Məhkəmə qərarları › İş №2-1(112)-2938/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2938/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2938/2025 26.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0,25 ha sahəsi olan, 2611 saylı bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının mərhum anası X7 məxsus olması barədə arayışın və X4 adına olan əmlakın qanun üzrə vərəsəsi olduğu üçün onun adına olan sözügedən 2611 saylı bağ sahəsində olan 0,25 ha torpaq sahəsinə dair texniki pasportun və çıxarışın İddiaçı verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,2306 ha sahəsi olan, 2611 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun X7 məxsus olması haqqında arayış verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il taixli qərardadı ilə ərizə təmin edilmiş, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, X3 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 hektar torpaq sahəsi olan 2611 saylı bağ sahəsi və onun üzərində yerləşən tikili mərhum anası X11 ilə Bakı şəhərinin İcraiyyə Komitəsinin Bağ Təsərrüfat İdarasi arasında 15248 №-li, xx.xx.1987-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasinda mərhum anası X11, mərhum atası X12 və İddiaçı həmin vaxtdan, yəni xx.xx.1987-ci il tarixindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 hektar torpaq sahəsi olan 2611 saylı bağ sahəsindən istifadə etmişdir. Mərhum atası X12 xx.xx.1982-ci il tarixində ölmüşdür. Mərhum anası X11 xx.xx.2006-cı il tarixində ölmüşdür. Anası və atası öldükdən sonra cavabdehə müraciət edərək mərhum anası X11 ilə Bakı şəhərinin İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında olan 15248 №-li, xx.xx.1987-ci il tarixli müqaviləsi əsasında daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, idarənin arxivində Ləhiş bağ massivində yerləşən eyni nömrəli torpaq sahəsi ilə bağlı X2 adına müqavilə mövcuddur. Bundan başqa, sahəyə dair yerləşmə cizgisi ilə faktiki sahə arasında konfiqurasiya fərqi mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0,25 ha göstərilsə də, faktiki olaraq 0,2306 ha təşkil edir. Üçüncü şəxsin etirazı: Üçüncü şəxs X3 iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının istinad etdiyi normaların bu işə aiddiyəti olmadığını müəyyən etmək olar. Hesab edir ki, arxiv qovluğunda mövcud olan sənədlər əsasında həmin torpaq sahəsi barədə qanuni əsaslarla X5 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 hektar torpaq sahəsinə dair bağlanılmış sonuncu xx.xx.1995-ci il tarixli, 15014 nömrəli müqavilə mövcuddur. Həmin müqavilədə bağ sahəsinin nömrəsi 2611 kimi qeyd edilmişdir. İddiaçı iddia ərizəsində göstərilənləri hər hansı sübutlarla təsdiq edə bilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 17 saylı dövlət notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, İddiaçı müraciəti əsasında xx.xx.2006-ci ildə ölmüş X4 adına vərəsəlik işi açılmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlər: Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X12 arasında bağlanmış xx.xx.1967-ci il tarixli, 15248 nömrəli “Bağ sahəsinin və tikililərinin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”nin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 2832 nömrəli, 0,25 ha bağ sahəsi X8 istifadəsinə verilmişdir; Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X12 arasında bağlanmış xx.xx.1974-ci il tarixli, 15248 nömrəli “Bağ sahəsinin və tikililərinin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”nin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 2611 nömrəli, 0,25 ha bağ sahəsi X8 istifadəsinə verilmişdir; Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X11 arasında bağlanmış xx.xx.1987-ci il tarixli, 15248 nömrəli “Bağ sahəsinin və tikililərinin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”nin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 2611 nömrəli, 0,25 ha bağ sahəsi X4 istifadəsinə verilmişdir; Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X9 arasında bağlanmış 1967-ci il tarixli, 15014 nömrəli “Bağ sahəsinin və tikililərinin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”nin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 2831 nömrəli, 0,25 ha bağ sahəsi X2 istifadəsinə verilmişdir; Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X9 arasında bağlanmış xx.xx.1974-cü il tarixli, 15014 nömrəli “Bağ sahəsinin və tikililərinin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”nin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 2610 nömrəli, 0,25 ha bağ sahəsi X2 istifadəsinə verilmişdir. Əlavə edilmiş ərizədə X2 2831 nömrəli bağ sahəsi barədə müqavilə bağlanmasının xahiş etdiyi görünür; Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X9 arasında bağlanmış xx.xx.1983-cü il tarixli, 15014 nömrəli “Bağ sahəsinin və tikililərinin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”nin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 2610 nömrəli, 0,25 ha bağ sahəsi X2 istifadəsinə verilmişdir; X6 və İstismar birliyi ilə X9 arasında bağlanmış xx.xx.1995-ci il tarixli, 15014 nömrəli “Bağın icarəyə verilməsi haqqında müqavilə”nin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 2611 nömrəli, 0,25 ha bağ sahəsi X2 istifadəsinə verilmişdir; xx.xx.1978-ci il tarixdə tərtib edilmiş cizgidə bağ nömrəsi “2833/2611” kimi qeyd edilmişdir. Qonşuluqda yerləşən bağlar “2834/2612”, “2832/2610”, “2683/2467” kimi göstərilmişdir. Digər tarixdə tərtib edilmiş cizgidə bağ nömrəsi “2832/2610” kimi qeyd edilmişdir. Qonşuluqda yerləşən bağlar “2831/2609”, “2833/2611”, “2682/2466” kimi göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçının istinad etdiyi xx.xx.1987-ci il tarixli, 15248 nömrəli müqavilədir. Cavabdehin imtinasının (etirazının) əsasını eyni nömrəli torpaq sahəsi ilə bağlı X2 adına müqavilənin mövcud olması, sahəyə dair yerləşmə cizgisi ilə faktiki sahə arasında konfiqurasiya fərqi mövcud olması, torpaq sahəsinin sənəd üzrə sahəsinin 0,25 ha göstərilsə də, faktiki olaraq 0,2306 ha olması təşkil edir. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Cavabdehin eyni nömrəli torpaq sahəsi ilə bağlı X2 adına müqavilənin mövcud olmasına münasibətdə məhkəmə qeyd edir ki, X1 müraciəti əsasında xx.xx.2008-ci ildə ölmüş X2 adına vərəsəlik işi açıldığı müəyyən edilmiş və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs məhkəməyə etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, arxiv qovluğunda mövcud olan sənədlər arasında X5 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 hektar torpaq sahəsinə dair bağlanılmış xx.xx.1995-ci il tarixli, 15014 nömrəli müqavilə mövcuddur ki, orada bağ nömrəsi 2611 kimi qeyd edilmişdir. Məhkəmə bununla bağlı bildirir ki, nə cavabdeh, nə də üçüncü şəxs bağ sahəsinin tamamilə və ya müəyyən hissədə iddiaçının deyil, üçüncü şəxsin istifadəsində olduğunu qeyd etməmişdir. Eyni zamanda, cavabdeh iddiaçının faktiki göstərdiyi sahənin başqa nömrəli bağ sahəsinin ərazisinə uyğun gəldiyini və ya həmin sahəyə digər bir şəxsin müraciətinin olduğunu qeyd etməmişdir. Məhkəmə tərəfindən üçüncü şəxsin atasına həmin ərazidə bağ sahəsinin istifadəyə verildiyi şübhə altına alınmır. Lakin cavabdeh tərəfindən təqdim edilmiş arxiv sənədlərindən məlum olur ki, iddiaçının iddia etdiyi bağ sahəsi ilə üçüncü şəxsin atasının istifadəsinə ayrılmış bağ sahəsi eyni deyildir. Belə ki, bağ sahələrinə dair cizgilər cavabdehin arxivində mövcuddur. Cizgilərdən məlum olur ki, qonşuluqda yerləşən bağlar “2831/2609”, “2832/2610”, “2833/2611” kimi qeyd edilmişdir. Görünür ki, ya mövcud uyğunsuzluğun aradan qaldırılmaması, ya da digər səbəbdən bağların yenidən nömrələnməsi zamanı 2831 nömrəli bağın nömrəsi 2609 kimi, 2832 nömrəli bağın nömrəsi 2610 kimi və 2833 nömrəli bağın nömrəsi 2611 kimi qeyd edilmişdir. İddiaçı anası ilə bağlanmış olan xx.xx.1987-ci il tarixli, 15248 nömrəli müqaviləyə istinad edir ki, orada bağ nömrəsi 2611 göstərilmişdir. Daha əvvəlki tarixli müqavilələrə nəzər saldıqda görünür ki, xx.xx.1974-ci il tarixli, 15248 nömrəli müqaviləyə əsasən 2611 nömrəli bağ sahəsi, xx.xx.1967-ci il tarixli, 15248 nömrəli müqaviləyə əsasən 2832 nömrəli bağ sahəsi iddiaçının atasının istifadəsinə verilmişdir. Yenidən nömrələnməyə əsasən 2832 nömrəli bağın nömrəsi 2610 nömrəsinə uyğundur, lakin sonrakı eyni nömrəli iki müqavilədə yeni nömrələrə əsasən bağ nömrəsinin 2611 qeyd edilməsi ilkin müqavilədə texniki səhvə yol verilmiş ola biləcəyini və iddiaçının atası öldükdən sonra eyni bağın onun anasının istifadəsinə verildiyini göstərir. Lakin üçüncü şəxsin atası X9 ilə bağlanmış müqavilələrə nəzər saldıqda görünür ki, 1967-ci il tarixli, 15014 nömrəli müqaviləyə əsasən 2831 nömrəli bağ sahəsi, xx.xx.1974-cü il tarixli, 15014 nömrəli müqaviləyə əsasən 2610 nömrəli nömrəli bağ sahəsi, xx.xx.1983-cü il tarixli, 15014 nömrəli müqaviləyə əsasən 2610 nömrəli bağ sahəsi və xx.xx.1995-ci il tarixli, 15014 nömrəli müqaviləyə əsasən 2611 nömrəli bağ sahəsi üçüncü şəxsin atasının istifadəsinə verilmişdir. Yenidən nömrələnməyə əsasən 2831 nömrəli bağın nömrəsi 2609 nömrəsinə uyğundur. Eyni nömrəli sonrakı iki müqavilədə bağ nömrəsi 2610 kimi qeyd edilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, xx.xx.1974-cü il tarixdə həm iddiaçının atası, həm də üçüncü şəxsin atası ilə müqavilələr bağlanmış, müvafiq olaraq 2611 və 2610 nömrəli bağ sahələri onların istifadəsinə verilmişdir. Hər iki tərəfin öz müqavilə nömrələrinin eyniliyi onlara əvvəldən vahid bağ sahəsinin ayrıldığını və bu bağların qonşu ola bilsə də, eyni bağ olmadığını göstərir. Vacib məqamlardan biri də odur ki, cavabdehin təqdim etdiyi sənədlərin arasında X2 xx.xx.1973-cü il tarixli ərizəsi yer alır ki, buradan şəxsin 2831 nömrəli bağ sahəsi barədə müqavilə bağlanmasının xahiş etdiyi görünür. Məhkəmə onu da vurğulayır ki, xx.xx.1987-ci il tarixli, 15248 nömrəli müqavilədən görünür ki, bağ sahəsinin icarəsi xx.xx.1997-ci il tarixədək nəzərdə tutulmuşdur. Lakin cavabdeh və üçüncü şəxs X9 ilə xx.xx.1995-ci il tarixdə 2611 nömrəli bağ sahəsi ilə bağlı müqavilənin olmasına istinad edir. Ən azından xx.xx.1997-ci ilədək bağ sahəsinin iddiaçının vərəsəsi olduğu şəxsə ayrılmış olması xx.xx.1995-ci il tarixdə həmin bağla bu və ya digər şəxslə müqavilə bağlanmasını mümkünsüz və qanunsuz edir. Əvvəlki müqavilələri nəzərə aldıqda üçüncü şəxsin atası ilə bağlı sonuncu müqavilədə texniki səhvə yol verilmiş olma ehtimalı nəzərə alınmalıdır. Hazırkı iddia iddiaçının vərəsəsi olduğu şəxsə ayrılmış bağ sahəsi ilə bağlı olduğundan üçüncü şəxsin vərəsəsi olduğu şəxsə konkret hansı bağ sahəsinin ayrıldığına münasibət bildirilməsi hazırkı iddianın predmeti deyildir. Bununla belə məhkəmə qeyd edir ki, mövcud bütün sənədlər və bunlarla bağlı məhkəmənin vurğuladığı məqamlardan bağ sahələrinin eyni olmadığı, iddiaçının vərəsəsi olduğu şəxsə ayrılan bağın həqiqətən 2611 nömrəli bağ sahəsi olduğu və bu sahə ilə əlaqədar digər şəxslərin hüquqmüəyyənedici sənədinin olmadığı aydın olur. Məhkəmə cavabdeh orqanın cizgi ilə faktiki sahə arasında konfiqurasiya fərqi olması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin cizgisində qeyd olunan mövqeyi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olmasını bildirməsinə baxmayaraq, buna dair hər hansı sübutun məhkəməyə təqdim edilməməsi səbəbindən cavabdehin bu dəlili əsassızdır. Digər tərəfdən, cavabdeh tərəfdən təqdim edilmiş cizgi və bağların bölgü sxemini müqayisə etdikdə xüsusi bilik tələb etmədən vizual olaraq bağın yerləşməsinin də bölgüyə uyğunluğu müəyyən edilir. Cavabdehin bağ sahəsənin ölçüsü ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia tələbinin həcmini azaldaraq faktiki ölçüsünə uyğun olaraq 0,2306 ha torpaq sahəsinə hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Həmin dəlil aradan qalxmışdır. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 2611 nömrəli, 0,2306 ha bağ sahəsinə mülkiyyət hüququnun X7 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 2611 nömrəli, 0,2306 ha bağ sahəsinə mülkiyyət hüququnun X7 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar