Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-294/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçü, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 5-913 saylı sahədə yerləşən, ümumi sahəsi 0,09 hektar olan torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 №-li sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmçinin sərəncamda qeyd olunur ki, İddiaçı 0,09 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli 27/K №-li əmri nəzərə alınsın. Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,09 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında № 28 saylı, 21 may 2003-cü il tarixli əmrdən çıxarışda Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçiliksüdçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0.09 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması qeyd edilmişdir. Lakin hazırki vaxtadək torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də müvafiq qaydada sənədləri toplayaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 5-913 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə müraciət etmişdir. Lakin ərizə cavabdeh tərəfindən imtina məktubu ilə cavablandırıldı. Cavabdehin imtinası əsassızdır. Belə ki, mülkiyyət hüququnun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Buna görə də iddiaçı hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 04 oktyabr 2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair **********21 №li 21.10.2019-cu il tarixli etirazda göstərmişdir ki, elektron kadastr baza məlumatına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin balansında olan ərazidən (ayrıc aktından) kənarda yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********71 nömrəli 27.09.2019-cu il tarixli məktubu ünvanlanmışdır. Həmçinin torpaq sahəsində birmərtəbəli yaşayış evi (icazəsiz tikili) var. İddiaçı məhkəmə iclasında verdiyi izahatında, iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayon polis idarəsi tərəfindən 11.10.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1953-cü ildə Lənkəran rayonu, Şovi kəndində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Abşeron rayon İcra hakimiyyəti başçısının vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında 096 №-li 15 aprel 1999-cu il tarixli sərəncamından çıxarışdan görünür ki, qeyd olunan sərəncamla Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınmış, vətəndaş İddiaçı 0,09 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli 27/K №-li əmri nəzərə alınmış, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,09 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin 28 №-li 21.05.2003-cü il tarixli vətəndaşlara həyətyanı torpaq sahəsinin verilməsi haqqında əmrindən çıxarışdan görünür ki, Abşeron rayon İcra hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2) Həmkarkar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0,09 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması əmr edilmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin 458 saylı 12 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı X2 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.09 ha hesabı ilə 5-913 kodlu torpaq sahəsi ayrılmışdır. 5-913 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********44 saylı 10.12.2019-cu il və **********14 saylı 13.12.2019-cu il tarixli eyni məzmunlu məktublarında göstərilmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi hasar daxilində 900.0 kv.m təşkil edir, üzərində 1 mərtəbəli fərdi yaşayış ev mövcuddur. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin balansında olan ərazidən (ayrıc aktından) 1200,0 m kənarda yerləşir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********90 saylı 21.01.2020-ci il tarixli məktubla mütəxəssis rəyi göndərilmişdir. Mütəxəssis rəyinin nəticə hissəsində təqdim edilmiş sxemdə qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsinin Mərkəzin elektron məlunat bazasında olan məlumatlara əsasən yaşayış məntəqələrinin hüdudları daxilində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsinin olduğu, arxivdə aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin xəritə (sxem) məlumatları aşkar edilməməsi, arxivdə mövcud olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik südçülük sovxozunun dövlət torpaq uçotuna aid yerquruluşu planına əsasən mübahisələndirilən 0,09 ha torpaq sahəsi sovxozun sərhəddindən kənarda yerləşməsi bildirilmişdir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********71 №li 27.09.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin balansında olan ərazidən (ayrıc aktından) kənarda yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24.02.2021-ci il tarixli 10/2945 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən qeyd olunur ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin balansında olan ərazidən (ayrıc aktından) 1.200.0 metr kənarda yerləşir və həmin torpaq sahəsi faktiki olaraq 900 m²-dir. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair electron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşən tikililələrə dair mülki iş materialında hər hansı bir sənəd olmadığına görə həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 № li qərarına əsasən tikinti norma və qaydalarına uyğun inşa olunmadığl müəyyən olundu. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 04.03.2021-ci il tarixli **********42 saylı məktubunda göstərilmişdir ki, İddiaçı tərəfindən göstərilən torpaq sahəsi hasar daxilində 900,0 kv.m təşkil edir, üzərində 1-mərtəbəli fərdi yaşayış evi mövcuddur. 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2nə ayrılmış ərazidən (ayrıc aktından) 1200 metr kənarda yerləşir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun 15.01.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı faktiki istifadəsində olan 900 m² torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin balansında olan ərazidən (ayrıc aktından) 1.200.0 metr kənarda yerləşir və həmin torpaq sahəsinin sərhədləri daxilində yerləşən tikili tikinti norma və qaydalarına uyğun inşa olunmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına; 115 (bir yüz on beş) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********); 115 (bir yüz on beş manat) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN: ********** Hesab AZ23AİİB********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-294/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-294/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver