Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2938/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüquqların qeydiyyatı ilə bağlı reyestrdə düzəliş edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüquqların qeydiyyatı ilə bağlı reyestrdə düzəliş edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirilir ki, 1963-cü ildə Bağlar İdarəsi tərəfindən Bakı şəhəri, Əzizbəyov (hazırkı Xəzər) rayonu, Şüvəlan qəsəbəsində onun (iddiaçının) atasına 6563 saylı müqavilə əsasında 989 nömrəli bağ sahəsi verilmişdir. Həmin müqavilədə göstərilən torpaq sahəsinin ölçüsü və müqaviləyə əlavə olunan torpaq sahəsinin cizgiləri üst-ustə düşmürdü. Torpaq sahəsinin cizgilərində bütün ölçülərinin faktiki olaraq düzgün göstərilməsinə baxmayaraq, müqavilədə torpaq sahəsinin ölçüsünü səhv olaraq az göstərilmişdir. Həmin müqavilənin surəti saxlanılmamışdır. İddiaçı həmin müqaviləni əldə etmək üçün AR Milli Arxiv İdarəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, yalnız məhkəmə sorğusu əsasında həmin müqavilənin surəti və ona əlavə olunmuş sənədlər təqdim oluna bilər. İddiaçının atasının vəfatından sonra həmin müqavilə əsasında bağ sahəsi 8 yanvar 1982-ci il tarixli 6563 saylı müqavilə əsasında iddiaçının anası X3 verilmişdir. Həmin bağ sahəsi 1996-cı ildə ailədə iki bacı arasında bölünmüşdür. Ərizəyə əlavə edilən 3 sentyabr 1996-cı il tarixli 989 saylı müqavilə əsasında və həmən müqaviləyə əlavə edilən cizgilərə uyğun olaraq ona (iddiaçıya) 776,0 kv.m ölçüdə bağ verilmişdir. İddiaçı həmin cizgilərə uyğun olan və faktiki istifadəsindəki torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün 2015-ci ildə ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətin əsasında ona bildirilmişdir ki, yalnız 500.0 kv.m torpaq sahəsinə dair reyestrdən çıxarış verilə bilər, qalan 276,0 kv.m sahə qanunsuz istifadədədir. Beləliklə ona 500 kv.m torpaq sahəsinə uyğun olaraq RX seriyalı ******* saylı çıxarış verilmişdir və o, həmin dövrdə işi olduğuna görə qalan 276,0 kv.m torpaq sahəsinin özəlləşdirilməsi ilə məşğul olmamışdır. Bu ərəfədə iddiaçı ərizəsində ətraflı olaraq yaranmış vəziyyəti izah edərək faktiki istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın alınması üçün cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin 5 noyabr 2020-ci il tarixli məktubla ona cavab verilmişdir. Məktubda bildirilmişdir ki, torpaq sahəsini özbaşına zəbt etmək qanunsuzdur. Cavabdeh tərəfindən qeyd olunan zəbt olunmuş ərazini zəbt etmək mümkün deyil, çünki sahənin bütün tərəfləri hasarlıdır və hər bir tərəfində qonşular faktiki olaraq yaşayır, bir tərəfi də ensiz yoldu. İddiaçının bağı demək olar ki, S.Rüstəmovun və tanınmış akademik Ş.Əzizbəyovun bağların arasındadır və onun tanınmış şəxslərin bağlarını qanunsuz zəbt etməsi ağlabatan deyil. Adıçəkilən şəxslərin nəvələri bu gün də həmin bağda yaşayırlar və onların heç vaxt bağla bağlı iddiaçıya etiraz və iddiaları olmamışdır. İşlə əlaqədar olan bütün sənədlər iddia ərizəsinə əlavə edilir və həmin sənədlər cavabdehə müraciət edərkən ərizəyə də əlavə olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, AR Mülki Məcəlləsinin 139-1, 152.1, AR Mülki Prosessual Məcəlləsinin 8, 9, 14-cü maddələrinə, İPM-in 12-ci maddəsinə, «Dövlət rüsumu haqqında» AR Qanununun 9.1.2-ci maddəsinə əsaslanaraq, 1963-cü ildən faktiki istifadədə olan Bakı şəhəri, Xəzər (keçmiş Əzizbəyov) rayonu, Şüvəlan qəsəbəsində yerləşən 989 nömrəli bağ sahəsinə dair RX seriyalı ******* saylı reyestrdən çıxarışda dəyişilik edilərək sahənin ölçüsü qrafasında 0,05 ha ölçünün 0,0776 ha kimi göstərilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamına uyğun olaraq cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunur: - İddiaçı iddiası etirazla qarşılanır. Vətəndaş tərəfindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar vəfat etdiyi təqdirdə vərəsəlik işinin açılması barədə notariusun məktubu) əsilləri təqdim olunmamışdır. Göstərilənlərə və AR Torpaq Məcəlləsinin 111.1-ci naddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8, 9, 11.1, 23-cü maddələrinə, İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmuna uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 63.1-ci maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 63.2-ci maddəsinə görə inzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 989 saylı bağ sahəsinin İddiaçı istifadəsinə verilməsi barədə onunla Bakı ŞİH X1 və İstismarı Birliyi arasında 3 sentyabr 1996-cı il tarixdə müqavilə bağlanmışdır. İddiaçının həmin bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 7 fevral 2015-ci il tarixdə RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü 0,05 ha göstərilmişdir. Sonradan iddiaçı sözügedən bağ sahəsinin faktiki istifadəsində 0,0780 ha ölçüdə olmasını, DƏDRX Bakı şəhər Ərazi İdarəsinin verdiyi “Torpaq sahəsinin planı” sənədində də həmin ölçünün əks olunduğunu əsas gətirərək reyestrdə müvafiq dəyişiklik edilməklə yeni reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 989 nömrəli bağ sahəsinin ayrılması barədə müvafiq müqavilədə torpaq sahəsinin ölçüsü 0,05 ha göstərildiyindən və həmin müqaviləyə dəyişiklik olunmadığından, o, 0,05 ha ölçüdə torpaq sahəsinin qanuni istifadəçisi sayılır. Həmin bağ sahəsinə bitişik və ya vahid hasar daxilində olan qalan 0,0280 ha ölçüdə torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hər hansı hüquq müəyyənedici sənədin (qərar, müqavilə. order və s.) mövcudluğu hazırkı məhkəmə icraatında müəyyən edilmir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı mülkiyyətində olan bağ sahəsinin ölçüsünün dəyişdirilməsinə tutarlı əsas təqdim etmədiyindən, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və onun hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarısinə qarşı «torpaq sahəsinə hüquqların qeydiyyatı ilə bağlı reyestrdə düzəliş edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 68 – 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarısinə qarşı «torpaq sahəsinə hüquqların qeydiyyatı ilə bağlı reyestrdə düzəliş edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2938/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2938/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver