Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2939/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin veriməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iddia qaldıraraq “ona “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkündür və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Arzu düşərgəsində məskunlaşaraq həmin ünvanında yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Sözügüdən hüquqlarından yararlanmaq məqsədi ilə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Qaçqınların və X4 üzrə Dövlət Komitəsi 01/4979 saylı, xx.xx.2022-ci il tarixli məktub ilə imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədilyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)” “məcburi köçkün statusu” və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərin atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Hesab edilir ki, inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının anası İddiaçı1 adına verilmiş xx.xx.2009-cu il tarixli AA 196150 nömrəli vəsiqədən görünür ki, 1993-cü il tarixdə Füzuli rayonundan məcburi kökün düşmə faktı təsdiqlənir. Həmçinin Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Xəzər Rayon üzrə sektoru tərəfindən verilmiş 182/22 saylı, xx.xx.2022ci il tarixli arayışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı1 məcburi köçkün statusuna malikdir və Bakı şəhəri, Xəzər rayonu, Şiivəlan qəsəbəsi, Arzu düşərgəsində məskunlaşaraq, həmin ünvanında yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1–ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişlər, bunun səbəblərini məhkəməyə bildirməmişdirlər. Оdur ki, məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən öz iddia tələbinin əsaslarını təsdiq edən sübut qismində məhkəməyə iddiaçının malik olduğu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, AZ-İ 880176 nömrəli doğum haqqında şəhadətnaməsi, cavabdehin xx.xx.2022-ci il tarixli, 01/4979 saylı imtina məktubu, İddiaçı1 şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi, AA 196150 nömrəli məcburi köçkün vəsiqəsi, iddiaçının doğum haqqında şəhadətnaməsi, X1 şəxsiyyət vəsiqəsi, hərbi bileti, müharibə veteranı vəsiqəsi, AZ-İ 107230 nöməli nikahın pozulması haqqında şəhadətnamə və buna dair Əzizbəyov rayon Məhkəməsinin 2(003)-456/2010 nömrəli iş üzrə xx.xx.2010-cu il tarixli qətnaməsinin surətləri təqdim edilmişdir. Əzizbəyov rayon Məhkəməsinin 2(003)-456/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı1 Bayramov Əlimərdan oğlu ilə 15 yanvar 2007-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərə nikahın pozulmasına dair şəhadətnamə verilərkən tərəflərin hər birindən rüsum alınması, xx xxxxxxxx 2005-ci ildə doğulan İddiaçı2 və 14 sentyabr 2006-cı ildə doğulan X2 yetkinlik yaşına çatana kimi anasının himayəsində saxlanılması qət edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçının anası İddiaçı1 Füzuli rayonundan məcburi köçkün düşmüşdür, iddiaçı xx.xx.2005-ci il tarixində anadan olmuş, Füzuli rayonunda qeydiyyatdadır, onun doğum haqqında qeydiyyatını Füzuli rayon Qeydiyyat şöbəsi aparmışdır. İddiaçının anası İddiaçı1 məcburi köçkün statusuna malikdir, xx.xx.2010-cu il tarixli məhkəmə qətnaməsi əsasında Bayramov Əlimərdan oğlu ilə bağlanmış nikahı pozularaq uşaqları yetkinlik yaşına çatana kimi anasının himayəsinə verilmişdir, iddiaçının qanuni nümayəndəsi iddiaçıya məcburi köçkün statusunun verilməsi barədə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan onun müraciətinin icrasından imtina etmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində göstərilən, müvəqqəti və ya daimi məskunlaşma yerinə gəlmiş şəxs qaçqın və ya məcburi köçkün statusu almaq üçün müvafiq dövlət orqanlarına müraciət edir. Müvafiq orqanlar onları dərhal qeydə alıb qaçqınlara üç aydan, məcburi köçkünlərə bir aydan gec olmayaraq qaçqın və ya məcburi köçkün statusu barədə müvafiq sənəd verir. Üzürlü səbəb olduqda (bədbəxt hadisə baş verməsi, xəstələnmə, nəqliyyat vasitəsinin olmaması və başqa hallar) bu müddət həmin orqanın qərarı ilə artırıla bilər. Qaçqın statusu beş il müddətinə verilir. Həmin Qanunun 9-cu maddəsinə görə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq, qaçqınlar və məcburi köçkünlər öz hüquqlarının müdafiəsi üçün əlaqədar təşkilatlara, habelə məhkəməyə müraciət edə bilərlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən, qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-cı maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi həyata keçirir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. İşin faktiki hallarına əsasən, iddiaçının anası İddiaçı1 ilə əri Bayramov Əlimərdan oğlu arasında bağlanılmış nikaha xx.xx.2010-cu il tarixdə məhkəmə qətnaməsi ilə xitam verilərək nikahdan olan uşaqları yetkinlik yaşına çatana kimi anasının himayəsinə verilmişdir, belə ki, iddiaçının anası- yaşayış yeri üzrə Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatdadır, xx.xx.2009-cu ildə “Məcburi köçkün” vəsiqəsini almışdır. Lakin xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 “Məcburi köçkün” statusunun verilməsindən imtina edilmişdir. Halbuki, yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq iddiaçının da “Məcburi köçkün” statusunu almaq hüququ vardır. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. Həmin Qaydaların 4.2-ci bəndində göstərilmişdir: “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə.4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına.4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə.4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.” İşin həqiqi hallarından göründüyü kimi, İddiaçı2 münasibətdə sözügedən Qaydaların 4.2-ci maddəsində sadalanan “Məcburi köçkün” statusunun verilməsini istisna edən halların heç biri mövcud deyil. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin hazırda qüvvədə olan redaksiyasında uşaqlara “məcburi köşkün” statusunun verilməsi üçün iki şərt nəzərdə tutulur: atanın məcburi köçkün olması və hər iki valideyninin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon(şəhər)olması. İşin hallarından göründüyü kimi, iddiaçının anası Füzuli rayonundan məcburi köçkün düşmüş və ona 2009-cu ildə məcburi köçkün statusu verilmişdir. Qaydalara “hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işgal olunmuş rayon(şəhər) olması ilə bağlı edilmiş dəyişiklik xx.xx.2013-cü il tarixdən qanuni qüvvəyə minmişdir. Bu dəyişikliyə qədər Qaydalarda belə bir tələb nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə əsasən Qaydaların 4.1.6-ci bəndinin müddəaları hüquqi vəziyyəti ağırlaşdıran norma kimi dəyişikliyə qədər məcburi köçkün statusu əldə etmiş valideynlərin uşaqlarına münasibətdə tətbiq edilməməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1887/2021, 2-1(102)-942/2022 saylı qərarlarından görünür ki, valideynlərindən yalnız birinin məcburi köçkün statusu olduğu və işgal olunmuş rayonda qeydiyyatı olduğu halda uşaqlara məcburi köçkün statusunun verilməsi barədə iddialar əsaslı hesab edilmişdir. Analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alıraq məhkəmə hesab edir ki, övladların yaşayış və qeydiyyat ünvanının valideynlərlə eyni olmalı olduğu və işğaldan azad edilmiş torpaqlara məcburi köçkün olan valideynləri ilə birgə köçürülmə ehtimalı olduğundan valideynlərindən ən azı biri “məcburi köçkün” statusuna malik olan uşaqlara bu statusun verilməsindən imtina oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin qanunun 2.0.3.-ci maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 10.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı2 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı2 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2939/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2939/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver