Məhkəmə qərarları › İş №2-1(112)-2945/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2945/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2945/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştiakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı X14, X13, X6, X15 və X8 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14, X13, X6, X15 və X3 ona məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 24 saylı fərdi yaşayış evi 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən Çıxarışa (qeydiyyat nömrəsi: **********) əsasən onun xüsusi mülkiyyətindədir. X14, X13, X6, X15, X8 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. O, X14, X13, X6, X15, X5 tanımır və üçüncü şəxslər onun ailə üzvləri deyil, üçüncü şəxslərin onun evinə necə qeydiyyata düşdükləri barədə məlumatı yoxdur. X14, X13, X6, X15, X3 onun xüsusi mülkiyyətində olan evdə pasport qeydiyyatları yalnız formal xarakter daşıyır. Bundan başqa, X14, X13, X6, X15, X3 ona məxsus ünvanda qeydiyyatda olmaları onun mülkiyyətçi kimi hüquqlarını pozur, ona əlavə kommunal xərclərin ödənilməsində çətinlik yaradır və o, əlavə xərclər çəkməli olur. X14, X13, X6, X15, X3 ona məxsus olan ünvan 1 ünvanından pasport qeydiyyatdan çıxarılmalarına dair xx.xx.2022-ci il tarixində ərizə ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etsə də, müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixində 101- 31668Ə saylı imtina məktubuna əsasən, X14, X13, X6, X15, X3 mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Həmin məktuba əsasən X14, X13, X6, X15, X3 mənzildən pasport qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X14, X13, X6, X15 və X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, cavabdeh inzibati orqan isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1972-ci ildə Balakən şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********82-10301 №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. xx.xx.2022-ci tarixli, ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan məlum olur ki, xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.1975ci il təvəllüdlü X6, xx.xx.1973-cü il təvəllüdlü X15, xx.xx.1981-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 101-31668Ə №li cavab məktubunda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən, 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən, 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-29652-1222 nömrəli məktubundan görünür ki, X14, X13, X6, X15 və X3 ünvan 1 ünvanına qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Bakı şəhər Xətai Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 101-43001 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanına X13 xx.xx.2018-ci il tarixində 2 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyata alındığından, həmin sənədlərin məhkəməyə təqdim edilməsi imkanları xaricindədir. X14 azyaşlı olduğu üçün qeyd olunan ünvana qeydiyyata alınmalarına əsas verən sənədlər DİN-in normativ hüquqi aktına əsasən yandırılma yolu ilə məhv edildiyindən, onların məhkəməyə göndərilməsi imkanları xaricindədir. X2, X3, X9 adına sənədləşən fərdi uçot kartoçkası məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdərəsinin xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Pirzavod küçəsi 24 saylı fərdi yaşayış evindən başqa digər yaşayış sahələrinə mülkiyyət hüquqlarının verilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 1233/d nömrəli məktubuna qoşma kimi əlavə edilmiş; - Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-527/04 nömrəli qiyabi qətnaməsinin nəticə hissəsindən görünür ki, X11 və X1 Bakı şəhəri, Pirzavod küçəsi, 24 nömrəli özbaşına tikilmiş evdən istifadə hüququnun tanınması və köçürülməsi qət edilmişdir. - Xətai rayonu Mənzil Kommunal Təsərrüfsat Birliyi 2 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli, 42 nömrəli arayışından görünür ki, X15, X7, X8, X14 və X13 ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki işdən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslərin məhkəmə qətnaməsinə əsasən həmin fərdi yaşayış evindən istifadə və həmin evdə yaşamaq hüquqları vardır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə son olaraq qeyd edir ki, X12 və X4 Xətai Rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Pirzavod küçəsində yerləşən 24 saylı fərdi yaşayış evindən istifadə və həmin ünvanda yaşamaq hüququ verilmişdir. Digər üçüncü şəxslər isə X10 və X2 ailə üzvləridir. Belə olan halda üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqan sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərinə uyğun hərəkət etmiş olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, üçüncü şəxslərin ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsinə dair İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar