Məhkəmə qərarları › İş №2-1(112)-2944/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2944/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2944/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və "xxxx" MMC) “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, əmək pensiyası hüququnun yarandığı xx.xx.2021-ci il tarixindən - 62 yaşından əmək pensiya təyin edilməsi və həmin tarixdən bugünədək ödənilən yaşa görə müavinət məbləği ilə təyin ediləcək pensiya məbləği arasında yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və "xxxx" MMC üçüncü şəxslər qismində (zəruri cəlbetmə) məhkəmə icraatında cəlb edilməsi qərara alınmışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1959-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. 2021-ci ildə pensiya yaşının çatması ilə əlaqədar əmək pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də müraciətinə cavab olaraq bildirilmişdir ki, sığorta stajı 12 il 2 ay 18 gün olduğu üçün, həmçinin də xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona əmək pensiyası təyin olunmasından imtina edilmiş və xx.xx.2021-ci il tarixindən ona proaktiv formada yaşa görə sosial müavinət təyin olunmuşdur. Qeyd olunan məktubdan sonra məlum olmuşdur ki, onun xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək əmək müqaviləsi ilə işlədiyi (bununla bağlı Müəssisə tərəfindən əmək kitabçasında müvafiq qeydlər aparılmış və möhürlə təsdiq edilmişdir) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məcburi dövlət sosial sığorta haqları hesablanmamış və DSMF-yə ödənilməmişdir. Bundan sonra iddia ərizəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Səbail rayon Məhkəməsinə müraciət edərək “xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqının hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş (qətnamə əlavə edilir), həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya göndərilmişdir. Daha sonra isə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi icra edilərək onun xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqı hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi hesaba ödənilmişdir. Göstərilənlərdən məlum olur ki, xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasının səbəbi ondan asılı olmamışdır və artıq həmin dövr ərzində işlədiyi xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə qədər olan müddətə görə məcburi dövlət sosial sığorta haqqı məhkəmə qərarına əsasən işəgötürən tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir. Bundan sonra təkrarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək ona əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin inzibati orqan iddiaçının müraciətinin icrasından yenə də imtina etmiş və müraciətinə xx.xx.2024-cü il tarixli məktubu ilə əsassız imtina cavabı vermişdir. Qanunvericiliyin tələblərinə əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş müəyyən edilmişdir. 62 yaşı da xx.xx.2021-ci il tarixində tamam olmuşdur. xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək əmək müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyindən həmin dövrə görə işəgötürən tərəfindən DSMF-yə məcburi dövlət sosial sığorta haqları hesablanaraq ödənilməli idi. Lakin işəgötürən öz öhdəliklərini yerinə yetirməmiş, buna nəzarət etməli olan inzibati orqan (DSMF) da öz vəzifələrini lazımınca yerinə yetirməyərək işəgötürənin yol verdiyi qanunsuzluqları aşkar etməmişdir. İddiaçı bundan yalnız pensiya təyin edilməsi üçün müraciət edəndən sonra məlumatlı olmuş və məhkəməyə müraciət edərək həmin dövrə görə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının məcburi qaydada ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya göndərilmişdir. Daha sonra isə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi icra edilərək onun xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqı hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi hesaba ödənilmişdir. Göstərilənlərdən məlum olur ki, Səbail ravon Məhkəməsinin qevd olunan qətnaməsi icra edildikdən sonra artıq fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2018ci il tarixə qədər olan dövrə görə qeydə alınmış pensiya kapitalı yaranır. Belə olan halda isə qanunvericiliyin tələblərinə əsasən onun xx.xx.2006-cı il tarixədək olan sığorta stajı 25 il kimi nəzərə alınmalı və əmək pensiyası təyin edilməlidir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasının səbəbi ondan asılı olmamışdır və işəgötürənin yol verdiyi qanunsuzluqlar ziyanına şərh oluna bilməz. Odur ki, hazırda inzibat orqanın əmək pensiyası təyin etməkdən imtina etməsi qanunsuz olmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-215066/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının sosial sığorta stajı 12 il 1 ay 18 gün təşkil edir. Sözügedən məktuba əsasən, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlər iddiaçının fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqqları aşkarlanmadığından mübahisələndirilmişdir. İddiaçı bununla bağlı müəssisəyə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, əmək müqaviləsi əsasında işlədiyi müvafiq dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişinin Fonda ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(009)- 1919/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlərə görə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatların təqdim edilməsi və həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının Fonda ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Hesabat) altsistemində sığortaedənin 2006-2011-ci illər üçün təqdim edilmiş hesabat məlumatlarına baxış keçirən zaman “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar”a (Forma B1) uyğun “Məcburi dövlət sosial sığortası üzrə sığortaolunanların hesabları barədə məlumatlar”ın (Forma B3) təqdim edildiyi və sözügedən hesabatlarda iddiaçıya dair məlumatların (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) əks olunmadığı müəyyən edilmişdir. Sığortaedən tərəfindən 2006-2011-ci illər üçün iddiaçının xeyrinə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunmasını müəyyənləşdirilməsi və həmin fərdi şəxsi hesablarda azaldılma aparılaraq müvafiq məbləğlərin iddiaçının fərdi şəxsi hesabına bərkidilməsi məqsədilə, səhv nəticəsində fərdi şəxsi hesabına artıq məcburi dövlət sosial sığorta haqqı ödənilmiş əməkdaşlar və həmin əməkdaşların xeyrinə ayrı-ayrılıqda hansı məbləğdə artıq məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə məlumatlar Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim olunmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçının müraciətinə əlavə etdiyi ödəniş qəbzində əks olunan məcburi dövlət sosial sığortası üzrə məbləğin Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının müvafiq xəzinə hesabına daxil olması barədə MEİS-in “Sığorta" (Birbaşa daxil olan ödənişlərin uçotu) altsistemində məlumat əks olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.6-cı bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqları Qanunun qüvvəyə mindiyi tarixdən (xx.xx.2006) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1 və 4,1.3-cü bəndlərinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı əmək kitabçasına, xx.xx.2006-cı ildən sonrakı dövr üzrə işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti əmək pensiyası təyin edilərkən sığorta stajı kimi nəzərə alınır. Qeyd olunanlardan aydın olduğu kimi, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra- Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sığortaedən "xxxx" MMC (SUN: **********7; VÖEN: **********) tərəfindən İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün bank rekvizitlərinin təqdim olunması ilə bağlı müraciətinə xx.xx.2024-cü il tarixli məktubu ilə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün bank rekvizitləri göndərilmişdir. (B1.Benefisiar(alan) bank: X1; Kodu:210005; VÖEN:**********; M/H: AZ41 NABZ********************; S.W.İ.F.T.BİK CTREAZ22... B2.Alan müştəri /Beneficiary: Adı: DSMF-nin DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı; H/H №: AZ36CTRE********************; VÖEN:**********; Büdcə səviyyəsi kodu – 4)

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir.

II. İddianın növü və mümkünlüyü

10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

11. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

13. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

15. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

16. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

17. İddiaçı onun xeyrinə 2006-2011-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə müvafiq hesabatlar dəqiqləşdirilərək yenidən müvafiq qaydada təqdim olunmasını, dəqiqləşdirilmiş hesabatlar əsasında əmək pensiyasının təyin edilməsini xahiş edir.

18. İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olub. Əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının sığorta stajı 25 ildən azdır.

19. Cavabdeh qurum tərəfindən iddiaçının əmək kitabçasındakı xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr sığorta stajına daxil edilməmişdir. Belə ki, əsas gətirilmişdir ki, sözügedən dövrlərdə iddiaçının fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqqları aşkarlanmamışdır.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

21. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır.

22. İddiaçının azı 25 il stajının mövcud olmadığını nəzərə alan məhkəmə qeyd edir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

23. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(009)-1919/2023 nömrəli qətnaməsi ilə iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlərə görə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatların təqdim edilməsi və həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının Fonda ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qətnamə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilərək iddiaçının xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun göndərdiyi hesaba ödənilmişdir. Belə ki, işdə olan qəbzin surətinə əsasən 1051 AZN (köçürüləcək məbləğ 1049,73 AZN, komissiya məbləği 1,05 AZN) AZ36CTRE******************** nömrəli hesaba ödənilmişdir.

24. Cavabdehin etirazda göstərdiyi dəlil ondan ibarətdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedənin 2006- 2011-ci illər üçün təqdim edilmiş hesabat məlumatlarına baxış keçirən zaman “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar”a (Forma B1) uyğun “Məcburi dövlət sosial sığortası üzrə sığortaolunanların hesabları barədə məlumatlar”ın (Forma B3) təqdim edildiyi və sözügedən hesabatlarda iddiaçıya dair məlumatların (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) əks olunmadığı müəyyən edilmişdir.

25. “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir;

26. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

27. Qeyd olunmuş qanunvericilik normalarından görünür ki, şəxsə əmək pensiyasının təyin edilməsi, pensiya məbləğinin müəyyən edilməsi, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, fərdi hesabda toplanması zəruridir.

28. “Sosial sığorta haqqında” Qanunun: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

11. Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq; Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. 4.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

29. Məhkəmə tərəfindən müəyyən olunur ki, sığortaedən "xxxx" MMC tərəfindən 2006-2011-ci illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdim edilmədiyindən həmin dövrlər üzrə məlumatlar İddiaçı fərdi şəxsi hesablarında əks olunmamışdır. Yəni məcburi dövlət sosial sığorta haqları hesablanılıb, ödənilib, lakin sığortaolunan haqqında məlumatlar (Forma B3) təqdim olunmadığından iddiaçının əmək pensiyası tam hesablanıb ödənilməmişdir.

30. Məhkəmə qeyd edir ki, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməsi, habelə məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) göndərilməsinə nəzarət iddiaçının imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir.

31. Məhkəmə qeyd edir ki, "Sosial sığorta haqqında" Qanuna dəyişiklik edilənə qədər (1 yanvar 2019-cu il tarixədək) məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirdi. Bu səbəbdən də iddiaçı pensiyaçı kimi, onun müraciət etməli olduğu qurum cavabdeh olduğu təqdirdə, cavabdeh qurumun ona məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdim edilmədiyindən həmin ödənişlərin iddiaçının fərdi şəxsi hesabında uçota alınması və həmin ödənişlərə əsasən pensiyanın yenidən hesablanması mümkün olmamasına istinad edərək imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatların (Forma B3) göndərilməməsi iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, işəgötürənin və müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı.

32. Odur ki, məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir.

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmişdir). Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir).

34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən, 62 yaşından əmək pensiya təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar