Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2937/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 22.10.2020-ci il tarixli **********57 nömrəli imtinasını əsassız hesab edərək ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 46,0 kv.metr olan 2 otaqlı mənzilin onun adına mülkiyyət hüququ ilə qeydə alınması, mənzilə dair plan ölçü sxeminin və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 46,0 kv.metr olan 2 otaqlı mənzilin İddiaçı adına mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 46,0 kv.metr olan 2 otaqlı mənzilin ilkin kirayəçisi X5muşdur. Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının Aparatı, Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin 16.11.2020-ci il tarixli 3762 nömrəli arayışından və 22.09.2020-ci il tarixli 2922 nömrəli arayışlarından göründüyü kimi mənzilin ilkin kirayəçisi X8 25.06.1965ci ildən 31.10.1995-ci ilədək ünvan 2 ünvanında yerləşən mənzildə tək özü qeydiyyatda olmuş və 31.10.1995-ci il tarixində qeydiyyatdan çıxaraq Rusiya Federasiyasının Stavropol şəhərinə köçmüşdür. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı, Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin 16.11.2020-ci il tarixli 90 nömrəli digər arayışından göründüyü kimi İddiaçı 04.09.1992-ci ildən hal-hazıra kimi ünvan 1 qeydiyyatda olmaqla yaşayır. Eyni zamanda onunla birlikdə ailə üzvləri, həyat yoldaşı X10, qızları X2, X3 və nəvəsi 25.05.2015-ci il təvəllüdlü X7 qeydiyyatda olmaqla yaşayırlar və İddiaçı qeydiyyatda olduğu tarixindən hal-hazıradək mənzilin bütün kommunal xərclərini özü ödəyir. İddiaçı 2018-ci ilin əvvəllərində Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinə ərizə ilə müraciət edərək, mənzilin əsas kirayəçisinin başqa yerə köçməsi və mənzilin 1992-ci ildən hal hazıradək onun və ailə üzvlərinin faktiki istifadəsində olmasını əsas götürərək yaşayış sahəsinin kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmiş və onun ərizəsi qəbul edilərək Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərüfat Departamentinin 19 fevral 2018-ci il tarixli 07/8 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 46,0 kv.metr olan 2 otaqlı mənzilin kirayə müqaviləsi adları sadalanmış 5 nəfər ailə üzvləri ilə iddiaçının adıına dəyişdirilərək o, həmin mənzilin kirayəçisi olmuşdur. Göstərilən sənədlərə əsasən mənzil 1992-ci ildən faktiki olaraq iddiaçının və ailə üzvlərinin istifadəsində olduğundan həyat yoldaşı X10, qızları X2, X3 Bakı şəhəri 41 saylı Dövlət notariat kontorunda ərizə yazaraq ünvan 2 ünvanında yerləşən evin iddiaçının adıına özəlləşdirilməsinə və qeydiyyatdan keçirilməsinə etiraz etmədiklərini yazaraq təsdiq etdirib, mənzilin onun adıına özəlləşdirilərək çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri mənzilə gələrək ölçü işlərini apardıqdan qısa müddət sonra Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfat Departamentinin sərəncamının 19 fevral 2018-ci il tarixdə verildiyindən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ilin oktyabr 1-dək) dövlət və ya ictimai mənzil fondunun yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olduğunu və 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələrinin mülkiyyətə deyil, yalnız istifadəyə verilə biləcəyini əsas gətirərək 22.10.2020-ci il tarixli imtina məktubu vermişdir. İddiaçı ailə üzvləri ilə birlikdə 04.09.1992-ci ildə özəlləşdirmək istədiyi mənzilin kirayəçisi olmuş X6 razılığı ilə həmin mənzilə köçmüş onunla ailə üzvü kimi həmin mənzildə birgə yaşamış, birgə təsərrüfat aparmışdır. Sonradan isə A.Belyaşın 1995-ci ildə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüşdür. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü bəndinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bakı şəhəri, Arif İsmayılov küçəsi, 37 saylı evin 3 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsinə dair Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin sərəncamının 19 fevral 2018-ci il tarixli, 07/18 nömrəli Sərəncamına əsasən, iddiaçı ailə üzvləri ilə birlikdə 1992-ci ildən həmin mənzildə yaşadığına və A.Belyaşının 1995-ci ildə həmin mənzildən çıxıb Rusiyaya köçdüyünə görə həmin mənzilin kirayə müqaviləsi onun adıına dəyişdirilmiş və 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 149 saylı Mənzil-Kommunal İstitsmar Sahəsinə iddiaçının adıına şəxsi maliyyə hesabının açılması tapşırılmışdır. Həmin mənzilin istifadəsi ilə bağlı münasibətlər 01.10.2009-cu il tarixinədək əmələ gəldiyi üçün, qeyd olunan mənzilə dair iddiaçının adına dəyişdirilmiş kirayə müqaviləsi sosial kirayə müqaviləsi hesab oluna bilməz, sərəncamın özündə də mənzilin kirayə müqaviləsi sosial kirayə müqaviləsi kimi adlandırılmır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu qanuni qüvvəyə minən günədək "‘Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdeh tərəfindən mənzilin özəlləşdirilməsinə dair verdiyi imtina tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, iddiaçıya qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 07/8 saylı sərəncam 19.02.2018-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Bu səbəbdən də iddia ərizəsi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.10.2020-ci il tarixli **********57 nömrəli məktubda qeyd edilir: Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, 37 saylı evin, 3 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 02.10.2020-ci il tarixli ərizənizə və sənəd surətlərinə tərəfimizdən baxılmışdır. Aparılan araşdırma zamanı vətəndaş İddiaçı qeyd olunan mənzilə dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 07/8 saylı sərəncamın 19.02.2018-ci il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Departamentinin 19 fevral 2018-ci il tarixli, 07/8 nömrəli Sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Arif İsmayılov küçəsində yerləşən 37 saylı evin, yaşayış sahəsi 46,0 kv.metr olan 2 otaqlı 3 saylı mənzilinin kirayəçisi X8 başqa yerə köçməsi ilə əlaqədar 25.06.1965-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Hal-hazırda həmin mənzildə 1992-ci ildən qeydiyyata alınmış İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 qızı və nəvəsi) yaşayır. İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinə ərizə ilə müraciət edərək mənzilin əsas kirayəçisinin başqa yerə köçməsi ilə əlaqədar qeydiyyatdan çıxmasını nəzərə alaraq yaşayış sahəsinin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Arif İsmayılov küçəsində yerləşən 37 saylı evin, yaşayış sahəsi 46,0 kv.metr olan 2 otaqlı 3 saylı mənzilinin kirayə müqaviləsinin 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 qızı və nəvəsi) İddiaçı adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır (həmin sərəncamın təsdiq edilmiş surəti 08.01.2021-ci il tarixli məktubla Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Departamenti tərəfindən də məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı XTMKTB-nin 149 saylı MKİS-nın 323 saylı 19.01.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı A.İsmayılov küçəsindəki 37 nömrəli evin 3 nömrəli mənzildə yaşayır. İddiaçı ailəsi 5 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: İddiaçı – özü (qeydiyyata alındığı tarix 04.09.1992-ci il), X10 – həyat yoldaşı (qeydiyyata alındığı tarix 18.03.1994-cü il), X2 – qızı (qeydiyyata alındığı tarix 18.03.1994-cü il), X3 – qızı (qeydiyyata alındığı tarix 18.03.1994-cü il), X7 - nəvəsi (25.05.2015-ci il təvəllüdlüdür, qeydiyyata alındığı tarix 29.11.2015-ci il). İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı XTMKTB-nin 149 saylı MKİS-nın 3696 saylı 05.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 4 ünvanda 1992-ci ildən qeydiyyatdadır və məişət tullantılarının daşınma haqqını hal-hazıra kimi özü ödəyir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı XTMKTB-nin 149 saylı MKİS-nın 3762 saylı 16.11.2020-ci il tarixli arayışından görünür ki, X8 Bakı şəhəri, ünvan 5 ünvana 25.06.1965-ci ildə qeydiyyata düşmüş və 31.10.1995-ci ildə qeydiyyatdan çıxmış, Rusiya Federasiyasına, Stavropol şəhərinə getmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 149 saylı MKİSnın Vəkil ünvanlanmış 16.11.2020-ci il tarixli 90 saylı məktubundan görünür ki, X1 04.09.1992-ci ildən hal-hazıra kimi ünvan 6 ünvanında qeydiyyatdadır və həmin ildən ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı 1992-ci ildən hal-hazıra kimi kommunal xərclərini özü ödəyir. İş materiallarında olan X2 və X3 tərəfindən 25.09.2020-ci il tarixdə imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, 37 saylı evdə yerləşən 3 saylı mənzilin ataları İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər, razıdırlar. İş materiallarında olan X10 tərəfindən 25.09.2020-ci il tarixdə imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, 37 saylı evdə yerləşən 3 saylı mənzilin əri İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir, razıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Arif İsmayılov küçəsində yerləşən 37 saylı evin, yaşayış sahəsi 46,0 kv.metr olan 2 otaqlı 3 saylı mənzilinin kirayəçisi X5muşdur. O, həmin ünvana 25.06.1965-ci ildə qeydiyyata düşmüş və 31.10.1995-ci ildə qeydiyyatdan çıxmış, Rusiya Federasiyasına getmişdir. Hazırda həmin mənzildə iddiaçı 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 qızı və nəvəsi) birlikdə yaşayır. İddiaçı 04.09.1992-ci ildən həmin mənzildə qeydiyyatdadır və orada yaşayır. İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinə ərizə ilə müraciət edərək mənzilin əsas kirayəçisinin başqa yerə köçməsi ilə əlaqədar qeydiyyatdan çıxmasını nəzərə alaraq yaşayış sahəsinin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmiş və Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 19 fevral 2018-ci il tarixli, 07/8 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Arif İsmayılov küçəsində yerləşən 37 saylı evin, yaşayış sahəsi 46,0 kv.metr olan 2 otaqlı 3 saylı mənzilinin kirayə müqaviləsinin 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 qızı və nəvəsi) İddiaçı adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. İddiaçının həmin mənzildə yaşayan ailə üzvləri - qızları X2 və X3, arvadı X10 həm kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına, həm də mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməmişlər (notarial qaydada təsdiq edilmiş ərizələr iş materiallarına əlavə edilmişdir), notarial qaydada təsdiq edilmiş ərizə ilə razılıqlarını bildirmişlər (iddiaçının nəvəsi X7 25.05.2015-ci il təvəllüdlüdür). İddiaçı qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının adına qeyd olunan mənzilə dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 07/8 saylı sərəncamın 19.02.2018-ci il tarixdə verildiyini bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan sərəncam 19.02.2018-ci il tarixdə imzalansa da, iddiaçının mübahisəli mənzilə hüquqları həmin tarixdən deyil, daha əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək - 01.10.2009-cu ilədək yaranmışdır. Belə ki, həmin mənzilinin əvvəlki kirayəçisi 31.10.1995-ci ildə qeydiyyatdan çıxmış və başqa ünvana köçmüşdür, iddiaçı isə həmin mənzildə 1992-ci ildən ailəsi ilə birlikdə qeydiyyatda olmaqla həmin tarixdən orada yaşayır, qeyd olunanlar nəzərə alınmaqla da Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 07/8 saylı 19.02.2018-ci il tarixli sərəncamına əsasən həmin mənzilin kirayə müqaviləsinin 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 qızı və nəvəsi) iddiaçının adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 37 ünvanında yerləşən yaşayış sahəsi 46,0 kv.m olan 2 otaqlı 3 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2937/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2937/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver