Məhkəmə qərarları › İş №2-1(112)-2941/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2941/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2941/2023 27.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X9, üçüncü şəxslər X2 və X11, üçüncü şəxslərin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X10, X21, X14, X18, X7 və X15 cəlb olunmaqla) «fərdi yaşayış evinə dair texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, X7 Bakı şəhəri, Əhmədli qəsəbəsi, E.Süleymanov küçəsi, ev 1 ünvanında yerləşən torpaq sahəsinin ona məxsus olduğunu bildirərək 140 kv.m ölçüdə hissəsini notarial qaydada təsdiq edilmiş ərizə və etibarnamə əsasında müvafiq məbləğdə pul vəsaiti ödənilməklə hazırkı İddiaçı satmışdır. İddiaçı həmin məbləği tam olaraq ona ödəmişdir. Torpağı satarkən X6 torpağın onun adına olması barədə sənədlər göstərmişdir. Ərizə və etibarnamə verilərkən X7 ilə onun keçmiş əri X3 arasındakı torpaq mübahisəsindən məlumatı olmamışdır. Torpaq sahəsini X1 aldıqdan sonra həmin sahədə yaşayış evi tikintisinə başlanmış və hazırda evin xeyli hissəsi inşa olunmuşdur. X10 iddia edir ki, X2 iddiaçıya satdığı Bakı şəhəri, Əhmədli qəsəbəsi, E.Süleymanov küçəsi, ev 1 ünvanında yerləşən torpaq sahəsinin 140 kv.m ölçüdə hissəsi ona məxsusdur. Çünki onun adına tərtib edilmiş həmin torpaq sahəsinə aid texniki pasport vardır. X3 təqdim etdiyi qeyd olunan fərdi yaşayış evinin texniki pasportu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma şöbəsi tərəfindən 24 iyun 2017-ci il tarixdə 11/458 qeydiyyat nömrəsi ilə təsdiq edilmişdir. Həmin texniki pasporta görə qeyd olunan ünvanda X5 məxsus tikililər və 0,24548 ha ölçüdə torpaq sahəsi vardır. X10 texniki pasportun olmasından istifadə edərək torpaq sahəsinin ona qaytarılmasını, iddiaçının inşa etdiyi tikililərin sökülməsini tələb edir. O, həmin torpaq sahəsinin ona məxsus olmasını, sahibliyində və ya istifadəsində olmasını təsdiq edən sübut təqdim edə bilmir. Torpaq sahəsinin ona babasından miras qaldığını iddia edir. Torpağa mülkiyyət, sahiblik və istifadə hüquqları qeydə alınmamışdır. Hüquqi əsaslar olmadan qanun pozulmaqla tərtib edilmiş texniki pasportun mövcudluğu iddiaçının hüquq və mənafelərini pozur. Torpağı qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirə bilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.2, 55 və 66-cı maddələrinə və Mülki Məcəlləsinin 157, 157, 158-ci maddələrinə əsasən daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam hüquqlarının) əldə edilməsinin hüqui əsasları müəyyən edilmişdir. Göstərilən qaydalara əməl edilmədən və həmin əsaslar olmadan daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının əldə edilməsi mümkün deyildir. X5 texniki pasport həmin həmin əsaslarla torpaq sahəsinə hüququ yarandıqdan sonra verilə bilərdi. Texniki pasport hüquqmüəyyənedici sənəd deyildir. İddiaçı bu səbəbdən X3 adına tərtib edilmiş Bakı şəhəri, Əhmədli qəsəbəsi, E.Süleymanov küçəsi, ev 1 ünvanında yerləşən 0,24548 ha torpaq sahəsinə aid 24 iyun 2017-ci il tarixli 11/458 qeydiyyat nömrəli texniki pasportun qanunsuz olduğundan ləğv edilməsini 23 avqust 2022-ci il tarixli ərizə ilə cavabdehdən xahiş etmişdir. Lakin qanunla müəyyən edilmiş müddət keçsə də, ona cavab veriməmişdir. Göstərilənlərə və İPM-in 2.2, 14, 33, 38, 39-cu maddələrinə əsaslanaraq, X3 adına tərtib edilmiş Bakı şəhəri, Əhmədli qəsəbəsi, E.Süleymanov küçəsi, ev 1 ünvanında yerləşən 0,24548 ha torpaq sahəsinə aid 24 iyun 2017-ci il tarixli 11/458 qeydiyyat nömrəli texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yerləşən (ünvan 1 avqust 2022-ci il tarixində keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi hasar daxilində, 2 tərəf qonşu, 2 tərəfi yoldur və bir tərəfdən (yol tərəfdən) sərhəddi boyu elektrik xətti (1-10 kV-luq) keçir. Həmçinin torpaq sahəsində tikintisi başa çatdırılmamış 85,5 kv.m ölçülü tikili mövcuddur. Elektron kadastr baza məlumatlarına əsasən 134,5 kv.m torpaq sahəsi 24 iyun 2017-ci il tarixli 11/458 inventar nömrəli texniki pasportda qeyd olunan ümumi ərazi daxilində yerləşir (2.458 kv.m). İddiaçı tərəfindən müvafiq torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Ümumi ərazi daxilində ayrı-ayrı fiziki şəxslərə məxsus fərdi yaşayış evləri tikilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Məhkəmənin 6 dekabr 2022-ci il tarixli qərardadı ilə X10, 6 iyul 2023-cü il tarixli qərardadı ilə X21, X14, X18, X7 və X15 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X12 iddianı müdafiə etdi və bildirdi ki, iddia mümkün sayılmalı və işə inzibati məhkəmə icraatında mahiyyəti üzrə baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə müvafiq evin texniki pasportunun əvvəlki vəsiyyətinə bərpa olunması qərara alınsa da, cavabdeh qərardadı düzgün icra etməmiş və hazırkı iddiaçının mənafeyinə toxunan göstəricilərlə sahəni əks etdirməklə yeni texniki pasport vermişdir və hazırda cavabdehin hərəkətləri mübahisələndirilərək, texniki pasportun ləğvi tələb olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və vəkili ilə eyni mövqedə olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi (vəkili) Vəkil iddianın mümkün iddia sayıldığını və işə mahiyyəti üzrə baxılmalı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X7 və X18 iddianın mümkün iddia olduğunu bildirdilər. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2016-cı il tarixli qərardadı ilə müvafiq mülki iş üzrə iddiaçı Qasımova (Atakişiyeva) Lətifə İnqilab qızının şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10197/2015 saylı iş üzrə 10 dekabr 2015-ci il tarixli qərardadı ləğv edilmiş və 2-2622/2002 saylı iş üzrə 30 sentyabr 2002-ci il tarixli qiyabi qətnaməsinin icrasında dönüş edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, X8 adına Bakı şəhəri, Xətai rayonu, Elşən Süleymanov küçəsindəki ünvan üzrə verilmiş texniki pasportun ləğv edilməsi, həmin ünvan üzrə X4 adına verilmiş texniki pasportun bərpa olunması və qərardadın icrasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçının iddiasında tələb etdiyi hərəkət fərdi yaşayış evinə dair texniki pasportda düzəliş edilməsi olsa da, ayrıca mülki məhkəmə icraatı üzrə qəbul olunmuş məhkəmə qərardadı ilə həmin evin texniki pasportun əvvəlki vəziyyətinə, hansı ki, iddiaçının arzuladığı hala uyğundur, bərpa edilməsi vəzifə kimi hazırkı cavabdeh inzibati orqana (onun əsasında yaradılmışdır) həvalə olunmuşdur. Belə olan halda, məhkəmənin qənaətinə görə mülki məhkəmə icraatında qəbul olunmuş məhkəmə aktı ilə evin texniki pasportunun əvvəlki vəziyyətinə bərpa olunması inzibati orqana həvalə edildiyi halda, texniki pasportda həmin vəziyyətə uyğun düzəliş olunması ayrıca inzibati icraatın, eləcə də ondan doğan inzibati mübahisənin predmeti kimi çıxış edə bilməz. Mülki mübahisənin tərəfi icraya dönüş haqqında məhkəmə qərardadının icrası məsələsini inzibati məhkəmə icraatında iddia irəli sürməklə deyil, müvafiq məhkəməyə ərizə ilə müraciət etməklə qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qeyd olunanların məcmusunda məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar