Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2939/2020 23.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil Şəmsəddin oğlunun, üçüncü şəxs X2 nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı X8, X9 və X11 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “özəlləşdirmənin etibarsızlığı və çıxarışın ləğv edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 mənzil 23 ünvanında yerləşən 79,97 kv.metr ümumi sahəsi olmaqla, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 23 nömrəli mənzilin X2 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha. torpaq sahəsində yerləşən 137 nömrəli, 9 mərtəbəli binanın 5-ci mərtəbəsində 79.97 kv.metr ümumi, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 23 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə ********** nömrəsi ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilməsi və bu qeydiyyatı təsdiq edən çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X8 ilə xx xxxxxxxx 1983cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikah Bakı şəhəri Səadət sarayında 3655 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İddiaçının həmin birgə nikahdan doğulmuş uşaqları yetkinlik yaşına çatmışlar. Birgə nikahda olduğu dövrdə ünvan 2 mənzil 23 ünvanında yerləşən mənzil order əsasında əvəzsiz olaraq iddiaçıya və ailə üzvlərinə verilmişdir. Bundan sonra da birgə nikah dövründə X8 xx.xx.2007-ci il tarixində qeydiyyat orqanına ərizə ilə müraciət edərək, ünvan 2 mənzil 23 ünvanında yerləşən 79.97 kv.metr ümumi, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 23 nömrəli mənzili adına özəlləşdirmiş, qeyd olunan mənzilə tam mülkiyyət hüququ əldə etmişdir. Həmin daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestri haqqında 631 nömrəli reyestr kitabının, 57918 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan mənzil cavabdeh tərəfindən özəlləşdirilən zaman qanunvericiliyin tələblərinə zidd olaraq X2 ailə üzvlərinin mənzilin özəlləşdirilməsi barədə razılıqları nəzərə alınmamışdır. Buna baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə verilmiş ərizədə ailə üzvlərinin özəlləşdirmə ilə bağlı razılıq ərizələrinə hazırkı iş üzrə cavadehin özünün məsuliyyət daşıması qeyd olunmuşdur. Həmin mənzil özəlləşdirilən zaman iddiaçının ailə üzvlərinin heç birinin razılığı alınmamış, eləcə də, ailə üzvlərinin mənzilin özəlləşdirilməsinə razılığını ifadə edən ərizələri də, qeyd olunan idarəyə təqdim olunmamışdır. Sadalanan hallar Nəsimi Rayon Məhkəməsində nikahın pozulması və əmlakın bölünməsi barədə xx xxxxxx 2020-ci il tarixində keçirilmiş məhkəmə iclası zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş müvafiq sənədlərin əsilləri ilə tanış olarkən iddiaçıya məlum olmuşdur. İddiaçı yuxarıda qeyd edilənlərlə bağlı olaraq hesab edir ki, onun qanunvericilikdə təsbit edilmiş hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, hazırlıq icraatının gedişində məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X2 işdə cavabdeh kimi prossesual iştirakına xitam verilməklə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən həmçinin X9 və X11 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə qeyd edir ki, hazırlıq icraatının gedişində “AZEMİS” elektron məhkəmə sisteminin aktiv şəxsiyyət vəsiqəsi məlumatları bölməsində X3 aid məlumatlar aşkar edilmədiyindən o, maraqlı şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməmişdir. İş materialları ilə prosessual qaydada tanışlıqdan sonra üçüncü şəxs X2 nümayəndəsi və vəkili X16 tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə yazılı etirazda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən 4 otaqlı, 137 saylı binanın 23 saylı mənzilinin icarədarı X8 olmuşdur. İddiaçı və onun iki övladı xx.xx.2002-ci il tarixdə mübahisəli mənzildən qeydiyyatdan çıxmışlar və X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 143 saylı fərdi yaşayış evinə qeydiyyata alınmışlar. DƏDRX tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq və təqdim edilmiş sənədlərə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən 4 otaqlı, 137 saylı binanın 23 saylı mənzilini onun tək icarədarı X2 adına özəlləşdirilmişdir. İddiaçı mənzilin özəlləşdirilməsinə dair sənədlərin bir hissəsini özü toplamış, onun müvafiq özəlləşdirmədən xəbəri olmuş, birbaşa bu prosesdə iştirak etmişdir. Bundan başqa İddiaçı ilə X8 arasında əmlak münasibətləri inkişaf etdirilmiş, onlar bir neçə əmlak əldə etmişlər. Belə ki, birgə nikah dövründə minik avtomobili satın alınmış və həmin nəqliyyat vasitəsi hazırda Rəşidova X1. Bundan başqa 2013-cü ildə Abşeron rayonu, Göradil kəndi ərazisində 10 sot torpaq sahəsi də satın alınmış və İddiaçı mülkiyyətindədir. 2014-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D Y/M-də yerləşən 2 otaqlı 24 saylı binanın 280 saylı mənzili satın alınmış və X2 mülkiyyətindədir. Sonda iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili öz çıxışında iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı öz vəkilinin çıxışında qeyd etdiklərinə əlavəsinin olmadığını bildirdi və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili X16 iddiaya qarşı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər X9 və X11 təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati-Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslər X4 və X7 iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkilinin çıxışını, iddiaçının və üçüncü şəxs X2 nümayəndəsi və vəkili X10 izahatlarını dinləyib, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ünvan 3 ünvanında yerləşən 23 saylı mənzilə dair arxiv qovluğunda olan sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən müəyyən olunur ki, mübahisəli mənzilin X2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması prosedurunda qeydiyyat orqanı tərəfindən 255272 saylı orderdə adı göstərilmiş şəxslərin (X6, İddiaçı, X9 və X11) faktiki yaşayış yeri müəyyən edilərkən Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 68 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışlar əsas götürülmüş, həmin şəxslər inzibati icraata cəlb edilməmiş, sözügedən mənzil xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 631 nömrəli reyestr kitabının 57918 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə, ilk növbədə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarında qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Həmin Qərarda göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair“ xx xxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından məlum olur ki, iddiaçı tərəf üçüncü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olmuş sənədlərin mötəbərliyini deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirmiş, bu əsasla da işə inzibati məhkəmə icraatı çərçivəsində mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hazırkı işdə iddianın mümkünlük şərtlərinə tam olaraq riayət edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə, həmçinin, inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu insan hüquq və azadlıqlarının müdafiəsində xüsusi əhəmiyyətə malik olan hüquqi müəyyənlik prinsipinə diqqət yetirməyi vacib hesab etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxx 2008-ci il tarixli qərarı). Bu baxımdan, hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən özəlləşdirmə zamanı mənzildə qeydiyyatda olan bütün şəxslərin razılıqlarının alınması tələbinə riayət olunmasından əmin olmalıdır. Heç kəs hüquqlarının, o cümlədən mülkiyyət hüququnun pozulmasını daimi olaraq gözləməyə və ya istənilən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmələrin iddia müddətinin axımının başlanğıc anını müəyyən etmədən əvvəlki Mülki Məcəllənin 73 və 78-ci maddələrini tətbiq etməklə bu müddətin onun tərəfindən ötürülməsinə dair hüquqi nəticəsi hüquqi müəyyənlik prinsipinə uyğun gəlmir və Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi təminatı hüququnu pozur. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin ərizəçinin mülkiyyət hüququ ilə bağlı bəzi məsələləri qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, işə baxan məhkəmələr tərəfindən ərizəçi V.Ozerovun mənzilin kirayəçisinin ailə üzvü olmaqla mübahisəli mənzilin İ.Ozerova tərəfindən özəlləşdirilməsindən əvvəl onunla birlikdə yaşayış yeri olan mənzildə qeydiyyatda olduğu müəyyən olunduğundan ərizəçi də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən özəlləşdirmə nəticəsində yaranan ümumi mülkiyyətdən pay əldə etmək hüququna malik olmuşdur. Həmin payın mülkiyyət kimi qiymətləndirilməsi məsələsinə gəldikdə isə, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. Müvafiq olaraq, işə baxmış məhkəmələr V.Ozerovun tələblərinə iddia müddətini əsassız olaraq tətbiq etməklə onun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi əsasında özəlləşdirmədə iştirak etmək hüququndan məhrum etmişlər və bununla da, onun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnu pozmuşlar. Konstitusiya Məhkəməsinin Plenumunun bu hüquqi mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, hazırkı işdə də iddia müddətinin tətbiqi hüquqi müəyyənlik prinsipinə zidd olduğundan tətbiq edilməməlidir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun mübahisəli mənzilin üçüncü şəxs X2 adına özəlləşdirildiyi vaxt qüvvədə olan 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını müəyyən edən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq kateqoriyaya aid olan mənzilin özəlləşdirilməsi ilə əlaqədar qeydiyyat orqanına təqdim edilməli olan sənədlərin dairəsi konkret və qəti olaraq müəyyən edilmiş, həmin sənədlər içərisində mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin, müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi də göstərilmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6. Maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. Məhkəmə qeyd edir ki, inzibati orqanın əmlakın sözügedən mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin iştirakı və məlumatı olmadan üçüncü şəxsin adına sənədləşdirilməsi ilə nəticələnmiş hərəkətsizliyi birbaşa olaraq onların hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğuna görə həmin hərəkətsizliyin qanuniliyini mübahisələndirmək iddiaçının hüququdur və bu hüququn məhdudlaşdırılması inzibati prosessual qanunvericiliyin tələblərinə zidd hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun mübahisəli mənzil özəlləşdirilərkən qüvvədə olmuş 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Avropa Məhkəməsinin presedent hüququndakı hüquqi mövqeyinə görə ümumi maraq kəsb edən məsələ olduqda, dövlət orqanları lazımi qaydada və maksimal ardıcıllıqla vaxtında addım atmalıdır (bax Beyeler İtaliyaya qarşı [GC], no. 33202/96, ECHR 2000-İ, § 120). Kirillova Rusiyaya qarşı işdə (yekun qərar xx/xx/2017, şikayət nos. 50775/13) Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunun baş verdiyini göstərən Məhkəmə qeyd edir ki, işin hallarında görünür ki, sosial mənzil üçün mövcud olan mənzili qorumaq üçün dövlət orqanlarının vaxtında və düzgün qaydada addım atmamasını əsaslı hesab etmək çətindir. Hazırki işin hallarından da məlum olur ki, mübahisəli mənzilin üçüncü şəxs X2 adına özəlləşdirilməsinə əsas olmuş sənəddə, yəni mənzil sahəsinin orderində İddiaçı, habelə, üçüncü şəxslər X2, X4 və X7 adları göstərilmiş, lakin X2 yetkinlik yaşına çatmış ailə üzvləri inzibati orqan tərəfindən inzibati icraata cəlb edilməmiş, sözügedən mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslər kimi onların razılıq ərizələri tələb olunmamış, bununla da, inzibati orqan hərəkətsizliyə yol vermiş, bu hərəkətsizlik də özlüyündə yuxarıda adıçəkilmiş şəxslərin əmlak hüquqlarını pozmaqla tam mülkiyyət hüququ əldə edilmədən tam mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması ilə nəticələnmişdir. Beləliklə də cavabdeh inzibati orqan əmlak hüquqlarının qeydiyyatını apararkən lazımi səviyyədə icraata başlamamış, zəruri hesab edilən sənədləri toplamamış, mənzildə yaşayan şəxslərin kimliyini, iş üzrə maraqlı şəxs olub-olmamasını yoxlamamış, nəticədə qanunsuz hərəkətsizliyə yol verməklə yuxarıda şərh edilən qanunvericilik normalarını pozmuşdur. Məhkəmə, həmçinin, onu da qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli mənzilin özəlləşdirilməsi zamanı qüvvədə olan 2-ci maddəsinin 1-ci hissəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə göstərilən normanın işin faktiki hallarında tətbiqi baxımında qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq icraatında mübahisəli mənzil özəlləşdirilərkən İddiaçı həmin ünvanda faktiki olaraq yaşaması üçüncü şəxs X2 nümayəndəsi və vəkili X16 tərəfindən mübahisələndirilməmişdir. Əksinə olaraq onun tərəfindən məhkəməyə təqdim edilmiş 68 saylı MKİS-in 796 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 2 mənzil 23 ünvanından xx.xx.2002-ci ildən yaşayış yeri üzrə qeydiyyatdan çıxsa da, həmin ünvanda qeydiyyatsız yaşamışdır. Bundan əlavə, məhkəmə üçüncü şəxs X2 nümayəndəsi və vəkilinin ünvan 2 mənzil 23 ünvanına aid özəlləşdirmə vaxtı qeydiyyat orqanına təqdim edilmiş arayışların bilavasitə İddiaçı özü tərəfindən imza edilərək götürülməsinə dair mövqeyini də əsassız hesab edir, ona görə ki, bu hal həmin şəxsin və ya digər maraqlı şəxslərin inzibati icraata cəlb edilməsini istisna edən hal deyildir və qanunvericilikdə belə norma da mövcud təsbit olunmamışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha. torpaq sahəsində yerləşən 137 nömrəli, 9 mərtəbəli binanın 5-ci mərtəbəsində 79.97 kv.metr ümumi, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 23 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə ********** nömrəsi ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilməli və bu qeydiyyatı təsdiq edən çıxarış ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha. torpaq sahəsində yerləşən 137 nömrəli, 9 mərtəbəli binanın 5-ci mərtəbəsində 79.97 kv.metr ümumi, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 23 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə ********** nömrəsi ilə aparılmış qeydiyyat qanunsuz hesab edilsin və bu qeydiyyatı təsdiq edən çıxarış ləğv olunsun. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2939/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2939/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver