Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2942/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müddətsiz 2-ci dərəcə əlillik statusunun təyin edilməsi barədə 1687 nömrəli xx.xx.2015-ci il tarixli müayinə aktı ilə verilmiş qərar əsasında müddətsiz 2-ci dərəcə əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi və əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində yalnız Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi saxlanılmaqla, əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdehlər sırasından çıxarılmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-2023-cü il dövr ərzində 2-ci qrup əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası alırdı. 2023-cü ilin oktyabr ayında pensiyasının ödənilinəsi dayandırıldı və bildirildi ki, o, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi nəticəsində aldığı xəsarətdən sağalmış və bu səbəbdən ona keçmiş hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmalıdır. O, hərbi xidmət vəzifələrinin icrası nəticəsində aldığı həmin xəsarətin yaratdığı xəstəliklərdən uzun müddət müalicə almış və əlbəttə ki, həmin xəstəlikdən sağalmışdır. Lakin həmin xəstəliklər nəticəsində hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası almaq hüququ itirilib. Əgər o hərbi xidmət vəzifələrinin icrası nəticəsində aldığı xəsarətdən xəstəliyə yoluxmasaydı hərbi xidmətə davam edərdi, nəticədə yaşa görə hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ olardı, həmçinin hərbi xidmətə davam edib yüksək hərbi vəzifə sahibi olardı, bu gün cari vəziyyətdə hərbi xidmətə davam edərdi. Cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19720/2023 nömrəli qərarında qeyd edilmişdir ki, vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2007-ci il tarixli 125 nömrəli qərar verilmişdir. Həmin qərarda “Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində. On iki barmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı kobud çapıq deformasiyası, təxliyyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Vertebrogen mənşəli lümbalgiya. Vegetativ damar distoniyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı daha öncəki əlillik təyinatının mədə xorası ilə əlaqədar olduğunu, yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını, sonuncu dəfə müayinə və müalicə üçün tibb müəssisəsinə müraciət etmə tarixini bilməmişdir. Müayinə zamanı boyu 178 sm, çəkisi 93 kq, BKİ-30 müəyyən edilmiş, dərialtı piy təbəqəsi izafi inkişaf etmişdir. Ekspertiza üçün əhəmiyyətli olan tibbi müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Vətəndaşın qərarı xx.xx.2023-cü il tarixli Qərarda qeyd edilmişdir, lakin əlillik təyinatının səbəb əlaqəsi dəyişmədiyindən yenidən xx.xx.2023-cü il tarixli Qərara əlavə edilmişdir. Nəticədə, xx.xx.2015-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatının səbəb əlaqəsinin Hərbi xidmət dövrü ilə əlaqədar olaraq dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2025-ci il tarixli T661/2025 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X7”nə qastroenteroloqa müayinəyə göndərilmiş və aparılmış müayinələr nəticəsində “Eroziv qastroduodenit, bulbar çapıqlar, antral polip, reflyukseroziv ezofagit, D.Y.B.D-nin yırtıq əlamətləri, pankreat əlamətləri, duodenoqastral reflyuks” Endo-Diaqnozu müəyyən edilmişdir. Bundan başqa çəkisi-95 kq, boyu isə 180 sm olmuşdur. Onu əziyyət çəkdiyi “Onikibarmaq bağırsağın xora xəstəliyi” tam reabilitasiya olunmuş, xora yerlərində çapıqlar əmələ gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarından müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2015-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7-ci bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaş əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün müraciət etmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinə aparılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 19720/2023 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2007-ci il tarixli 125 nömrəli qərar verilmişdir. Həmin qərarda “Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində. On iki barmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonraki kobud çapıq deformasiyası, təxliyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Vertebrogen mənşəli lümbalgiya. Vegetativ damar distoniyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı daha öncəki əlillik təyinatının mədə xorası ilə əlaqədar olduğunu, yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını, sonuncu dəfə müayinə və müalicə üçün tibb müəssisəsinə müraciət etmə tarixini bilməmişdir. Müayinə zamanı boyu 178 sm, çəkisi 93 kq, BKİ-30 müəyyən edilmiş, dərialtı piy təbəqəsi izafi inkişaf etmişdir. Ekspertiza üçün əhəmiyyətli olan tibbi müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. İddiaçı müvafiq qərarının qanunsuz olması və onunla heç bir əyani müayinə aparılmadan əlilliyinin bərpa edilməli olduğu qənaətindədir. İşin hallarından görünür ki, iddiaçının müraciəti əsasında cavabdeh qurum tərəfindən əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin yoxlanılmış və Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin (tam reabilitasiya olunub-olunmaması) qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı məhkəmənin qərardadı ilə təyin edilmiş əyani müayinəyə dəvət edilsə də, iştirak etməmişdir. Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2025-ci il tarixli, T661/2025 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X7”nə qastroenteroloqa müayinəyə göndərilmiş və aparılmış müayinələr nəticəsində “Eroziv qastroduodenit, bulbar çapıqlar, antral polip, reflyukseroziv ezofagit, D.Y.B.D-nin yırtıq əlamətləri, pankreat əlamətləri, duodenoqastral reflyuks” Endo-Diaqnozu müəyyən edilmişdir. Bundan başqa çəkisi-95 kq, boyu isə 180 sm olmuşdur. Onu əziyyət çəkdiyi “Onikibarmaq bağırsağın xora xəstəliyi” tam reabilitasiya olunmuş, xora yerlərində çapıqlar əmələ gəlmişdir. Ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyin müddətsiz olması bu halı onun xeyrinə dəyişmir. Cavabdeh hətta təyin edilmiş müddətsiz əlillik qərarına yenidən baxmaq səlahiyyətinə malikdir. Çünki şəxsə müddətsiz əlilliyin qanunsuz inzibati akt nəticəsində qəbul edilməsi istisna edilmir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.2 və 3.2.4-cü bəndlərinə görə, Bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Agentliyin tibbisosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək hüququ vardır. Agentliyin Nizamnaməsinin istinad edilən bəndlərindən və “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndindən irəli gələn əlillik qərarını qiymətləndirmək hüququ vardır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2942/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2942/2025
24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver