim edilmiş sənədlərin mötəbərliyi əsaslı şübhələr doğurur və mübahisələndirilən illərin sığorta stajı kimi nəzərə alınmasını qeyri-mümkün edir. Beləliklə iddiaçıya əmək pensiyası təyin edilməsi üçün iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də (24.04.2020-cu ildə iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə çatmışdır), iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və azı 25 il sığorta stajına malik deyil. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1955-ci il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 20 may 1974-cü il tarixdən 09 iyun 1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ЗВ № 586363 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1977-ci il tarixdən 1982-ci il tarixədək X5 Kooperativ İnstitutunda tam kursunu bitirmişdir. İşdə olan iddiaçıya məxsus 28 yanvar 1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 02 mart 2000-ci il tarixdən 10 yanvar 2003-cü il tarixədək Nəsimi rayon Dövlət Sığorta Agentliydə sığorta agenti vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Nəsimi rayon Sığorta filialında işləməsi barədə əmrlərdən çıxarış və 2000, 2001, 2002-ci illərə aid əmək haqqından çıxarış vərəqələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Nəsimi rayon filialının direktoru M.A.Mirzəyeva tərəfindən verilmiş 05 saylı əmrdən görünür ki, İddiaçı 02 mart 2000-ci il tarixdə Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığorta agenti vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Nəsimi rayon filialının direktoru M.A.Mirzəyeva tərəfindən verilmiş 05 saylı əmrdən görünür ki, İddiaçı 10 yanvar 2003-cü il tarixdə Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığorta agenti vəzifəsinə qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 05 noyabr 2020-ci il tarixli, **********5 saylı məktubla pensiya təyin edilməsindən imtina edilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN” Xidmət Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış və bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 24 il 5 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. 28.01.1974-cü il tarixli əmək kitabçasında qeyd olunmuş 09.02.2000-ci ildən 10.01.2003-cü ilədək işləmiş olduğu “Nəsimi rayon Dövlət Sığorta Agentliyi”nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab olunmur. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin 01.01.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (24 il 5 ay) sığorta kapitalı 18100,07 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “pensiya kapitalının məbləğinin” sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11 -ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə -144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müvavinətin təyin edilməsi üçün müvafiq xidmət nümayəndəliyinə müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (9899,93 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının tələbi əsaslıdır və həmin dövrlər pensiya təyin edilməsi üçün əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasında onun 13.02.2000-ci il tarixədək işlədiyi dövr və 24 il 5 ay müddətinə sığorta stajına malik olması mübahisələndirilmir. Hazırki halda iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığorta agenti vəzifəsində işlədiyi 02.03.2000-ci il tarixdən 10.01.2003-cü il tarixədək olan müddətin sosial sığorta stajına hesablanması ilə bağlı mübahisə yarandığından, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Buna görə də iddiaçı həmin müddətin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X7 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İş materiallarında olan iddiaçıya məxsus 28.01.1974-cü il tarixli əmək kitabçası əsasında onun 02.03.2000-ci il tarixdən 10.01.2003-cü il tarixədək Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığrota agenti vəzifəsində işləməsi öz təsdiqini tapmışdır. Lakin cavabdeh pensiyanın təyin edilməsi üçün aparılmış qarşılıqlı yoxlama zamanı Nəsimi rayon Dövlət Sığorta Agentliyində iddiaçıya aid arxiv sənədlərinin saxlanmadığının müəyyən edildiyi, həmçinin aparılmış araşdırma zamanı Nəsimi rayon Dövlət Sığorta Agentliyinin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilmədiyi əsası ilə həmin illəri iş stajına hesablamaqdan imtina etmiş, bununla bağlı sübut olaraq yerində akt tərtib edilməsini göstərmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Hazırki halda iddiaçıya məxsus əmək kitabçasında onun 02.03.2000-ci il tarixdən 10.01.2003-cü il tarixədək Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığorta agenti vəzifəsində işləməsi direktorun imzası və Agentliyin möhürü ilə təsdiq edilmişdir. Həmçinin sorğu əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən əldə edilmiş əmrlərdən çıxarış və əmək haqqından çıxarış vərəqələri iddiaçının həmin dövr ərzində Nəsimi rayon Dövlət Sığorta Agentliyində işləməsini təsdiq edir. Belə olan halda göstərilən əsaslarla iddiaçının işlədiyi illərin ümumi iş stajına hesablanmaması əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2019-cu ilin iyul ayının 1-dən 2020-ci ilin iyul ayının 1-dək kişilərin yaş həddi 64 yaş 6 ay olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, 64 yaşı 6 ayının 24.04.2020-ci ildə tamam olmuşdur. İddiaçının 02.03.2000-ci il tarixdən 10.01.2003-cü il tarixədək Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığorta agenti işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun ümumi sosial sığorta stajı 25 ildən artıq müddəti təşkil edir. Bu da iddiaçının qanunla tələb olunan minimum 25 il sosial sığorta stajından artıq staja malik olduğunu, onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir. Məhkəmə qeyd edir ki, cavabehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin İddiaçı 02.03.2000-ci il tarixdən 10.01.2003-cü il tarixədək Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığorta agenti vəzifəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 64 yaş 6 ayı tam olduğu 20.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 02.03.2000-ci il tarixdən 10.01.2003-cü il tarixədək Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığorta agenti vəzifəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 64 yaş 6 ayı tam olduğu 20.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2936/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2936/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver