Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2940/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı pul tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana – 450 (Şuşa şəhərciyi) 248 ünvanında yerləşən X3 istifadəsində olan, imtina etdiyi 0,06 ha sahədə inşa etdiyi fərdi yaşayış evinə, məcburi köçkün olmağının nəzərə alınaraq adına istifadəyə verilməsinə dair müqavilə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Qaçqınkomun qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə onlara vurduğu 45800 (qırx beş min səkkiz yüz) manat maddi və 15000 (on beş min) manat mənəvi, cəmi 60800 (altmış min səkkiz yüz) manat pul vəsaitinin Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsindən tutularaq dərhal ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, 1992-ci ildə məcburi köçkün düşdükdən sonra ünvan 2 ünvanında yerləşən, bacısı oğlu X4 məxsus mənzildə ailəsi ilə məskunlaşmışdılar. Eldəniz Rusiyada yaşayırdı. Çöldə qalmasınlar deyə evini onlara müvəqqəti sığınacaq kimi vermişdir. 2008ci ildə Rusiyada ağır yol-nəqliyyat qəzası keçirdi. Yaşaması, müalicə olunması üçün pul tələb oldunduğuna görə onların məskunlaşdığı evi satdırdı. Həmin vaxtdan o ailəsi ilə birgə kirayələrə düşmüşdür. 2008-ci ildən qaçqınkoma yaşayış yeri ilə təmin olunmalarına dair müraciətlər edirdilər. Müraciətlərini müvafiq icra hakimiyyətlərinə yönləndirirdilər, onlarda ənənəvi fəaliyyət normalarına uyğun olaraq, mənzil fondu və ya yataqxanalarında yer olmadığını əsaslandıraraq imtinalar verirdilər. Daha sonra Şuşa şəhərciyində yaşayan qohumu onlara demişdir ki, burada 248 nömrəli evin sahibi ona verilmiş 12 sot həyətyanı sahənin 6 sotunu istifadə etmir. Həmin sahə istifadə olunmadığına görə zibilxanaya çevrilib. Yəni desələr oranı onlara verər, amma gərək özləri ev tikəsinlər. Razılaşdılar. Yerin müqavilə ilə istifadəçisi, işdə maraqlı şəxs olan X5 yaxınlaşdılar. O, bildirmişdir ki, torpaqdan istifadə etmir, onlar da məcburi köçkündürlər, nə olacaq ki, kim nə deyəcək ki, gəlib yerləşsinlər. Onlar razılıqdan sonra yerləşmişlər. Özlərinə kiçik bir fərdi ev tikmişlər. Onlar evə məskunlaşdıqdan sonra kommunal xidməti Qüdrətgildən ayırmaq qərarına gəlmişlər. ASAN kommunala yaxınlaşmışlar. ASAN kommunaldan bildirmişlər ki, yaşayış yerindən arayış və ya Dövlətqaçqınkomla aralarında adlarına müqavilə olmalıdır ki, kommunal qeydiyyat adlarına açılsın. Aidiyyatı üzrə qaçqınkomun ərazi üzrə MİS-nə yaşayış yerindən arayış almaq üçün müraciət etmişdir. Lakin onların orada məskunlaşmasını qeyri-qanuni hesab edib, verməmişlər. Qaçqınkoma müraciət etməyi tövsiyyə elədilər. Qaçqınkoma müraciət etmişlər, orada da eyni qaydada bildirdilər ki, məskunlaşmaları qeyri-qanunidir, müqavilə yoxdur. Həmin səbəbdən arayış verilə bilməz. Bu zaman məskunlaşmalarını qanuniləşdirmək üçün torpağın müqavilə ilə istifadəçisi X5 vəziyyəti bildirmişlər. Qüdrət sözügedən onların hasarlayıb məskunlaşdığı sahədən imtina etdiyinə dair qaçqınkoma ərizə yazdı. Belə ki, verilmiş sahədən istifadədən imtina etdiyi halda həmin sahə boşalacaqdı, qaçqınkomda onların evsiz məcburi köçkün olduğunu nəzərə alıb faktiki istifadələrində olan həmin sahənin müqaviləsini onlarla bağlayacaqdı. Yəni qayda belə idi. Onlardan öncə bu qayda ilə qeydiyyatlar həyata keçirilmişdir. Lakin qaçqınkom Qüdrətin torpaqdan imtina müraciətini, onun da adına müqavilə bağlanmasına dair müraciətini 08 may 2021-ci il tarixli, 218 saylı məktubla imtina ilə cavablandırdı. Hətta, təcili sökülməsi və ərazinin boşaldılması ilə bağlı xəbərdarlıq ünvanladı. Məcburi köçkün olduqlarına görə dövlət proqramı çərçivəsində onları evlə təmin etməyə borclu olan orqan olaraq, eyni zamanda qaçqınların problemlərinin həllinə cavabdeh dövlət orqanı olaraq qaçqınkom, evsiz olduqlarına görə onları evlə təmin etməli idi. Uzun illərdən bəri (2013-cü ildən) müraciət etmələrinə baxmayaraq hərəkətsizliyi ilə onlara zülüm vermiş, verdiyi yalan vədlərlə aldadaraq əzab, iztirab vermiş, evsizliklə imtahan edərək ailəsini tarimar etmiş, eyni zamanda onları mənzil hüququndan, yaşamaq hüququndan qanunsuz olaraq məhrum etmişdir. Onlar qaçqınkomun hərəkətsizliyinə görə acınacaqlı vəziyyətə düşmüşlər və çıxış yolu axtarmışlar. Başqa yerlərdən torpaq almağa imkanları olmadığına görə, eyni zamanda pulunu hissə-hissə ödəmək şansı olduğuna görə başlarına çarə qılmaq məcburiyyətində qalmışlar və buna görə sözügedən sahəni alıb, balaca bir ev tikib, zülümlə olsa da, mənzil hüquqlarını qanunsuz yolla olsa da, təmin edib yaşamağa başlamışlar. Gücləri ancaq bu yola əl atmağa çatmışdır. İndi isə iddia tələbində göstərdiyi problemlər meydana çıxmışdır. Qaçqınkom həmin sahənin dərhal sökülüb boşaldılması tələbi qoyub. Ona görə bildirmək istəyir ki, qaçqınkom hərəkəti və ya hərəkətsizliyi ilə ona və ailəsinə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, 2008-ci ildən kommunal ödənişlərin çörəkpulu kartına köçürülməsi ilə bağlı cənab prezidentin fərmanına qədər büdcədən ailəsinin kommunal ödənişlərinə yardım edilməsi məqsədi ilə bağlı ayrılan pul qaçqınkom tərəfindən mənimsənilmişdir. Təqribən 2000 (iki min) manat civarında pul vəsaitindən söhbət gedir. Torpaq alıb ev tikməyə isə 35 300 (otuz beş min üç yüz) manat xərcləri çıxmışdır ki, həmin pulun böyük bir hissəsini banklardan borc olaraq alıb yüksək faizlər ödəmişlər. Bundan əlavə 8500 (səkkiz min beş yüz) manat isə torpaq satan Qüdrətə borclu qalmışlar. Qüdrət də borclu qaldıqları pulu tələb edir. Qohumlarının köməyi ilə evi tikib üstün bağlamışlar. Bankdan götürdükləri pullar ilə təmir işlərini həyata keçirmişlər. Hal-hazır ki, vəziyyətinə gətirənədək cəmi 35 300 (otuz beş min üç yüz) manat xərcləri çıxmışdır. Hesab edir ki, 2013-cü ildən indiyə qədər Qaçqınkomun səbəb olaraq ailəsinin başına gətirdiyi acınacaqlı hallara görə, ondan doğan mübahisə və digər problemlərə görə, oğlu X2 ailəsinin evsizlik ucbatından dağılmasına görə, bütün ailə üzvlərinin şəraitsiz yerlərdə yaşayaraq müxtəlif xəstəliklər tapmasına görə məsuliyyət birbaşa Qaçqınkomun üzərindədir. Belə ki, onlara rəsmi məktublarla yalan vədlər verən Qaçqınkomdur. Bu səbəbdən Qaçqınkom onlara dəyərinin müəyyən edilməsi mümkün olmayan, dəyərinə qiymət biçilməyən mənəvi ziyanlar vurmuşdur. O, simvolik olaraq bu məbləği 15000 (on beş min) manat qeyd edir və Qaçqınkomdan tutulubona ödənilməsini doğru hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin orqan tərəfindən müraciəti ilə bağlı imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müvafiq ərizə ilə müraciət etmədiyindən, müraciətindən imtina olunması barədə yazılı imtina almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2940/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2940/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver