Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2939/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı1 (bundan sonra –İddiaçı) ərizə ilə Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeydiyyatda olduğu mənzilin hər ailə üzvünün adambaşına düşən yaşayış sahəsi mənzil uçotuna alınmaq üçün müəyyən edilmiş normadan artıq olduğundan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən müraciətinin təmin edilməsi RİH-in səlahiyyətləri xaricindədir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci ildə anadan olmuş Qarabağ qazisi, 3-cü dərəcəli əlil İddiaçı1 yaşayış sahəsinə ehtiyacı olan vətəndaş kimi qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, İddiaçı2 prosessual iştirakına xitam verilməsi və İddiaçı1 3-cü dərəcəli əlil kimi mənzil uçotuna alınması öhdəliyinin cavabdeh Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, hazırkı iş üzrə İddiaçı2 iddiaçı qismində prosessual iştirakına xitam verilmiş, iddia tələbi “İddiaçı1 3-cü dərəcəli əlil kimi mənzil uçotuna alınması öhdəliyinin cavabdeh Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi qəbul edilmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 44 günlük Vətən müharibəsinin qazisi, üçüncü dərəcəli əlildir. O, xx.xx.2019-xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərin birində “Barotravma” xəsarətini almışdır. Eləcə də N nömrəli hərbi hissə komandirinin imzası ilə 1601 nömrə ilə verilən xx.xx.2021-ci il tarixli “X7”da onun həmçinin düşmən tərəfindən açılan atəş nəticəsində sağ baldırın aşağı 1/3 hissəsindən güllə yarası, ehtiyatsızlıq ucbatından əsgər yoldaşının əlindəki avtomatdan atəş açılması nəticəsində qarnından kor güllə yarası, eləcə də, xidməti vəzifələrini yerinə yetirərkən sürüşüb yıxılması nəticəsində kəllə-beyin travması alması barədə məlumatlar da yer almışdır. O, nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin soial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasında aparılan sonuncu müayinənin nəticələri olaraq İddiaçı1 əmək qabiliyyətsiz hesab edilmiş və ona “Nevrasteniya, Barotravma nəticəsində fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya ilə orta dərəcəli depressiv epizod” diaqnozu ilə 3-cü dərəcəli müddətli əlillik təyin olunmuşdur. Hazırda psixi statuslu xəstə kimi qeydiyyatdadır, müntəzəm olaraq psixatrop dərmanlar qəbul edir və daim həkim nəzarətindədir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onu n iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının məcburetmə haqqında hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, tələbi təmin edilmədikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, xx.xx.2001-ci il tarixli, AZ-İ №115385 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 Arif oğlu xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 1601 nömrəli X7ından görünür ki, N nömrəli hərbi hissənin əsgəri, 2001-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Barotravma” xəsarəti almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17- 4/2-27810/2024 nömrəli məktubundan görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2026-cı il tarixədək) üçüncü dərəcə ilkin əlillik statusuna malikdir. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 457 nömrəli arayışından görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayanlar X3, X4, İddiaçı1 və X6 Qaraçuxur bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Paport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-32241/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2014-cü il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-746/2025 nömrəli məktubundan görünür ki, İddiaçı1 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən üçüncü dərəcə əlil olduğunu, yaşayış sahəsinin olmadığını, ailə üzvləri ilə birgə yaşadığını bildirməklə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə (bundan sonra –MM) əsasən: - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. - maddə 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. - maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. İşdən görünür ki, iddiaçı hər hansı bir yaşayış sahəsinə malik olmamaqla yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Deməli, o yuxarıda gösərilən normaların tələblərinə əsasən mənzil uçotuna alınmasını tələb etməkdə haqlı olmuşdur. Lakin cavabdehin imtinasından da görünür ki, inzibati orqan Mənzil Məcəlləsinin 53.1.2-ci maddəsinə istinad edərək, qeydiyyatda olduğu mənzilin hər ailə üzvünün adambaşına düşən yaşayış sahəsinin mənzil uçotuna alınmaq üçün müəyyən edilmiş normadan artıq olduğuna istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. İşdən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X5 mülkiyyətindədir. İş materiallarından görünür ki, A.Abbasova iddiaçının nənəsi olmaqla, onun ailə üzvü deyildir. Mənzil Məcəlləsi yaşayış sahəsinə ehtiyacı olma meyarını müəyyən edərkən, şəxslə yanaşı yalnız onun ailə üzvünə məxsus yaşayış sahəsini nəzərə aldığından cavabdehin iddaçının ailə üzvü olmayan şəxsə məxsus yaşayış sahəsinə görə onu uçota almaqdan imtina etməsi qanuni olmamış, iddiaçının hüquqlarının pozulmasın səbəb olmuşdur. O da qeyd olunmalıdır ki, uçota alınma ilə bağlı qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. İşin hallarından görünür ki, iddiaçı həqiqətən yaşayış sahəsinə, eyni zamanda sosial müdafiəyə ehtiyacı olan şəxsdir və ehtiyacı olan şəxs kimi yaşadığı və sosial reabilitasiya olunduğu ərazi üzrə mənzil uçotuna alınmasını tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən üçüncü dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2939/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2939/2025
17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver