Məhkəmə qərarları › İş №2-1(112)-2943/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2943/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2943/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (hüquqşünas, Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi ev 12 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X5 (hüquqşünas, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Nikaolayevnanın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nikaolayevna cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 məxsus olmuş ünvan 3, 173 N-li məhdud kommunal-məişət şəraitli mənzildə yaşayış sahəsi 12 kv.m-dən ibarət olan 1 (bir) otağa dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1961-ci il tarixdən etibarən bu günə qədər pasport qeydiyyatında olduğu, mütəmadi olaraq tələb olunan bütün kommunal xərcləri ödədiyi, eləcə də, digər hüquq və vəzifələri həyata keçirdiyi ünvan 3, (Mixayıl Kaveroçkin küçəsi, əvvəllər “Bannıy dvor” deyilən ərazi, keçmiş Solnçeva küçəsi, 40) 173 N-li mənzil məhdud kommunal-məişət şəraitlidir, yaşayış sahəsinin təxminən 20 kv.m-dən ibarət 1 (bir) otağı onun xüsusi mülkiyyətindədir. Digər 12 kv.m-dən ibarət 1 (bir) otağı isə X4 adlı şəxsə məxsus olmuşdur. Sözügedən mənzilin 1 (bir) otağının onun mülkiyyətində və sahibliyində olması ilə bağlı AR Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 203375 N-li, 28.09.2004-cü il tarixli Qeydiyyat vəsiqəsi və Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 16 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışla təsdiq olunur və MKİS-də bununla bağlı adına açılmış 4887 №-li şəxsi hesab vərəqəsində müvafiq qeydlər aparılmışdır. Yuliya Droqamirova ahıl yaşında olduğu, yaxınları, övladı olmadığı, tənha, kimsəsiz qadın olduğu üçün bir müddət sonra Bakı şəhərində yerləşən Sosial Xidmət Müəssisələrində (qocalar evində) yaşamağa başlamışdır. Sonradan isə əldə etdiyi məlumata əsasən o, Göygöl rayonunun Qırıqlı kəndində yerləşən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 3 saylı psixonevroloji Sosial Xidmət Müəssisəsinə köçürülmüş, bir müddət həmin müəssisədə yaşadıqdan sonra orada vəfat etmiş və Göygöl rayonunun Qırıqlı kənd nümayəndəliyi tərəfindən 11 nömrəli Akt əsasında, 19.05.2018-ci il tarixli AZ1- N 921153 saylı Ölüm haqqında şəhadətnamə tərtib edilərək müəssisəyə təqdim edilmişdir. Hal-hazırda iddiaçı sözügedən Kaveroçkin küçəsi, ev 21/173 mənzilin özünə məxsus 20 kv.m-dən ibarət 1 (bir) otağında iki nəfər ailə üzvləri qızı-X6 və nəvəsi-X3 ilə birgə yaşayır. Ümumi sahəsi 20 kv.m olan otaq yaşayış üçün həddən artıq balaca olduğu, normal yaşamaq mümkün olmadığı üçün mənzil şəraitinin yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə zərurət yarandığından tərəfindən ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısına müraciət olunaraq mənzilin mərhum X2 məxsus olmuş 12 kv.mdən ibarət 1 (bir) otağına dair mülkiyyət hüququnun əldə edilməsi, adına qeydlərin aparılması və 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməsi üçün tələb olunan sənədlərin verilməsini xahiş etdi. Bununla bağlı Nəsimi rayon icra hakimiyyətinin nümayəndəsi evinə gələrək şəxsən mənzil şəraitilə tanış olduqdan, həmin məsələ icra hakimiyyəti aparatında yaradılmış səlahiyyətli şəxslər tərəfindən uzun müddət ətraflı şəkildə araşdırıldıqdan sonra "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" AR Qanunun və AR "Mənzil Məcəlləsi"nin tələbləri əsas götürülərək. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən "Kaveroçkin küçəsi, 21 N-li evdə k/k Droqamiorovanın boşalmış mənzilinin vətəndaş Raisa Nikolayevnanın mənzil sahəsinə birləşdirilməsi barədə" 17 iyul 2019-cu il tarixli 120 N-li Sərəncam imzalandı. Sərəncama əsasən 1 Kaveroçkin küçəsi, 21 N-li evdə keçmiş icarədar Droqamirovnanın 1 (bir) otaqlı yaşayış sahəsi 12 kv.m olan mənzili vətəndaş İddiaçı mənzil sahəsinə birləşdirilsin və o, gələcəkdə 3 nəfər ailə tərkibi ilə (özü, qızı, nəvəsi) 2 (iki) otaqlı yaşayış sahəsi 32 kv.m olan 173 N-li mənzilin icarədarı hesab edilsin; 2. Sərəncamın surəti icra üçün 16 saylı MKİS-ə, məlumat üçün vətəndaş İddiaçı və hüququ qeydiyyata alınması üçün DƏDRX- nin 1 Saylı Bakı Ərazi İdarəsinə göndərilməsi qərara alındı. Daha sonra həmin mənzilin X2 məxsus olmuş 12 kv.m-dən ibarət 1 (bir) otağına dair mülkiyyət hüququnun əldə edilməsi və çıxarışın verilməsi üçün tərəfindən ərizə ilə 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 26.09.2019-cu il tarixli, **********41 N-li cavab məktubuna əsasən. “Sizin müraciətinizlə bağlı bildirmək istərdik ki, vətəndaşın təqdim etdiyi 17.07.2019-cu il tarixli Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 120 №- li 17 iyul 2019-cu il tarixli Sərəncamında qeyd olunan Kaveroçkin küçəsi, 21 №-li evdə keçmiş icarədar olan X2 məxsus yaşayış sahəsi 12 kv.m olan 1 otaqlı mənzilə dair hüquq müəyyənedici sənədlər təqdim edəcəyi təqdirdə Raisa Nikolayevnanın müraciətinə yenidən baxıla bilər" qeyd edilmiş, yaşadığı mənzilin 12 kv.m-dən ibarət digər 1 (bir) otağının adına qeydiyyata alınaraq çıxarış verilməsindən imtina edildi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə bildirilir ki, vətandaş İddiaçı İdarəyə ünvanladığı ilkin müraciətində mərhum X1 yaşadığı mənzilə dair hüquqmüəyyənedici sənədlər tələb etmişdir. Lakin mərhum X1 yaşadığı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, sözügedən mənzilə dair hüquqmüəyyənedici sənədlər 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir və İddiaçı bu barədə məlumat verilmişdir. Əlavə olaraq bildiririk ki, vətandaş İddiaçı təkrar müraciəti zamanıl ərizəsinə X2 məxsus olmuş Nəsimi rayonu, Kaveroçkin küçəsil 21 saylı evin boşalmış mənzilinin İddiaçı mənzil sahəsini birləşdirilməsi haqqında Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 120 saylı, 17.07.2019-cu il tarixli sərəncamını əlavə etmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009- cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bir neçə kirayəçinin və (və ya) mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi onların ərizəsi əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və (və ya) mülkiyyətçilərə verilir bu şərtlə ki, onlar yaşayış sahəsinin boşaldığı günə müəyyən edilmiş qaydada aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və ya aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 58.2-ci maddəsinə əsasən kommunal mənzildə bu Məcəllənin 58.1-ci maddəsində göstərilən vətəndaşlar olmadıqda (yaşamadıqda), boşalmış yaşayış sahəsi həmin mənzildə yaşayan, müəyyən edilmiş qaydada aztəminatlı hesab edilə bilən və ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ayrılma normasından az olan kirayəçilərə və (və ya) mülkiyyətçilərə onların ərizəsinə əsasən sosial kirayə müqaviləsi üzrə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, AR Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 203375 N-li, 28.09.2004-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 3, 173 N-li mənzil 1 (bir) otağı İddiaçı xüsusi mülkiyyətindədir. Digər 12 kv.m-dən ibarət 1 (bir) otağın isə icarədarı X4 adlı şəxs olmuşdur. AZ-İ 921153 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X4 18.05.2018-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 120 nömrəli 17.07.2019-cu il tarixli Sərəncamı ilə Kaveroçkin küçəsi 21 №-li evdə keçmiş icarədar Droqamirovanın 1 otaqlı yaşayış sahəsi 12 kv.m olan mənzili vətəndaş İddiaçı mənzil sahəsinə birləşdirilsin və o, gələcəkdə 3 nəfər ailə tərkibi ilə (özü, qızı, nəvəsi) 2 otaqlı yaşayış sahəsi 32 kv.m olan 173 №-li mənzilin icarədarı hesab edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 19.03.2020-ci il tarixli **********15 nömrəli imtina məktubunda bildirmişdir: “ünvan 3 ünvanında yerləşən, X2 məxsus olmuş mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsinə və həmin mənzil üzərində sizin mülkiyyət hüququnuzun qeydiyyata alınmasına köməklik göstərilməsi barədə İqtisadiyyat Nazirliyinə ünvanladığınız 20.02.2020-ci il tarixli (daxilolma qeydiyyatı: 24.02.2020-ci il tarixli İN-D/O-N-27/2020/3 nömrəli) müraciətə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, X1 yaşadığı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, sözügedən mənzilə dair hüquqmüəyyənedici sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Hazırkı müraciətə əlavə edilmiş Nəsimi Rayon İcra Hakimiyyətinin 17.07.2019-cu il tarixli 120 saylı sərəncamında Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 58.1-ci maddəsinə istinad olunaraq X2 məxsus olmuş 1 otaqlı mənzilin sizin mənzilə birləşdirilməsi və gələcəkdə sizin 2 otaqlı mənzilin icarədarı hesab edilməyiniz qərara alınmışdır. Nəsimi Rayon İcra Hakimiyyətinin 17.07.2019-cu il tarixli 120 saylı sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən sonra verildiyindən, həmin sərəncam əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qanunvericiliyin yuxarıda qeyd olunan müddəası ilə uyğunsuzluq təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 04.05.2020-ci il tarixli **********65 nömrəli imtina məktubunda bildirmişdir: “ünvan 3 ünvanında yerləşən, X2 məxsus olmuş yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsinə və həmin sahə üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse- prezidentinin Katibliyinə ünvanladığınız 06.03.2020-ci il tarixli müraciətə (daxilolma qeydiyyatı: İN-D/O-N-27/2020/4, 18.03.2020) baxılmışdır. Bununla əlaqədar bildiririk ki, X1 yaşadığı sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, sözügedən sahəyə dair hüquqmüəyyənedici sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin 17.07.2019-cu il tarixli 120 saylı sərəncamında Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 58.1 -ci maddəsinə istinad olunaraq X2 məxsus olmuş 1 otaqlı mənzilin sizin mənzilə birləşdirilməsi və gələcəkdə sizin 2 otaqlı 173 nömrəli mənzilin icarədarı hesab edilməyiniz qərara alınmışdır. Qeyd olunan sərəncam Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01.10.2009-cu il tarixindən sonra verildiyindən, həmin sərəncam əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qanunvericiliyin müvafiq müddəası ilə uyğunsuzluq təşkil edir. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının yaşadıqları mənzilləri şəxsi mülkiyyətinə keçirmək hüququnun realizə olunması üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunla zaman məhdudiyyəti nəzərdə tutulmamışdır. Lakin 01.10.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsi bu hüququn həyata keçirilməsi üçün müddət müəyyən etmişdir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanuna əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993- cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Sözügedən normaların təhlili göstərir ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanuna əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı 01.10.2009-cu il tarixindən əvvələ təsadüf etməlidir. Bu mənada, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə istinadən sizin mübahisəli mənziii «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinizə keçirmək hüququ o vaxt yaranmış və hazırda da saxlanmış sayılardı ki, sizin bu hüququnuz səlahiyyətli orqanlar tərəfindən 01.10.2009-cu il tarixədək verilmiş sərəncam və ya order, yaxud bağlanmış kirayə müqaviləsinə əsaslanardı. Bu səbəbdən təqdim etdiyiniz 17.07.2019-cu il tarixli 120 nömrəli sərəncam 01.10.2009-cu il tarixdən sonraya aid olduğundan, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanun anlamında mənzilin özəlləşdirilməsi üçün əsas təşkil etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmçinin bildiririk ki, məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13.02.2020-ci il tarixli **********87 nömrəli, 24.02.2020-ci il tarixli **********61 nömrəli və 19.03.2020-ci il tarixli **********15 nömrəli məktubları ilə sizə müvafiq məlumat verilmişdir.” Həmçinin, iş materiallaından görünür ki, 06.12.2021-ci il tarixli şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil öz izahatında mübahisə predmeti olan mənzilin üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsini tələb etdiklərini bildirmişdir. 06.12.2021-ci il tarixli şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, qeyd olunan yaşayış sahəsinə dair istifadə hüquqlarının qeydiyyatı ilə bağlı müraciət olduğu təqdirdə məsələyə baxıla bilər. Beləliklə, məhkəmə qeyd edir ki, 19.03.2020-ci il tarixli **********15 nömrəli və 04.05.2020-ci il tarixli **********65 nömrəli imtina məktublarından, həmçinin iddiaçının nümayəndəsi və vəkilinin izahatından görünür ki, iddiaçı “ünvan 3 ünvanında yerləşən X2 məxsus olmuş mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi və həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması” tələbi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 20.02.2020-ci il tarixli və 06.03.2020-ci il tarixli ərizələrlə müraciət etmiş və hazırkı iddia tələbi ilə məhz ünvan 3 ünvanında yerləşən X2 məxsus olmuş mənzil üzərində mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınmasını tələb edir. Məhkəmə qeyd edir ki, ünvan 3, 173 N-li mənzilin 12 kv.m-dən ibarət 1 (bir) otağın X2 məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici sənədin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil (12 kv.m-dən ibarət 1 otaq) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 120 nömrəli 17.07.2019-cu il tarixli Sərəncamı ilə İddiaçı mənzil sahəsinə birləşdirilmiş və o, gələcəkdə 3 nəfər ailə tərkibi ilə (özü, qızı, nəvəsi) 2 otaqlı yaşayış sahəsi 32 kv.m olan 173 №-li mənzilin icarədarı hesab edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan mənzil (12 kv.m-dən ibarət 1 otaq) İddiaçı istifadəsinə Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ildən sonra verilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir: Belə ki, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993- cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir (12 iyul 2019-cu il tarixli 1653-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2019-cu il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1375) ilə yeni məzmunda 146.4-cü maddə əlavə edilmişdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2009-cu il tarixli 153 nömrəli Fərmanının 26 avqust 2019-cu il tarixli 818 nömrəli Fərmanla 2.1-ci bəndə edilmiş dəyişikliyə görə Mənzil Məcəlləsinin 146.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti həyata keçirir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən ictimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun Maddə 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir. İddiaçı əvvəlki Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu il tarixədək verilmiş mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim etməmişdir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Beləliklə, dövlət mənzil fondunda olan mənzil iddiaçının istifadəsinə Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ildən sonra, yəni 17.07.2019-cu il tarixdən verildiyindən həmin Məcəllənin 146.2-ci maddəsinin tələbinə əsasən iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadla özəlləşdirmə qaydasında mənzilə mülkiyyət hüququna dair çıxarış almaq hüququ olmamışdır. Məhkəmənin qənaətinə görə, cavabdehin imtinası əsaslı olduğundan hazırkı iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Nikaolayevna cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mərhum X2 məxsus olmuş ünvan 3, 173 N-li məhdud kommunal-məişət şəraitli mənzildə yaşayış sahəsi 12 kv.m-dən ibarət olan 1 (bir) otağa dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar