Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2946/2021 01.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 3-cü şəxslər “xxxx” ASC və “xxxx” ASC işə cəlb edilməklə “kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 3-cü şəxs “xxxx” ASC işə cəlb edilməklə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən onunla “xxxx” ASC arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 1509**-RB-***002.KM01 nömrəli kredit müqaviləsi üzrə ödənilməsi üçün adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi; ona verilməli olan 2311 manat kompensasiya məbləğinin ödənilməsini təmin edən tədbirlərin görülməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2946/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə “xxxx” ASC 3-cü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona “xxxx” ASC arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 1509**-RB-***002.KM01 nömrəli kredit müqaviləsi üzrə 2311.57 manat məbləğində kompensasiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “xxxx” ASC arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 1509**-RB-***002.KM01 nömrəli kredit müqaviləsinə əsasən ona illik 13.4 (on üç tam onda dörd) faiz hesablanması şərti ilə xx xxxxxxx 2015-ci il tarixdən, xx xxxxxxx 2017-ci il tarixədək 4000 (dörd min) ABŞ dolları məbləğində kredit açılmışdır. Götürdüyü kredit üzrə öhdəliyini ödəniş qrafikinə uyğun olaraq, gecikmə olmadan davam etdirmişdir. Bəzən isə qrafikdən əlavə də, ödəniş edərək kredit borcunu vaxtından əvvəl bağlamışdır. Məlum olduğu kimi, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti xx xxxxxx 2019-ci il tarixli Fərman imzalamış və bu məqsədlə kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən istifadə etsə də, axtarış zamanı ona aid məlumat çıxmamışdır. Bundan sonra, X1 xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərində müraciət etmişdir. xx xxxxxxx 2019-cu il tarixində Mərkəzi Bankdan cavab olaraq bildirmişlər ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X3 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, MKR-ə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin onun adına olmasının müəyyən edilməsi mümkün olmamışdır. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və eyniləşdirilməsinin məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, məsələnin baxılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdehin ona ünvanladığı cavabı əsassızdır, ona görə ki, birincisi iddia ərizəsinə əlavə edilən ödəniş qrafikinin, hesabdan çıxarışın və xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin surətindən açıq şəkildə görünür ki, həqiqətən də, onunla “xxxx” ASC arasında kredit öhdəlik münasibətləri olmuşdur. O, vicdanlı şəxs kimi öz öhdəliklərini lazımınca yerinə yetirmişdir. İkincisi, “xxxx” ASC tərəfindən kreditin uçotunun düzgün aparılmaması, mərkəzi kredit reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması onun səhvi deyil. Qeyd edir ki, pk.cbar.az saytının kalkulyator bölməsində kredit müqaviləsi ilə bağlı müvafiq məlumatları daxil edərək ona düşən kompensasiya məbləğinin 2311 manat olduğunu hesablamışdır. Bu məbləğin doğruluğunu şifahi olaraq MBNP-nın əməkdaşları da təsdiqləmişdir. Bununla bağlı, həmin saytdan müvafiq çıxarış qoşma şəklində iddia ərizəsinə əlavə edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında vətəndaşın kredit tarixçəsinə daxil edilmiş “xxxx” ASC-nin (rebrendinqdən sonra “xxxx” ASC) xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın şəxsiyyətini təsdiq edən məlumatlar, eləcə də, bank İD və hesab nömrəsi məlumat bazasına düzgün ötürülməmiş, bu səbəbdən həmin kredit müqaviləsi üzrə əsl borcalanın şəxsiyyətini müəyyən etmək mümkün olmadığından onun adı Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Hazırda “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən müəyyən edilir ki, bankla İddiaçı arasında xx.xx.2019-cu il tarixində hər hansı kredit müqaviləsi bağlanmamışdır. Beləliklə, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 3852.63 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməmiş olduğu nəzərə alınarsa, Fərmanın 1.2-ci bəndinə əsasən iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona həmin kredit müqaviləsi üzrə 2311.57 manat kompensasiyanın hesbalanmasına etiraz edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı münasibətə uyğun izahat verərək iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1509**-RB-***002.KM01 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış sözügedən kredit müqaviləsinə əsasən illik 13.14 % dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə İddiaçı 4000 (dörd min ABŞ dolları) USD məbləğində kredit verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçının müraciəti ilə əlaqədar bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli keditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X3 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin onun adına olmasının müəyyən edilməsi mümkün olmamışdır. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və eyniləşdirilməsinin məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, məsələnin baxılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə iş materiallarını, cavabdehin imtina məktubunu nəzərə alaraq bildirir ki, iddiaçının “xxxx” ASC-dən götürdüyü kredit məbləği işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarında kredit müqaviləsi mövcuddur. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2015-ci il tarixli, 1509**-RB- ***002.KM01 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən dollar krediti götürməsi iş materialları ilə öz təsdiqini tapdığından və həmçinin İddiaçı götürdüyü kredit məbləği Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində İddiaçı adının kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına əlavə edilməsi və ona “xxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 1509**- RB-***002.KM01 nömrəli kredit müqaviləsi üzrə 2311.57 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2946/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2946/2021
01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver